Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “İcra başçısı təyin olunanda ermənilərdən zəng edib təbrik edənlər olub”

“İcra başçısı təyin olunanda ermənilərdən zəng edib təbrik edənlər olub”

Bayram Səfərov: “Ermənilərin Qarabağda apardığı bütün tikintilərin qiyməti bizim bir tunelimizin əvəzi deyil” 

Rusiyalı milyarder German Sterliqov ailəsi ilə birgə qeyri-qanuni şəkildə 23 ildir erməni işğalında olan, Azərbaycanın ayrılmaz hissəsi Şuşa şəhərinə köçüb və həyasızcasına burada yaşayacağını bəyan edib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərovla elə Şuşa İcra Hakimiyyətində baş tutan söhbətimizi də öncə bu mövzudan başladıq.

– Bayram müəllim, rus milyarderin səsi Şuşadan gəlir. Hətta burada biznes quracağını da deyib. Bir şuşalı olaraq narahatlığınız yoxdur ki, bu, bir presedent yarada, üstəlik, ermənilər Qarabağdakı rus faktorundan istifadə edə bilər?

–  Mən çox narahatam. Belə şeyləri hər dəfə eşitdikcə də narahatlığım artır. Ancaq həmin rus milyarder kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsə, Rusiyanın kifayət qədər ərazisi var, işləyən isə yoxdur. Orta Asiyadan, Çindən, Vyetnamdan gəlib  işləyirlər. O, belə işgüzardırsa, gedib ölkəsində çalışsın. İkinci tərəfdən, mən deyilənlərin həqiqət olduğuna inanmıram. Çünki erməni tərəfi hər dəfə yeni təxribat xarakterli xəbərlər yayır, addımlar atır. Amma onların cəhdlərinin heç biri nəticə vermir. Azərbaycanla müqayisədə ermənilər quyunun lap dibindədir.

– Ancaq fakt budur ki, rus milyarder Şuşadan çağırış edir, orada yaşayacağını açıqlayır…

– Mən hələ buna tam inanmıram. Amma ola da bilər. Şuşa dünyanın ən gözəl məkanlarından bəlkə də birincisidir. İndi iyul ayıdır, Şuşanın ən gözəl çağıdır. Ola bilər erməni o rusla iki qədəh çaxır içib, həmin milyarder də belə bir vəd verib. Amma inanmıram ki, rus gedib erməninin işində yaşaya bilsin. Çünki mən o erməniləri tanıyıram. O ermənilər əgər bizə naxələf olublarsa, bizim çörəyimizi yeyib, sonra bizə təpik atıblarsa, düşmənçilik ediblərsə, həmin hərəkəti rusa qarşı da edəcəklər.

Ancaq bu da danılmazdır ki, dünyada ikili standartlar, ədalətsizlik var. Bütün ədalətsizliklərə baxmayaraq, Azərbaycan çiçəklənir, iqtisadiyyatımız inkişaf edir. Elə bu yaxınlarda yüksək səviyyədə keçirilən Avropa Oyunları da dünyanı heyrətə saldı. Görün bu yarışlar nə qədər sakit, rahat şəkildə keçdi. Xaricdən gələnlərin hamısı Azərbaycandan razı getdi, ölkəmizi, xalqımızı yüksək qiymətləndirdi. Ancaq bunu erməni haqqında deyirlərmi?

– Dünyanın mövqeyinin necəliyindən asılı olmayaraq, nə Rusiya, nə də Ermənistan Qarabağa münasibətdə ənənəvi münasibətini dəyişir. Belə olanda, sizcə, çıxış yolu nədir?

“İcra başçısı təyin olunanda ermənilərdən zəng edib təbrik edənlər olub”

– Bəli, dünyanın münasibəti fərqlidir. Çünki ortada xristian təəssübkeşliyi var. Lakin düşünürəm ki, ədalət zəfər çalacaq, Azərbaycan ordusu sözünü deyəcək. Son vaxtlar ermənilər dəfələrlə cəbhədə pozuculuq hərəkətlərinə əl atıblar və dərslərini də alıblar.  Təkcə son günlərdə 3 pilotsuz aparat vurulub, ötən il helikopterləri məhv edildi, onlar bizim sərhədlərimizə icazəsiz müdaxilə edəndə dərhal yerlərinə oturdulub. Bizim ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Ən yaxşı hal budur ki, Azərbaycan gəncliyi müasir silah və texnikanı yüksək səviyyədə idarə edə bilir.

– Bayaq dediniz ki, erməniləri tanıyırsınız. Bu gün separatçıların başında duranlar, yaxud Ermənistana rəhbərlik edənləri də tanımamış olmazsınız. Onlar haqqında nə deyə bilərsiniz?

– Qarabağ separatçıları cavandırlar, tanışlığım olmayıb. Onların içində tanınan kimsə olmayıb. Ancaq Köçəryan və Sərkisyanla eyni vaxta işləmişik. Lakin onlar elə də böyük fiqurlar olmayıb. Qarabağ hadisələri qızışdırılanda rusların himayəsi ilə onlar önə çıxarılıb.

– O vaxt onlardan azərbaycanlılara qarşı münasibəti sezirdinizmi? Heç olubmu ki, dalaşıbsınız?

– Millətçilikləri var idi. Ancaq aramızda erməni-müsəlman davası olmayıb. Uşaq vaxtı, ya məktəbdə nələrsə olub, dalaşmışıq. Ancaq böyüyəndən sonra nə dalaşmamışıq, nə də onlar çox da cürətli olmayıblar ki, mənimlə üz-üzə gəlsinlər, ya mənə qarşı mənfi fikirdə olsunlar.

– Köçəryanla Sərkisyanı sonuncu dəfə nə vaxt şəxsən görübsünüz?

– Dağlıq Qarabağ Muxtar Vilayətinin olduğu dövrdə mən Xankəndinə gedib-gəlmişəm. O zaman Şuşa Rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin sədri, “Azərittifaqı”ın İdarə Heyətinin üzvü idim. Ona görə Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərinin təminatına mən rəhbərlik etmişəm. Köçəryan da kombinatda işləyib, komsomolda çalışıblar, amma elə böyük fiqurlar olmayıb. Onlarla şəxsi salamım, oturub-durmağım olmayıb. Uzaqdan-uzağa görmüşəm. Görməyə bilməzdik bir-birimizi, Şuşa da, Xankəndi də balaca şəhər idi.

– Bu gün Ermənistanda Qarabağ ermənilərinə, hakimiyyətdəki qarabağlılara qarşı kəskin münasibət formalaşıb. Bu situasiya nəyə gətirib çıxara bilər?

– Ermənistan ermənilərinin Qarabağ erməni ilə qarşıdurması günün məsələsi deyil. Mən 1971-73-cü illərdə Ukraynada, Karpat dağlarında orduda xidmət etmişəm. Mən orda Ermənistan ermənisinin Qarabağ ermənisinə münasibətini görmüşəm. Ermənistan ermənisi səhər yeməyində Qarabağ ermənisinə verilən yağı onun əlindən alırdı. Martuni rayonundan Sərkis var idi. Mən həmin İrəvan ermənisini yerində oturtdum, Sərkisi çağırdım ki, “gəl, otur mən oturan masada, yağ payını ye”. Ermənistan erməniləri Qarabağ ermənilərinə axırıncı “sort” kimi baxırdılar.

İndi bilirik ki, onlar kimlərin sayəsində hakimiyyəti ələ keçirib. Ancaq hər şeyin başlanğıcı olan kimi sonu da var. Bu gün istər Ermənistan, istər onu müdafiə edən dövlətlər ki, var, onlar Azərbaycanın, onun xalqının başqa fikirdə olduğunu anlamalıdır. Diqqət etmisinizsə, Avropa Oyunlarında Ukraynadan olan erməni millətindən olan güləşçiyə medal təqdimetmə mərasimində uğultu oldu, möhtərəm prezidentimiz əlini qaldırıb camaatı sakitləşdirdi. Minlərlə insan əsgərsayağı bir işarə ilə sakitləşdi. Bu, Azərbaycan xalqının birliyini, xalqın möhtərəm prezidentə inamının və prezidentin əhali ilə bir yerdə olmasının nümayişi idi. Dünya da bütün bunları görür.

– Avropa Oyunlarından sonra Qarabağ savaşının başlanacağı barədə silsilə xəbərlər yayıldı və hələ də ajiotaj qalmaqdadır. Siz savaş zamanının yetişdiyi qənaətindəsinizmi?

– Möhtərəm prezidentimiz heç vaxt müharibəyə başlamaq istəməyib. Düzü, mən də istəmirəm ki, müharibə olsun. Biz o zaman müharibəyə hazır deyildik. 366-cı alayın köməyi ilə ermənilərin təcavüzü nəticəsində bizim itkilərimiz çox oldu. Mən doğmalarını itirən insanları şəxsən görmüşəm.

Bu nöqteyi-nəzərdən mən də istəmirəm savaş olsun, sülh yolu daha yaxşıdır. Amma möhtərəm prezidentimizin dediyi kimi, bu, bizim son mövqeyimiz deyil. Ona görə mən də Ali Baş Komandanımızın apardığı siyasətlə razıyam və nə vaxt əmr edəcəksə, mən də bir Azərbaycan əsgəri kimi o döyüşdə can-başla iştirak edəcəyəm.

– Bu isti yay zamanında yəqin cənnət Şuşa üçün daha çox darıxırsınız. Vaxtaşırı Şuşadan, Qarabağın digər yerlərindən çəkilmiş şəkillər, videolar yayılır ki, ermənilər orda kef çəkirlər…

– Mən bir gün də Şuşanı unutmuram. Mən 40 il erməni ilə birgə yaşamışam. Qonşumuz olub, yoldaşlıq, dostluq etmişik, birgə çörək yemişik, bunu danmaq olmaz. İstər Şuşada, istər Xankəndində, istər Bakıda.

– Bu hadisələrdən sonra onlarla təmaslarınız olubmu, yoxsa bütün əlaqələr kəsilib?

– Təmas yoxdur. Heç xaricdə də rastlaşmamışam. Amma mənə salam-dua yollayan olub. Hətta mən icra başçısı təyin olunanda zəng edib məni təbrik edənlər olub. (gülür)

– Kim?

– Şuşalı ermənilər. Rusiyada yaşayanlar. Hardansa telefonumu tapıb. Amma bu, çoxdan olub. Biz hamımız bir-birimizi tanımışıq, birgə xeyir-şərimiz olub, biz getmişik, onlar gəlib.

– Qız alıb, qız vermək necə?

– Bu, Oktyabr inqilabının, sovet rejiminin “bəhrəsi” olub. Uşaq vaxtı bizə də “Ermənistan, Azərbaycan, Gürcüstan qardaşdır” məzmunlu şeirlər öyrədirdilər. Biz bütün SSRİ xalqlarını qardaş sayırdıq. Nə bilək ki, bunlar belə tərbiyəsiz çıxacaq… Şəxsən mənim valideynlərim bizi erməniyə düşmənçilik ruhunda tərbiyələndirməyib. Amma deyək ki, biri erməni ilə ailə qurub, 50 il yaşayıb, övladları var, bundan sonra nə etsin? Bununla belə inanmıram ki, bu, dövlətə, millətə qarşı təhlükə yarada bilər. O vaxt erməniliyi götürən keçdi Ermənistana, Azərbaycanı seçən burda qaldı, özünü tam müdafiə etmək istəyən isə Rusiyaya getdi. İndi deyirlər ki, Bakıda 30 min erməni var, amma mən də dəqiq bilmirəm. O adamların heç bir təhlükəsi ola bilməz. Çünki hər birisinin övladları, nəvələri var.

– Bakıdakı on minlərlə ermənini bir araya gətirib bir böyük toplantı keçirmək, Qarabağ ermənilərinə müraciət etmələrini təşkil etmək mümkün deyilmi?

– Bu, çox çətin məsələdir. İkincisi də bu gün Qarabağda yaşayan gənc nəsil azərbaycanlılarla birgə yaşamayıb axı. Azərbaycanın dadını-tamını o vaxt orda yaşayanlar bilir. Qarabağdakı gənclərin beyni zəhərlənib.

– O zəhəri necə çıxartmaq olar?

– Zəhəri çıxartmaq üçün bir yol var, necə ki, bunun üçün ilanın başını əzirlər. Yeganə yol budur. Özü də bunu erməni xalqı özü etməlidir, bu xalq özünə lider seçməlidir. Düşünsünlər ki, 20 ildən artıq müddətdə nə qazanıblar. Elə bilirsiniz Dağlıq Qarabağda erməni çoxdur, ona görə rus milyarder ora köçüb? Şuşada, Dağlıq Qarabağda nə qədər erməni var ki?

– Nə qədərdir, sizdə dəqiq rəqəm varmı?

– Bütün Dağlıq Qarabağda, Laçın, Kəlbəcərdə olsa-olsa sınıq-salxaq, qoca 30 min erməni qalıb. Erməni ailələrində o zamanlar da 1-2 uşaq olardı. Təsadüfi hallarda artıq uşaq saxlardılar. İndi bir uşağı olan erməni anlayır ki, bir gün Azərbaycan torpağını azad etmək qərarı verəcək. O, Qarabağ uğrunda tək oğlunu qurban verəcək? Bu, ona lazımdırmı? Ona görə də ağlı kəsən, bacarığı, imkanı olan ermənilərin hamısı Qarabağdan çıxıb, Rusiya, Avropa, Amerikaya qaçıb. Deyirlər ki, ermənilər Qarabağda tikinti apardı, nə bilim daha nə… Onların bütün apardığı tikintilərin qiyməti bizim bir keçid tunelimizin əvəzi deyil. Görün Azərbaycanda nə qədər işlər görülüb.

– Bayram müəllim, Şuşa Şəhər İcra Hakimiyyəti Bakıda yox, Şuşaya yaxın məsafədə, Qarabağ bölgəsində olsaydı, daha yaxşı olmazdımı?

– Şuşanın 31 mindən artıq əhalisi var. Bu əhalinin də 70 faizi Bakıda yaşayır. Hələ rəsmi rəqəmdir, qeyri-rəsmi burada yaşayanlar da var. Ona görə də icra hakimiyyətinin Qarabağ bölgəsində olması bu insanlar üçün sadəcə əziyyət olardı.

– Qarabağ separatçısı Saakyanın səsi tez-tez xarici ölkələrdən gəlir. Siz niyə getmirsiniz, sözünüzü demirsiniz?

– Gedirəm, neyə getmirəm ki… Saakyanın dəstəsi dilənməyə gedir. Mən lazım olanda tədbirlərə qatılıram. Məsələn, Şuşa ilə Macarıstanın Döndört şəhəri qardaşlaşma protokolu imzalayıb. (Sazişi göstərir-E.P.) Elə o tədbirə qatıldıq. Onlar da bizə qonaq gəlib.

Almaniyada tədbirlər keçirmişik. Hökm deyil ki, mən gedim… Amerikada bizim icmanın adından fəaliyyət var, “Xocalıya ədalət” kampaniyası böyük  işlər görür, orda əslən şuşalı Adil Bağırov çox işlər aparır, “Qarabağ” Cəmiyyəti fəaliyyət göstərir. Həmçinin 19 dövlətdən 30-dan çox nümayəndə gəldi, “Şuşaya azadlıq” kampaniyası keçirildi. Bütün bu işlərin hamısının yekunu inşallah bizim işğal altındakı torpaqlarımızın azad olunması olacaq, cənab prezidentin dediyi kimi, Şuşa, Xankəndi və digər torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Biz o günü gözləməliyik, onun üçün çalışmalıyıq. İnanıram ki, o gün olacaq, özü də yaxın vaxtlarda…(musavat.com)

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …

Bir cavab yazın