Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Həqiqəti deyən insan itkilərə hazır olmalıdır” – QULU MƏHƏRRƏMLİ

“Həqiqəti deyən insan itkilərə hazır olmalıdır” – QULU MƏHƏRRƏMLİ

Professor Qulu Məhərrəmli teleqraf.com saytına müsahibə verib.
Azinforum.az  müsahibəni təqdim edir.
– Qulu müəllim, sizi mütəxəssisi olduğunuz sahə haqqında sözünü vicdanla deyən bir insan kimi tanıyırıq. Ona görə ədəbiyyat haqqında fikirləriniz də bizim üçün maraqlıdır. Siz necə düşünürsünüz, ədəbiyyatın cəmiyyətdə missiyası, vəzifəsi, borcu nədən ibarət olmalıdır?  
– Ədəbiyyat xalqın yaradıcı gücünün ifadəsi, ruh aləmində baş verənlərin ağıl və fikir dünyasına ötürülməsidir. Anın əbədiyyətə çevrilməsi, həqiqətlə gözəlliyin birləşməsi olan ədəbiyyat, həm də duyğuların ifadəsi, xalqın maddiləşmiş yaddaşı, onun mənəvi həyatının diriliyidir.  Böyük Cavid demişkən, ədəbiyyat həm də millətin əhval-ruhiyyəsinin, ovqatının ifadəsidir. Klassik təsəvvürlərə görə, ədəbiyyatın missiyası insan yetişdirməkdir. Mövlanəyə, Dostoyevskiyə, Markesə baxanda mən buna inanıram. Bununla yanaşı, ədəbiyyatı çərçivəyə salmaq, ona konkret şərtlər qoymaq, hansısa ideologiyanın əsiri etmək doğru deyil.
 – Təbii, ədəbiyyatın qarşısında şərt qoymaq mümkün deyil, amma bunu hamı başa düşürmü? 
– Bütövlükdə ədəbiyyat insanı qaranlıqdan aydınlığa aparmalıdır, onun ümid, inam və təsəlli yeri olmalıdır. Bax, bu mənada kütlədən bir addım öndə gedən yazıçı müəyyən mənəvi məsuliyyət daşıyır.
– 90-cı illərdən bu yana meydana yeni düşüncəli gənclər gəldi. Onların yazıları, fikirləri əvvəlkilərlə nəinki, uyğun gəlmirdi, hətta daban-dabana zidd idi. İndi yaşlı yazıçılarla cavanlar arasında dava bəzən o həddə çatır ki, onlar küçədə bir-birlərinə salam belə vermirlər, heç üz-üzə gəlmək də istəmirlər. Sizcə, bütün bu şeylərə nə səbəb olur? Bunların hamısı yalnız fərqli bədii-estetik dünya görüş məsələsidirmi?
– Yaxşı ki, indi bir az səngimiş bu davranışların, qarşıdurmanın səbəbi yalnız bədii-estetik problemlər olsaydı, adam buna sevinərdi. Amma problemlər başqadır və bu nəsillərin mübahisəsindən daha çox qaydasız döyüşə oxşayır. Məncə, gənclərin bəzi ittihamları əsaslı olsa da bütövlükdə gərginliyin əsasında təmin olunmamış iddialar dayanır. Bəzi gənclərə elə gəlir ki, onların uğursuzluğunun səbəbi Səməd Vurğun, Rəsul Rza, Anar, yaxud Ramiz Rövşəndir.
– Bəs əslində, necədir?  
– Anlamaq lazımdır ki, ədəbiyyat hüdudsuz bir ərazidir və burada heç kim bir-birinə mane olmur, yəni özündən əvvəlkilərdən daha yaxşı yazdığını sübut etmək üçün meydan genişdir. Bu mənada gənclər arasında özünü müəyyən dərəcədə təsdiq etmiş tək-tük istedadlı qələm sahibləri, maraqlı yazarlar var. Lakin bütövlükdə yeni nəslin problemi ondadır ki, bədii-estetik idealları bəlli olsa da yaradıcılıq baxımdan bunlar kanonlaşmayıb, yəni özlərinə çərçivə müəyyənləşdirə bilməyiblər. Hətta mənə elə gəlir ki, bəzi gənc yazarlar ədəbiyyatla şou arasında qalıblar. Bir də mən yeni nəsillər arasında ədəbiyyatın idealı sayılan sevgini görmürəm.
– Sevgi? 
– Bilirsiniz, insanı dinə inam, elmə şübhə, ədəbiyyata və sənətə isə sevgi gətirir. Bu sevgi olmayanda daim qarşıdurma olur, kin, ədavət və nifrət meydan sulayır.
– Oğulun atasının yolu ilə getməsi, atasının bütün fikir və düşüncələri ilə razılaşması, yeri oldu-olmadı atasını müdafiə eləməsi və onun yazı-pozularını hər yerdə təbliğ eləməsinə münasibətiniz necədir? Təbii, söhbət yaradıcı atalardan və yaradıcı oğullardan gedir. Sizcə, ata necə olmalıdır, oğul necə olmalıdır?  
– Konkret nəyə və kimə işarə etdiyinizi bilmirəm, amma görünən odur ki, həqiqi ədəbi irsin öyrənilib vicdanlı şəkildə təbliğ olunması üçün normal qurum və ya mexanizm yoxdur. Buna görə də oğulun öz atasını qorumasına və onun yaradıcılığını təbliğ etməsinə normal baxıram. Hansı layiqli oğul atasının irsinə biganə qalar ki? Amma oğulun öz atasının yaradıcılıq yolu ilə getməsi, onun tərz və üslubunu davam etdirməsi, yəni varislik mütləq deyildir. Bu mənada mən bir şair kimi Səməd Vurğun və Vaqif Səmədoğlu arasındakı kəskin fərqləri normal hesab edirəm.
 – Ədəbiyyatımızda məşhur 60-cılar nəsli var. Sizcə, bu nəsil süni şəkildə şişirdildi, yoxsa meydana çıxması təbii bir proses oldu?
– Azərbaycan ədəbiyyatında 60-cılar nəsli ciddi ədəbi hadisə yaratdılar. Fikrimcə, bu nəslin meydana çıxmasında sovet ideologiyasından, kommunist ideallarından yayınma əsas rol oynadı. Bu nəslin süni şəkildə yarandığını da  iddia etmək doğru deyil. Əslində, proseslər 50-ci illərin ortalarında – SovİKP-nin XX qurultayından sonra bütün siyasi ab-havanın mülayimləşməsindən sonra qızışmışdı. Məhz həmin dövrdə Azərbaycanda Mirzə İbrahimovun tarixi təşəbbüsü ilə ana dili uğrunda hərəkat başlanmışdı. Həm də o dövrdə milli özünüdərk, milli idealların gerçəkləşməsini hədəf götürmüş, ziyalı hərəkatı yaranırdı. Bütün bunlar ədəbiyyata yeni gəlmiş istedadlı qələm sahiblərinin düşüncə və dünyagörüşünə təsir etməyə bilməzdi.  Bax, bu dövrdə İsa Hüseynov, Sabir Əhmədov, Əkrəm Əylisli, Elçin, Anar kimi yazıçılar sovet ideologiyasına müqavimət göstərərək sovet hakimiyyətinin yaratdığı proletar ədəbiyyatının ağzını yeni istiqamətə döndərə bildilər. Yəni həmin dövrdən başlayaraq, Azərbaycan nəsri gerçək ədəbiyyatın havasına köklənməyə başladı.
– Bizdə tez-tez Qarabağ mövzusunda bədii əsərlərə stimul vermək üçün müsabiqələr keçirilir və pul mükafatları da ayrılır. Bunun vətən, millət, ədəbiyyat üçün hansı əhəmiyyətləri var? İstərdim bu barədə danışasınız.  
– Təbii ki, Qarabağ problemi ilə bağlı bədii əsərlər yaratmağı stimullaşdırmaq yaxşı haldır, bu mövzuda bir çox əsərlərin meydana çıxması da təqdirəlayiqdir. Amma təcrübə göstərir ki, həvəsləndirmə ilə yaranan əsər sabun köpüyü kimi bir şeydir. O əsər ki, ürəkdən gəlmir, o mövzu ki, ruhun ehtiyacından doğmur, həmin əsər bədii siqlət etibarı ilə heç vaxt ədəbi hadisəyə çevrilə bilməz. Mən hərdən düşünürəm ki, nəyə görə xalqımızın böyük sarsıntılar yaşadığı bu 20-25 ildə bizdə Əyyub Abbasovun “Zəngəzur” romanı kimi fundamental bir əsər ortaya çıxmadı. Bəziləri bunu zaman amili ilə əlaqələndirir, amma məncə, problem yazıçı istedadı, duyum və yanaşma ilə bağlıdır.
– İndi yazanların sayının çox olmasından gileylənirlər. Siz bu məsələyə necə baxırsınız? 
– Əlbəttə, müəyyən bir mərhələdə özünü dərk edənlərin, bədii təfəkkürü olanların və özündə müəyyən istedad görənlərin qələmə sarılması təbiidir. Amma bazarın keyfiyyətsiz əsərlərlə doldurulması, mənasız kitabların, xüsusən romanların çoxalması pisdir. Bu proses həqiqi ədəbiyyatın inkişafı ilə yanaşı getsə, buna dözmək olardı. Yəqin siz də O.Mandelştamın belə bir fikri ilə tanışsınız ki, əsl ədəbiyyat inkişaf etdikcə epiqon ədəbiyyat da çiçəklənir. Amma bizim fəlakətimiz ondadır ki, həvəskarlıq və epiqonçuluq ciddi ədəbiyyatdan önə keçib.
– Qulu müəllim, necə düşünürsünüz, məmurdan yazıçı olarmı? Yaxud yazıçıdan məmur olarmı? Bu fikir həmişə müzakirə olunur və elə sual kimi də qalır. 
– Əlbəttə, hər kəsin yazıçılıq iddiası ola bilər. Bizdə bədii yaradıcılıqla məşğul olan xeyli məmur var. Fəlakət vəzifədən sui-istifadə, bir də istedadsız məmurun yazıçılıqla məşğul olmasıdır.
– Təbii…  
 Yəni məmurun yazması pis deyil, amma onun zəif əsərlərlə çıxış etməsi ziyanlıdır. Yazıçılığa saqqız çeynəmək, yaxud, dönər satmaq kimi baxmaq olmaz. Bədii əsər ruhun ehtiyacından, dövrün tələbindən irəli gəlmirsə, cəmiyyəti düşündürmürsə onu ortaya çıxarmağın heç bir mənası yoxdur.
– Niyə yüz il bundan qabağın Mirzə Cəlili bu gün də aktualdır? Sizcə, Mirzə Cəlil çox böyükdür, yoxsa insanlarımız çox cahildir? 
– Mirzə Cəlil mənəvi tariximizin böyük sütunlarından biridir. Ötən əsrin əvvəllərində başlanmış Azərbaycan intibahının yaratdığı ədəbiyyatın çox böyük nümayəndəsidir, dahi yazıçıdır. Kim nə deyir-desin, bizim milli ədəbiyyatımızın mənəvi ərazisini Mirzə Cəlil cızıb. Onun yazıçı qüdrətinə şübhə etmək nadanlıqdır. Sualınızın ikinci hissəsi ilə bağlı heç bilmirəm necə deyim ki, sözüm adamların qəlbinə  dəyməsin. Bəli, təəssüf ki, bizim soydaşlarımızın əksəriyyəti cahil və nadandır. Mirzə Cəlildən ötən son yüz il, sanki mentalitetimizin tozunu belə silməyib, insanların təfəkkürü, düşüncə tərzi, sərvət seçimi, pul hərisliyi, demək olar ki, dəyişməyib. Yenə də bir tərəfdə miskinlik və məzlumluq dərinləşir, o biri tərəfdə isə nadanlıq və sərvət toplamaq yarışı gedir. Yenə də insanların əksəriyyətinin həyat idealı maddiyyatla bağlıdır. Çox təəssüf ki, elm, təhsil, mədəniyyət, geniş mənada, bizim düşüncəmizdə ciddi dəyişiklik edə bilməyib. Bunun bir səbəbi də insanların gerçək maariflənmədən, ədəbiyyatdan, kitabdan uzaq düşməsidir.
 – Tutalım, Almaniya kimi inkişaf etmiş bir cəmiyyət Mirzə Cəlildən və ya Sabirdən nə öyrənə bilər?
– Dünyada o xalqlar tərəqqi edib layiqli mövqe tutur ki, onlar təkcə özlərinin deyil, başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə daha çox bədii ədəbiyyat vasitəsilə mənimsənilir. Bu mənada Mirzə Cəlil də, Sabir də bir bəşəri güzgüdür. Təkcə Almaniya yox, Avropanın istənilən cəmiyyəti nadir obrazlar qalereyası yaratmış Mirzə Cəlildən və bu obrazların daxili aləmini göstərmiş Sabirdən çox şeylər öyrənə bilər. Ən azı insanlar bu obrazlara oxşamamaq üçün götür-qoy edib yollarını və düşüncə tərzlərini dəyişə bilərlər.
– Qulu müəllim, məşhur bir söz var, deyir, həqiqət zamanında deyilməyəndə şərə çevrilir. Bir söz də var ki, həqiqət zamanında deyiləndə gözəldir. Hansı fikir sizin ruhunuza yaxındır?  
– Nə qədər fəlsəfi don geyindirilsə də cəmiyyət kontekstində həqiqət konkretdir və almaz kimi qaranlıqda da parıldayır. Yəni hamı həqiqəti görür, amma onu demək vicdan, ağıl, cəsarət və həm də itkilərə hazır olmağı tələb edir. Yəni həqiqəti söyləmək çətindir, çünki adamlar ehtiyatlanırlar. Yüz illərdir ki, söz azadlığı uğrunda ona görə mübarizə aparılır ki, vətəndaş yaşadığı cəmiyyətdə onu narahat edən problemləri dilə gətirsin, gördüyünü, istədiyini, düşündüyünü, yəni həqiqət hesab etdiyi şeyləri deyə bilsin.  Təkcə mən yox, ağlı üstündə olan hər kəs belə düşünür ki, həqiqət zamanında deyilməlidir, susmaq həqiqətən şərə xidmət edib onun əl-qolunu açır. Məncə, nə qədər çətin olsa da, inqilabçılıq etmədən, kimi isə qorxutmadan, təhqirə yol vermədən çalışmaq lazımdır ki, həqiqəti deyəsən. Horatsionun bu fikirləri mənim düşüncəmə və ruhuma çox yaxındır: incəliyinə qədər açmasan da olar, amma əsas məsələ odur ki, həqiqəti deyəsən.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın