Ana səhifə / Dünya / Ermənistan kriminal xaosda – hakimiyyətsizlik sindromu, ya hərbi rejimə keçid hazırlığı…

Ermənistan kriminal xaosda – hakimiyyətsizlik sindromu, ya hərbi rejimə keçid hazırlığı…

Ermənistandakı vəziyyət yeni istiqamət üzrə cərəyan etməyə başlayıb. Bir aydır davam edən küçə yürüşləri öz effektini lazımi şəkildə verməyib. Ermənistanın yeni seçilən baş naziri Serj Sarkisyanın təzyiqlərə davam gətirməyib istefa verməsi problemi həll etmədi. Əksinə, proseslər daha da dramatik axar üzrə getməyə başladı.

Üsyançıların lideri olan Paşinyan baş nazir olmaq arzusunu açıq bəyan etdi və bunun nəticəsində parlamentdə yeni baş nazirin seçilməsi keçirildi. Səsvermə nəticəsində Paşinyan lazım olan səsləri ala bilmədi. Hakim partiyanın dirənişini görən Paşinyan anladı ki, insanların küçələrdən evlərinə çəkilməsi onu oyundankənar vəziyyətə sala bilər. Bu səbəbdən də mayın 8-i üçün nəzərdə tutulan növbəti seçkiyə kimi Paşinyan küçələrdəki tərəfdarlarına daha radikal təkliflər göndərdi. Ermənistanda ümumrespublika tətillərinə start verildi. Bu təzyiqin isə effekti bu oldu ki, hakim partiya növbəti seçkilərdə namizəd irəli sürməyəcəyini bildirdi. Bu günlər ərzində Ermənistanın paytaxtı və əyalətlərdə kriminal hadisələrin artdığı bildirilir.

HSBC bankın İrəvan filialında baş verən atışma zamanı yaralanan polis əməkdaşı xəstəxanada dünyasını dəyişib. Silahlı şəxs saxlanıb. İnsidentin motivi açıqlanmır. Hadisə şahidləri atışmanın maskalı şəxslərin bankı qarət etmək cəhdi zamanı baş verdiyini bildiriblər. Son günlər Ermənistanda analoji hadisələrin artdığı deyilir. Ola bilərmi ki, bu insidentlər hakim partiyanın gedişinin qarşısını almağa hesablanıb? Yəni kriminogen durumun nəzarətdən çıxdığını əsas gətirərək ölkədə hərbi vəziyyətin elan olunması başlayır, komendant saatı qoyulur və nəticədə hakimiyyət hakim partiyanın əlində qalır. Bu hadisələri hərbi vəziyyətin elan olunması üçün hazırlıq elementi saymaq olarmı?

Ekspert Vüqar Qədirovun sözlərinə görə, Ermənistanda yaşanan hadisələr bu versiyanın mümkünlüyünü deməyə əsas verir: “Hətta ən kəskin və qanlı vətəndaş qarşıdurmasının baş verməsi də mümkündür. Rusiya açıq şəkildə Paşinyanın hakimiyyətə gəlişinə mane olur. Bunun üçün də müxtəlif variantlardan istifadə edir. Paşinyanı yeganə qoruyan amil xalqdır. Yəni meydanlara nəzərdə tutulduğundan da çox adamın çıxması onun personasını bir qədər toxunulmaz edir. Həbs etdilər və gördülər ki, etirazlar dalğası daha da genişləndi. Seçkini boykot etdilər, küçələrə daha çox adam axışmağa başladı. Bu səbəbdən də hesab etmirəm ki, dediyiniz plan məhz Paşinyanın hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablansın. Artıq Rusiyanın analitikləri Paşinyanı çözüblər. Bilirlər ki, o, Ermənistanı idarə etmək qabiliyyətinə malik olan adam deyil. Mayın 8-nə kimi ölkədə hərbi vəziyyət, komendant saatı tətbiq edilməyəcək. Əgər Paşinyan baş nazir seçilərsə, o zaman seçkilərədək mövcud hakim klanın nümayəndələri onun fiaskoya uğraması və gözdən düşməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Digər tərəfdən, Paşinyanın özü də seçkilərədək olan dövr ərzində Ermənistanda hər hansı bir müsbət dəyişikliyə nail olmaq ağlında və potensialında deyil. Ona görə də Rusiyanın dəstəyi ilə hakim partiyanın sabotaj planları seçkidən sonraya hesablanıb”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …