Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / İraq mərkəzi hökuməti Bərzanini cəzalandırır

İraq mərkəzi hökuməti Bərzanini cəzalandırır

Şimali İraq Kürd Muxtariyyəti ilə mərkəzi Bağdad hökuməti arasında gərginlik davam edir. Hərbi əməliyyatlar başa çatsa da, görünən odur ki, iki tərəf də acıqlıdır və hələlik köklü sabitlikdən danışmaq mümkün deyil.

Bu günlərdə məlum olub ki, Bağdad hökuməti kürd muxtariyyəti ərazisində ərzaq yardımı ilə bağlı anketləri yalnız ərəb dilində çap edib. Bu barədə mərkəzi ofisi Ərbildə yerləşən “Rudaw” telekanalı məlumat yayıb. Süleymaniyyə şəhəri Qida Formu Təşkili İdarəsinin müdiri Yasin Mahmud telekanala bildirib ki, daha əvvəl anketlər kürd dilində də olurdu. Ancaq bu dəfə yalnız ərəbcə anketlər çap olunub.

Qeyd edək ki, kürd dili ərəbcə ilə yanaşı İraqın rəsmi dili hesab olunur. İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən ərəb və kürd dilləri ölkənin rəsmi dilidir. Rəsmi sənədlər, pul, pasport və markalar hər iki dildə çap olunur.

Ümumilikdə kürd bölgəsi üçün İraq hökuməti 1,2 milyard dollar dəyərində yardım ayırır. Daha əvvəl bu cür anket formaları ərəbcə və kürdcə olsa da, 16 oktyabr olaylarından sonra yalnız ərəbcə formalar çap olunmağa başlayıb.

Görünür ki, Bağdad 25 sentyabr referendumundan sonra Ərbilə qarşı başlatdığı embarqoları davam etdirir. Kürd muxtariyyətinə qarşı uçuşların ləğv olunması da daxil olmaqla çoxlu sayda embarqolar hələ də davam edir. Görünən odur ki, daha da artmaqdadır.

Yeri gəlmişkən, bu ayın əvvəli İraqın baş naziri İŞİD-in İraqda 3 il davam edən müharibənin qələbə ilə başa çatdığını elan edib. Bağdadda İraq jurnalistləri üçün keçirilən mətbuat konfransında baş nazir İbadi bildirib ki, “bizim qüvvələr İraq-Suriya sərhədini tam nəzarət altına alıblar və beləliklə, mən İŞİD üzərində müharibənin sona çatdığını elan edirəm”.

Ancaq baş nazir çıxışında İraq ordusuna dəstək verən beynəlxalq koalisiyanı xatırlatsa da, nədənsə kürd peşmərgələrini “unudub”. Peşmərgə qüvvələri İŞİD-ə qarşı beynəlxalq koalisiyanın bir hissəsi olub. İŞİD-ə qarşı mübarizədə 1824 peşmərgə döyüşçüsü öldürülüb, 10 mindən çox döyüşçü isə yaralandığı bildirilir.
ABŞ Dövlət Departamentinin İŞİD-in İraqda məğlub edilməsi ilə bağlı bəyanatında da Peşmərgə qüvvələrinin rolu qeyd edilməyib. Bu isə Ərbilin etirazına səbəb olub. Ancaq görünən odur ki, Bağdad açıq şəkildə Ərbilə “yerini bildirməyə” çalışır. Ərbil isə hazırda ciddi təzyiqlərin altındadır.

Ötən həftə kürd muxtariyyəti Süleymaniyyə əyalətində etirazlar baş qaldırıb. Əyalətin mərkəzi Süleymaniyyə şəhəri ilə yanaşı 13 yaşayış məntəqəsində baş verən etirazların əsas şüarı korrupsiya və maaşların gecikməsidir. Süleymaniyyə əyalətinin Ranya rayonunda vəziyyət daha gərgindir. Etirazçıların Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) və Kürdüstan İslami Birlik Partiyasının ofislərini yandırıb.

“Məhv olsun oğrular!”, “Bərzaniyə ölüm!”, “Mübahisəli bölgələri itirən hökumət məhv olsun!” şüarları səsləndirən etirazçılar peşmərgə, polis, müəllimlər və digər sahələrdə maaşların kəsilməsinə etiraz ediblər.

Polislə mitinqçilər arasında toqquşmalar 7 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. İraqın baş naziri Heydər İbadi bildirib ki, etirazçılar zərər görəcəyi təqdirdə mərkəzi hökumət proseslərə müdaxilə edəcək. İbadi təhlükəsizlik qüvvələrini etirazçılara qarşı zorakılıq etməməyə çağırıb. Onun sözlərinə görə, Bağdad mülki əhalinin etiraz haqqının əlindən alınmasına qarşıdır.

Süleymaniyyədəki olaylara Bağdadın və Bərzaninin reaksiyası göstərir ki, prosesin Bərzaniyə qarşı yönəlməsi ehtimalı var. Ehtimal ki, Bərzani özü də bu prosesin ona qarşı yönəldiyini və ya yönələcəyini bilir. Çünki vəziyyətin daha da gərginləşməsi Bağdadın müdaxiləsinə səbəb ola bilər. Hansı ki, artıq İbadi də buna işarə edib. Maraqlıdır ki, qarşı tərəf, yəni Təlabani qrupu səssizdir. Məsələ ondadır ki, oktyabrda Kərkük olayları başlayan zaman Süleymaniyyə və Kərkükün Ərbildən ayrılacağı ilə bağlı məlumatlar mediaya yol tapdı. İddialara görə, Tələbani qrupu Bağdadla anlaşıb, Ərbildən ayrılıb Kərkük və Süleymaniyyədən ibarət olan yeni bir regional hökumət qura bilər. İddialara görə, o zaman Tələbaniyə yaxın olan qüvvələr məhz bu anlaşma səbəbindən peşmərgəyə dəstək vermədi. İndi isə etirazlar daha da dərinləşəcəyi təqdirdə Bağdadın müdaxiləsi Süleymaniyyənin Ərbilin nəzarətindən çıxmasına gətirə bilər.

Xatırladaq ki, sentyabrın 25-də Bağdadın və qonşu ölkələrinə israrlarına rəğmən Bərzani kürdl muxtariyyəti ərazisində referendum keçirib. Kürdlərin 92 faizdən çoxu müstəqilliyə səs versə də, Bağdad, eləcə də Tehran və Ankara Bərzaniyə təzyiq göstərib, sərhədləri bağlayıb. Oktyabrın 16-fa isə baş nazir İbadinin əmri əsasında İraq qüvvələri mübahisəli əraziləri, o cümlədən Kərkükü nəzarətə götürüb. Noyabrın 20-də İraqın Ali Məhkəməsi səsverməni konstitusiyaya zidd elan edib. Bağdad və Qoran, eləcə də Təlabani qrupları arasında anlaşma olarsa, Kərkük də daxil olmaqla Süleymaniyyə mərkəzli yeni bir vilayət idarəçiliyinin yaranması və bununla da kürd muxtariyyətinin faktiki parçalanması gündəmə gələ bilər. Bu isə İraq kürdlərinin müstəqillik arzularını uzun müddətlik bir dönəm üçün arxa plana ata bilər. (Musavat.com)

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …