Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / Londonda Azərbaycanın Respublika günü münasibətilə rəsmi qəbul keçirilib – FOTOLAR

Londonda Azərbaycanın Respublika günü münasibətilə rəsmi qəbul keçirilib – FOTOLAR

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı Səfirliyi Respublika günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Londonda rəsmi qəbul keçirib.

ONA-nın London müxbirinin verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan diplomatiyasının tarixindən bəhs edib. O, Şərqin ilk diplomat qadınının azərbaycanlı olduğunu qeyd edib.

T. Tağızadə bildirib ki, Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb, oğlu Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirib. 

Tahir Tağızadə tədbir iştirakçılarına müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. 

Səfir həmçinin mayın 22-də keçirilmiş Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 3-cü iclası haqqında danışıb.

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı əməkdaşlığının 100 illik bir tarixə sahib olduğunu, iki ölkə arasındaki əlaqələrin daha da inkişaf etdiyini bildirib.

“Biz dünən Lord David Evansın sahibi olduğu nəşriyyat evi tərəfindən çap olunan “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi”  kitabının təqdimat mərasimində idik. Bu cür kitabların çap edilməsi Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”,- deyə Baronessa bildirib. O qeyd edib ki, Britaniya Azərbaycanla əməkdaşlıqdan hər zaman böyük məmnuniyyət duyur.
 

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …