Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İnternet böhranı: təxribat, yoxsa texniki nasazlıq?! – MÜSAHİBƏ

İnternet böhranı: təxribat, yoxsa texniki nasazlıq?! – MÜSAHİBƏ

Noyabr ayının 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem yaranıb. Ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb. Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb. Məlum hadisəni təxribat, terror, şantaj və sair xoşagəlməz hadisələrlə əlaqələndirənlər də var. Hətta internet probleminin yaşanmasına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəhbərliyi çox ciddi şəkildə ittiham edilir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Həftə içi”nə müsahibəsində yayılan məlumatlarla bağlı öz mövqeyini açıqlayıb.

– Osman müəllim, internetlə bağlı problemin yaranmasını nə ilə əlaqələndirirsiniz?
– Bununla bağlı rəsmi qurumlardan aldığımız məlumata görə, noyabrın 16-da saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator “Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib. Belə ki, yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq-mühafizə orqanlarının bununla bağlı tədqiqat apardığı bildirilir.
– Bəzi yazılı və elektron KİV-də məlum hadisənin təxribat, terror və şantaj məqsədilə qəsdən törədildiyi söylənilir. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu versiyanı qəbul etmirəm. Çünki inandırıcı görünmür. Ancaq bildiyim qədər hazırda məsələni araşdırmaq üçün hadisə yerində olan Xüsusi Dövlət Mühafizə Xidməti və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təhqiqat aparır. Qrupun işi başa çatmamış konkret bir fikir söyləmək doğru deyil. Hər halda, sözügedən qrup araşdırmaların nəticələrini ölkə ictimaiyyətinə açıqlayan zaman gerçək səbəbin nə olduğunu hər kəs biləcək.
– İnternetin təhlükəsizliyinin təmin edilməməsində RYTN-in rəhbərliyi ittiham edilir. Nazirliyin rəhbərliyi qadağa qoyduğu üçün qurumun rəsmi şəxsləri təhlükəsizliklə bağlı KİV-in suallarını cavablandırmaq istəmir…
– Burda qeyri-adi heç bir şey yoxdur. Çünki araşdırmalar hələlik davam etdirildiyi üçün verilən hər hansı bir rəsmi açıqlama hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət qrupun işinə mənfi təsirini göstərə bilər. Ona görə də RYTN-nin rəsmi şəxslərinin mövqe bildirlməməsi normaldır. Digər tərəfdən, nazirlik artıq rəsmi açıqlama yayıb. Təbii ki, RYTN Azərbaycanda informasiya-texnologiyaları sahəsini nəzarətdə saxlayan dövlət qurumudur. Bu baxımdan da informasiya cəmiyyətində baş verən neqativ hallarda, xüsusilə də internet məsələsində adıçəkilən nazirliyin üzərinə böyük məsuliyyət düşür. Ancaq hər şeyi, bütün problemləri RYTN-in üzərinə yıxmaq doğru deyil. Bu məsələdə provayderlərin də üzərinə məsuliyyət düşür. Hər halda söhbət problemin yaranma səbəblərindən deyil, onun təkrarlanmaması üçün görüləcək tədbirlərdən getməlidir. Çünki baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, informasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.
– Bir mütəxəssis kimi, analoji problemlərin təkrarlanmaması üçün hansı təklifləri irəli sürürsünüz?
– Son illərdə ölkənin milli informasiya bazasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.Azərbaycan İnternet Forumu Delta Telecom tərəfindən Azərbaycan internetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atdığı addımları da müsbət dəyərləndirir. Bununla belə AİF bildirir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq rəhbərlik etdiyim qurum ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir. Biz dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib sayırıq. Yəni bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa ikinci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırırıq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın