Ana səhifə / Dünya / Gürcüstan parlamenti müxalifətsiz qaldı – “Gürcü Arzusu” təkbaşına hökumət quracaq

Gürcüstan parlamenti müxalifətsiz qaldı – “Gürcü Arzusu” təkbaşına hökumət quracaq

Gürcüstanda parlament krizi yaşanır. Qonşu ölkədə 31 oktyabrda qanunverici orqana keçirilən seçkilərdən sonra hakim “Gürcü Arzusu” Partiyasının qələbəsi ilə barışmayan müxalif qüvvələr qazandıqları mandat yerlərindən bir-birinin ardınca imtina edirlər.

Sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının yaratdığı “Güc Birlikdədir” bloku seçkilərdə əldə etdiyi 35, “Lelo” və “Qirçi” partiyaları isə eyni sayda qazandıqları 4 deputat yerlərindən imtina edərək, parlamentə getməyəcəklərini açıqlayıblar. Bundan öncə də “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları da eyni qərarı veriblər. Siyahı bununla bitmir. 1 və ya 2 iki deputat yeri qazanan və bundan imtina edən digər müxalif qüvvələr də var.

Qeyd edək ki, Gürcüstanda hökumət qurmaq üçün 76 mandat tələb olunur. Müxalif qüvvələrin imtina qərarlarından sonra parlamentə getməyəcək deputatların sayı artıq 50-ni ötür. Belə bir şəraitdə yaranan əsas suallardan biri “Gürcü Arzusu”nun təkbaşına hökumət formalaşdıra bilib-bilməyəcəyi yönündədir. Hazırda hakim partiya proporsional sistemlə 61 deputat sayı əldə edib. Majoritar sistemdə “Gürcü Arzusu”nun qazandığı qələbələrin yetərli olub-olmadığı məlum deyil.

Doğrudur, parlament seçkilərinin hələ ikinci turu qalır ki, burada 14 yer uğrunda mübarizə aparılacaq. Lakin müxalifətin ikinci turda iştirak etməyəcəyi dəqiqləşib. Belə ki, mandat yerlərindən imtina edən əsas qüvvələrin qərarlarından biri də bu seçkilərə qatılmayacaqları ilə bağlıdır.

Mahir Dərziyev: Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan  Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır - İki sahil

Son seçkilərdə Gürcüstan parlamentinə düşə bilməyən, lakin yeni parlamentin səlahiyyətləri qüvvəyə minənə qədər “Gürcü Arzusu”ndan deputat mandatını daşımaq hüququna malik olan azərbaycanlı Mahir Dərziyev “Yeni Müsavat”a açıqlamasında yaranan situasiyanı belə şərh etdi: “Çox əlamətdar bir seçki keçirildi. Seçki baş tutmuş sayılır. Gürcüstanın yeni konstitusiyasına görə, 2024-cü ildə ölkədə tam proporsional seçkilər keçiriləcək. 2020-ci ildə ictimaiyyətin tələbi ilə qismən proporsional seçkilər keçirilməli idi. Gürcüstan parlamentində 150 deputat yeri var. Bunlardan 120-nin proporsional, 30-nun isə majoritar qaydada seçilməsi nəzərdə tutulurdu. Seçkilərin baş tutduğunu əvvəldə ona görə qeyd etdim ki, istisnasız olaraq bütün beynəlxalq müşahidəçilər, bizim avroatlantik məkandakı dostlarımız, tərəfdaşlarımız bu seçkini legitim hesab edirlər. Düzdür, seçkilərdə ayrı-ayrı pozuntuların olması bizim iqtidarın da, partiyanın da nəzərinə çatdırıldı. Müəyyən faktlar oldu. Seçkilərə müəyyən təzyiqlər, qorxudulma halları-filan olub. Deyirlər ki, pulla ələ alınma kimi hallar da olub. Amma bütövlükdə bu hallar seçkilərin nəticələrinə kölgə salmamalıdır. Bu seçkilər bir neçə məqamla əlamətdar oldu. Bundan əvvəl Gürcüstanda olan Şevardnadze və Saakaşvili iqtidarları iki parlament seçkiləri müddətində iqtidarda olublar. Üçüncü müddətdə iqtidarda qala bilməyiblər. Bu baxımdan bu bir növ məhəng daşı idi. İndi ”Gürcü Arzusu” təkbaşına hökumət qurmaq üçün yetərli səsləri toplayıb. Bundan əvvəl belə ssenarilər, hesablamalar var idi ki, hakim partiya yetərincə səslər toplamadığı halda koalision hökumət qura bilər. Amma nəticələri hər kəs gördü ki, proporsional siyahıda 48%-dən çox səs topladıq. Bu haradasa 61 deputat yeri edir. Orada müəyyən hesablamalar var. Bizim Seçki Məcəlləsinə görə bir faizlik baryer builki seçkilərdə mövcud idi. Bu baryeri keçə bilməyən partiyaların səsləri müəyyən bir prosedurla bölünür və buna uyğun olaraq, “Gürcü Arzusu” 61 səs götürdü. Bundan başqa 30 majoritar dairədə 16 namizədimiz qalib gəlib. 14 dairədə ikinci tur keçiriləcək. Burada da bizim namizədlər böyük səs üstünlüyü ilə irəlidədir. Böyük ehtimalla bu dairələrdə də bizim namizədlər qalib gələcəklər. Parlamentin iclasını açmaq üçün 150 deputat yerindən 76-sı tələb olunur, yəni səslərin 50%+1 lazımdır. 76 səs hökumət qurmağa, parlamentin fəaliyyətini davam etdirməyə kifayət edir. Nəticə etibarı ilə “Gürcü Arzusu”nun 91 səs alacağı gözlənilir. Amma burada da Seçki Məcəlləsinə uyğun olaraq müəyyən qaydalar var. Bir səs alınıb, bizim partiyadan sonrakı yeri tutan Vahid Milli Hərəkat Partiyasına verilməlidir. Bunlar seçkilərin riyazi tərəfləri idi”.

M.Dərziyev müxalifətin seçkiləri legitim olaraq qəbul etməməsinin hansı nəticələr verə biləcəyi yönündə yaranan suallara da aydınlıq gətirdi: “Müxaliflər aksiya keçirib bəyanatlar veriblər. Onlar rəsmi şəkildə parlamentin işində iştirak etməyəcəklərini bildirəcəklər. Hər kəsi bunun nəticələrinin nə olacağı ilə bağlı sual maraqlandırır. Bu, ilk növbədə, müxalifətin özü üçün yaxşı heç nə vəd etmir. Bizim avroatlantik məkandakı, Amerikadakı, Avropadakı dostlarımız, tərəfdaşlarımız istisnasız olaraq bu seçkiləri, əvvəldə dediyim kimi, tanıyıblar. Beynəlxalq qurumlar müxalifətə parlamentə getməyi tövsiyə ediblər. Demokratik ölkələrdə siyasi proseslər küçələrdə deyil, parlament divarlarında cərəyan etməlidir. Amma bunlar bunu inkar edirlər. Müxalifət üçün ciddi problemlər yaranacaq. Bütün dünya gördü ki, bu qüvvələr parlamentə girməkdən imtina edirlər. Əvvəlcədən bunların səyləri ona yönəlmişdi ki, seçkilərdən sonra qarşıdurma yaratsınlar, müxtəlif addımlar atsınlar. Çünki seçkiləri uduzacaqlarını yaxşı bilirdilər. Sorğular bunu deyirdi. İndi bu yöndə fəaliyyətlərini davam etdirirlər. Uduzacaqlarını bilib, buna uyğun şəkildə plan qurmuşdular. İndi onu həyata keçirməyə çalışırlar. Amma onu hər kəs bilsin ki, parlamentin işinə davam etməsi üçün hüquqi baxımdan müxalifətin iştirak etməməsinin heç bir maneçiliyi yoxdur. Dediyim kimi, yetərincə səs toplanılıb. Parlamentin səlahiyyətlərinin tanınması üçün bu səslər yetərlidir. Amma təbii ki, psixoloji, mənəvi amil var. Müxalifətsiz parlament açıq deyim ki, ürəkaçan deyil. Lakin sizin məlumatınız üçün onu da deyim ki, iki çağırış Gürcüstan parlamentinin deputatı olmuşam. Bu 8 ildə səmimi deyirəm ki, müxalifətin tam şəkildə parlamentdə 8 dəfə olmasını görməmişəm. Bu illər ərzində müxalifət parlamentin işində iştirak etmirdi. Demokratik ölkələrdə demokratik prosedurlar var. Müxalifət müəyyən məqamlarda parlamentin işini boykot edə bilər. Amma bunlar səbəb oldu, olmadı, parlamentin işini boykot edirdilər, iclaslara qatılmırdılar. Ancaq onlara lazım olan hallarda hansısa bəyanatlar vermək üçün parlamentə gəlirdilər. Bundan sonra onlar iştirak etməsələr, bunu onların taktikalarının davamı kimi qəbul etmək lazımdır”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …