Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Lənətə gəlmiş abidə və səfirin siyasi səhvi – ŞƏRH

Lənətə gəlmiş abidə və səfirin siyasi səhvi – ŞƏRH

Ukraynanın Xerson şəhərində qondarma erməni soyqırımına qoyulan abidə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatının sədri Hikmət Cavadovla Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasında gərginliyin yaranmasına səbəb oldu.

Hikmət Cavadov mətbuata açıqlama verərək, ermənilərin bu aktivliyi fonunda Azərbaycanın Ukraynadakı səfirliyini fəaliyyətsizlikdə günahlandırdı, onları bu kimi məsələlərə vaxtında reaksiya verməməkdə ittiham etdi.

Hikmət Cavadovun iddialarına Azərbaycanın Ukraynadakı səfirliyinin cavabı özünü çox gözlətmədi. Səfirliyin (Aydındır ki, səfirin dərkənarı olmadan belə bir açıqlamanın yayılması qeyri-mümkündür) yaydığı açıqlamada yer alan ziddiyyətli fikirlər artıq iki gündür həm sosial şəbəkələrdə, həm də mediada geniş müzakirə olunur.

Geniş təfərrüata varmadan bu məsələdə diqqətimizi cəlb edən daha çox üç nüans haqqında fikirlərimizi paylaşmaq istəyirik.

Birincisi, erməni məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün Azər Xudiyevin səfirliyinin hər hansı bir təlimat gözləməsi və yaxud da “türk qardaşlarımız xahiş etsələr prosesə mütləq qoşularıq” deməsi rüsvayçılıqdan başqa bir şey deyil. Səfirliyin bu açıqlaması həm də Türkiyə-Azərbaycan diplomatiyasının erməni məsələsində illərdir üzərində çalışılan “bir nöqtəyə vurmaq” tezisini kölgə altına alır. Digər tərəfdən bu, Azərbaycanın Ukraynadakı səfirliyinin Prezident İlham Əliyevin Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanları rəhbərlərinin vaxtaşırı keçirilən müşavirələrdə verdiyi tapşırıqları qulaqardına vurmasında başqa bir şey deyil. Prezident həmin görüşlərdə bəyan edir ki, diplomatların fəaliyyəti ilk növbədə, Dağlıq Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir: “Çünki hələ geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın”.

Doğrudanmı, Azərbaycanın Ukraynadakı diplomatik korpusuna hələ çatmır ki, Xerson şəhərində “erməni soyqırımı”na qoyulan o lənətə gəlmiş abidə “faktların təhrif edilməsidir”? Və yaxud da yaşadığınız ölkədə ermənilərə qarşı sivil mübariz aparmaq üçün tabeçiliyində olduğunuz XİN-in hansısa təlimatımı lazımdır?

abide

İkincisi, səfirlik məlum açıqlamasında “Ukraynada Azərbaycan diaspor təşkilatlarının yalnız adı var” deməklə orada yaşayan böyük bir icmaya hörmətsizlik etməklə yanaşı, Azərbaycan dövlətinin diaspor quruculuğu istiqamətində atdığı addımları da təkzib etmişdir.

Haşiyə 1: Əgər Ukraynada Azərbaycan diasporunun yalnız adı varsa, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev “azərbaycanlılar bu ölkənin Azərbaycan barədə qərarına təsir edəcək gücdədirlər” deyəndə, səfir niyə onun qulağına pıçıldamırdı ki, ağ eləmə…

Azərbaycanın rəsmi dövlət strukturları hər zaman bəyan edirlər ki, keçmiş sovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan diasporunun ən geniş yayıldığı və şəbəkələndiyi ölkələrdən biri Ukraynadır. Bu gün Ukraynada onlarla Azərbaycan diaspor təşkilatı, cəmiyyət və icmalar, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu təşkilatlar içərisində ən güclüləri və Azərbaycanı layiqincə təmsil edənlər sırasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı, “Dostluq” – Azərbaycan-Ukrayna Xarkov Vilayəti Təşkilatı və adını çəkə bilmədiyimiz başqa təşkilatların ətrafında Vətənimiz naminə çalışan minlərlə soydaşımız var. Azərbaycan dövləti bu təşkilatlara dəstək verən Komitə (Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıb. Siz diplomatlar bu qədər əməyi necə boş və mənasız hesab edə bilərsiniz?

Əgər Ukraynada diasporun yalnız adı varsa, deməli, bu həm də sizin səfirlik kimi işinizi düzgün qura bilməməyinizin nəticəsidir. Yəqin ki, Prezident İlham Əliyevin aşağıdakı tapşırıqlarını unutmamış deyilsiniz: “Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir. İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, yerli qanunverici orqanlarda azərbaycanlıların sayı çoxalsın”.

21

Üçüncüsü, səfirin və ya səfirliyin Ukraynada fəaliyyət göstərən tanınmış bir diaspor rəhbərini “o dövlətə qarşı çıxışlar edir” damğası ilə ittiham etməsi çox gülünc və məsuliyyətsizlikdir. Doğrudur, mətbuatdan da izləyirik ki, H.Cavadov Ukrayna müxalifətinin lideri M.Saakaşvilini dəstəkləyir, bu normaldır. Saakaşvili isə Ukrayna dövlətinə qarşı deyil, mövcud hakimiyyətinə qarşı mübarizə aparır. Görünür, cənab səfir “dövlət” və “hakimiyyət” anlayışlarını qarışdırır.

Azər Xudiyevin səfirliyi adından yayılan açıqlamada bir azərbaycanlı diaspor rəhbərinin (hansı ki, cənab Xudiyev hər hansı bir azərbaycanlıya qarşı sürüləcək olan belə bir ağır ittihamı rədd etməyə borcludur!) ağır ittiham olunması məyusedicidir. Hansı ki, səfirin heç bir sübutu olmadan ağır ittiham etdiyi bu adam (Cavadov Hikmət Əlövsət oğlu) 02 iyun 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub, 10 iyun 2016-cı ildən Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətdə olan üzvüdür.

Haşiyə 3: Azərbaycanın Ukraynadakı səfirliyi 2014-cü ilin fevralında belə bir bəyanat yayır: “Ukraynada fəaliyyət göstərən heç bir Azərbaycan diaspor təşkilatı 2013-cü ilin noyabr ayından başlayaraq bu günədək Kiyevin Müstəqillik meydanında davam edən etiraz aksiyalarında xalqın tələbinə zidd olan bəyanatlar verməyib, hakimiyyət tərəfindən edilən zorakılığı dəstəkləməyib. Ukraynadakı Azərbaycan icmasının nümayəndələri meydan hərəkatının ilk günlərindən xalqın sıralarında olublar, Müstəqillik meydanında xəsarət alanların arasında Ukrayna vətəndaşları olan azərbaycanlılar da var”.

Belə çıxır ki, əgər günün birində (hansı ki, proseslər o günə doğru gedir) Saakaşvili tərəfdarları qələbə qazansalar, Azərbaycanın Ukraynadakı səfirliyi eynən belə bir bəyanatla çıxış edərək, bu ölkədə yaşayan azərbaycanlıların prosesdə fəal iştirak etdiklərini bildirəcək. Axı, bu gün “dövlətə qarşı çıxış edir” deyə ittiham etdiyiniz H.Cavadov 2013-cü ildə də “dövlətə qarşı çıxaraq” Maydanda Ukrayna xalqı qarşısında nitq söyləmişdi.

Bir az diplomatiyanız olsun, cənab baş diplomat… Axı Siz özünüzü yox, Azərbaycan boyda dövləti təmsil edirsiniz!!!

Nəhayət, səfirin və ya səfirliyin cavab açıqlamasında qeyd olunan digər rüsvayçılıqları şərh etmək istəmirik. Ona görə ki, balaca bir açıqlamada böyük bir ölkədə Azərbaycanı təmsil edən diplomatik korpusun bərbad fəaliyyətini açıb-ağartmaqla onları cəmiyyətin gözündə daha kiçik düşürmək istəmirik.

Samir

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …