Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Ermənistanda Paşinyana səs verdilər – 55 faiz

Ermənistanda Paşinyana səs verdilər – 55 faiz

Ermənistanda dünən keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bütün proqnozları alt-üst edərək böyük fərqlə qalib gəlir. Bu gün səhər saat 6.30-a olan məlumatlara görə bülletenlərin 86 faizi sayılmışdı və Paşinyanın partiyası 54.8 faiz səslə qalib gəlirdi. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan”  bloku isə cəmi 20.3 faiz səs yığmışdı.

Artur Vanetsyanın başçılıq etdiyi, digər keçmiş prezident Serj Sərkisyanın dəstəklədiyi “Şərəfim var” bloku isə 5 faizdən bir qədər çox səs toplamışdı və bu nəticə Vanetsyana parlamentdə təmsil olunmağa imkan vermir. Çünki bloklar üçün seçki baryeri azı 7 faizdir. Lakin belə görünür ki, oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası partiyalar üçün nəzərdə tutulan 5 faizlik seçki baryerini aşmağa yaxındır. Tsarukyanın partiyası 4.4 faiz səs toplayıb və bütün qalan iştrakçıların topladıqları səslər 2 faizdən aşağıdır.

Nikol Paşinyan dünən gecə, bülletenlərin yarıdan çoxunun sayılmasından və “Vətəndaş müqaviləsi” partiyasının böyük fərqlə irəlidə olduğu bəlli olandan sonra özünün seçki qərargahına gəlib. Çoxsaylı tərəfdarları onu alqışlarla qarşılayıb və təbrik ediblər. Paşinyan toplaşanlara təşəkkür edib və hamını bu gün Respublika meydanına, ona “polad mandat”ın təhvil verilməsi mərasiminə dəvət edib.

Belə ki, Paşinyan seçki kampaniyası zamanı öz rəqiblərini və “inqilab işini əngəlləyənləri” əzmək üçün xalqdan “dəmir mandat” istəmişdi. “Dəmir mandat” dedikdə o, səslərin azı 60 faizini almağı nəzərdə tuturdu. İndi belə görünür ki, Paşinyan qələbədən lap cuşa gələrək dəmir yox, polad mandatdan bəhs edib.

O, çıxışında deyib ki, Avrasiya İttifaqı və KTMT ilə əlaqələri yaxşılaşdırmaq, inkişaf etdirmək niyyətindədir. Paşinyan “erməni xalqına dəstəyə görə” Rusiya prezidenti Vladimir Putinə və baş nazir Mixail Mişustinə minnətdarlıq edib. Ardınca Fransa prezidenti Emmanuel Makrona, ABŞ prezidenti Cozef Baydenə, Avropa Komissiyasının rəhbəri Şarl Mişelə, qonşu ölkələrdən İran prezidenti Həsən Ruhaniyə, Gürcüstan baş naziri İrakli Qaribaşviliyə və “məxsusi olaraq” Araik Arutyunyana (Paşinyan onu “dqr prezidenti” kimi təqdim edib,-red.) təşəkkür bildirib.

Qeyd edək ki, Araik Arutyunyan dünən axşam Paşinyanın seçki qərargahında olub.

Robert Köçəryana gəldikdə isə, son saatlara qədər böyük fərqlə qalib gələcəyini əminliklə bildirən keçmiş prezidentin özü hələlik şəxsən nəticələrə münasibət bildirməyib. Onun başçılıq etdiyi blok isə bəyan edib ki, nəticələri tanımağa tələsmir, çünki səslərin sayılması zamanı çoxsaylı şübhəli hallar baş verib. “Ermənistan” bloku bildirir ki, seçki kampaniyası zamanı müxalifətin keçirdiyi izdihamlı aksiyalar, müxtəlif təşkilatların keçirdikləri rəy sorğuları Mərkəzi Seçki Komissiyasının açıqladığı indiki nəticələrlə diametral ziddi idi. “Bu nəticələr olduqca ziddiyyətlidir və etibar ediləsi deyil”,-blok bildirir. Bəyanatda deyilir ki, yüzlərlə seçki məntəqələrindən çoxsaylı pozuntular haqda xəbərlər gəlir və bütün şübhələr aradan qalxmayana qədər nəticələri tanımayacaqlar. Virtualaz.org

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …