Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İrandakı etirazlardan sonra Tehran-ABŞ münasibətləri sürətlə pisləşir

İrandakı etirazlardan sonra Tehran-ABŞ münasibətləri sürətlə pisləşir

Vaşinqtonun nüvə anlaşmasından çıxması ilə bağlı təhdidi İran və Brüsseli yaxınlaşdırır

İranda ötən il dekabrın 28-də başlayan etirazlar dayansa da, doğurduğu nəticələr hələ davam edir. Bazar günü Londonda nəşr olunan ərəbdilli “Al-Quds al-Arabi” qəzeti eks-prezident Mahmud Əhmədinejadın həbs olunması xəbərini yayıb. Qəzetin Tehranda hüquq-mühafizə orqanlarındakı “etibarlı mənbəyə” istinadən yaydığı xəbərdə qeyd olunur ki, Əhmədinejad hökumətə qarşı etirazları təşviq etməkdə ittiham olunur. Hətta həbsin ali dini lider tərəfindən təsdiqləndiyi də qeyd olunurdu.

Ancaq İran mənbələri xəbəri təsdiqləmədi. Eks-prezidentin oğlu yerli mətbuata atasının həbs olunmadığını, ofisində fəaliyyətini davam etdirdiyini bildirib. Axşama doğru Rusiya mediası Əhmədinejadın ev həbsinə alındığını yazıb. Ancaq bütün bu məlumatlar təsdiqlənmir. Ən azından İran mediasında heç bir reaksiya yoxdur.

Məsələ ondadır ki, hökumət hazırda aksiyanın təşkilatçılarını axtarır. Daha doğrusu, prosesləri qızışdıran, toqquşmaları təhrik edən şəxsləri. İnqilab Keşikçiləri Korpusu iğtişaşın təşkilatçılarının həbs olunduğunu bəyan edib, bunların “Xalqın Mücahidləri” təşkilatının üzvləridir. Bundan başqa İran prokuroru ABŞ, İsrail, Böyük Britaniya kimi ölkələrin adını çəkib, əsas təşkilatçı kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran ofisinin rəhbəri Maykl de-Andreanın adını qeyd edib.

Ancaq açıqlamalardan o da məlum olur ki, daxildə də ittiham olunanlar var. SEPAH komandiri Məhəmməd Əli Cəfəri ad çəkməsə də üstüörtülü şəkildə Əhmədinejaddan şübhələndiklərini bildirmişdi. Bu açıqlamadan iki gün sonra Əhmədinejadın həbs olunması müəyyən şübhələrə səbəb olur. Eks-prezidentin həbs olunmasa belə, ciddi nəzarət altında olduğunu demək olar.

Yeri gəlmişkən, bazar günü İran polisinin sözçüsü Səid Montəzir əl-Mehdi bildirib ki, son iğtişaşlar zamanı saxlanılan şəxslərin əksəriyyəti girov qarşılığında azad edilib. Ancaq aksiyaların əsas təşkilatçıları istintaq altındadır. Polis sözçüsü deyib ki, təhlükəsizlik orqanları indi haqlı etirazı olan xalq kütlələri ilə xaos və qarşıdurma yaratmaq istəyənləri ayırmağa çalışır. O deyib ki, saxlanılanlar arasında yanğınsöndürən avtomobili qaçırıb insanların üzərinə sürən və İran bayrağını yandıran şəxslər də var.

iranda iğtişaş ile ilgili görsel sonucu

Eyni zamanda aksiyalar zamanı 1 hüquq-mühafizə orqanı əməkdaşının həlak olduğu, çoxlu sayda polisin xəsarət aldığını deyib. O deyib ki, saxlanılanların hamısı məhkəməyə təhvil verilib. Onlardan bir çoxu artıq girov qoymaqla azad edilib.

Bazar ertəsi günü iqtisadiyyat naziri və nazirliyin bir neçə əməkdaşını qəbul edən prezident Həsən Ruhani son etirazlara da toxunub. Həsən Ruhani deyib ki, əgər səmimi şəkildə bu ölkənin hər şeyinin xalq olduğunu qəbul etsək, bütün problemləri həll edə bilərik. İran prezidenti deyib ki, xalqın etirazlarından sui-istifadə edənlər olsa da, xalq hökumətin onu dinləməsini istəyir. Ruhani bildirib ki, bütün dövlət rəsmiləri tənqid oluna bilərlər.

Qeyd edək ki, yanvarın 8-də Tehranda keçirilən Təhlükəsizlik Konfransında əsas mövzulardan biri İranla “altılıq” ölkələri arasında imzalanmış anlaşmanın ABŞ tərəfindən pozulması mövzusu olub. Məsələ ondadır ki, ABŞ administrasiyası nüvə anlaşmasından çıxmaqla bağlı açıqlamalar veriblər. Qeyd edək ki, ABŞ dövlət katibi Tillerson İranla imzalanmış Əhatəli Birgə Fəaliyyət Planı anlaşmasından çıxacaqlarını deyib.

iranda iğtişaş ile ilgili görsel sonucu

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, bu qərar bölgəyə mənfi təsir edəcək. Ancaq eyni zamanda o deyib ki, hələlik İran rəhbərliyi müqavilənin qorunub saxlanacağına ümidlərini itirməyib. Əraqçi deyib ki, təhlükəsizlik və terrora qarşı mübarizədə olmasa da, bu cür layihələrdə ABŞ kimi ölkələrlə danışıqlar aparmaq olar. Çünki bu zaman hər iki tərəf qazanclı çıxa bilər. Eyni zamanda Əraqçi Avropaya müraciət edərək, deyib ki, “əgər avropalılar bu anlaşmanın yaşamasını istəyirsə, Avropa şirkətləri və banklarının İranla əməkdaşlıq və ortaqlıq layihələrini təşviq etməlidir”.

Abbas Əraqçi ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bu həftə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Brüsseldə AB təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Federika Moqerini və daha 3 ölkənin xarici işlər naziri ilə görüşəcəyi məlum olub. Yanvarın 13-də keçirilməsi planlaşdırılan görüşün təşəbbüskarı AB ali komissarıdır və əsas müzakirə mövzusu “Əhatəli Birgə Fəaliyyət Planı”nın taleyi olacaq. Görüşdə Moqerini ilə birlikdə Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri də iştirak edəcək.

Xatırladaq ki, ABŞ rəhbərliyi İranla nüvə anlaşmasından çıxmağa hazırlaşır. Ancaq Avropa dövlətləri Vaşinqtonun bu addımını dəstəkləmir, İranla nüvə anlaşmasının davamlı olmasına çalışırlar. İran XİN sözçüsü Bəhram Qasımi isə deyib ki, İranın da öz alternativləri var. Sitat: “Bizim masamızın üzərində bütün variantlar var və ABŞ-ın alacağı qərara uyğun olaraq onlardan birini tez bir zamanda icra edəcəyik”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …