Ana səhifə / Dünya / Kiyev istiqamətində uzunluğu 64 kilometrə çatan kalon irəliləyir

Kiyev istiqamətində uzunluğu 64 kilometrə çatan kalon irəliləyir

“Maxar Technologies” şirkətinin yaydığı yeni peyk fotolarına əsasən Rusiya ordusu Ukraynaya qarşı hərbi təcavüzün 6-cı günündə Kiyev istiqamətində nəhəng sayda qüvvə səfərbər edib. Peyk fotolarında Kiyev istiqamətində hərəkət edən və uzunluğu 64 kilometrə çatan Rusiya hərbi kalonu görünür. Hərbi kalonun böyük hissəsi tanklardan və digər zirehli maşınlardan, özüyeriyən artilleriya qurğularından və digər nəqliyyat vasitələrindən ibarətdir. Ötən gün fevralın 28-də axşam saatlarında çəkilmiş fotoya əsasən kalonun bir ucu Kiyev yaxınlığındakı Antonov bazasına qədər çatıb, sonu isə Belarus-Ukrayna sərhədi yaxınlığındakı Priborsk yaşayış məntəqəsi yaxınlığında bitir.

Ötən gün habelə ABŞ administrasiyasının nümayəndələri Konqres üzvləri ilə qapalı brifinq keçiriblər və xəbərdarlıq ediblər ki, Rusiya Ukraynayada hücumun ikinci dalğasını başladır. Administrasiya nümayəndələri bu hücum dalğasının “çox güman ki, Putinin Ukraynada mövqeyini möhkəmləndirəcəyini” bildiriblər. Belə ki, say üstünlüyü hesabına işğalçılar Ukrayna qüvvələrinin müqavimətini qıra və Kiyevi tuta bilərlər. Brifinqdə iştirak etmiş mənbə təqdim edilən məlumatların “heyrətamiz” olduğunu bildirib.

Bu arada ötən gecə Sum vilayətinin Axtırka şəhərində Rusiya artilleriyasının kütləvi zərbələri nəəticəsində Ukrayna ordusunun hərbi hissəsi dağıdılıb, 70-dən çox döyüşçü həlak olub. Sum vilayət administrasiyasının sədri Dmitri Jivitski bu haqda bildirib. Deyib ki, hazırda dağıntılar altından cəsədlərin çıxarılması davam edir. Jivitski düşmənin də itkilərinin böyük olduğunu bildirib: “Rusların cəsədləri şəhərin hər yerinə səpələnib, toplayırıq. Qırmızı Xaçın əməkdaşları onları evlərə yığır”.

Herson istiqamətində isə ötən gün axşam saatlarında Rusiya ordusunun daha bir hərbi kalonu darmadağın edilib. Hərbi müxbir Andrey Sapliyenko bu barədə videokadrları özünün telegram-kanalında yayıb. “Herson yaxınlığında Ukrayna Silahlı Qüvvələri elə indi, fevralın 28-də axşam saat 19.40 radələrində düşmən texnikasının böyük kalonunu darmadağın etdi”,-jurnalist bildirib. (video)

virtualaz.org

Həmçinin oxuyun

“Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik” – Ukraynalı general

Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib. Bu barədə briqada generalı, …