Zəhmətkeş xanımdır.
Yaşadığı binanın yaxınlığındakı balaca bir torpaq sahəsində özünə bostan
salıb. Orada müxtəlif gül-çiçək, tərəvəzlər yetişdirir. Təbiətlə
təmasda olmağı çox xoşlayır. Təkliyi sevmir, insanlarla ünsiyyətdən
mənəvi zövq alır. Mütaliə etməyi vacib sayır. Hazırda Homerin “İlliada”
əsərini oxuyur. Söylədiyinə görə, pianoda musiqi ifa edərkən bütün
yorğunluğunu unudur. Avropa, Amerika elmi jurnallarında onlarla məqaləsi
işıq üzü görüb. Müxtəlif konfranslarda elmi çıxışlar edib…
Deyir
ki,- “Azərbaycan qadınını güclü görmək istəyirəm. Arzulayıram ki,
vətənində heç bir sıxıntı olmadan övladlarını rahat böyüdə bilsin”…
Haqqında
söhbət açdığım bu azərbaycanlı xanım Sumqayıt şəhərində dünyaya gəlib.
1992-ci ildə orta təhsilini 35 nömrəli məktəbdə alıb. Eyni zamanda 2
saylı musiqi məktəbində beş il qarmon dərslərinə gedib. 1992-1997-ci
illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində ali təhsilə
yiyələnib. 1997-2002-ci illərdə Bakıda, İstanbulda müxtəlif işlərdə
çalışıb. 2002-ci ildən Kanadanın Toronto şəhərində yaşayır…
…Ömür-gün
yoldaşı Əkbər Məcidov Mərmərə Universitetinin ilahiyyat fakültəsini
bitirib. Dörd övladı var. Üç oğlan, bir qız. Hamısı Torontoda orta
məktəbdə oxuyurlar…
Kanadaya gələndən sonra üç il
tərcüməçi işləyib. 2005-2006-cı illərdə Karlton Universitetində Avropa
və Rusiya araşdırmaları üzrə magistraturada təhsilini davam etdirib.
2006-2012-ci illərdə Toronto bələdiyyəsində ahıllar evlərinə xidmət
göstərən sosial qayğı departamentində kordinator işləyib. 2012-2016-cı
illərdə Ruhi-əsəb xəstəxanasında mənəvi danışman vəzifəsində çalışıb.
Eyni zamanda 2011-2016-cı illərdə Toronto Universitetində psixoterapiya
üzrə doktorantura pilləsində elmi araşdırmalarla məşğul olub. Sonda
psixoterapiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Həmçinin, 2011-ci ildən Toronto Universitetində mental xəstəliklərin
potologiyası və islam psixoteropiyası fənnlərini tədris edir. 2014-cü
ildən özəl psixoloji məsləhətxana açaraq insanlara xidmət göstərir…
Deyir
ki,- “Əl tutmaq, yardım etmək, bağışlamağı bacarmaq insanlığa xas olan
ən vacib mənəvi dəyərlərdən biridir. Bu məqsədlə 2005-ci ildə bir neçə
azərbaycanlı qadınla birləşərək “Azərbaycan Qadınlarına Dəstək
Mərkəzi”ni yaratdıq. Müxtəlif tədbirlərlə yanaşı Torontoda məskunlaşan
xanımlarımıza maddi və daha çox mənəvi yardımlar edirik”…
O,
həm də yazıçıdır. İndiyədək ingilis dilində iki kitabı nəşr olunaraq
oxucuların ixtiyarına verilib. “Şiddətə məruz qalmış müsəlman
qadınlarına psixoterapiya” kitabı elmi tədqiqatlar əsasında yazılıbsa,
“Məhəbbətin şərbəti” isə bədii yaradıcılığının məhsuludur…
Sadə,
təvazökar, necə deyərlər, ipək qəlbli bu xanımın arzuları çoxdur.
Onların böyük əksəriyyəti insanlığa xidmət, ehtiyacı olanlara maddi və
mənəvi yardım etməkdən ibarətdir. Bəli, sizinlə Kanadanın Toronto
şəhərində yaşayan, fəaliyyəti ilə xalqımıza başucalığı gətirən Nazilə xanım İsgəndərova barəsində söhbət edirdim…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan