Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / “Krımın Rusiyaya birləşdirilməsi baş tutandan sonra…”

“Krımın Rusiyaya birləşdirilməsi baş tutandan sonra…”

Rusiya əleyhinə sanksiyalar, Azərbaycan və Ermənsitan iqtisadiyyatı. Qarabağın taleyi… Bu mövzulara aydınlıq gətirilməsi üçün virtualaz.org-un əməkdaşı Rusiyanın aparıcı iqtisadçılarından biri, publisist, iqtisadi elmlər doktoru, professor Nikita Kriçevskiyə müraciət edib.

 

– Həftənin əsas mövzularından biri ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanunu imzalaması oldu. Bu region ölkələrinə – Azərbaycana və Ermənistana hər hansı şəkildə təsir göstərə bilərmi?

– Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Azərbaycana heç cür təsir etməyəcək – ölkə özünü dolandırmaq iqtidarındadır və neft-qaz sektorundan savayı, digər inkişaf etmiş sənaye sahələrinə malikdir.

O ki qaldı Ermənistana, anlamaq lazımdır ki, Rusiya bu ölkənin donorudur. Heç hərbi-siyasi amili – Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğunu nəzərə almıram. Rusiyanın Ermənistana yardım imkanları kifayət qədər azalacaq. Nəyə görə? Çünki qənaət etmək lazımdır.

 

– Ermənistan üçün hər hansı siyasi təhlükə mövcuddur? Deyək ki, Rusiya öz müttəfiqlərindən istəyə bilər ki, onlar sanksiyaları pisləyən bəyanatlarla çıxış etsinlər…

– Nəzəri cəhətdən mümkündür. Lakin praktiki anlam görmürəm. Rəhbərliyimiz kifayət qədər adekvatdır və gözəl başa düşür ki, Rusiya tərəfindən açıq-aşkar çıxış etmək Qərblə münasibətləri korlamaqdan başqa heç bir fayda verməyəcək.

Eyni zamanda, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr tərəfindən Rusiyanın mövqeyinin dəstəklənməsinin şərh və əlavə sübutlara ehtiyacı yoxdur, bunu onsuz da hamı bilir.

– Doğrudanmı, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək, yoxsa daha çox nümayişkaranə xarakter daşıyır?

– Şübhəsiz ki, həm də nümayişkaranədir. Aydın məsələdir ki, hazırda onlar Rusiya iqtisadiyyatına elə də ciddi təsir etmir, lakin gələcəkdə effekt daha güclü olacaq. Və çox mənfi mənada. Bununla yanaşı, hamı anlayır ki, sanksiyalar sırf siyasi təsəvvürlərə görə tətbiq edilib ki, ABŞ-ın dünya nizamını müəyyən edən ölkə olmasını bir daha sübuta yetirsin. Əksər hallarda bu həm Amerika, həm də Avropa iqtisadiyyatına güclü zərbə vurur. Lakin indiki halda ilk yerə geosiyasi və geostrateji suallar çıxır: özünü dünya jandarmı tərəfdən göstərmək və bu statusu qoruyub saxlamaq istəyi.

– Bu sanksiyalar altında Rusiya davam gətirə biləcək?

– Yox, dağılacaq… (gülür.) Rusiya üçün sanksiyalar yenilik deyil. Bu nə birinci, nə də ikinci dəfə deyil. Heç 22-ci dəfə də deyil. İlk dəfə Rusiyaya qarşı sanksiyalar hələ XVI əsrdə tətbiq edilib. O vaxtdan bəri müəyyən fasilələrlə ortaya çıxıb.

Rusiya sanksiyalar altında olan yeganə dövlət deyil. XIX əsrdə Fransa-Prussiya müharibəsindən sonrakı Fransanı, Birinci və İkinci dünya müharibələrindən sonrakı Almaniyanı yada salmaq olar. Həmin sanksiyalar indi Rusiyaya qarşı tətbiq edilənlərdən müqayisə olunmayacaq dərəcədə sərt idi. Buna baxmayaraq, Almaniya hazırda Avropa İttifaqının aparıcı dövlətidir, Fransa geosiyasi statusa iddialıdır, iqtisadiyyatı da pis-yaxşı normaldır.

Rusiyaya gəlincə, ilk növbədə iqtisadiyyatın idarə olunmasında dəyişikliklərdən danışmaq lazımdır. Bu isə 2018-ci il prezident seçkilərinə qədər çətin ki, mümkün olsun.

– Cənubi Qafqazda Rusiya üçün hansı tərəfdaş daha sərfəlidir – Azərbaycan, yoxsa Ermənistan?

– Sualı belə qoymaq olmaz. Həm Ermənistan, həm də Azərbaycan əhəmiyyətlidir. Birmənalıdır ki, iki dövlət arasında seçim etmək mümkün deyil. Rusiya “açarı”ndan istifadə etməklə Qarabağ problemini həll etmək də qeyri-mümkündür. Rusiya bu iki ölkənin maraqları arasında balans saxlamağı öyrənməlidir.

Sizə daha çoxunu deyə bilərəm: Krımın Rusiyaya birləşdirilməsi baş tutandan sonra, düşünmürəm ki, Rusiya Qarabağ probleminin güc yolu ilə həllinə qarşı qəti şəkildə qarşı çıxa bilsin. Əlbəttə, bu, o qədər də yaxşı iş deyil, lakin buna baxmayaraq, biz anlayırıq ki, bu, həmin torpaqların “ana dövləti” – Azərbaycanla birləşdirilməsi məsələsidir.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …

Bir cavab yazın