Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / Dünya / “Heç bir qələbə olmayacaq, məğlubiyyəti isə artıq almışıq” – Qriqori Yavlinski

“Heç bir qələbə olmayacaq, məğlubiyyəti isə artıq almışıq” – Qriqori Yavlinski

“Putinin davam etməkdən başqa yolu yoxdur”.

Bunu Rusiyanın ən parlaq iqtisadçılarından və təcrübəli siyasətçilərindən biri, “Yabloko” Partiyasının yaradıcısı Qriqori Yavlinski internet kanallarından birinə müsahibəsində Ukraynadakı müharibəni şərh edərkən söyləyib.

Yavlinski deyib ki, Vladimir Putini şəxsən siyasətçi kimi çoxdan tanıyır, buna baxmayaraq, özünü qətiyyən onun dostu, yoldaşı hesab etmir: “Biz hamımız onun özü üçün yaratdığı dünyada yaşayırıq və bu, hələ 2000-ci ildən başlayıb… O, öz ətrafını diqqətlə seçir və elə edir ki, ətrafında yalnız onun eşitmək istədiyini söyləyən adamlar olsun. Vəssalam. Məncə, ona informasiyaları elə seçir və elə təqdim edirlər ki, Putin üçün məqbul olsun, hətta ola bilsin ki, ona məhdud informasiya çatdırırlar”.

Bununla yanaşı, Yavlinskinin fikrincə, əsas məsələ ona hansı informasiyanın və necə çatdırılması yox, ümumilikdə Putinin və onun başında durduğu sistemin zamandan qopması və Rusiyanın gələcəyilə bağlı aydın təsəvvürünün olmamasıdır: “Məsələ ondadır ki, Rusiya öz tarixi, mədəniyyəti, xüsusiyyətləri və s. ilə Avropa ölkəsidir. Onun Avropanın bir hissəsi olmaqdan kənar gələcək rifahı ola bilməz. Düşünmək ki, Rusiya Avrasiyadır, onu Avropadan ayırmaq, başqa istiqamətə yönləndirmək lazımdır… bu, reallıqla əlaqəni qoparmaq deməkdir. Reallıqla əlaqəni kəsmək isə xoş olmayan şeylərə, hətta faciələrə gətirib çıxarır. Çünki siz zamanla və reallıqla toqquşursunuz. İndi tarix 200 il bundan əvvəlkindən fərqli duruma gəlib. Siz isə özünüzü elə aparırsınız ki, guya tarix təkrarlanır və siz həmin 200 il bundan əvvəlki dövrdəsiniz. Məncə, hazırda Rusiyanın və Putinin apardığı siyasət onun reallıqla, zamanla əlaqəsinin kəsildiyini göstərir. Bu da onun müasir zamanı və bizim ölkənin gələcəyini anlamamasından irəli gəlir. Fikir verin, artıq çoxdandır ki, Rusiyada heç kim, heç yerdə, heç zaman gələcəkdən danışmır. Bu, gələcək haqqında təsəvvürün itirilməsi deməkdir”.

Putinin ətrafı barədə danışan Yavlinski deyib ki, bu adamlar qorxurlar və özlərinə sərf edən mövqedə dururlar. Bu isə Putinin öz səhv siyasətini davam etdirməsində önəmli rol oynayır: “Bu gün Rusiyada həyata keçirilən siyasət 21-ci əsrin ortalarına uyğun deyil, hətta müasir dövrlə ziddiyyət təşkil edir. Ona görə də, bütün baş verənlər böyük faciəyə çevrilir. Bu, tamamilə başqa konsepsiya, başqa dünyagörüşü, başqa baxışdır. Ona görə də bu gün baş verənlər olduqca təhlükəlidir”. 

Q.Yavlinski Rusiyanın gələcəyi və növbəti seçkilər barədə danışarkən bildirib ki, məsələn, Yevgeni Priqojin kimi adamların önə çıxarılması gələcəkdə Rusiyada sağ millətçi qüvvələrin hakimiyyətdə təmsil olunması perspektivini artırır. Şəxsən Putinin növbəti seçkidə iştirakı isə onun üçün qeyri-müəyyən olaraq qalır. “Putin seçkiyə gedəcəkmi, yoxsa, ümumiyyətlə, seçki olmayacaq” sualına cavabında Yavlinski deyib: “Hər şey ola bilər. Biz artıq hər hansı bir dərəcədə də olsa, hüquqi dövlət deyilik. Biz artıq hansısa Avropa hüquqi razılaşmalarından da çıxmışıq. Ona görə hər şey son gündə, yaxud son ayda həll ediləcək. Hələ ki, Federasiya Şurası, Duma kimi qurumlarla forma saxlanılır. Məzmun isə artıq mövcud deyil…”

Yavlinski yeni daxil olduğumuz illə bağlı pessimist proqnoz verib: “2023-cü il çox ağır və ağrılı olacaq. Azdırmı ki, hər gün bu qədər adam ölür? Bunun başqa perspektivi və mahiyyəti hələ ki, yoxdur. Daxildə vəziyyət gərginləşəcəkmi? Bəli. Həmin bu “xüsusi hərbi əməliyyat” davam edəcək və qorxu artacaq. İnsanlar həlak olacaq… 2023-cü ildə müharibənin bitməsini heç kim istəmir. Nə Rusiyada, nə Ukraynada, nə Amerikada, nə də Avropada. Hamı bu müharibədə nəyəsə nail olmaq istəyir, lakin onu dayandırmağı istəmir. Belə bir “konsensus” var. Mən isə deyirəm ki, müharibəni dayandırmaq və heç olmasa hansısa müzakirələrə başlamaq lazımdır. Heç kim bunu istəmir, hamı davam etmək istəyir. 2023-cü il bu kontekstdə də davam edəcək”.

ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

Yavlinski bildirib ki, rusiyalıları istənilən ssenari gözləyə bilər: “İstənilən hər bir şeyə hazır olun. Mümkün ola biləcək şeylərin sərhədi yoxdur. Hər şey ola bilər. Çünki heç bir məhdudlaşdırıcı mərkəz, alət yoxdur. Ona görə də hər şey gözləmək olar”.

Siyasətçi hazırkı Rusiyanı 1930-cu illərin Almaniyası ilə müqayisə edib və bildirib ki, qorxu və təbliğat güclü olan yerdə bu gün Rusiyada mövcud olana bənzər sistemlər yaranır: “Hazırda baş verənlərə görə Rusiyada hər kəs məsuliyyət daşıyır. Şəxsən mən və hər birimiz məsuliyyət daşıyırıq”.

Yavlinski deyib ki, bu gün Rusiyada və Ukraynada baş verənlər bir nəfərin yox, 30 ildir davam edən sistemin yaratdığı hadisələrdir: “30 ildə 11 seçki olub. Ancaq bu seçkilərə görə məsuliyyət daşıyanlar onu məsxərəyə çevirdilər. İnsanlar isə seçkidə iştirakı öz maddi rifahlarına dəyişdilər. Bura teatr, elm adamları da daxildir. İndi isə bütün bunlara görə hesab vermək zamanı çatıb… Mənim üçün indi həyatımın ən qaranlıq, qorxulu və ağrılı dövrüdür. İndi mənə belə görünür”.

“Bunun sonu necə olacaq” sualına isə Yavlinski belə cavab verib: “Mən gələcəyə inanıram. Doğrudur, daxili siyasətdə radikallaşma artacaq. Ancaq bundan sonra gələcəklə bağlı sual gündəmə gələcək. Buna isə hazır olmaq lazımdır. Hətta ən qaranlıq gecələrdə də gələcək haqqında düşünməyi bacaran insanları salamlayıram… Ən əsası isə, anlamaq lazımdır ki, bu 30 ildə niyə tam miqyasda uduzmuşuq və nə etmək lazımdır ki, ölkəmizdə hər şey başqa cür olsun”.

“Rusiyanın qələbəsi, yaxud məğlubiyyəti özünü nədə göstərəcək, bunu nədən anlayacağıq” sualına Yavlinski maraqlı cavab verib: “Burada heç bir qələbə ola bilməz. Məğlubiyyəti isə artıq almışıq. Tam proqram üzrə! Hansı qələbə ola bilər, axı? Bəli, Kiyevin kapitulyasiyası, ərazilərin ələ keçirilməsi, Qərbin destabilizasiyası ilə bağlı hansısa təsəvvürlər var. Ancaq özünüz baxın, bu, nə dərəcədə realdır? Nəsə ola bilər, amma total səviyyədə, bizə məktəbdə keçirilən kimi, “Reyxstaq üzərində bayraq çalınması” kimi şeylərin olacağına inanmıram”.

Yavlinski deyib ki, onun doğma qardaşı Lvovda yaşayır. Ancaq nə onunla, nə də Lvovdakı sinif yoldaşları ilə müharibə mövzusunu müzakirə etmir: “Çünki hamı başa düşür ki, bu, ağılsızlıqdır və faciədir”. Nəhayət, Kremlə açıq müxalif mövqedə olsa da, Rusiyanı tərk etməyən Yavlinski Rusiyadakı hakimiyyətin gələcəyilə bağlı deyib: “Bu siyasi sistem bitib. Vəssalam. Artıq bu, zaman məsələsidir. Onun nə vaxt düzəldilməsi zaman məsələsidir… Çox istərdim ki, bu siyasi sistemin digərinə transformasiyası təkamül yolu ilə baş versin. Lakin hər şey ola bilər. Hazır olun və insan olaraq qalın…”

AzPolitika.info

Həmçinin oxuyun

Xakerlər Fransa parlamentinin saytını dağıdıb

Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.Hücumu rusiyameylli “NoName” haker qrupu …