Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Firəngiz: “İsrafilov beş il məni aldatdı”

Firəngiz: “İsrafilov beş il məni aldatdı”

Bu günlərdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər baş rejissor təyin edib. Teatr daxilində baş verən qalmaqalların, proseslərin bu təyinatdan sonra hansı məcrada davam edəcəyini öyrənmək üçün teatrın aktyorlarına belə bir sualla müraciət etdik:

 

Azərpaşa Nemətovun Azdramaya bədii rəhbər, baş rejissor təyin olunması teatrda hansı dəyişikliklər yarada bilər? Ümumiyyətlə, baş rejissorun üzərinə düşən öhdəlik, məsuliyyət nə qədərdir?

 

Hacı İsmayılov baş rejissorun teatrda mühüm rol oynadığını bildirdi:

 

“Teatrda gedən söz-söhbətin əsas səbəbi elə baş rejissorun olmaması idi. Peşəkar bir rejissor lazım idi ki, tamaşalara nəzarət eləsin, yaxşı tamaşalar qursun. Şükürlər olsun ki, Mədəniyyət və Turizm Nazirliyi Azərpaşa müəllimi bizim teatra baş rejissor təyin etdi. Onun gəlişi ilə yaxşılığa doğru böyük dəyişikliklər olacaq, teatrımız inkişaf edəcək, Dram Teatrının əvvəlki nüfuzu özünə qayıdacaq. İsrafil müəllim də direktor kimi qalır, idarəçiliyi bilən adamdı. Bizim kimdənsə xoşumuz gəlib-gəlməməyi heç nəyi dəyişmir.

 

İki nəfərin teatrı idarə eləməyi çox yaxşı olacaq. Bütün söz-söhbət, giley-güzar, şikayət – hamısı aradan qalxacaq, hərə öz işi ilə məşğul olanda inkişaf da olacaq. Hər müharibənin sonu sülhlə bitir”.

 

Əli Nurun fikrincə, Azərpaşa Nemətov teatrın taleyini həll edəcək:
“Rejissor teatrın simasıdır. Aktyoru, truppanı seçən, tərtibat və formanı, tamaşanın taleyini həll edən rejissordur. Teatrın direktoru kimdir axı? Ancaq texniki və maliyyə cəhətdən teatrı idarə edən görünməyən adam. Sənətlə məşğul olan, teatrın problemlərini xalqa çatdıran onun baş rejissorudur. Direktorun aktyor sənətindən başı çıxmır.

 

Azərpaşa Nemətovun teatra bədii rəhbər və baş rejissor təyin olunması teatrın ən böyük qələbəsidir. Çünki Azərpaşa müəllim rejissor, aktyor sənətini, təşkilatçılığı bilən adamdır. O, heç vaxt razı olmaz ki, səhnədə balerinanı oynayan aktrisa saçı dağılmış, qozbel olsun. O çalışacaq ki, tamaşalarında qeyri-adi istedada malik aktyorlar, aktrisalar olsun. Azərpaşa müəllim teatrın gələcəyini həll edəcək, çalışacaq ki, teatrımız Rus Dram Teatrından da güclü, ingilis, fransız teatrı səviyyəsində olsun.

 

30 ildir Akademik Milli Dram Teatrında baş rejissor yox idi. Bu, Azərbaycan teatrını məhvə, özbaşınalığa, hegemonçuluğa, genosidə aparırdı. Aktyorlar ancaq rol əzbərləyib oynamaqla məşğuldurlar, nəzəriyyədən xəbərləri yoxdur. İsrafil İsrafilov bilsin ki, üzə çıxa bilməyən yeniliyin partlayışına eksperiment deyilir. Biz İsrafil İsrafilovun da direktor qalmasına etiraz etmirik. Əsas məsələ odur ki, onun dövründə Azərpaşa Nemətov baş rejissor təyin edildi.

 

Aktyor səhnədə sehrbazdan peyğəmbərə qədər ucalan bir şəxsiyyətdir. Səhnədə deyilən hər söz Quran ayəsi kimi səslənməlidir. Vaxtilə İsrafil müəllim deyirdi ki, “Azdrama”nın aktyorları divdir, əjdahadır. Bu sözündə həqiqət var. Eksperimet üçün gələn adamlar bizim səviyyəmizə qalxa bilməzdilər. Azərpaşa müəllim bunu bilir və çalışacaq elə truppa yaratsın ki, dünyanın hər yerində o truppanı qəbul etsinlər və alqışlasınlar.

 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və prezidentin müşaviri Fatma Abdullazadə Azərpaşa Nemətovu yaradıcı heyətin qarşısında təqdim etməli, hamı da ayaq üstə alqışlamalı idi bu hadisəni.

 

Rafael Dadaşov bu təyinat barədə danışmağın hələ tez olduğunu dedi:

 

“Hələ təzə təyin olunub, nəsə demək üçün çox tezdir. Hələ biz yığılmalıyıq, planları, istiqamətləri müəyyənləşdirməliyik. Bunları bilmədən heç nə demək olmaz. Azərpaşa Nemətovun teatrın bədii rəhbəri, baş rejissoru təyin olunması ilə teatrda yaxşı və ya pisə doğru hər hansı dəyişikliyin olacağını indidən deyə bilmərəm”.

 

Firəngiz Mütəllimova təyinatın uğurlu olduğundan danışdı:

 

“Son vaxtlar teatrda çox problem, söz-söhbət oldu. Akademik Milli Dram Teatrının kollektivi ilə Yuğ Teatrının münasibəti pisləşdi. Biz bir-birimizə həmişə hörmət etmişik. Azərpaşa Nemətovun Akademik Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin edilməsi çox yaxşı xəbər oldu. O, həm gözəl insan, həm də istedadlı rejissordur.

 

Məni neçə ildir teatrda aldadırdılar. Beş il ərzində bir dəfə də dövlət sifarişi ilə hazırlanan tamaşaya dəvət olunmamışam. Bütün yaxınlarım, dost-tanışım şahiddir ki, İsrafil İsrafilov məni beş il aldadıb”.

 

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …

Bir cavab yazın