Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Heç kim gözləmirdi ki, 300 minlik əfqan ordusu 11 günə buxarlanacaq…”

“Heç kim gözləmirdi ki, 300 minlik əfqan ordusu 11 günə buxarlanacaq…”

ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində Əfqanıstanda hökumətin ildırım sürəti ilə çöküşünü və “Taliban”ın ölkəyə nəzarəti ələ almasını əvvəlcədən görməyin mümkün olmadığını deyib. Bayden ABŞ kəşfiyyatının da hadisələrin bu cür sürətlə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyini vurğulayıb.

“Əfqanıstanda hakimiyyətin taliblərə keçməsinin mümkünlüyü ssenarisi belə təxminlərin üzərində qurulurdu ki, bizim təlim keçdiyimiz və təchiz etdiyimiz 300 minlik ordu dağılacaq və təslim olacaq. Hesab etmirəm ki, kimsə bunu əvvəlcədən görə bilərdi”,-Bayden bildirib.

ABŞ prezidenti qeyd edib ki, kəşfiyyatın hesabatlarında da yekdil mövqe yox idi. Kəşfiyyatın proqnozlarına görə, taliblər ən yaxşı halda 2021-ci ilin sonlarına doğru hakimiyyəti ələ ala bilərdilər.

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli də kəşfiyyatın Pentaqona Əfqanıstan ordusunun bu cür tezliklə dağılacağını və “Taliban”a təslim olacağını proqnozlaşdıran hesabat təqdim etmədiyini deyib.

“İcazə verin mən kəşfiyyat barədə fikirlərimi deyim, çünki xəbərlərdə görürəm ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin tezliklə çökəcəyi haqda xəbərdarlıqlar edildiyi barədə iddialar var. Mən kəşfiyyat məlumatları ilə çox yaxşı tanışam və müharibədə heç nəyi əvvəlcədən görmək mümkün deyil, amma deyə bilərəm ki, 300 minlik əfqan təhlükəsizlik qüvvələrinin cəmi 11 günə, avqustun 6-dan 16-na qədər buxarlanacağı, ölkənin 34 əyalətini və paytaxtı taliblərə təslim edəcəyi barədə proqnozların yer aldığı heç bir hesabat olmayıb”,-general deyib.

General Milli bildirib ki, kəşfiyyat hadisələrin üç ssenari ilə inkişaf edə biləcəyini proqnozlaşdırmışdı. Bunlardan birinə görə, əfqan təhlükəsizlik qüvvələri və hökumətinin tezliklə çökməsi nəticəsində hakimiyyətin taliblər tərəfindən birbaşa ələ keçirilməsi, ikincisi vətəndaş müharibəsi, üçüncüsü isə məsələnin danışıqlar yolu ilə nizamlanması idi.

“Lakin “tezliklə çöküş” dedikdə burada bizim qoşunların çıxarılmasından sonrakı həftələr, aylar və hətta illər nəzərdə tutulurdu”,-Mark Milli deyib.

virtualaz.org

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …