Ana səhifə / Dünya / “İşimizə mane olursan” deyən şəxs, həyat yoldaşım oldu” – Nuridə Allahyarova, FOTOLAR

“İşimizə mane olursan” deyən şəxs, həyat yoldaşım oldu” – Nuridə Allahyarova, FOTOLAR

Rəsmi qurumlardan məlumat almaq istəyən jurnalistlərin suallarını cavablandırmaq həmin qurumun mətbuat xidmətinin əməkdaşı vəzifəsini daşıyan şəxslərin borcudur. Lakin bəziləri öz vəzifə borclarını unudurlar və onlardan çalışdıqları qurumla bağlı rəsmi mövqe almaq qeyri-mümkün olur. 
 
Telefon zənglərinə cavab verməyən, “1 saata məlumat verəcəyəm” deyib, zənglərdən qaçan və bu kimi digər “qaçdı-tutdu” ilə məşğul olan mətbuat xidmətlərinin rəhbərləri var. Onların böyük hissəsi jurnalistikaya aidiyyəti olmayan adamlardır və jurnalist üçün məlumatın önəmliliyini anlamırlar. 
 
Bu yazımızda oxucularımıza belə insanlardan deyil, əksinə, media ilə daimi və normal şəkildə işləməyi bacaran bir xanımdan bəhs edəcəyik. O, Nuridə Allahyarovadır. Media onu Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri kimi tanıyıb. Bu yaxınlarda isə o, “BakuBus” MMC-yə mətbuat katibi təyin olunub. 
N.Allahyarovanı yaxından tanımaq və çalışdığı “BakuBus” MMC haqqında ətraflı məlumat almaq üçün müsahibimizə bir neçə sual ünvanladıq:
– Nuridə xanım, necə oldu ki, Binəqədi İH-də işə başladınız və nə oldu ki, oradan ayrıldınız? 
– Mən BDU-da, Qafqaz Universitetində, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs demişəm. Sonra isə Vergilər Nazirliyində işləməyə başladım. Buraya da imtahan verərək qəbul olmuşdum. Orada elə də böyük vəzifəm yox idi. “Onlayn müfəttiş” layihəsini yaratmışdıq. Bu formada vergi ödəyiciləri sosial şəbəkələr vasitəsi ilə bizə suallarını verirdilər, biz də qısa zamanda cavablandırırdıq. Elə oldu ki, bu layihə çərçivəsində Binəqədi İH ilə əməkdaşlıq etdik. Təklif də bundan sonra gəldi və məmnuniyyətlə qəbul etdim. Çünki bu iş mənim üçün çox maraqlı idi. Amma bu işim 2 ilə yaxın davam etdi. Elə oldu ki, mən işdən səhhətimlə bağlı ayrılmalı oldum. 2-3 ay ümumiyyətlə, çalışmadım və geri qayıtmaq istəmədim. Sonra isə “BakuBus” MMC-dən təklif aldım. Üstəlik, həmişə işləmək istədiyim bir vəzifə üçün – mətbuat xidməti… Mənim oxuduğum sahə tam fərqli olsa da, jurnalistikanı çox sevirəm. Mediaya yaxın olmaq çox xoşuma gəlir. Mən bu zamana kimi çox sahədə çalışmışam. Sadəcə nəqliyyat sahəsində çalışmamışdım.
– Bəzi mətbuat xidmətlərinin rəhbərləri mediadan qaçırlar. Vəzifələrində olan “media” sözünü unudurlar. Siz isə media ilə daha yaxşı işləməyi bacaranlardan birisiniz. Bu, sizin özünüzdən asılı olan bir şeydir, yoxsa çalışdığınız qurumların tapşırığı bu yöndədir?
– Heç bir mətbuat xidmətinin rəhbəri özünü mediada pis vəziyyətə salmaz. İstəməz ki, jurnalistlər arasında elə tanınsın. Əksinə, mediada sevilmək, hörmət qazanmaq, sözünün keçməsini istəyər. Ona görə də, mən elə fikirləşirəm ki, hər şey onun işlədiyi qurumdan asılıdır. Mənim həm keçmiş iş yerimdə, həm də burada rəhbərliyim mətbuatı izləyən şəxslərdir. Bu, çox müsbət bir haldır.
– Həyat yoldaşınız da sizin kimi mətbuat xidmətində işləyir. Üstəlik, keçmiş iş yerlərinizdən biri olan Vergilər Nazirliyində… Onunla tanışlığınız nə zaman olub? Nazirlikdə işləyən zaman, yoxsa öncə..?
– Şahinlə nazirlikdə işləyəndə tanış olmuşam. Mən ödəyicilərlə işləyirdim. Onlara məlumat verirdim. Bir neçə dəfə mənə irad tuturdu ki, “İşimizə mane olursunuz. Mətbuat xidmətinin işinə qarışırsınız”. Elə olmasa da, o, elə düşünürdü (gülür-red). Beləcə, bir-birimizi gözümüz götürməyə-götürməyə, mübahisə edə-edə tanış olduq və evləndik. Beləliklə, “İşimizə mane olursan” deyən şəxs, həyat yoldaşım oldu.
– İkiniz də eyni peşəni icra edirsiniz. Evdə söhbətiniz nədən ibarət olur? Bir-birinizə jurnalistlərdən şikayət edirsiniz?
– Ancaq iş… Evə gələn kimi demək olar ki, ancaq işdən danışırıq. Həyat yoldaşımın 20 illik media təcrübəsi var. Ona görə də, jurnalistləri daha yaxşı anlayır. Hər zaman onların tərəfində olur. Bəzən mən hansısa jurnalistlə bağlı ona şikayət edəndə, deyir ki, “Sənin işin onlara məlumat verməkdir, onun da işi məlumat almaqdır”. Mən ondan çox şey öyrənirəm.
– Heç olubmu ki, kimsə yoldaşınıza sizdən bir xahişlərini həll etmək üçün müraciət edib? Və ya əksinə..?
– Məndən yoldaşımla bağlı kimsə risk edib, bir şey xahiş etməz. Çünki vergi elə bir şeydir ki, orada xahişlə iş olmur. Qanundur və qanuna əməl edilməlidir. Amma Binəqədidə çalışdığım zamanlarda yoldaşıma mənimlə bağlı müraciət edənlər olub. Məsələn, xahiş etmişdilər ki, bir bağçaya uşağın götürülməsi üçün müdirədən rica edim. Amma cavab aldım ki, bu, mümkün deyil. Müdirə mənə dedi ki, “Kimin deməsindən asılı olmayaraq, fərq etmir. 25 uşaqdan artıq olmaz. Yerimiz yoxdursa, o uşağı götürə bilmirik”. Qanuna riayət edən bağça müdirəsinin olması məni o qədər sevindirmişdi ki, Şahinə (həyat yoldaşı-red.) rədd cavabını sevinə-sevinə demişdim. Ümumilikdə isə sosial durumu yaxşı olmayan, həqiqətən yardıma ehtiyacı olan insan üçün əlimdən gələni edərəm. Hətta qanunazidd də gedə bilərəm. Amma sadəcə, uşağı yaxşı görünüşlü bağçada oxusun deyə xahiş edənlərin istəyini heç vaxt yerinə yetirməmişəm.
– Keçək, “BakuBus” MMC-yə… Gələcəkdə plan varmı ki, sizin avtobuslar Bakıdakı bütün marşrut xətlərinə buraxılsın?
– İlkin olaraq 14 marşrut xətti üzrə avtobuslarımızın işi təmin edilməlidir. Hazırda 8 xətt üzrə işləyirik. Yaxın günlərdə geridə qalan marşrutlar üzrə də avtobuslarımız xəttə buraxılacaq. Amma bütün marşrut xətlərinin “BakuBus”a verilməsi ilə bağlı qərarı üst qurumlar verir. Lakin bizim şirkətin əsas hədəfi Bakıdakı bütün marşrut xətləri üzrə işləməkdir və yeganə şirkət olmaqdır.
– İnsanlar yeni avtobuslara alışa bilirlərmi? Çünki camaat avtobusa istədiyi qapıdan minib-düşməyə alışıblar. Üstəlik, avtobuslar kartla işləyir. Nağd ödəniş də yoxdur…
– Artıq insanlar demək olar ki, alışıblar. Bizim çağrı mərkəzimiz var. Oraya təkliflər, şikayətlər daxil olur. Onları nəzərdən keçirəndə də məlum olur ki, artıq insanlar alışırlar. Bizə bu işdə “Asan Könüllülər” çox köməklik ediblər. Əvvəllər zəng edib, xahiş edirdilər ki, avtobus dayanacaqdan kənarda saxlasın. Kartı olmadan minmək istəyənlər də, sürücü dayanacaqdan kənarda saxlamadığı üçün ona fiziki təzyiq göstərənlər də olub. Amma biz işimizə davam edirik.
– “BakuBus”da sürücü işləmək niyə sərfəlidir? Yəni ki, sürücü niyə sizin şirkətdə işləsin?
– “BakuBus”da işləyən sürücülər 600 manat maaş alırlar. Heç bir plan doldurmağa, digər sürücü ilə “qovdu-qovdu”ya çıxmağa, əsəblərin pozulmasına, kiməsə xırda qaytarmağa, pul vermədən qaçan sərnişinləri güdməyə, tez-tez xarab olan köhnə avtobusla uğraşmağa  gərək yoxdur. Standart iş saatları, qaydaları var. Sərnişinlə əlaqəyə girməyə ehtiyac qalmır. Sürücülərimizə hər şey barəsində təlimlər keçiblər. Onlarla bağlı şikayət daxil olan zaman həmin şikayət üzrə sürücüyə tapşırıqlar verilir. Əgər, problem davam edərsə, ona töhmət, ardından şiddətli töhmət verilir və sonda işdən çıxarılır. Sürücüləri işə qəbul edərkən onları tibbi yoxlamadan keçiririk. Sürücülük qabiliyyətlərini sınaqdan keçiririk. Sadəcə, bunlar kifayət deyil. Onların insanlarla davranış qaydaları, danışıq tərzləri də önəmlidir. Ola bilər ki, sürücü peşəkardır. Amma davranış qaydaları uyğun deyil. Biz onları işə qəbul etmirik. Bütün avtobuslarda əlaqə nömrələri və kameralar var. Sürücülər daim diqqətdədir.
– Sizin şirkətin əsas mərkəzi Zığda yerləşir. Amma Zığ sakinləri iddia edirlər ki, onların heç biri işə götürülmürlər…
– Elə deyil. Əksinə, bizə Zığ sakinlərini işə götürmək sərf edir. Çünki işçilərin yaxında olması hər iki tərəf üçün yaxşıdır. Uzaq yol getmirlər, yol xərci az olur. Gecə evə getmək asanlaşır. Biz layihə işləyirik. Qəsəbədə gəzərək, CV götürürük. Bizə uyğun olanları işə qəbul edirik. Hər hansı bir ayrı-seçkilik yoxdur.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın