Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / “Heç bir oliqarxın meydanında oynamıram”

“Heç bir oliqarxın meydanında oynamıram”

Seymur Verdizadə: “Əgər YAP-çı olsaydım, məni çoxdan bu təşkilatın sıralarından xaric edərdilər”

Bu gün Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Qafqazinfo”  nun köşə yazarı Seymur Verdizadənin 40 yaşı tamam olur. Mübaliğəyə yol vermədən deyə bilərik ki, Azərbaycan mediasında öz seçilən dəst-xətti olan S.Verdizadə oxucuların hər yeni yazısını maraqla gözlədikləri azsaylı köşə yazarlarından biridir. S.Verdizadə üçün mövzu məhdudiyyəti və “dozalı tənqid” anlayışı yoxdur. Hər şeydən və hər kəsdən yaza bilər. Onun köşələri Azərbaycanın real həyat mənzərəsidir, müsbət və mənfi qəhrəmanları hər gün rastlaşdığımız, tanıyıb-tanımadığımız insan tipləridir. Tənqid etdiyi məqamlar isə əksəriyyətimizin yaşadığı, içində olduğu, müşahidə etdiyi acı  gerçəkliklərdir. Amma onun sadə üslubu, korrekt ifadələri hətta kəskin tənqid etdiyi şəxslərdə də aqressiya yaratmır. Mətbuatımızda imzasına ciddi tələbat duyulan dəyərli həmkarımız artıq ömrünün ilk “mini-yubiley”ini qarşılayır. S.Verdizadənin bu münasibətlə saytımıza verdiyi müsahibəni təqdim edirik.

– Siz mətbuata 90-cı illərdə gəlmisiniz. O vaxtdan indiyə kimi çox şey dəyişib?

– Bəzi həmkarlarım ötən əsrin 90-cı illərini mətbuatın “qızıl dövrü” adlandırırlar. Onlar hesab edirlər ki, 90-cı illərdə jurnalistlər digər peşə sahibləri ilə müqayisədə daha çox məvacib aldıqları üçün bu illər mətbuat tariximizə qızıl hərflərlə yazılıb. Bu sözlərdə müəyyən qədər həqiqət var. Mən əmək fəaliyyətinə “Bu gün” qəzetində başlamışam. İşə başladığım ilk vaxtlar ayda 700 min manat maaş alırdım. O vaxt rəhmətlik atam Bakının mərkəzində ən məşhur məktəblərin birində müəllim işləsə də, onun maaşı heç vaxt 140 min manatı keçmirdi. Bu o deməkdir ki, ötən əsrin 90-cı illərində aparıcı qəzetlərdə işləyən redaktorlar ali təhsilli müəllimlərdən beş-altı dəfə çox maaş alırdılar. Amma senzura ləğv olunmadığı üçün mətbuat tam azad deyildi. Bəzən qəzetlərin iki-üç səhifəsi ağ çıxırdı. Ancaq indi mətbuat azaddır, jurnalistlər öz düşüncələrini sərbəst şəkildə ifadə edə bilirlər. Buna baxmayaraq, meydanda həqiqəti yazmağı bacaran beş-altı adam qalıb. Təəssüf ki, senzura ləğv olunandan sonra bəzi nazir-oliqarxlar mətbuatı özlərinin təsir dairəsinə salmağa nail oldular. İndi bəzi jurnalistlər eni və uzunluğu ayrı-ayrı oliqarxlar tərəfindən müəyyən edilmiş meydanda oynamağa məhkumdurlar.

– Meydan sizə darlıq etmir ki? 

– Heç bir oliqarxın meydanında oynamıram. Zənnimcə, meydanım daha genişdir. Müstəqil saytlarla əməkdaşlıq etdiyim üçün yaradıcılığıma heç vaxt kənar müdaxilə olmayıb. Bəlkə də bəxtim gətirib. Düşünəndə belə nəticəyə gəlirəm ki, az qazanmağın hesabına daha çox azadlıq əldə edə bilmişəm. Buna 40 yaşın qazancı da demək olar (gülür).

– Siyasi jurnalistika ilə məşğul olmaq hansı çətinliklər yarardır?

– Siyasətdən yazıram, amma siyasətlə məşğul olduğumu düşünmürəm. Jurnalist tam müstəqil olmalıdır. Bu müstəqillik müəyyən mənada düşüncə və təfəkkür tərzinin də məhsulu ola bilər. Yəni müəyyən mənada nisbilik də var. Ancaq bunu da düşünək ki, siyasi partiyaların nizamnamələri sıravi üzvlər qarışısında bir sıra öhdəliklər qoyur. Belədə siyasi partiyaya üzv olan jurnalist özünü çərçivəyə salmış olur. Azərbaycanda elə bir nazir yoxdur ki, onu indiyə kimi heç olmasa bir dəfə tənqid etməyim. Tənqid etdiyim adamların əksəriyyəti YAP-ın rəhbər strukturlarında təmsil olunurlar. Əgər YAP-çı olsaydım, partiyadaşlarımın əleyhinə yazdığıma görə məni çoxdan bu təşkilatın sıralarından xaric edərdilər. O cümlədən, dəfələrlə İsa Qəmbəri, Əli Kərimlini tənqid etmişəm. Bu düşərgənin də tənqidə yetərincə dözümlü olduğunu düşünmürəm. Yəni, hansısa siyasi partiya mənə özünün üzvlük vəsiqəsini versə, bir həftə sonra təkrar geri almalı olacaq. Ən yaxşısı, bəri başdan həmin vəsiqədən imtina etməkdir.

– Jurnalist vəsiqənizi itirməkdən qorxmursunuz ki?

– Bəlkə də inanmayacaqsınız, üç-dörd ildir ki, cibimdə jurnalist vəsiqəsi gəzdirmirəm. Bunun çox sadə səbəbi var: cibində vəsiqə gəzdirən bəzi dəllallar elə çirkin oyunlardan çıxıblar ki, onlarla bir sırada dayanmaq istəmirəm. Bir də ki, son illər efirlərə tez-tez çıxdığım üçün hamı məni üzdən tanıyır. Buna görə də hansısa tədbirə gedəndə özümü təqdim etməyə ehtiyac qalmır.

– Jurnalist maaşı ilə dolanmaq çətin deyil ki?

– Halal pulun bərəkəti çox olur. Övladlarımın arzusu heç vaxt ailə büdcəmizin sərhədlərini aşmır. Amma mən də onların öz tay-tuşlarının yanında utanmamaları üçün gecə-gündüz çalışıram. Jurnalist fəaliyyəti ilə yanaşı, həm də ictimai sektordayam. Son beş-altı ildə QHT Şurası, KİV Fondu, Gənclər Fondu, o cümlədən ayrı-ayrı nazirliklər tərəfindən maliyyələşdirilən 50-dən artıq layihənin eksperti olmuşam. Bəzən bir ayda 6-7 rayonda keçirilən seminarda təlimçi oluram. Allah-Təala adildir, heç bir insanın əziyyətini yerdə qoymur.

– Amma jurnalistikada əziyyət çəkmədən pul qazananlar da az deyil…

– Hərənin öz yolu var. Kimisə şantaj etmək, ya da yarınmaq xarakterimə ziddir. Sizə bir misal deyim. İki il əvvəl Quzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə idim. Şənbə günü isə dostlarım Bakıda “Reytinq” qəzetini çıxarırdılar. Elə vəziyyət yarandı ki, Kıbrısda yaşayan jurnalist dostum Elza Alışovanın evində “Reytinq” üçün köşə yazmalı oldum. Elza xanım mənim şəklimi çəkib, sosial şəbəkələrdə yerləşdirdi. Şəklin altında təxminən belə bir qeyd vardı: “Seymur Verdizadə Kıbrısda “Reytinq” qəzeti üçün köşə yazır”.

Üç gün sonra səfərimiz başa çatdı və geri qayıtdıq. Evdə oğlum məni bir qədər soyuq qarşıladı. Səbəbi ilə maraqlananda Şahin dedi ki, sinif yoldaşlarım deyir ki, atan “Reytinq” qəzetinin rəhbərliyinə yarınır. Halbuki həmin vaxt mən bu qəzetin redaktoru idim. O yazını yazmaqla burda mənim əvəzimə də işləyən dostlarıma az da olsa, kömək etmək istəyirdim. Bu söhbət mənə çox pis təsir etdiyi üçün ertəsi gün ”Ata, sən yaltaqsan?” adlı məqalə yazdım. Jurnalistin yazısını həm də ailə üzvləri, qohumları oxuyur. Jurnalist elə yazmalıdır və danışmalıdır ki, ona görə ailə üzvləri, qohumları utanmasınlar.

– Sizə rüşvət təklif edən, ya da yumşaq desək, yazdığınız hansısa yazıya görə “hörmət” etmək istəyən olubmu?

– “Bu gün” qəzetində işə başlayandan beş-altı gün sonra bir zavod direktoru mənə “hörmət” eləmək istədi. Hadisə belə olmuşdu. Adi günlərin birində Bərdədə yaşayan bir əlil redaksiyamıza gəlib, ona protez ayaqlar düzəltdirən Fərəməz Cavadov adlı zavod direktoru haqda məqalə yazmağımızı xahiş etdi. Bu fakt baş redaktorumuz Nəsib İsmayılovun diqqətini cəlb etdiyi üçün mənə həmin direktordan müsahibə götürməyi təklif etdi. Fotomüxbirimiz Eldəniz Bədəlovla birlikdə Fərəməz müəllimin iş yerinə getdik. Müsahibə başa çatandan sonra o, mənə 200 dollar təklif etdi. Əməlli-başlı utandım. Sanki sifətim od tutub yandı. Fərəməz müəllimin israr etdiyini görəndə arxama baxmadan qaçıb aradan çıxdım. Oxşar hadisə 2002-ci ildə Goranboyda da baş vermişdi. Həmin vaxt Goranboyda baş vermiş qətl hadisələri ilə bağlı araşdırma aparırdım. Çoxsaylı suallar yarandığı üçün polis rəisi Ağalar Məhərrəmovun qəbuluna getdim. Ağalar müəllim məni çox yaxşı qarşıladı, suallarımı ətraflı cavablandırdı. Sağollaşıb kabineti tərk etmək istəyəndə siyirmədən bir dəstə pul çıxarıb mənə uzatdı. Özümü necə itirdimsə, Ağalar müəllimin havada qalan əllərini sıxmadan kabineti tərk etdim. Hiss etdim ki, arxadan kimsə gəlir. Polis əməkdaşıydı. Qaçmağa başladım. Həmin polis də arxamca düşdü. Elə bildim ki, məni həbs etmək istəyirlər. Buna görə sürəti bir qədər də artırdım. Küçəyə çıxıb, 30-40 metr də qaçandan sonra dönüb arxaya baxdım. Gördüm ki, həmin polis işçisi darvazaya söykənib. Dayandığımı görəndə mənə əl elədi. Kök adam olduğu üçün əməlli-başlı təngənəfəs olmuşdu. Bir qədər dincəlib özünə gələndən sonra dedi ki, ay qardaş, hara qaçırsan, gəl diktafonunu apar. Ağalar müəllimin otağından tələsik çıxdığım üçün diktafonum masanın üstündə qalmışdı. Bir müddət sonra bu barədə məqalə yazdım. Görünür, məqalə çox oxunub. Çünki həmin yazıdan sonra  heç bir məmur mənə rüşvət təklif etmədi .

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …

Bir cavab yazın