Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Dünya / Jurnalist Diyarbəkri belə təsvir etdi- Foto

Jurnalist Diyarbəkri belə təsvir etdi- Foto

Diyarbəkirə ayaq basanda Türkiyənin bu qədim diyarında bizi müasirliklə tarixin vəhdəti qarşıladı. Əslində bu şəhər haqqında tarix kitablarında çox oxumuş, son olaraq da PKK terrorçularının Türkiyəyə qarşı separat-terror fəaliyyətlərində əsas hədəflərdən biri olan bölgə olaraq tanımışdıq. 

2015-2016-cı illəri əhatə edən Türkiyə təhlükəsizlik orqanlarının “Xəndək əməliyyatı” təkcə qardaş ölkənin bütövlüyü, suverenliyi uğrunda mübarizə olmaqla yanaşı, həm də müxtəlif mədəniyyətləri özündə birləşdirən Diyarbəkirin xilası idi. Axı şəhərin, ümumiyyətlə bu bölgənin kürd əsilli Türkiyə vətəndaşları terrorçuları dəstəkləmirlər və onlar daim kürd-türk qardaşlığının tarixinə istinad edir, vətənləri olan Türkiyə uğrunda əsrlər öncəsindən günümüzə qədər mübarizə aparıblar. Terror həm də Diyarbəkir sakinlərinin bəlası idi.




Çox təəssüf ki, PKK-nın Türkiyəyə qarşı terror fəaliyyəti hələ də davam edir, amma Diyarbəkir isə artıq azad şəhərdir. Burada şahidi olduqlarımız buna əminlik yaradır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan “Sur Mədəniyyət Yolu” adlı festivalda iştirak məqsədilə səfər etdiyim Diyarbəkir bizi tarixi əzəməti və qonaqpərvərliyi ilə qarşıladı. Şəhər qədimliyi və bu qədimlikdən boylanan müasirliyi ilə göz oxşayır. 

Hər daşında, hər küçəsində, hər köşəsində tarix gizlədir Diyarbəkir…

Qədim Dəclə çayının suları ilə bərəkətlənən Diyarbəkir Türkiyənin və Yaxın Şərqin strateji qalası hesab olunur. Bura həm də “Türkiyənin Dəmirqapı Dərbəndi” də deyə bilərik. Əzəməti ilə düşmən önünü kəsən şəhər…

Qədim Mesopotamiya ərazisində yerləşən Diyarbəkir 3 min il əvvəl Assuriyalıların zamanından başlayaraq ta Roma dönəminə qədər “Hamid” adlanıb. Roma və Bizans qaynaqlarında da adı “Amid”, “O`mid” kimi qeyd edilir. Buranı ərəblərin ələ keçirməsindən sonra “Diyarbakır” adlanmağa başlanıb.

Roma, Bizans və ərəb imperiyaları arasında zaman-zaman “əl dəyişdirsə” də Diyarbəkir tarix boyu daha çox türk yurdu olub. Bunu qədim mifologiyalarda və yazılarda da görmək mümkündür. Misal üçün, Dədə Qorqud dastanlarında Qaragünə oğlu Qarabudaq vəsf ediləndə “Hamidlə Mardin qalasını təpüb alan igid” deyərkən Diyarbəkirdən bəhs edilir…

Miladdan əvvəl 3000-ci ildə bu yerlər Hititlərin və Hurritlərin əlində olub. Miladdan öncəki 1260-cı ilə qədər belə davam edib və bundan sonra Diyarbəkir ərazisi Assuriyalıların əlinə keçib. Bundan sonra Diyarbəkir bir-birinin ardınca aramilərin, urartuların, iskitlərin, perslərin, makedoniyalıların, selevkilərin, romalıların, sasanilərin, bizanslıların tabeliyində olub.

Miladdan sonra türklər bu şəhəri Bizansın əlindən alaraq orada məskunlaşmağa başlayıblar. Dədə Qorqud dastanlarında da bu tarix öz əksini tapır. 

Bəzi tarixi versiyalara görə isə Diyarbəkirin Bizansdan alınması tanınmış İslam komandanı Xalid ibn Validin adı ilə bağlanır. Bu tarixdən sonra Diyarbəkir şeyxoğullarının, hamdanilərin, mərvanilərin, səlcuqluların, inaloğullarının, nisanoğullarının, artukoğullarının, eyyubilərin, moğolların, ağqoyunluların, səfəvilərin və osmanlıların əsas şəhərlərindən biri, əhalisi də türk mənşəlilərdən ibarət olub.

1071-ci ildə şəhəri tutan Alp Arslan buranı Səlcuqluların əsas mərkəzlərindən birinə çevirib. Səlcuq sultanı Məlikşahın ölümündən sonra da bu şəhərdə Suriya Səlcuqiləri hökmran olub. Eyyubi sərkərdəsi Məlik Kamil Diyarbəkiri onlardan alaraq bir müddət öz əlində saxlasa da, şəhər 1259-cu ildə yenidən Elxanilərin tabeliyinə keçib. Elxanilər isə təkcə Diyarbəkiri yox, bütün bu əraziləri Artukoğulları sülaləsinə təslim etdilər. 

1401-ci ildə Diyarbəkir türk Ağqoyunlular dövlətinin paytaxtı elan edildi. Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Zeynalabidinin məqbərəsi də şəhərdədir.

1507- 1515-ci illər arasında Diyarbəkir uğrunda Anadolunun bəylikləri, Məmlüklər və türkmən Səfəvi dövlətləri arasında qızğın müharibələr baş verib. 1515-ci il sentyabr ayının 15-də Yavuz Sultan Səlim Diyarbakırı Osmanlı imperiyasının tərkibinə qatdı və bu ərazi uğrunda savaş başa çatdı.

Tarix boyu türk yurdu olan Diyarbəkirin hər daşında, hər qayasında türk izinə rast gəlmək olar, amma həm də özündə bütün mədəniyyətləri əks etdirən bir mənzərəyə malikdir. Burada bütün dinlərin qalıqlarına rast gəlmək mümkündür. Şəhərdə muzeylər, tarixi qalalaqla yanaşı, turistlər üçün cəlbedici ola biləcək dünyanın ən qədim mətbəxi, eləcə də ilk insan məskənlərinin qalıqları, ən qədim tarlalar da var. 

Diyarbəkir həm də qədim musiqinin və ədəbiyyatın qovşağı hesab olunur. Diyarbəkirin günümüzə qədər gəlib çıxmış tarixi ərazilərində arxeoloji qazıntılar zamanı tapılan əşyalarda bu zənginlikləri görmək olar. 

Qalalar, qalaların içində muzeylər, muzeylərdə müxtəlif mədəniyyəti birləşdirən mənzərə… 

Diyarbəkir sözün gerçək mənasında tarixi turizm mərkəzinə çevrilməkdədir. Gördüklərimiz və gəzdiyimiz muzeylər yaxın keçmişi xatırladır. Bir zamanlar bu qalalar həbsxana kimi də istifadə olunub və Türkiyənin ərazi bütövlüyünə qarşı çıxmış Şeyx Səid, Abdullah Öcalan kimi separatçılar vaxtilə bu binalarda həbsxana həyatı sürüb. Vaxtilə həbsxana olmuş qalalar sivil həyatın bir parçası kimi turistləri qarşılayır və Diyarbəkirin bu günlərə gəlib çatmasında ən böyük xidməti göstərmiş Türkiyə şəhidlərinin xatirəsini də özündə əks etdirir.

Diyarbəkiri, şəhərdəki dəyişiklikləri, haradan hara gəldiyini anlamaq üçün əsas məkan Sur bölgəsidir desək yanılmarıq. Çünki cəmi 6 il öncə bu bölgə PKK terrorunun Türkiyə içində “qəndili”nə çevrilmiş, hər küçəsi, hər evi terrorçuların “səngəri” olaraq istifadə edilirdi. Məhz Türkiyə əsgərinin tarixə düşən “Xəndək əməliyyatı”nın əsas bölgəsi də Sur olub. “Şəhər müharibəsi” də deyilən bu əməliyyatlarda şanlı türk əsgəri hər küçə, hər ev uğrunda savaş apararaq, terrorçulardan təmizlədi.

Sur bölgəsində gördüklərimiz “Diyarbəkir terrorçulardan xilas edildi” deyə bilməyimiz üçün yetərlidir. Bura Avropanın göz oxşayan şəhərlərini deyərdik ki, geridə qoyur. Gözəl binaları, təmiz küçələri, infrastrukturu və müasirliklə qədimliyin harmoniyasından doğan mənzərəsi ilə turistləri qarşılayır.

Turizm festivalı üçün getdiyimiz Diyarbəkir bizi turist kimi yox, doğması, yerlisi, öz sakini kimi qarşıladı. Çünki şəhər də bizim can Azərbaycandan, qardaş ölkədən gəldiyimizi bilirdi…

@goturkiye
@go.diyarbakir
@gezsendiyarbakir
#GoTürkiye
#Surcultureroute

Vasif Həsənli
Demokrat.az
Bakı-Diyarbəkir-İstanbul-Bakı

Həmçinin oxuyun

“Arvadları rus hərbçilərinə deyirlər ki…” – Zelenskayadan şok iddia

Ukraynanın birinci xanımı Alyona Zelenskaya Münaqişələrdə seksual zorakılığın qarşısının alınması üzrə konfransda çıxış edərkən, belə …