Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İsveçrəlilərə dərs deyən qazaxlı müəllim – “Qayıdacam”…

İsveçrəlilərə dərs deyən qazaxlı müəllim – “Qayıdacam”…

Jurnalist Elxan Həsənli: “Parisdəki terrordan sonra insanların baxışında soyuqluq hiss olunur; müəllim olsam da, valideynlər… “

 “Salam. Mən sizi aşağıda gözləyirəm, gələ bilərsiz?” Bakı vaxtı ilə gecə saat 3-ün, Sürix vaxtı iləsə gecə 12-nin yarısı. Qaldığım otelin otağına zəng edən isə “Yeni Müsavat”ın İsveçrədə sığınacaq almış əməkdaşlarından biri, eyni zamanda həmin otelin işçisi Elxan Həsənlidir. Gecə növbəsində işləyir, az öncə işə çıxıb və əvvəldən vədələşdiyimiz kimi, müsahibə üçün hazırdır. 
İlk baxışda Elxan heç dəyişməyib. Elbəyi Həsənli kimi illər onun böyründən də sakitcə, toxunmadan ötüb sanki. Aradan keçən 11 ildə saçında bir-iki ağ tük görünür sadəcə. Hətta və hətta şirin qazaxlı ləhcəsinin izləri də uzaq Sürixdə nitqindən silinməyib.
Söhbəti çox uzatmadan Elxanla mühacir həyatından, yaşadıqlarından, qazandığı uğurlardan danışırıq. Təbii ki, öncə beşulduzlu oteldəki funksiyasından başlamaq şərtilə…
-Elxan bəy, bildiyimə görə, Sürixdə bir neçə işdə çalışırsız. Hansılardır? 
– Başlayaq oteldəki işimdən. Burada həftənin iki günü oluram. Bu, ikinci işimdir. Əsas iş yerim  İsveçrə orta məktəblərindən birindədir. Orda tarix və məslək seçimi üzrə hazırlıq müəllimiyəm. Mənim Azərbaycanda tarix müəllimliyi diplomum vardı. İsveçrəyə gəldim, Sürix Universitetində 3 il oxudum. Çünki Azərbaycandakı diplomumu təsdiqləməliydim. Buranın Təhsil Nazirliyi isə demişdi ki, sizin diplomunuzu təsdiqlətməniz üçün aldığınız təhsil yetərli deyil. Sürix Universitetində 3 il təhsil aldıqdan sonra da müəllim işləmək icazəm olmadı. Bunun üçün Sürix Pedaqoji Institutunda 2 il təkmilləşmə kursu keçdim. İcazə verdilər ki, müəllim kimi işləyim. Magistr təhsilimdən əlavə pedagoji təhsil lazımdır müəllim işləmək üçün. 2 ilə yaxındır ki, orda müəllim işləyirəm. Tam ştatlı müəllim işləmək üçün 4 fəndən dərs deməlisən. Oteldə işləmək üçün də 2 il oxumaq lazımdır.
Üçüncü işim isə təhlükəsizlik idarəsindədir. Orda bankların, böyük idarələrin alarm sistemini yoxlayıram, təhlükəsizliyinə nəzarət edirəm, məlumat verirəm. Burda “oxrana” işini kamera görür, fərdlərə ehtiyac azdır.

 “Oğlum burda özünə həyat qurandan sonra geri qayıtmaq, Qazaxda yaşamaq istəyirəm”

-Oteldəki funksiyanız konkret nədən obarətdir? 
– Night auditor. Buna gecə auditi deyirlər Azərbaycan dilində. Avropadaki otel sistemi fərqidir. Adamların koordinatlarını, alarm sistemini bilməli, hotelin təhlükəsizliyinə nəzarət etməlisən. Müştərilər var ki, adlarının, barələrindəki informasiyaların yayılmasını istəmirlər, buna nəzarət edirik. Restoranların günlük, həftəlik dövriyyəsini hesablamaq, bu barədə rəhbərliyə hesabat vermək də mənim funksiyalarım sırasındadır.
 
– Amma siz gecə işləyirsiz…
-5-6-cı günlər, həftə sonu burda oluram. Axşam saat 10-dan səhər saat 7yə kimi.
– 2004-cü ildə, mühacir dalğası təzə başlanan vaxt gələnlərdən olmusuz. 
-2004-cü ilin fevralında .
-Nəyə görə məhz İsveçrə? 

 “Azərbaycan diasporasının problemi isə onun zəifliyi yox, sırf mühacirlərin mənəm-mənəmliyidir. Azərbaycanlılar “biz” ola bilmirlər, “mən” olurlar”

– Dostumuz burda yaşayırdı deyə əlaqələrimiz vardı. Bizə ölkə, onun quruluşu, sistemi haqda məlumat vermişdi. İsveçrə həmin dövrlərdə Azərbaycanda gedən proseslərə daha doğru münasibət göstərirdi. Ölkənin neytral mövqeyi, üstəgəl, Kamilin (jurnalist Kamil Tağısoyu deyir –  S.T.) burda olmasına görə seçimimizi bu sahədə etdik.
– Çətin oldu ilkin mərhələ? 
-3 ay qaldım qaçqın düşərgəsində. 6 ay sonra yoldaşım və oğlum gəldi. Tək qalırdım 3 ay. Yerlatı bunker idi. Xruşşovun Avropanı təhdid etdiyi dönəmdə tikilmiş bunkerlərdən idi. Mülki müdafiə sistemləri tikilmişdi həmin vaxt. Orda insanlar üçün də iki-üç mərtəbəli evlər var. Afrikadan gələnləri iç-içə otağa salırlar. Mən qaldığım yerdə ermənilər çox idi. 5 erməni, bir gürcü vardı. Onlar da oğurluq edənlər idi. Mən təkcə otaqda var-gəl edirdim. Ona görə adımı “turist” qoymuşdular.(gülür) Ermənilər şəhərə gedib oğurluq edir, aparıb onu yuqoslavlara satırdılar. Halbuki  3 ay müddətində adamları orda yoxlamaq üçün saxlayırlar. Onlar da ətraf aləmlə əlaqəni  kəsirlər. Həftəyə 20 frank verirlər, yeməyi də orda yeyirsən. Həmin pulla da birgünlük bilet ala bilərsən. Adamı o vəziyyətə salırdılar ki, iç üzün açılsın, onu göstərə biləsən.

 “Azərbaycanda işləməyə qayıtsam, mənim tərcümeyi  – halıma, təhsilimə baxmazlar. Onlar ilk növbədə ona baxarlar ki, mən “Yeni Müsavat”da işləmişəm, mühacir olmuşam… iş verməzlər”

-3 ay sonra nə baş verir bəs? 
– 3 ay sonra oturum aldım. Məhkəmə gələndən iki gün sonra baş tutdu. Bizi qaçqın düşərgəsində məhkəmə etdilər. Ardınca da icazə gəldi ki, bir illik razılıq verirlər. 5 ildən sonra daimi oturum verirlər. Hələlik Azərbaycan vətəndaşıyam.
– Azərbaycana gəlib getmə imkanlarınız oturum izni alandan sonra oldu? 
– 5 ildən sonra gəlib-getməyə icazə verdilər. Oturum alandan sonra imkan verirlər ki, dil öyrənəsən. Hökumət  pul verir dil öyrənməyə. 3 il alman dilini öyrəndim. Universitetdə oxumağa çatacaq qədər. 2004-cü ildə gəldim, 2007-nin fevralında başladım oxumağa.
– Və 12 yaşında bir oğlunuz var. O bura gələndə 2 yaşı var idi… 
– Hazırda 6-cı sinifdə oxuyur. Orda məktəbləri 3 səviyyəyə bölüblər. Birinci ibtidai, sonda sekundar, sonra da gimnaziyadır. O ibtidai məktəbi bitirib, sekundar məktəbin 1-ci sinfindədir. Sekundar məktəbin də 3 sinfi var. Daha istedadlıları A, daha az oxuyanları B, zəifləri C qrupunda oxudurlar. Oğlum A qrupunda oxuyur. Hazırda İsveçrədə məktəblər tətildədir, o da istirahət edir.

 “Ölkəni dağıdanlara baş əyən adamlar sənə fərari deyirsə, sən orda necə doğma ola bilərsən?”

– Azərbaycan haqda nə bilir? Məsələn, Azərbaycan dilində danışır? 
– Azərbaycan dilini zəif bilir. Çünki orda azərbaycanlı uşaqlar azdır, daimi əlaqəmiz olan 4-5 ailə var ki, onlar da fərqli ərazilərdədir. Bayramdan-bayrama görüşürlər. Amma Azərbaycan haqda təsəvvürləri var, ildə bir dəfə gedib-gəlir. Bilir ki, azərbaycanlıdır. Soruşanda deyir ki, azərbaycanlıyam, özünün keçmişini, soy kökünü bilir. Amma Azərbaycan dilində, danışıq səviyyəsində kiminləsə rahat söhbət edə bilmir, belə çətinliyi var. “Onu apar, bunu gətir”… kimi elementar sözləri başa düşür. Bu sahədə çətinliklər var.

 “Mən qaldığım yerdə ermənilər çox idi. 5 erməni, bir gürcü vardı. Onlar da oğurluq edənlər idi. Mən təkcə otaqda var-gəl edirdim. Ona görə adımı “turist” qoymuşdular”

– İsveçrə sizi nə zamansa peşman edib? 
– Bura gəldiyimə görə təəssüflənmirəm. Amma Azərbaycanı tərk etdiyimə görə təəssüf edirəm. İsveçrədə insana dəyər verirlər, bu ölkəyə hörmət edirik, amma vətənimiz deyil. Azərbaycanı tərk etməyimizin əsas səbəbi isə ölkədə vəziyyətin düzəlişinə inamımızı itirməyimiz oldu. Son durumlar göstərdi ki, Azərbaycandakı vəziyyət dəyişməyəcək. Dəyişiklik həm də  insanların düşüncə tərzində olmalıdır. Bu ədaləti görmədiyimə görə inam da itdi. Azərbaycanda normal yaşamaq üçün gərək yaxşı qohum-əqrəban da olsun. Bunlar olmasa Azərbaycanda yaşamaq, hər gün yalana, ədalətsizliyə dözmək çox çətindir.

 “Oğluma məktəbdə müəllim deyir ki, homoseksuallıq normaldır. O da gəlib bunu məndən soruşurdu. Ona izah etdim ki, müsəlmanlarda bu, normal deyil, xristianlarda normaldır. Mən  istəyirəm ki, oğlum yerli mentalitetin qurbanı olmasın, amma insanlara münasibətdə isveçrəlilərin tərəfini götürsün”

– Sizə burda problem yaradılıbmı miqrant olduğunuz üçün? 
– İnsan yad olduğunu həmişə hiss edir. Dil, mentalitet baxımdan bu, özünü göstərir. Bu ölkədə irqçilik və gəlmələrə qarşı diskriminasiya qadağandır. İnsanlar istəsələr də, bunu edə bilmirlər. Amma Parisdəki terrordan sonra insanların baxışında soyuqluq hiss olunur. Müəllim olsam da, valideynlər, rəhbərlik də ilk vaxtlar çəkinirdi ki, onlara müsəlmançılığı, müsəlman həyat tərzini təbliğ edərəm. Onların da aşağı təbəqəsində elə təəssürat vardı ki, müsəlmanlar xristianlara qarşıdır. Amma tanıyandan sonra keçir bu təəssürat. Siyasətçiləri debat vasitəsilə, sıradan insanları isə müzakirələr zamanı tanıyırlar.
– Gündəlik həyat tərzinizdə azərbaycanlılığınızı daha çox nədə saxlamısız? 
– Azərbaycan mədəniyyətini, musiqisini sevirəm. Maşınımda, evimdə milli musiqiyə qulaq asıram. Milli filmlərə, tamaşalara baxıram tez-tez internetlə. Bu, adamı stressdən qoruyur, bunları etməsən çətin olur. Amma dünyagörüşüm çox dəyişib. Azərbaycana gedəndə özümü yad hiss edirəm. Televizora baxıram, yaxınlarım, köhnə tanışlarımla söhbət edirəm. Görürəm ki, bu tanıdığım adamların düşüncə tərzi axsayır, geriyə gedir. İsveçrədə isə  insan daim öz üzərində işləyir. Gərək hər il kurs keçəsən ki, o rəqabətə tab gətirəsən.

 “Oğlum Azərbaycan dilini zəif bilir… “Ocaq” təşkilatını ona görə yaratdıq ki…”

 
– Azərbaycanda mühacirlərə qarşı münasibət birmənalı deyil. Bunu hiss etmisiz? 
– Əlbəttə. Soyuq bir münasibət yaradılıb. Fərari kimi yanaşırlar. Bir də görürsən ki, dezertirin biri səni fərarilikdə suçlayır. Fərari o adama deyilir ki, əsgərlikdən yayınsın. Biz əsgərlikdə olmuş adamlarıq. Bu cür yanaşma aşağılamaqdır. Sizə də, Rauf bəyə də təşəkkür edirəm, ki bu layihə nəticəsində bizi insanlara daha yaxından tanıdıb, bu düşüncə tərzini də aradan qaldırmağa yardım edəcəksiz. Məsələn, Ermənistanda heç kim öz mühacirinə elə münasibət göstərmir, əksinə, onlardan cəmiyyət üçün fayda götürməyə çalışırlar. Bəlkə də bu münasibət olduğuna görə Azərbaycanda özümü yad hiss edirəm. Ölkəni dağıdanlara baş əyən adamlar sənə fərari deyirsə, sən orda necə doğma ola bilərsən? Mühacirlərin çoxunda bu düşüncə tərzi var ki, onlar öz ölkələrində yaddırlar. Bizimkilər diaspora deyəndə bir bina, orda katibə… kimi qəbul edirlər.  Mahiyyətini başa düşə bilmirlər. Əslində isə öz ölkəsini tərk etmiş insanların toplusu diasporadır. Azərbaycan diasporasının problemi isə onun zəifliyi yox, sırf mühacirlərin mənəm-mənəmliyidir. Azərbaycanlılar biz ola bilmirlər, mən olurlar. Mən Azərbaycanda işləməyə qayıtsam, mənim tərcümeyi  – halıma, təhsilimə baxmazlar. Onlar ilk növbədə ona baxarlar ki, mən “Yeni Müsavat”da işləmişəm, mühacir olmuşam… iş verməzlər. Ona görə də mən orda yadam. Milli faciəmizdir ki, normal düşüncə tərzi olan insanlar ölkəsini tərk edir.  İsveçrədə hökumət öz vətəndaşına investisiya yatırır. Mühacir kimi 3 il boyunca oxumağıma, yaşamağıma, inteqrasiya olunmağıma 100 min dollara yaxın investisiya qoydu.

 “İsveçrə 3 il mühacir kimi mənə 100 min franka yaxın investisiya qoyub”

– Yaşantınız necədir? Ev-eşik,  məvacib, sosial qayğılar.. 
– Mən Azərbaycanda 10 il işlədim. O illər ərzində nə ev ala bildim, nə normal həyat tərzim oldu. Amma burda ev də almışam, maşın da. İldə iki-üç dəfə harasa getmək imkanım var. Orta təbəqə statusuna gəlib çatmışam. Orta təbəqə isə bank hesabında 100 min frankı olan adam, yəni, bu qədər kredit götürmə imkanı olan adam kimi başa düşülür.
-Əcnəbilərlə dostluq edirsiz?
– Mənim dostlarim azərbaycanlılardır. Amma türklər də var. Əcnəbilərlə mənim aramda mentalitet fərqi var. Onlar hamını dost sayır, mən isə yox. Mənim anlamımda dost odur ki, ürəyimi açıb danışım. Amma kiminləsə pivə, araq içəni dost saymıram..
– Bəs oğlunuz?
– Onun dostları əsasən isveçrərlilərdir. Düşüncə tərzi belədir ki, özünü isveçrəli sayır. Bizim “Ocaq” təşkilatını yaratmağımızın da səbəbi budur ki, uşaqları həftədə bir dəfə bir yerə yığaq, azərbaycanlılığı onlara aşılayaq, onları azərbaycanlı kimi yetişdirək.
 
İsveçrədə Azərbaycan Mədəni Mərkəzini təsis edənlərdən bir qrupu
 
 
 
– Fərqli düşüncə, yetişmə tərzi ata-oğul arasında problem yaratmır? 
-Oğlumun qarşısında ata kimi yox, yetişdirən kimi funksiyam var. Bir azərbaycanlı, isveçrəli kimi yox, tərbiyəsində yeri, reallıqları nəzərə alıram. İstəyirəm, oğlum yerli reallıqların qurbanına çevrilməsin. Oğluma məktəbdə müəllim deyir ki, homoseksuallıq normaldır. O da gəlib bunu məndən soruşurdu. Ona izah etdim ki, müsəlmanlarda bu, normal deyil, xristianlarda normaldır. Mən  istəyirəm ki, oğlum yerli mentalitetin qurbanı olmasın, amma insanlara münasibətdə isveçrəlilərin tərəfini götürsün. İnsanlara ağlına görə qiymət versin.
-Elxan Həsənli İsveçrədən nə zamansa qayıtmaq istəyir? 
– Hər gün istəyirəm. Amma Azərbaycanda uşağın gələcəyi baxımdan çox çətin olar. Burda yetişmiş adam tam itib batar orda. Ona görə də oğlum 18 yaşa çatandan, özünə həyat qurandan sonra geri qayıtmağı düşünürəm. İstəyirəm əsas yerim Azərbaycan olsun. Qazaxda, kənddə yaşamaq istəyirəm. Təbiətə yaxın olmaq daha xoşdur, Bakıda təbiət qalmayıb. İstəyirəm ki,  oğlum bir peşə sahibi olsun. 18 yaşdan sonra peşə sahibi olub, işləyə bilər. 20 yaşdan sonra isə ayda 5 min frank ala bilər, bir peşəsi olar. Ondan sonra hansısa bir firmada işləyib, ali təhsil ala bilər. Mən onun bu cür yetişməsini istəyirəm.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …

Bir cavab yazın