Rus mətbuatı xəbər verir ki, 2017-ci ilin bitməsinə bir ay qalmasına baxmayaraq, ilin ən güclü zəlzələsi məhz ötən gün İranın İraqla sərhədində baş verən təbii fəlakət hesab edilir.

Noyabrın 7-də Papua-Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Anqoram şəhərindən 63 km aralıda yerləşir. Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

Oktyabrın 24-də İndoneziyanın Sulavesi adası yaxınlığında yerləşən Banda dənizində 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların dərinliyi 549,2 kim olub. Tələfat olmayıb.

Oktyabrın 19-da Sakit okeanda Tonqa adasının şərqində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Dərinlik 49 km olub. Sunami təhlükəsi və dağıntı qeydə alınmayıb.

Oktyabrın 10-da Çilinin şərqində yeraltı təkanlar baş verib. Zəlzələnin dərinliyi 82,4 km olub. Dağıntı və insan itkisi olmayıb.

Sentyabrın 26-da Sakit okeanda yerləşən Fici adasında 6,4 ballıq zəlzələ baş verib. Yenə dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 369 nəfər həyatını itirib. Güclü yanğınlar baş verib.

Sentyabrın 7-də Meksikada 8,1 ballıq yeraltı təkanlar baş verib. Ölü sayı 100 nəfərdən artıq olub.

Avqustun 8-də Çində 7 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra 1,7 mindən çox xırda təkanlar qeydə alınıb. 25 nəfər ölüb, 300 nəfər yaralanıb.

İyulun 21-də Egey dənizində 6,6 ballıq təkanlar baş verib. Zəlzələnin episentri Türkiyənin Bodrum şəhərindən cənub-qərbdə olub. Həmçinin bu zəlzələ yunanların Kos adasında da hiss olunub. 2 nəfər ölüb, 120 nəfər xəsarət alıb. Türkiyədə bir sıra infrastruktur obyektləri dağılıb.

İyunun 14-də Qvatemalada 6,6 bal gücündə zəlzələ olub. 40 ev dağılıb. 5 nəfər ölüb, 600 nəfər yaralanıb.

Mayın 13-də İranla Türkmənistanın sərhədində yeraltı təkanlar qeydə alınıb. Təkanların gücü 5,8 bal olub. 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb.

Mayın 11-də Çinin Sintzyan-Uyğur muxtar rayonunda 5,5 ballıq zəlzələ baş verib. Min tikili dağılıb. 8 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 12 min insan evsiz-eşiksiz qalıb.

Aprelin 5-də 6,1 bal gücündə yeraltı təkanlar İranın şimal-şərqində yerləşən Məşhəddən 94 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. 4 kənd dağılıb. Bir nəfər ölüb, 34 nəfər yaralanıb.

Fevralın 10-da Suriqao şəhərində 6,7 bal gücündə zəlzələ Filippində 8 nəfərin həyatına son qoyub. 200 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanvarın 14-də Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub. Hokkaydo adasından cənubda 50 km dərinlikdə qeydə alınan zəlzələ 13 yapon prefekturasında hiss olunub. 2 nəfər ağır yaralanıb.

Yanvarın 4-də Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında, Myanma ilə sərhəddə 6,7 ballıq zəlzələ baş verib. 9 nəfər həyatını itirib, 2 min insan evindən məhrum olub. (AzNews.az)