Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Dünya / İrəvanla Qarabağ erməniləri arasında gərginlik pik həddə – TƏHLİL

İrəvanla Qarabağ erməniləri arasında gərginlik pik həddə – TƏHLİL

Nikol Paşinyanın parlamentdə mütləq çoxluğu özü üçün təmin etdikdən sonra Ermənistandakı və işğal altındakı Azərbaycan ərazilərindəki əleyhdarlarına qarşı cəza tədbirlərinə başlayacağı gözlənilən idi. Artıq ilk xəbərlər gəlməkdədir.

Belə ki, dekabrın 13-də qondarma “dqr”in “müdafiə naziri” Levon Mnatsakanyanın vəzifəsindən azad edildiyi xəbəri yayıldı. Məlumata görə, onun yerinə qondarma rejimin “baş qərargah” rəisi Karen Abramyan təyin edilib. Vəzifədən həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da azad edildiyi vurğulanıb. (axar.az) Qeyd edək ki, bu şəxslərin hamısı bir müddət əvvəl Nikol Paşinyanın yaxın kadrlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid edən şəxslərdir. Məhz bu çıxışlardan sonra Paşinyan Bako Saakyana qarşı sərt tənqid səsləndirib. O, Saakyanı tabeliyində olan şəxslərə nəzarət etməyə çağırmış və seçkidən sonra bununla dərhal maraqlanacağını demişdi.

Levon Mnatskanyan bir neçə il əvvəl Qarabağa Movses Akopyanın yerinə göndərilib. Belə ki, Serj Sərkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.

L.Mnatsakanyan özü iddia edib ki, o, istefa ərizəsi yazmayıb. Bu xəbərləri yayanların nə istədiyinə gəldikdə, erməni zabit deyib ki, hələlik bu barədə heç nə bilmir. Bundan əvvəl Qarabağ separatçılarını başçısı B.Saakyanın “mətbuat katibi” David Babayan Mnatsakanyanın istefaya göndərildiyi barədə suala cavabında belə deyib: “Belə əmr olub? Əgər əmr olsa, onu hamı görəcək, olmasa, heç kim görməyəcək”-deyə, qəribə cavab verib.

Digər xəbərə görə, Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan Moskvaya gedib. Məlumata görə, rəsmi İrəvan Bako Saakyanın xələfi olaraq məhz Arutyunyanı görür. Onun yeni Ermənistan hökumətinə münasibətdə özünü düzgün apardığı üçün İrəvan tərəfindən mükafatlandırılacağı bildirilib. Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. 2017-ci ilin sentyabrından cari ilin iyununa qədər isə o, Qarabağın “dövlət naziri” işləyib və faktiki olaraq Bako Saakyandan sonra qondarma rejimdə ikinci ən nüfuzlu şəxs olub.

Xatirladaq ki, Serj Sərkisyanın istefaya getməsindən sonra iyunda Qarabağda baş separatçıya qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda əsas tələb separatçıların “güc strukturlarının” rəhbərlərinin dəyişdirilməsi olub. Etirazçıların Arutyunyanın istefasını istəməmələrinə rəğmən o da dərhal istefaya gedib.

Qarabağdakı quldurların cəzalandırılması xəbəri yayılmazdan öncə Ermənistanda Robert Köçəryanın tərəfdarları “Prezidentə azadlıq” tələbi ilə mitinq keçirmişdilər. Belə məlum olur ki, Paşinyan Qarabağdakı işğalçı ordunun başında duran şəxsləri təmizləməklə və özünə sadiq olanları həmin postlara təyin etməklə hakimiyyətinə yarana biləcək təhlükələri aradan qaldırmaq istəyir.

Baş separatçı Bako Saakyanın “növbədənkənar seçkilər” elan edəcəyi barədə məlumatlardan sonra Paşinyanın separatçılara əl gəzdirməyə başlaması da maraqlıdır. Deməli, İrəvan Xankəndindəki rejimin əl-ayağını yığmaq üçün hərəkətə keçib.

“Paşinyanın Ermənistanda korrupsiyanın üstünə gedib Qarabağdakılara toxunmaması mümkün deyil. Çünki, Bako Saakyan başda olmaqla burada lövbər salmış və əsasən də Sərkisyanın siyasi biznesi üçün çalışanların hamısı keçmiş hakimiyyətin suç ortaqlarıdır”. Ermənişünas alim Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Ekspert Qarabağda baş verənləri aşağıdakı kimi şərh etdi: “Məlumdur ki, Sərkisyan və ondan əvvəl Köçəryan burada özlərinə tabe olan bir şəbəkə qurmuşdular. Bu şəbəkə Ermənistandan hansı təlimat gəlsəydi, onu yerinə yetirirdi, elə Qarabağ məsələsinin həlli ilə bağlı ən kritik məqamlarda da Qarabağ ermənilərinin söz haqqı yox idi. Ancaq indi burada ”təmizləmələr” aparılsa, onların fərqli hərəkət etmə imkanları olacaqmı? Xeyr. Bu dəfə də onlar Paşinyan hakimiyyətinin dedikləri ilə oturub-duracaqlar”. Bako Saakyana gəlincə, Q.Çaxmaqlı Ermənistanda baş verən olaylardan sonra onun Qərbə, xüsusən ABŞ-a və Rusiyaya səfərlərini xatırlamağı zəruri sayrı: “Bu səfərlər hansı məqsədlə edilirdi? Saakyan separatçı rejimin başçılarının dəyişdirilməsi təqdirdə hansı siyasətin gedəcəyini və onun öz taleyi ilə bağlı məsələləri müzakirə etmişdi. Ermənistan mətbuatı açıq yazmışdı ki, Bako Saakyan gedəcək. Yerinə isə ehtimal ki, keçmiş ”baş nazir” Arayik Harutyunyan gələcək. Digər vəzifələrə gətirilənlər də Bako Saakyanın “qazanından” bəhrələnməyənlər olacaq”.

Bəs bu dəyişikliyə Moskva necə baxacaq? Q.Çaxmaqlı: “Mənə elə gəlir ki, Kreml artıq Paşinyan faktorunu qəbul edib və onunla ”işləmək” siyasətini yürütməkdə davam edəcək. Moskvanın istədiyi qərarı erməni liderinə qəbul elətdirmək imkanı var. Qarabağdakı dəyişikliklərə də bu səbəbdən aktiv şəkildə müdaxilə etməyəcək”.

Hər halda, maraqlı və Azərbaycanın faydasına işləyən proses gedir. Məqamı gələndə Azərbaycan dövləti fürsəti dəyərləndirəcək. 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycandakı qarışıqlıqdan bəhrələnərək himayədarlarının dəstəyi ilə torpaqlarımızı zəbt etmişdi. İndi “daşları qaytarmaq vaxtı”dır.

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …