Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Dünya / Gürcüstandakı seçkilərdən nə gözləmək olar? – TƏHLİL

Gürcüstandakı seçkilərdən nə gözləmək olar? – TƏHLİL

Bu gün Gürcüstanda yerli seçkilərin ikinci turu keçirilir. Gürcü seçicilər 5 şəhər və 15 rayona mer seçəcək. Mer seçkiləri Gürcüstanın 5 böyük şəhərində – Tbilisi, Rustavi, Batumi, Zuqdidi və Kutaisidə keçiriləcək.

Paytaxtın mer kreslosu uğrunda hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze və hazırda həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasından namizədi Nika Meliya mübarizə aparacaqlar. Digər dörd şəhərdə də rəqiblər bu iki partiyadan olacaq.

Oktyabrın 2-də Gürcüstanda yerli seçkilərin birinci turu keçirilib. Burada qeydə alınmış 3 497 345 seçicinin 52 faizi iştirak edib. Məntəqələrin 100%-nin məlumatlarının hesablanmasından sonra hakim partiya proporsional siyahılar üzrə səslərin 46,75%-ni qazanıb. İkinci yeri 30,67 faizlə “Vahid Milli Hərəkat”, üçüncü yeri Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” Partiyası 7,81% səs toplayaraq tutub.

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, bu şəhərlərdə namizədlərin heç biri ilk turda qələbə üçün yetərli səs toplaya bilməyib. Seçki qanunvericiliyinə əsasən, birinci turda mer postuna seçilmək üçün namizədlərin hər hansı biri səslərin 50 faizindən çoxunu toplamalıdır. Lakin birinci turda əsas namizədlər olan Kaxa Kaladze 45,5 faiz, Nika Meliya isə 34,13 faiz səs alıb.

Rustavidə “Gürcü Arzusu” Partiyasının namizədi Nino Latsabidze 45,5 faiz, müxalif “Vahid Milli Hərəkat”ın namizədi David Kirkitadxe 34,13 faiz, Batumidə “Gürcü Arzusu”nun namizədi Arçil Çikovani 41,49 faiz, “Vahid Milli Hərəkat”ın namizədi Georgi Kirtadze 42,34 faiz toplayıb. Kutaisi və Zuqdidi şəhərlərində də namizədlərdən hər hansı biri birinci turda mer seçilmək üçün seçicilərin yarısından çoxunun səsini ala bilməyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçkilərin ikinci turunun keçiriləcəyi bütün seçki məntəqələrində yeni dizaynlı səsvermə kabinələri quraşdırılıb. Kabinalar elə qurulub ki, seçici görünsün, lakin səsvermənin məxfiliyini təmin etmək üçün onun bülleteni tamamilə gizlədilib. Seçkilərin birinci turunda yalnız Tbilisidəki seçki məntəqələrində yeni dizayn kabinələri quraşdırılmışdı. İndi onlar ikinci turun keçirildiyi hər yerdə olacaq.

Seçkidə əsas rəqiblər həmişə olduğu kimi, barışmaz düşmənlər Bidzina İvanişvili və Mixail Saakaşvilinin “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” partiyalarıdır.

Xatırladaq ki, Mixeil Saakaşvili seçki ərəfəsində gizlin olaraq Gürcüstan ərazisinə daxil olub. O, oktyabrın 1-də Tbilisidə həbs edilib. Hazırda Rustavi həbsxanasında saxlanılır. Saakaşvili həbsxanada aclıq elan edib. Paytaxtda və digər şəhərlərdə onun sərbəst buraxılması ilə bağlı dəstək aksiyaları keçirilir.

Yeri gəlmişkən müxalif “Mtavari” teleşirkətinin sifarişi ilə beynəlxalq “IPSOS Global” şirkətinin keçirdiyi ictimai rəy sorğusuna əsasən “Gürcü Arzusu” beş şəhərdən birində – Tbilisidə, “Vahid Milli Hərəkat”ın namizədləri isə qalan dörd şəhərdə liderlik edir. Sorğu zamanı respondentlərə belə bir sual verilib: “Seçkilər gələn şənbə günü keçirilsəydi, hansı namizədə səs verərdiniz?”. Cavablar aşağıdakı kimi olub:

Tbilisi: Kaxa Kaladze (“Gürcü Arzusu”) – 51,6%, Nika Meliya (“Milli Hərəkat”) – 48,4%,

Zuqdidi: Anzor Meliya (Milli Hərəkat) – 54,7%, Mamuka Çoçeriya (Gürcü arzusu) – 45,3%,

Rustavi: David Kirkitadze (Milli Hərəkat) – 53,1%, Nino Latsabidze (Gürcü arzusu) – 46,9%,

Kutaisi: Xatia Dekanoidze (Milli Hərəkat) – 51,7%, İoseb Xaxaleişvili (Gürcü arzusu) – 48,3%,

Batumi: Georgi Kirtadze (Milli Hərəkat) – 51,3%, Arçil Çikovani (Gürcü arzusu) – 48,7%.

Qeyd olunur ki, bəzi hallarda namizədlər arasında fərq o qədər azdır ki, 3%-lik qeyri-dəqiqliyi nəzərə alsaq, əks nəticə yarana bilər.

Sorğu oktyabrın 23-dən 27-dək aparılıb. Seçici hüququ olan 18 yaşdan yuxarı 2600 nəfər təsadüfi seçim yolu ilə seçilib və birbaşa müsahibə yolu ilə müsahibə aparılıb. Sorğu üçün əhalisi 100 min nəfərdən çox olan şəhərlər – Tbilisi, Rustavi, Batumi, Kutaisi və Zuqdidi seçilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili IPSOS-un keçirdiyi rəy sorğusuna etimad göstərməyib: “Biz dəfələrlə bəyan etmişik ki, Levan Tarxnişvilinin apardığı araşdırmalar inandırıcı deyil. Onların IPSOS adından istifadə etməsi artıq hər kəsə yaxşı məlumdur. Levan Tarxnişvilinin apardığı saxta araşdırmalar mənim üçün xüsusi maraq kəsb etmir. Çox tezliklə seçkilərin ikinci raundu bizim qələbəmizlə başa çatanda cəmiyyət bunu anlayacaq”.

Seçki ərəfəsində Gürcüstanda siyasi ehtiraslar artmaqdadır. Avropa İttifaqının Tbilisidəki səfiri Karl Harsel də seçki kampaniyasının gedişində vəziyyətin çox gərgin olduğunu etiraf edib: “Düşünürəm ki, ikinci turun təşviqat kampaniyası zamanı biz yenə də yüksək səviyyədə qütbləşməni, qarşılıqlı təhqirləri müşahidə edirik. Belə bir ab-hava ölkədə demokratik dövlətdə olması gərəkən formada seçki mühitinin yaradılmasına kömək etmir”.

Yerli ekspertlər isə seçkilərin ikinci turu ilə bağlı proqnozlarını səsləndiriblər.
Gürcüstanın Təhlükəsizlik Araşdırmaları və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Nika Çitadze hesab edir ki, məmurlar seçkidə hakim “Gürcü Arzusu” Partiyasına səs verməyə məcburdurlar, baxmayaraq ki, reallıqda onlar müxalifətin tərəfdarı ola bilərlər: “Bunun nəticəsində müxalifət 20%-ə qədər səs itirir. Lakin seçkilərin ikinci turunda Saakaşvilinin partiyasının namizədləri daha çox səs toplaya bilərlər. Ona görə ki, ikinci tura vəsiqə qazana bilməyən digər müxalifət partiyalarının tərəfdarları onlara səs verə bilər”.

Ekspert Vaxtanq Maisa isə hesab edir ki, “Vahid Milli Hərəkat” Partiyasından olan namizədlərin keçmiş baş nazir Georgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə” müxalifət partiyasının elektoratının da səsini alacağı ehtimalı azdır.
Çünki Qaxariya seçicilərini ikinci turda kiməsə səs verməyə çağırmayıb, buna görə də onlar sərbəst hərəkət edəcəklər, seçkiyə getməyə də bilərlər.

“Seçkilərin ikinci turunda seçici fəallığı həmişə aşağı olur. “Vahid Milli Hərəkat” mümkün qədər öz tərəfdarlarını səfərbər edir və aşağı seçici fəallığı ilə onun namizədlərinin qalib gəlmək şansı var. Kaladze və Meliya arasında fərq minimal olacaq ki, bu da “Gürcü Arzusu”nun məğlubiyyəti kimi qəbul edilir. Lakin Kaladze Meliya ilə canlı debatdan imtina edərək elektoratın bir hissəsini itirməməyə çalışıb”, – analitik əlavə edib.

Politoloq Vaxtanq Dzabiradzeyə görə, Kaladze Tbilisidə problemsiz qalib gələcək. Lakin Zuqdidi müxalifət namizədi Anzor Meliyanın qalib gələ biləcəyi nöqtədir.

“Kaladze ilk raundda kifayət qədər böyük üstünlüyə malik idi, Meliya isə ilk raundda Zuqdididə öndə idi. Ümumilikdə, “Gürcü Arzusu”nun əksər regionlarda qalib gələcəyinə əminəm. Düşünürəm ki, “Gürcü Arzusu” 20 seçki dairəsindən ən azı 15-də qalib gələ biləcək”, – ekspert əlavə edib.

Seçki günü, yaxud sonra təxribatların ola biləcəyinə gəlincə, o, belə bir ehtimalı istisna etməyib: “Təxribatlara hazırlıq və istək hər iki tərəfdə olacaq. Beynəlxalq müşahidəçilərin bu seçkilərə hansı qiymət verəcəyi də böyük əhəmiyyət kəsb edir. Ancaq əvvəlcədən deyə bilərəm ki, qiymətləndirmə təxminən oxşar olacaq. Yəni oktyabrın 2-də verilən qiymətləndirmədən çox da fərqlənməyəcək. Davamlı aksiyalar da mümkündür, amma beynəlxalq dəstək olmasa, onlar əhəmiyyətli nəticə verməyəcək”.

Bu arada, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili seçkiyə saatlar qalmış müraciət edərək, əhalini səs verməyə və Gürcüstanı xilas etməyə çağırıb. Siyasətçinin sözlərinə görə, onun həyatı da sabahkı səsvermənin nəticəsindən asılıdır.

Sabiq prezident seçkilərin ikinci turunu demokratiya, ölkənin gələcəyi və öz həyatı üçün həlledici adlandırıb: “Bilməyinizi istəyirəm ki, mənim həyatım sabahkı qərarınız və Gürcüstanın qələbəsi ilə tamamilə bağlıdır. Bu gün aclıq aksiyasını tam şəkildə davam etdirirəm. Hər birinizə ümid edirəm”. AzVision.az

Həmçinin oxuyun

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir” – PUTİN

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir”. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin …