Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Gürcüstan niyə çalxalanır? – TƏHLİL

Gürcüstan niyə çalxalanır? – TƏHLİL

Dünən Gürcüstanda matəm günü kimi qeyd olunub, ölkə boyu dövlət bayraqları endirilib. Əhali Batumidə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini anıb. Noyabrın 24-dən 25-nə keçən gecə Batumidəki “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, 21 nəfər yaralanıb. Ölənlərin 11-i Gürcüstan, 1 nəfəri isə İran vətəndaşıdır. Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər. Bazar günü isə Tbilisi sakinləri noyabrın 22-də terrorçulara qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı qətlə yetirilən xüsusi təyinatlıları ilə vidalaşıb. Başqa bir insident isə Kobuletidə yaşanıb. Burada aparılan axtarışlar nəticəsində böyük həcmdə silah anbarı aşkar edilib.

Beləliklə, son bir həftə Gürcüstan tarixinə ən gərgin günlər kimi düşmüş oldu. Ekspertlər bu üç hadisənin bir-biri ilə əlaqəsi olduğunu hələ ki, qəbul etməsələr də, hər halda, onlar arasında birbaşa əlaqənin olmadığını deməyə də tələsmirlər. Hələ ki, diqqət mərkəzində paytaxt Tbilisidə terrorçulara qarşı keçirilən antiterror aksiyasıdır. Hakimiyyət orqanlarının birmənalı olaraq açıqlamalar verməməsi əhali arasında şayiə, interpretasiyaları gücləndirib. Prokurorluq hətta terrorçuların adlarını belə açıqlamaqdan imtina edərək, bunu istintaq tədbirləri ilə izah edib. Ortada yalnız Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelaurinin sözləri var. “Tbilisidə noyabrın 22-də keçirilmiş antiterror əməliyyatları zamanı məhv edilən terrorçulardan biri böyük ehtimalla ötən ilin iyununda İstanbulda dəhşətli terror aktı törətmiş Əhməd Çatayevdir . Çatayev həmçinin keçən ilin iyununda İstanbulda törədilən dəhşətli terror aktının təşkilatçısı olub”. Qomelauri bununla belə, daha dəqiq məlumatın ekspertiza başa çatdıqdan sonra əldə olunacağını bildirib. V.Qomelauri xüsusi əməliyyatın 20 saata yaxın davam etməsinə də aydınlıq gətirib. O deyib ki, antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən şəxslərin girov götürməsi təhlükəsi olub: “Xüsusi əməliyyat ciddi kriminal qruplaşmaya qarşı aparılıb”.

Boşluğu isə jurnalistlər doldurur. Məsələn, “Pirveli radio” (Birinci radio) öz mənbələrinə istinadən belə bir xəbər yayıb ki, xüsusi əməliyyat çeçen səhra komandiri Əhməd Çatayevə qarşı keçirilib. Bu şəxs “Təkqol Əhməd” adı ilə tanınır. Çatayev Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən “qara siyahı”ya daxil edilib. “Aksent” televiziya proqramında bildirilib ki, əməliyyat zamanı onun 21-22 yaşında iki cangüdəni məhv edilib. Daha sonra Rusiya vətəndaşı olan Suxo Dudayev adlı mühafizəçi tutulub. Gürcü mediası yazır ki, özünü partladaraq öldürən Əhməd Çatayevin adı Gürcüstanda son illər baş verən qəribə hadisələrdə hallanıb. Onun adı bir çox cinayət hadisələrində, o cümlədən Saakaşvili dönəmində keçirilən məşhur “Lapankur” əməliyyatında çəkilib. Dəfələrlə həbs edilsə də, sonradan azadlığa buraxılıb. Maneəsiz şəkildə Avropaya gedə və geri dönə bilib. Bir sözlə, onun bütün həyatı cavabsız suallarla dolu idi və yəqin ki, onlara cavab da tapılmayacaq. Gürcü cəmiyyətində belə şayiə gəzir ki, çeçenlərə məxsus yaraqlı qruplar rəsmi Tbilisiyə xəbərdarlıq bəyanatı ünvanlayıblar. Orada bildirilib ki, Gürcüstan hökuməti respublikanı turizm ölkəsinə çevirmək barədə planlarından əl çəksə yaxşıdır. Əgər belə bir bəyanat həqiqətən mövcuddursa, onda hüquq-mühafizə orqanları istirahət günlərindən belə imtina edərək, 24 saatlıq iş rejiminə keçməli olacaqlar.

Ekspertlərin baş verənlərlə bağlı müxtəlif fikirləri mövcuddur. Bir qisim hesab edir ki, Tbilisidə keçirilən xüsusi əməliyyat, Batumidə baş verən yanğın və Kobuletidki silah arsenalının aşkar edilməsini bir zəncirin halqası kimi nəzərdən keçirmək gərəkdir. Digərləri isə baş verənlərə skeptik yanaşaraq qeyd edirlər ki, konkret olaraq Batumidə oteldə yanğın təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib. O ki qaldı Kobuletidə aşkarlanan silah anbarına Gürcüstanda əvvəllər də bundan da böyük silah saxlancının tapıldığı vurğulanır.

JAM-news saytında dərc edilən məqalədə Gürcüstan Təhlükəsizlik və İnkişaf Mərkəzinin direktor müavini Georgi Qoquadze yazır ki, ölkə yeni reallıqlara daxil olur: “Əgər biz əvvəllər terrorçularla qarşı müharibələri uzaqdan müşahidə edirdiksə, indi hər şey gözlərimiz önündə baş verir. Biz təşviş və qorxu faktorunun öhdəsindən gələ bilmədik. Bu, dağılan strateji kommunikasiyadan xəbər verir. Yüksək rütbəli şəxslər əvvəlcə xüsusi əməliyyat başa çatdıqdan sonra məlumat veriləcəyini bildirdilər, qısa mətbuat konfransları isə nəinki, şayiə və təxribatların qarşısını aldı, əksinə, onları daha da artırdı. Vəziyyət xüsusi əməliyyat keçiriləndən bəri belə davam edir. İnformasiya vakuumunu bir sıra KİV-lər və digər aktorlar doldurur”. Qoquadzenin qənaətincə, yaranmış vəziyyətdən ölkədə güclənməkdə olan ultrasağ millətçi və populist qruplar öz maraqları naminə yararlana bilərlər. Həmin qruplar bildirilər ki, təhlükəsizlik ölkəyə axın edən əcnəbilər nəticəsində gərginləşə bilər. Lakin ekspert hesab edir ki, ən təhlükəlisi Rusiyanın baş verənlərdən yararlana bilməsi ehtimalıdır. “Beynəlxalq arenalarda Moskva iddia edir ki, Gürcüstan terrorizm üçün tranzit ölkə rolunu oynayır. Tbilisidə baş verənləri də öz dediklərinin sübutu kimi qələmə verə bilərlər. Bundan əlavə, Rusiya Gürcüstanda panika, qorxu yaymağın çox asan olduğu qənaətinə gəlib. Dövlət sisteminə zərər vurmaq üçün isə xırda bir böhran yaratmaq kifayətdir”, – deyə Qoquadze bildirib. Ekspertin qənaətincə, hakimiyyətin indiki məqamda yürütdüyü xətt çox zərərlidir – insanlar öz ölkələrində nələrin baş verməsindən məlumatlı olmaq hüququna malik olmalıdırlar: “Dünya ictimaiyyəti də terrorçuların ölkədə nə etmək istədiklərindən xəbərdar olmalıdır – yalnız baş verənlərin mütləq şəffaflığı və dəqiq cavablar ölkənin təhlükəsizliyinin qorunub saxlanılmasına yardımçı ola bilər”.

Öz növbəsində sabiq müdafiə naziri Tina Xidaşeli də hesab edir ki, əməliyyatla bağlı cavabı olmayan suallar çoxdur. “Gün ərzində hakimiyyət nümayəndələrindən yalnız medianın ünvanına tənqid eşitdik ki, “bəs dövlət sirri ola biləcək belə bir xəbəri niyə işıqlandırırlar”. Belə bir təəssürat formalaşır ki, 21-ci əsrdə adi hal alan bu cür çağırışlar qarşısında hakimiyyətin strateji planı mövcud deyil”. \\kaspi.az\\

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …