Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Gülər Əhmədova: ”Həccə getmək ən böyük arzumdur” – MÜSAHİBƏ

Gülər Əhmədova: ”Həccə getmək ən böyük arzumdur” – MÜSAHİBƏ

Sabiq deputat Gülər Əhmədova moder.az saytına danışıb. Müsahibə maraqlı alınıb. Musavat.com onu təqdim edir: 
Gülər xanım, səhv etmirəmsə, ibadətlə məşğulsunuz. Sizi dindar olmağa nə vadar etdi?
 – Bu xeyli müddət qabaq baş verib. Təxminən 1990-cı illərin əvvəlində biz nənəmizin yanında tərbiyə alan uşaqlar idik. Nənəm 1937-ci illərin repressiyasına məruz qalan insanlardan olub. Bu səbəbdən də bizi yatırdanda “İxlas” və “Fatihə” surələrini oxudardı. Daha sonra bildik ki, hər gecə “Quran” surələri oxumuşuq.
Ümumiyyətlə, mən bu cür suallardan həmişə qaçmağa çalışmışam. Çünki daxildə inanc varsa, onu zahirdə göstərmək doğru deyil. Deyilir ki, əgər kimsə namaz qılmağı ilə öyünürsə, o namaz qəbul olunmaz. Yəni Allahla bəndənin arasında olan münasibət başqa heç kimə aid olmadığı üçün gizli qalmalıdır. Namazla öyünmək olmaz. İnciməyin, bu barədə soruşmaq belə caiz deyil.
Sovet dövründə təhsil almışınız. Elmi ateizm sizi öz təsiri altına ala bilmişdimi?
– SSRİ dövründə elmi ateizmi tədris edən müəllimimizlə əvvəlcə anlaşmadıq. Lakin daha sonra fikirlərimizin üst-üstə düşdüyü məlum oldu. İlk dəfə ikili standartın nə olğuğunu o zaman öyrəndim.
Ümumiyyətlə, ateistlərə münasibətiniz necədir? 
– Ateistlərin əksəriyyəti Allahı inkar etmir. Yəni yaradıcı qüvvənin olduğunu qəbul edir. Sadəcə Allah deməyə çəkinirlər. Buna səbəb dinin siyasətə və hər hansı məsələyə alət olmasıdır. Ateistlər də buna etiraz edir.
– Gülər xanım, şiə namazı qılırsınız, yoxsa sünni?
-Bu suala cavab verməyəcəyəm. İslam dini bölünməməlidir. “Quran”da müsəlman kimi müraciət olunur. Sünni və və ya şiə olaraq müraciət yoxdur.
– “Quran”ı oxumuşunuz yəqin ki. Orada sizi daha çox nələr cəlb etdi?
– “Quran” bir əxlaq və yaşam konstitusiyasıdır. Əgər biz “Quran”da yazılan kimi yaşaya bilsək, problemsiz həyat nəsibimiz olardı. Bundan əlavə, “Quran” elmlərin məcmusudur. Hamı bilir ki, “Quran”da yazılmış möcüzəni fransız İv Kusto görəndən sonra İslamı qəbul etdi.
“İncil”, “Tövrat” və “Quran” arasında prinsipial fərqlər mövcuddur. Mən oxuyub bu qənatə gəlmişəm. Mənim qənaətimlə razısınız?
– “Tövrat”ın 40-cı bölməsində deyilir: “Ot quruyar, sular çəkilər, Allahın kəlamı aradan getməz”. “Quran”ın “Hicr” surəsində deyilir: “Biz bu zikri nazil etmişik, özü-özünü qoruyacaq”. Allahın kəlamı eynidir. Siz dediyiniz prinsipial fərqlər insanın beynindədir. “Tövrat”, “İncil”, “Zəbur” və “Quran”da fərqlilik yoxdur.
 
– Bu yaxınlarda akademik Vasim Məmmədəliyev verdiyi müsahibədə alim kimi yox, sıradan bir dindar kimi danışmışdı. Vasim Məmmədəliyevi güclü alim hesab etmək olarmı?
– Vasim Məmmədəliyev ərəbşünas alimdir. Çox təvazökar insandır. Məncə bu alimi müzakirə etmək üçün onun biliklərinin heç olmasa, yarısına sahib olmaq lazımdır. Biz ərəb dilini bilmirik, İslam təhsili almamışıq. Amma Vasim müəllimi müzakirə etmək istəyirik. Gülməli olmazmı?!
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni necə xarakterizə edərdiniz?
– Şeyximiz 1990-cı ilin yanvarında xalqımıza sahib çıxdığına görə, ona hörmət bəsləyirəm. Eyni zamanda xurafatdan uzaq bir din xadiminə hörmətlə yanaşıram. Cənab Allahşükür Paşazadə dini tolerantlığın, Azərbaycanda multikulturalizmin inkişafında əməyi olan insandır.
– Gülər xanım, din aləmində Əzrail kimi tanınan ölüm mələyi heç nə zamansa başınızın üzərində dolaşıbmı?
– “Quran”da deyilir: “De ki, mənim ölümüm və yaşamım Allahın əlindədir”.  Digər bir yerdə isə bildirilir: “Heç kim ölümünü nə bir saniyə yubada, nə də irəliyə çəkə bilər”. Hər bir insanın nəfəsi sayılıdır. Əsas budur ki, bunu biləsən, hər gün ölümünü gözünün qabağına gətirəsən. Çünki tövbə üçün vaxtın qalmaya bilər. Allah heç kimi qul haqqından azad etmir.  Səhv etmirəmsə, cənnət vəd olunmuş şəhidlər belə, qul haqqından azad deyil.
– Həccə nə zaman gedəcəksiniz?
– Həccə getmək ən böyük arzumdur. İnşallah qismət olar.
Yəqin ki, Ramazan ayında oruc tutacaqsınız.
– Ramazana Rəcəb ayından başlayaraq bir yol gəlirik. İbadət əhli nəyi nəzərdə tutduğumu bilir. İnşallah, qismətdirsə, orucumuzu tutacağıq.
 
– Din xadimlərindən ən çox sizin diqqətinizi çəkən kimdir?
 
Mən Qəzzalini, Fərabini, Adam Metssi, Abbas Qummini mütaliə etmişəm.
Fikirlər var ki, İslam dini qadın hüquqlarını çox məhdudlaşdırır. Bu mənada yanaşsaq, siz özünüzü çərçivədə görürsünüz?
– İslamda qadın hüquqlarının məhdudlaşdırılması fikri mənə yaddır. Cənnəti qadının ayaqları altına sərən din haqqında bunu necə demək olar?
– Ailəniz də dindardır?
– Ailəm inanclıdır. Amma dindar deyil. Biz İslam əxlaqını övladlarımıza öyrətməliyik. İslamın fəlsəfəsini gənclərimizə öyrətməliyik. Lakin mən birmənalı şəkildə xurafatın əleyhinəyəm.
Ölkədə dini situasiya normaldırmı?
– Məncə məhz bizim ölkədə din sahəsində düzgün siyasət aparılır. Ancaq təəssüf ki, pedaqoqlarla ilahiyyatçıların bu sahədə hazırladıqları ədəbiyyat yox dərəcəsindədir.
Əminəm ki, bu boşluq doldurulsa, xaricdən gətirilən ziyanlı ədəbiyyata yer qalmayacaq.
Azərbaycanlı ilahiyyatçıların görməli işlər siyahısında məncə bu məsələ də gündəlikdə olmalıdır.
Ataya, anaya hörmət, halal və haramın nə olduğunu anladan, qəzəb, kin kimi sifətləri pisləyən, şukrlü və səbrli olmağı öyrədən,elmin və alimin dəyərini başa salan İslam övladlarımıza öyrədilərsə, bütün cəmiyyət qazanar.
Aqşin KƏRİMOV, modern.az

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …

Bir cavab yazın