Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / “Gənclik” mehmanxanasının sahibi Haqvediyev ölüm təhdidi alıb Rusiyadan qaçdı

“Gənclik” mehmanxanasının sahibi Haqvediyev ölüm təhdidi alıb Rusiyadan qaçdı

Moskvada vaxtilə Lenin Komsomolu adını daşıyan və indi də “Lenkom” kimi tanınan teatrın direktoru azərbaycanlı biznesmen Fərid Haqverdiyevi ölümlə təhdid edib, təhdid yolu ilə onun külli miqdarda pullarını ələ keçirib. Virtualaz.org xəbər verir ki, biznesmenin müdafiəsinə Azərbaycanın Baş prokurorluğu qoşulub, F.Haqverdiyevin təhdid edilməsi ilə bağlı Rusiya Baş prokurorluğuna rəsmi məktubla müraciət edib. Bütün bu əhvalatlar haqda “Nezavisimaya qazeta” yazır.

Əhvalat isə belə başlayıb ki, Fərid Haqverdiyev 1987-ci ildən etibarən Moskvadakı “Yunost” (“Gənclik”) mehmanxana kompleksinin direktoru olub. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra bu mehmanxana kompleksini ələ keçirmək uğrunda amansız mübarizə başlayıb. Həmin illərdə “Lenkom” teatrının indiki direktoru Mark Varşaverin və SSRİ xalq artisti, teatrın rəhbəri Mark Zaxarovun dəstəyi ilə “Yunkom” QSC yaradılır. Həmin QSC “Lenkom” teatrına maddi dəstək verməliydi.

2010-cu ildə Rusiyanın Hesablama Palatası qərara alıb ki, “Yunkom” QSC-nin “Lenkom” teatrının fəaliyyətində kommersiya iştirakı yolverilməzdir. Nəticədə “Lenkom” teatrı birgə müəssisənin səhmlərini F.Haqverdiyevə satır.

Qəzet Azərbaycan Baş prokurorluğunun 2017-ci ilin avqustunda Rusiya Baş prokurorluğuna göndərdiyi müraciətdən sitat gətirir: “Öz ərizəsində F.Haqverdiyev göstərir ki, onunla “Lenkom” teatrının direktoru Varşaver Mark Borisoviç arasında mülkiyyətçisi ərizəçi olan “Yunost” otelinin satışından sonra ziddiyətlər yaranıb. Habelə ərizədə Varşaver M.B. və onun nümayəndəsi Muromski Boris Vladislavoviç tərəfindən təhdid və hədə-qorxu yolu ilə F.Haqverdiyevdən pul vəsaitlərinin ələ keçirilməsi, sonuncuların F.Haqverdiyevin ailəsinə qarşı daimi təhdid və şantaja əl atması göstərilir. Bu təhdidlərin nəticəsində ərizəçi və onun ailə üzvlər fiziki divan tutmadan qorxaraq Rusiya Federasiyasının ərazisini tərk etməli olublar.

Lakin bu fakt anlaşılmır ki, F.Haqverdiyevin özünün barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib. Hansı ki, tərəflər arasında əmlak mübahisəsi yarandığı üçün məsələ mülki-hüquq çərçivəsində məhkəmədə həll edilməliydi”.

Azərbaycan Baş Prokurorluğunun məktubunda göstərilir ki, 2014-cü ildə Moskva meriyası F.Haqverdiyevə “Yunost” mehmanxanasını almağı təklif edib. Həmin ilin avqustunda F.Haqverdiyev “Yunost” otelini meriyadan auksionda bazar dəyərinə alıb. Lakin teatr direktoru Varşaver F.Haqverdiyevdən mehmanxananın satışına görə ona da haqq verməyi tələb edib. Nəticədə F.Haqverdiyev direktora 400 min dollar verməli olub. Buna baxmayaraq 2015-ci ildən Varşaver F.Haqvediyevi və ailə üzvlərini təhdid edərək ondan müntəzəm qaydada pul vəsaitləri alır.

Rusiya Baş Prokurorluğunun cavab məktubunda isə göstərilir ki, F.Haqverdiyevin adı Moskva Baş Mədəniyyət İdarəsinin balansında olan “Lenkom” teatrının əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı cinayət işində keçir. Belə ki, istintaqın versiyasına görə “Yunkom” QSC-nin direktoru F.Haqverdiyev bu səhmdar cəmiyyətin 750 səhminə malik olarkən qiymətli kağızların alqı-satqısına dair saxta müqavilə hazırlayıb, nətcədə səhmdar cəmiyyətin “Lenkom” teatrına məxsus olan 250 səhmini ələ keçirib. Bununla da “Yunkom” QSC-nin səhmlərinin 100 faizinin sahibi olub. Bu cinayət işi ilə bağlı F.Haqverdiyevin barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, onun barəsində axtarış elan edilib.

F.Haqverdiyev isə deyir ki, 1993-cü ildə Varşaver ona mehmanxananın özəlləşdirilməsi üçün xidmətini təklif edib. Onu inandırıb ki, xalq artisti Mark Zaxarovun nüfuzu sayəsində bütün bürokratik əngəlləri aşacaq. Bu “xidmətin” əvəzində Haqverdiyev Varşaverin Lüksemburqun “Nordeabank” bankındakı hesabına pul köçürüb. Lakin özəlləşdirmə ləngiyib, həmin vaxtdan Varşaver “Yunost” mehmanxanasına bir növ “krışalıq” edib. Proses 2014-cü ilə qədər davam edib, amma Varşaver mehmanxananın Haqverdiyev tərəfindən özəlləşdiriləcəyinə dair vədlərini yerinə yetirməyib.

Nəhayət Moskva meriyası ilə anlaşan Haqverdiyev mehmanxananı alıb. Əvəzində teatr direktoru tərəfindən misli görünməmiş təhdidə məruz qalıb. “Mənim yaxınlarım şantaja, təhdidə məruz qalır, o cümlədən kriminal strukturlar tərəfindən. Onların əsas arqumenti odur ki, guya “Lenkom” mehmanxananın 250 rubl dəyərində səhmlərinə malik idi. Varşaver isə bunun əvəzində 414 milyon rubl (7 milyon dollara yaxın) tələb edir.

Bu çəkişmədə Rusiya hüquq-mühafizə orqanları F.Haqverdiyevin arqumentlərini eşitmək istəmir və o, təhdidlərdən, həbsdən yayınmaq üçün vətəndaşı olduğu Rusiyanı tərk edib.

Haqverdiyevi təhdid edən Varşaverə gəldikdə isə o, Moskvada yaxşı tanınır. Rəhbəri olduğu teatrın binasının bir hissəsini gecə barlarına və masaj salonlarına, mağazalara icarəyə verib. Vaxtilə bir çox biznesmenlər, o cümlədən Telman İsmayılov teatra sponsorluq edib. Bütün bunların, o cümlədən şəhər büdcəsindən ayrılan pulların hesabına Varşaver əməlli-başlı varlanıb.

Virtualaz.org qeyd edir ki, F.Haqverdiyev 2015-ci ildə Avstriyanın dağlıq Heiligenbult bölgəsində yerləşən və 30 nömrədən ibarət üçulduzlu “Hotel Rupertihaus”u alıb.

Biznesmen yerli KİV-lərə açıqlamasında açıqlamasında 30 ildən çox Rusiyada yaşadığını və otel biznesi ilə məşğul olduğunu deyib. Lakin qonşu ölkədə iqtisadi vəziyyət pisləşdiyindən o, buradakı səhmlərini, biznesini sataraq Avstriyaya köçüb. İxtisasca hüquqşünas olan Fərid Ahverdiyev burada üçulduzlu otel alaraq biznesini davam etdirmək niyyətindədir.

“Biznesmen olduğum üçün, sözsüz ki, maddi maraqlarımı nəzərə alıram. Amma buradakı oteli görəndə ağlıma ilk olaraq Azərbaycanın Kəlbəcər, Laçın, Şuşa kimi gözəl məkanlarının təbiəti gəldi. “Hotel Rupertihaus” o qədər də böyük olmasa da burada həm yay, həm də qış turizmi üçün çox əlverişli şərait var. Bundan başqa, mən burada müntəzəm olaraq mədəni layihələr də keçirmək istəyirəm” – deyən Fərid Ahverdiyev tək azərbaycanlıların deyil, avstriyalıların da Azərbaycan musiqisini, klassik musiqisini bəyəndiyini bildirib.

Üçulduzlu otel dağ xizəyi həvəskarları üçün əlverişli şəraiti olan yerdədir. Burada həm də yay turizmi üçün şərait var.

“Mən Rusiya vətəndaşı olsam da azərbaycanlıyam. Azərbaycan Dövlət Universitetində (indiki BDU-red.) təhsil almışam. Bir dəfə burada konsert təşkil edilmişdi. Orada Fikrət Əmirovun, Qara Qarayevin əsərləri səsələndirilirdi. Fərhad Bədəlbəyli də həmin konsertdə iştirak edirdi. Tədbirdən sonra o, mənə dedi ki, avstriyalılar bu musiqini hiss edir və bəyənirlər. Buna görə “Hotel Rupertihaus” otelində mən həm də müxtəlif konsertlər, mədəni tədbirlər keçirmək niyyətindəyəm. Bunun üçün Azərbaycan filarmoniyası, konservatoriya ilə danışıqlar aparırıq” – deyə azərbaycanlı iş adamı əlavə edib.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …