Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Gürcüstan sabah yeni prezidentini seçəcək – ŞƏRH

Gürcüstan sabah yeni prezidentini seçəcək – ŞƏRH

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Artıq bütün diqqətlər bu seçkilərə yönəlib. Gürcüstan rəhbərliyi uğrunda 25 namizəd mübarizə aparır. Onlardan ikisi qadın, 25-i kişidir. Ən cavan namizədin 38, ən qocaman namizədin 67 yaşı var.

Namizədlərin 8-i partiya nümayəndəi, 3-ü şirkət direktoru, 2-si parlamentin deputatı, 2-si biznesmen, 2-si universitet professoru, 1-i mehmanxana müdiri, 1-i Elmlər Akademiyasının işçisi, 1-i Hərbi Tibbi Akademiyanın rektorudur. 5 namizəd işləmir.

Şanslı namizədlər sırasında David Bakradze (Avropa Gürcüstanı – Azadlıq Hərəkatı), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası) və Salome Zurabişvilinin (Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi müstəqil namizəd) adı çəkilir.

Seçkilərdə qalibin ilk turda məlum olub-olmayacağı yönündə müxtəlif mövqelər var. Daha çox ikinci turun olacağı ehtimallarından söz açılır. Müzakirələrin mərkəzində xanım namizəd Salome Zurabişvili dayanır. Hazırkı gürcü iqtidarının konkret namizədi olmasa da, bütün inzibati resursları qadın namizədin qələbəsinə yönəltdiyi bildirilir. Hakim  “Gürcü Arzusu” Koalisiyasının onu dəstəkləməsinin  təsadüf olmadığı vurğulanır. Hətta Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin S.Zurabişvilinin seçki kampaniyasına külli miqdarda maliyyə yardımı etdiyi deyilir.

Gürcüstan, region və Azərbaycan üçün hansı iddiaçının qalib gəlməsinin vacib olduğu yönündəki müzakirələr də birmənalı deyil. Burada D.Bakradzenin adı daha çox səslənir. Azərbaycan üçün bu şəxsin Gürcüstan prezidenti olmasının önəmi daha çox vurğulanır. Səbəb kimi də, S.Zurabişvilinin ermənipərəst mövqeyinin zaman-zaman şahidi olmağımız göstərilir. İvanişvilinin ona olan dəstəyini düşünsək, xanım siyasətçinin Rusiya meylli olduğunu deyə bilərik.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də müzakirə obyektidir. Onun partiyası olan Vahid Milli Hərəkatın namizədi Q.Vaşadze seçkilərdə uğur qazanarsa, Saakaşvili ölkəsinə dönərsə, bunun Gürcüstan üçün hansı nəticələrinin olacağı barədə diskussiyalar gedir. Eyni zamanda, namizədlərdən rus yoxsa qərbmeylli siyasətçinin uğur qazanacağı ilə bağlı fərqli proqnozların şahidi oluruq.

Politoloq Əhəd Məmmədli bildirdi ki, Gürcüstanda prezident səlahiyyətləri kifayət qədər məhdudlaşdırılsa da, bu seçkilər ümumxalq seçkisi olduğu üçün öz əhəmiyyətini saxlayır: “Seçkilərdə ikinci tur gözləyirəm. Favorit namizədim ”Avropa-Gürcüstanı uğrunda hərəkatın” namizədi David Bakradzedir. Düşünürəm ki, bu seçkilərdə əsas mübarizə David Bakradze, Qriqol Vaşadze və Salome Zurabişvili arasında gedəcək. Salome Zurabişvili hakimiyyətin rəsmi namizədi olmasa da, mövcud iqtidarın dəstəklədiyi namizəddir. Onun qələbəsi üçün bütün inzibati resurslar işə salınıb. Gürcüstan nə qədər demokratik ölkə olursa olsun, yenə də bura Qafqazdır. Yəni Qafqazda hakimiyyətin dəstəklədiyi namizəd həmişə şanslıdır. Total saxdalaşdırmanın olacağına inanmıram, lakin tam istisna etmirəm. Demokratik seçkidə belə Zurabişvilinin şansları var. Dövlət tərəfindən administrativ resursların dəstəyini də əlavə etsək, Zurabişvilinin şansları daha da artır. İvanaşvilinin maliyyə dəstəyi də Zurabişvilinin imkanlarını genişləndirəcək”.

Ä°lgili resim

Buna rəğmən politoloq düşünür ki, Bakradze gürcü seçici üçün daha cəlbedici fiqur görünür: “Onun yenilikçi, qərbyönümlü namizəd kimi daha çox səs toplayacağı düşüncəsindəyəm. Xanım iddiaçının birinci turda qalib gəlməsi üçün gərək seçkilərdə saxtakarlıq halları çox olsun. İndiki Gürcüstanda da bunun olacağını düşünmürəm. Bir proqnoz da verim, ikinci tura Bakradze ilə Zurabişvili çıxacaq. Mümkündür ki, ikinci turda Bakradze qalib gəlsin. İkinci turda digər nüfuzlu namizədlərin əksəriyyəti Bakradzeyə dəstəklərini verəcəklər. Bu da seçkilərin müqəddəratını onun xeyrinə həll edəcək. Salome Zurabişvili nə Qərb, nə də Rusiya, İvanişvili yönümlü siyasətçidir. İvanaşvili hakimiyyətə gələndə çoxları deyirdilər ki, Rusiya qalib gəldi. Amma təbii ki, elə olmadı. Gürcüstan qərbyönümlü siyasətinə davam etdi. Zurabişvili də qalib gəlsə, Gürcüstan qərbyönümlü siyasətini davam etdirəcək. 2008-ci ildəki müharibə nəticəsində Abxaziya, Cənubi Osetiyanın Rusiya tərəfindən müstəqilliyi tanınandan sonra Gürcüstanda rusyönümlü siyasətin qalib gəlməsi mümkünsüzdür”.

Politoloq Azərbaycan üçün hansı namizədin qalib gəlməsinin vacibliyinə də toxundu: “Bizim üçün o qədər də hansı namizədin qalib gəlməsi fərq etməyəcək. Azərbaycan Şevarnadzenin dövründə də, Saakaşvilinin zamanında da Gürcüstanla yaxşı münasibətlərdə idi. Düzdür, İvanaşvilinin vaxtından indiyə qədər Azərbaycan və Gürcüstan liderləri arasında o qədərdə isti münasibətlər yoxdur. Ölkələr iqtisadi layihələrdə tərəfdaşdır. Eyni zamanda, Azərbaycanla Gürcüstan bir-birinə siyasi, iqtisadi baxımdan bağlı ölkələrdir. Təəssüflə qeyd etməliyəm ki, Gürcüstanın daxili siyasətinə təsir imkanlarımız çox azdır. Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə həmişə iqtidarın namizədlərini dəstəkləyir. Şevarnadzenin də, Saakaşvilinin də, İvanişvilinin dövründə də belə idi, indi də belədir. Ona görə də soydaşlarımızın kimi dəstək verməsinin bizim üçün o qədər də önəmi yoxdur. Erməni lobbisi Gürcüstanda da mütəşəkkil şəkildə fəaliyyət göstərir. Azərbaycan lobbisi haqqında isə bu sözləri demək olmaz. Lakin istənilən halda lap Zurabişvili qalib gəlsə də, Azərbaycan-Gürcüstan münasibətləri eyni səviyyədə qalacaq. Çünki dövlət maraqları ən öndə gedir. Gürcüstan iqtisadi baxımdan Azərbaycandan asılıdır.“Yeni Müsavat”

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …