Şənbə , May 25 2024
Ana səhifə / Dünya / Gürcüstanda: Adigeni qəsəbəsində namaza icazə verilməməsi gərginliyə səbəb olub

Gürcüstanda: Adigeni qəsəbəsində namaza icazə verilməməsi gərginliyə səbəb olub

Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Adigeni qəsəbəsində müsəlmanların cümə namazı qılmasına icazə verilməməsi gərginliyə səbəb olub.

Bu barədə Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze “Facebook” paylaşımında bildirib. O, müsəlmanlara cümə namazı qılınmasına icazə verilmədiyini qeyd edib.
Bölgədə yaşayan hüquq müdafiəçiləri də bu barədə paylaşım edib.

Bildirilir ki, bu, ilk hal deyil. Martın 8-də də Adigenidə eyni hadisə yaşanıb. Yerli sakinlərin sözlərinə görə, imam Merab Mikeladze evini ibadətxanaya çevirib və insanlar toplaşaraq ibadət edirlər. Lakin yerli provoslav kilsəsi buna qarşı çıxır.

Gürcüstan parlamentinin deputatı Tariel Nakaidze Meydan TV-yə açıqlamasında deyib ki, 2019-cu ildə yerli müsəlmanlar ev alıb, ibadət üçün istifadə etməyə başlayıblar. Zaman keçdikcə, yerli xristianlar bu məsələdən narahat olublar. Bundan sonra yerli hökumət qonşu İcareti kəndindən yer alaraq, ibadət üçün məscidin tikiləcəyini vəd edib:

Tariel Nakaidze, foto: rəsmi səhifəsi

“Həmçinin planda mədrəsə də olub. Lakin vəd bugünə qədər yerinə yetirilməyib. Ona görə də Adigeni sakinləri 2019-cu ildə aldıqları evə toplaşıb namazlarını qılırlar. Cümə günü insanların sayı daha da artır. Yerli müsəlmanlara təzyiqlər olur, amma bizim hökumət heç bir tədbir görmür. Müsəlmanlar əzilir. Millət vəkili olaraq yardım edirəm. Gürcüstanda dini azınlıqlar üzərində basqı var, bu, yalnız yerli xristian sakinlərin etdiyi təzyiq deyil, hökumətin də bu işdə rolu var”.

Dini məsələlər üzrə araşdırmaçı Zaza Mikeladze də Meydan TV-nin məsələ ilə bağlı suallarını cavablandırıb. Mikeladze deyib ki, Adigenidə müsəlmanların belə problemlərlə üzləşməsi ilk dəfə deyil:

“Xüsusilə 2014-cü ildən sonra problemlər yarandı. O vaxt dövlət Çela kəndində minarəni helikopterlə apardı. Bundan sonra Mohe kəndindəki 2 əsr yaşı olan məscidi zorla müsəlmanların əlindən alıb, kitabxana açmaq üçün sökmək istəyiblər. Həmin dövrlərdə müsəlman gürcülər dövlət, xüsusilə də polis tərəfindən tutularaq təqiblərə məruz qalırdılar. Strasburq məhkəməsi də bu barədə qərar verib. Nəhayət, Adıgeni kəndindəki müsəlman qəbiristanlığı ilə bağlı yerli xristianlar arasında yenidən toqquşma olub. Həmişə bunun başında Zarzma monastırının arximandriti Nikoloz Getsadze dayanıb. Adıgenidəki Kikibo kəndində yerli müsəlmanların əraziləri ədalətsiz formada əllərindən alındı. Nikoloz Getsadze bu işi təşkil etmişdi. Müsəlmanların yaşadığı kənddə monastr inşa etdi və sakinlər ərazisiz qaldı. Adıgenidə qarşıdurma davam edir. Dövlət və yerli hökumət radikal qruplara dəstək verir”.

Qarşıdurmalar necə başlanmasına gəlincə, araşdırmaçı deyir ki, iki il öncə Adıgeni bələdiyyəsindən Merab Mikeladze tərəfindən bir ev satın alınıb. Şəxs orada yaşamağa başlayıb və eyni zamanda uşaqlara dərs keçib. Həmçinin evdə ibadət ediblər. Cümə günü arkimandrit Nikoloz Getsadze nümayəndələri ilə evin yanına gedib, evdəkiləri təhdid edib:

“Bəzən silahla da gedərək, təhdidlər ediblər. Merab Mikeladze polis və dövlət tərəfindən təhdid altındadır”.

Zaza Mikeladze, foto: rəsmi səhifəsi

Meydan TV əməkdaşının “Adıgenidə müsəlman və xristian xalqlarının bir yerdə yaşamasına mane olan yalnız cümə namazıdır? Digər məsələlərlə bağlı problem varmı?” sualına Zaza Mikeladze belə cavab verib:

“Yerli xalq, istər müsəlman, istərsə də xristian 80 ildir bir yerdə yaşayırlar, lakin müsəlman öz kimliyini açıq-aydın yüksək səslə bəyan etməyə başlayanda aralarında problemlər yaranır. Təəssüf ki, dövlət heç bir iş görməyərək, qərəzli davranaraq bu prosesə daha da ziyan vurdu. Təəssüf ki, insanlar arasında münasibətlər gündəlik həyatda korlanıb”.

Gürcüstandakı dini azlıqlara dövlət dəstəyinə gəlincə, Zaza Mikeladze deyib ki, dini azlıqlarla bağlı dövlət siyasəti sanki Sovet İttifaqında qurulmuş kimi davam edir. Dövlət onları nəzarətdə saxlamaq, özündən uzaqlaşdırmaq, ikinci dərəcəli vətəndaş kimi saxlamaq istəyir.

“Dini azlıqlarla bağlı dövlət siyasəti çox problemlidir. Dövlət Dini Qurumu 2014-cü ildə yaradılıb. Bununla da azlıqları nəzarət altında saxladılar. O, həmçinin dörd dini qurumu, yəni pravoslav kilsəsini, bütün gürcü müsəlman administrasiyasını (dövlət tərəfindən yaradılmış və onların nəzarəti altında), katolik kilsəsini, erməni kilsəsini və yəhudi icmasını maliyyələşdirir. Bundan başqa, çoxu quruma qəbul olunmamış qaldı. Amma bu maliyyə nəzarət məqsədləri üçün istifadə olunur və onlar bu pulları təkbaşına təşkil edə bilmirlər”, – araşdırmaçı deyib.

Zaza Mikeladze deyib ki, yerli əhali arasında barışıq cəhdləri olub, lakin alınmayıb:
“Bu, ədalətsizlik idi. Müsəlmanlar o evi dövlətə verib başqa yerdə, onun yanındakı kənddə ibadət evi aça bilərdilər. Amma yer yox idi. Dövlət əslində müsəlmanları təhdid edərək susdurmaq istəyir və bunun üzərində işləyir”.

Zaza Mikeladze hesab edir ki, Gürcüstanı dini azlıqlarla bağlı müəyyən addımlar atıb, amma hazırda bu hadisələr fonunda yenidən geri gedirlər:

“İndi Gürcüstan bu baxımdan demokratik ölkə deyil, çünki onun dini azlıqlarla bağlı siyasəti demokratik ölkənin siyasəti deyil. Ona görə də problemlərlə yaşayırıq”.

“Dövlət dünyəviliyə doğru getməli və qanunsuzluq edənləri ədalətlə cəzalandırmalı, eyni zamanda vətəndaşların ehtiyaclarını ödəməlidir”, – Zaza Mikeladze bildirib.

Həmçinin oxuyun

Yusif Ələkbərov yenə Rusiyada ən varlı varis oldu – Onu 28,6 milyardlıq miras gözləyir

Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.Yeniavaz.com xəbər verir ki, ötən …