Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Ermənistan iqtisadiyyatı dərin böhranla üz-üzə – TƏHLİL

Ermənistan iqtisadiyyatı dərin böhranla üz-üzə – TƏHLİL

Pandemiya başladıqdan sonra Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi əsaslı qiymət artımının baş verməsi və milli valyutanın kəskin ucuzlaşması ehtimallarını artırdı. Sentyabrın sonundan etibarən müharibənin başlaması isə bu ehtimalların daha da artmasına səbəb oldu. Lakin ötən dövr ərzində bu ehtimallar tam olaraq özünü doğrultmadı. Valyutanın zəif şəkildə ucuzlaşması prosesi getsə də qiymət artımı ümumiyyətlə baş vermədi. Lakin bu, o anlama gəlməməlidir ki, Ermənistanda iqtisadi vəziyyət yaxşıdır və Ermənistan iqtisadiyyatı mövcud təhdidlərə qarşı davamlıdır. Əksinə, gözlənilən iqtisadi proseslərin baş verməməsinin səbəbləri də elə iqtisadi problemlərdir. İctimaiyyətdə qeyd edilən məsələlər ilə bağlı yanlış məlumatlar yayıldığından Ermənistanda qiymət artımının baş verməməsi və valyutanın zəif sürətlə ucuzlaşmasının səbəblərinin təhlil edilməsinə ehtiyac var.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçi Orxan Bağırovun Ermənistanda qiymət artımı və milli valyutanın üzləşdiyi problemlərə dair təhlili yazısında deyilir.

Qiymət artımı

Son aylarda Ermənistanda gedən iqtisadi proseslər və Ermənistan ordusunun qanunsuz olaraq işğal etdiyi ərazilərdən çıxmağa məcbur edilməsi qiymət artımının (inflyasiya) sürətlənəcəyi istiqamətində fikirlərin yayılmasına səbəb olmuşdu. Lakin, bu baş vermədi. Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən, oktyabr ayında inflyasiya 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 1,3 faiz səviyyəsində olub. Əvvəlki ayla müqayisədə isə oktyabrda inflyasiya mənfi 0,5 faiz səviyyəsində müəyyən edilib. Göründüyü kimi, son 12 ay ərzində inflyasiya çox aşağı səviyyədə təşkil edib, oktyabrda isə mənfi zonaya daxil olub, yəni deflyasiya baş verib. Başqa sözlə desək, oktyabrda istehsal edilən xidmət və məhsulların orta qiyməti azalıb. Qeyd edək ki, bundan əvvəlki aylarda da Ermənistanda aylıq inflyasiya göstəriciləri mənfi olub. Belə ki, iyunda inflyasiya əvvəlki ay ilə müqayisədə mənfi 1,54 faiz, iyulda mənfi 2,1 faiz, avqustda mənfi 0,1 faiz, sentyabrda isə mənfi 0,2 faiz səviyyəsində müəyyən edilib.

Ümumiyyətlə bu məsələ ilə bağlı bir məqama diqqət yetirmək lazımdır ki, yüksək inflyasiya iqtisadi böhranın baş verdiyini göstərdiyi kimi inflyasiyanın çox aşağı olması da iqtisadi vəziyyətin pis olmasından xəbər verir. İdxal edilən və ölkə daxilində istehsal edilən məhsul və xidmətlərin həcmi (təklif) ilə bu məhsullara olan daxili tələb inflyasiyanın formalaşmasına əsas təsir edən amillərdəndir. Əgər tələb təklifi üstələyərsə, yəni daxili bazarda məhsul və xidmətlərin çatışmazlığı baş verərsə o zaman inflyasiya sürətlənməyə başlayır və bu iqtisadi və sosial vəziyyətin əsaslı şəkildə pisləşməsinə yol açmış olur. Əksinə əgər təklif tələbi üstələyərsə, yəni istehsal edilən məhsullara olan tələb aşağı düşərsə o zaman inflyasiyanın sürəti azalmağa başlayır və bəzən mənfi zonaya daxil olur, yəni deflyasiya baş verir (son aylarda Ermənistanda olduğu kimi). Ermənistanda bu 2 ssenaridən hansının baş verdiyini nəzərdən keçirək.

Ermənistanda pandemiya iqtisadiyyata əsaslı şəkildə təsir etməyə başladıqdan sonra ölkədə iqtisadi aktivlik kəskin şəkildə azalmağa başlayıb. Müharibənin baş verməsi və pandemiyanın ikinci dalğasının başlaması isə iqtisadi aktivliyin daha kəskin şəkildə aşağı düşməsinə səbəb olub. Ermənistan hökumətinin təqdim etdiyi statistik məlumatlara əsasən, yanvar-sentyabr aylarında Ermənistanda iqtisadi aktivlik 6,6 faiz azalıb. Yanvar-avqust aylarında isə bu göstərici 6,4 faiz səviyyəsində idi. Təkcə sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik 7,5 faiz azalıb. Bununla yanaşı, yanvar-sentyabr aylarında Ermənistanda əksər iqtisadi sahələrdə daralma müşahidə edilib. Belə ki, bu müddət ərzində tikinti sektoru 15,7 faiz, ticarət 11,4 faiz, xidmət sektoru isə 11,7 faiz azalıb. Böyüyən sahələrə isə sənaye sektoru (1 faiz), enerji sektoru (1,5 faiz) və kənd təsərrüfatı (0,5 faiz) aid olub.

Ermənistanda inflyasiyanın kəskin aşağı düşməsi və deflyasiyanın baş verməsi onu göstərir ki, qeyd etdiyimiz ssenarilərdən ikincisi baş verib. Lakin burada sual yaranır ki, əgər iqtisadi aktivlik azalırsa bu tək daxili bazarda tələbin azalmasına deyil, eyni zamanda, istehsal edilən və idxal edilən məhsul və xidmətlərin həcminin də azalmasına yol açmalıdır. Başqa cür desək yəni bu halda həm təklif, həm də tələb azalmalıdır və bu inflyasiya ilə bağlı ikinci ssenarinin baş verməsinin qarşısını almalıdır. Lakin iqtisadi sahələrin artımı ilə bağlı yuxarıda qeyd edilmiş rəqəmlərə nəzər saldıqda məlum olur ki, əhalinin ən çox istifadə etdiyi xidmət və məhsulların aid olduğu sahələrdə, xüsusilə də qida məhsullarının daha çox istehsal edildiyi kənd təsərrüfatı sahəsində az da olsa artım müşahidə edilib. Bunun əksinə olaraq isə daha çox əhalinin tələbini özündə ehtiva edən tikinti, ticarət və xidmət sektorlarında isə azalma müşahidə olunub. Yəni burada tələb və təklif balansı pozulub və istehsal edilən xidmət və məhsulların həcmi daxili bazarda mövcud olan tələbi üstələyib. Bunun nəticəsində isə qiymətlərin azalması baş verib. Qeyd etdiyimiz kimi, bu iqtisadi baxımdan yaxşı hal deyil. İnflyasiyanın kəskin azalması və ya deflyasiyanın baş verməsi o deməkdir ki, iqtisadiyyat böhran vəziyyətindədir və iqtisadi artım yoxdur. Təsadüfi deyildir ki, pul siyasətində inflyasiyanın hədəflənməsi strategiyasını seçən ölkələr inflyasiya ilə bağlı hədəf müəyyən edir (əsasən tək rəqəmli və 2 faizdən az olmur). Məsələn, Ermənistanda 2020-ci il üçün müəyyən edilmiş inflyasiya hədəfi 2,5-5,5 faiz koridorunda dəyişir. Ona görə də, oktyabrda Ermənistanda deflyasiyanın qeydə alınması onu göstərir ki, inflyasiya səviyyəsi müəyyən edilmiş minimal hədəf göstəricisindən çox aşağı düşüb (6 dəfə).

İqtisadi qanunlara (tələb və təklif qanunu) görə azad bazar iqtisadiyyatında bu hal uzun zaman davam edə bilməz. Belə ki, tələb və təklif qanununa görə azad bazarın mövcudluğu şəraitində tələb və təklif təbii olaraq taraz nöqtəyə gəlir və nəticədə bazarda qiymət optimal səviyyəyə çatır. Yəni təklif tələbi üstələdikdə qiymətlər aşağı düşdüyündən məhsul və xidmət istehsalı ilə məşğul olan subyektlərin bir hissəsi mənfəət əldə edə bilmədiyindən bazardan çıxmalı olur. Nəticədə isə istehsal edilən məhsulların həcmi azalır və tələb ilə təklif arasında tarazlıq formalaşır. Lakin Ermənistan iqtisadiyyatı sağlam və azad iqtisadiyyat deyil və dövlətin iqtisadiyyata müdaxiləsi yüksək səviyyədədir. Bu məsələ ilə bağlı dövlətin müdaxiləsi isə əsassız deyil. İstənilən halda istehsalın kəskin azalması və bunun nəticəsində də müxtəlif məhsul və xidmətlərin çatışmaması, ən əsası qida təhlükəsizliyi ilə bağlı təhlükələrin yaranması ehtimallarının formalaşması dövləti məcbur edir ki, məhsul və xidmət istehsalının yüksək səviyyədə saxlanılmasını təşviq edən tədbirlər görsün. Yəni inflyasiyanın kəskin azalmasına baxmayaraq, hazırda Ermənistan hökuməti üçün məhsulların bolluğu onların çatışmazlığından daha sərfəlidir. Ancaq bunu təmin etmək üçün dövlət aşağı qiymətlərin mövcud olduğu şəraitdə mənfəətsiz qalaraq bazardan çıxmaq istəyən iqtisadi subyektlərə maliyyə dəstəyi verməlidir ki, istehsal səviyyəsi yüksək qalsın. Pandemiya başlanandan sonra Ermənistan hökuməti iqtisadiyyata, xüsusilə də sahibkarlara dəstək vermək üçün müxtəlif proqramlar həyata keçirib ki, bu proqramların əsas məqsədlərindən biri də məhz istehsal səviyyəsini yüksək saxlamaq olub. Lakin Ermənistan hökumətinin maliyyə imkanları məhdud olduğundan və hərbi xərclərin artması bu imkanları daha da məhdudlaşdırdığından hökumət istehsal səviyyəsini yüksək saxlamaq üçün iqtisadi subyektlərə uzun müddət maliyyə dəstəyi verə bilməyəcək. Ona görə də postmüharibə dövründə yaranmış siyasi hərc-mərclik Ermənistan iqtisadiyyatını elə bir dərin böhranla üz-üzə qoya bilər ki, inflyasiyanın kəskin artması prosesi baş verər və ölkədə ərzaq məhsullarının və digər məhsulların əsaslı çatışmazlığı yaranar. Bunun baş verməsi ehtimalları böyükdür.

Rəsmi şəkildə inflyasiya göstəricisinin çox aşağı olması bildirilsə də əhali tərəfindən qiymət artımı ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bu fikirlərə əsasən, müharibə dövründə yağ, şəkər, un, qarabaşaq kimi ərzaq məhsullarının qiyməti artıb. Eyni zamanda, o da qeyd edilir ki, orduya yardım ayırmağa məcbur olan supermarketlərin sahibləri qiymətləri artıraraq ayrılan yardıma görə dəyən zərəri aradan qaldırmağa çalışırlar. Qiyməti əsaslı şəkildə qalxan məhsullara isə əsgər geyimləri, dəfn mərasimlərində istifadə olunan güllər və çələnglər aiddir. Bu qiymət artımları müharibənin təsiri ilə baş verdiyindən müvəqqəti xarakter daşıyır və məhdud sayda sahəni əhatə edir. Ona görə də hazırda Ermənistanda ümumi qiymət səviyyəsi rəsmi rəqəmlərdə göstərildiyi kimi iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar olaraq aşağı səviyyədədir. Lakin, əvvəl də qeyd etdiyimiz kimi müharibənin iqtisadi zərərlərinin təsiri artdıqca, Ermənistanda maliyyə çatışmazlığı ilə bağlı problemlər daha da sərtləşdikcə mövcud olan iqtisadi problemlər daha da dərinləşəcək və qiymət artımının baş verməsi üçün əsas yaradacaq.

Milli valyutanın məzənnəsi

Qiymət artımı kimi Ermənistanda milli valyutanın (dram) məzənnəsi ilə bağlı olan gözləntilər də özünü doğrultmayıb. Müharibə başladıqdan sonra Ermənistanın milli valyutasının kəskin şəkildə ucuzlaşacağı ehtimal edilsə də, bu, baş vermədi. Valyutanın ucuzlaşması prosesi getsə də, bu, çox zəif şəkildə baş verdi. Belə ki, sentyabrın 28-dən noyabrın 19-dək Ermənistanın milli valyutası 3,1 faiz ucuzlaşıb. Sentyabrın 28-dən noyabrın 9-na qədər isə ucuzlaşma cəmi 1,66 faiz səviyyəsində olub. Müharibə bitdikdən sonra noyabrın 19-na qədər isə ucuzlaşma 1,4 faiz səviyyəsində müəyyən edilib. Bu isə onu göstərir ki, ucuzlaşma müharibə bitdikdən sonra daha sürətlə baş verir.

Dramın ucuzlaşmasının gözləniləndən daha zəif şəkildə baş verməsi heç də müsbət iqtisadi proseslərin nəticəsi deyildir. Əksinə, Ermənistan iqtisadiyyatında yaranan durğunluq belə bir vəziyyətin formalaşmasına səbəb olur.

Ümumiyyətlə, iqtisadi böhran baş verdiyi dövrlərdə istənilən ölkənin milli valyutasının ucuzlaşmasını gözləmək olar. Ona görə də dramın ucuzlaşması pandemiya yayıldığı dövrdən başlamalı idi. Çünki pandemiya özü də Ermənistan iqtisadiyyatına əsaslı zərbə vurub. Lakin həmin dövrdə, xüsusilə iyun ayından sonra dram ucuzlaşmağa başlasa da bu ucuzlaşma son 2 ayda olduğu kimi aşağı sürətlə baş verib.

Müharibənin Ermənistan iqtisadiyyatına böyük zərər vurmasına baxmayaraq, milli valyutanın sürətlə ucuzlaşmamasının səbəblərindən biri pandemiya ilə əlaqədar olaraq sərhədlərin bağlı olması səbəbindən xaricə valyuta axınının əsaslı şəkildə zəifləməsidir. Sürətli valyuta axını baş verdikdə xarici valyutaya daxili bazarda tələb artmağa başlayır ki, bu da milli valyutanın ucuzlaşmasına səbəb olur. Son aylarda isə pandemiya ilə əlaqədar olaraq Ermənistanda belə bir tendensiya yaşanmır. Əksinə, turistlərin xarici səfərlərinin kəskin azalması, sahibkarlıq məqsədilə idxal edilən məhsulların həcminin azalması, sahibkarların xarici valyutanı ölkədən çıxarmaq imkanlarının məhdudlaşması xaricə əsaslı valyuta axının baş verməsinin qarşısını alır. Nəticədə, təbii olaraq milli valyutanın kəskin ucuzlaşmasına maneə olur.

Digər tərəfdən milli valyuta üzərində təzyiqlərin yaranmasının qarşısını iqtisadiyyatda əsaslı durğunluğun müşahidə edilməsi alır. İqtisadi vəziyyətlə əlaqədar olaraq əhalinin gəlirlərinin azalması yığım kimi toplanmış xarici valyutanın da drama çevrilərək daxili bazarda xərclənməsi üçün şərait yaradır. Bundan başqa, ölkə daxilində tələbatın kəskin azalması da xaricdən idxal edilən məhsullara olan tələbin azalmasına səbəb olur və bu məqsədlə də xərclənə biləcək xarici valyuta ehtiyatları Ermənistan iqtisadiyyatında qalır. Ümumilikdə, Ermənistanda xarici valyuta yığımları elə də yüksək səviyyədə deyil və onların da böyük hissəsinin daxili bazarda milli valyutaya çevrilməsi prosesi gedir. Bütün bu iqtisadi proseslər valyutanın ucuzlaşmasına imkan verməsə də ümumilikdə iqtisadi vəziyyətin çox pis olduğunu göstərir. Buna görə də, iqtisadi vəziyyət daha da pisləşdikcə, müharibə və pandemiya ilə əlaqədar olaraq yaranan əlavə maliyyə yükü iqtisadiyyata öz təsirini göstərdikcə, xarici borcların ödənmə vaxtı çatdıqca və yeni xarici borcların əldə edilməsi çətinləşdikcə iqtisadi vəziyyət daha da pisləşəcək. Bu halda valyuta ehtiyatları o qədər azala bilər ki, hətta aşağı iqtisadi aktivlik şəraitində belə valyutanın ucuzlaşması sürətlənər. Ona görə də, qarşıdan gələn aylarda dramın ucuzlaşması prosesinin davam etməsini və ucuzlaşma tempinin artmasını gözləmək olar.

Valyutanın ucuzlaşması sürətləndikcə Ermənistanda mənfi xarici ticarət balansı artacaq və idxal üçün ölkəyə xarici valyutanın daxil olmasına ehtiyac yaranacaq. Milli valyutanın ucuzlaşması digər tərəfdən idxal edilən məhsulların qiymətinin artması və nəticədə inflyasiya səviyyəsinin yüksəlməsinə şərait yaratmış olacaq. Bununla yanaşı, pandemiya ilə bağlı qadağalar aradan qalxdıqdan sonra iqtisadi aktivliyi dəstəkləmək üçün Ermənistan hökumətinin maliyyə vəsaitləri olmayacaq və bu da iqtisadi böhranın uzun zaman davam etməsinə şərait yaradacaq. Müharibədən sonrakı dövrdə Ermənistan iqtisadiyyatının cəlbediciliyinin azalması və iqtisadiyyatın dirçəlməsi imkanlarının olmaması emiqrasiya ilə yanaşı ölkədən xarici valyutanın çıxmasına da səbəb olacaq. Bu da valyutanın ucuzlaşması ilə nəticələnəcək. Ona görə də, deyə bilərik ki, hazırda mövcud olan və qarşıdan gələn aylarda Ermənistanı gözləyən iqtisadi problemlər valyutanın ucuzlaşmasını qaçılmaz edir.

Apardığımız təhlillərdən bu nəticəyə gəlirik ki, Ermənistan iqtisadiyyatında yaranmış durğun vəziyyət və əhalinin gəlirlərinin kəskin azalması məhsul və xidmətlərin qiymətinin də azalmasına yol açmaqla yanaşı milli valyutanın kəskin ucuzlaşmasının qarşısını alır. Yaranmış bu vəziyyət kənardan iqtisadi durumun yaxşı olması mənzərəsini yaratsa da iqtisadi vəziyyətin dərindən analizi onu göstərir ki, iqtisadi aktivliyin kəskin azalması hazırkı vəziyyətin yaranmasına imkan verməklə yanaşı, gələcək dövr üçün yaxşı heç nə vəd etmir. Ermənistanın malik olduğu iqtisadi və maliyyə imkanları iqtisadi vəziyyəti sabit şəkildə saxlamağa imkan verməyəcək (hazırkı vəziyyəti də sabit hesab etmək olmaz). Əgər iqtisadi aktivliyin kəskin azalması qiymətlərin azalmasına və valyutanın zəif sürətlə ucuzlaşmasına imkan yaradırsa, pandemiya ilə əlaqəli qadağaların aradan qalxması və iqtisadiyyatın dirçəlməyə cəhd etməsi isə qiymətlərin kəskin artımına və valyutanın da ucuzlaşmasına yol aça bilər. Bunu dirçəlməyə cəhd edən iqtisadi sistemin çöküşü kimi daha çox qiymətləndirmək olar. Ancaq təbii olaraq, zərərli olsa belə, bu, baş verməlidir. Uzun müddət iqtisadiyyatın hazırkı şəkildə qalması digər daha dərin və uzun müddətli problemlərin yaranmasına yol aça bilər. Buna görə də, hazırkı iqtisadi vəziyyət ilə dirçələ bilməyən iqtisadiyyat arasında balansı saxlamaq Ermənistan üçün çətindir. Mövcud maliyyə resursları buna imkan vermir. Əlavə borclanmaya gedilməsi isə ümumilikdə maliyyə təhlükəsizliyi üçün təhdid formalaşdırır. Belə çıxılmaz vəziyyətdə Ermənistanın böhrandan qaçmaq imkanları demək olar ki, yoxdur. Əgər Ermənistan hər hansı bir böyük həcmdə xarici dəstək əldə edə bilməsə (hazırkı qlobal iqtisadi vəziyyətdə əldə etmək çətindir) qeyd etdiyimiz prosesdən qaça bilməyəcək. Hətta belə bir yardım əldə edilsə də, bu, böhranın aradan qalxmasına deyil, böhranın həcminin müəyyən qədər azalmasına imkan yarada bilər. Ona görə ki, belə yardımın səmərəli şəkildə istiqamətləndirilməsi üçün effektiv ola biləcək maliyyələşmə kanallarını müəyyən etmək çətindir. Çünki bütün sahələr böhran ilə qarşılaşacaq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistan iqtisadiyyatını qarşıdan gələn aylarda inflyasiya və məzənnə ilə əlaqəli bir sıra problemlər gözləyir. Bu problemlərə inflyasiyanın kəskin artması, ərzaq və digər məhsullarının çatışmazlığı, xarici ticarətin mənfi balansının daha da artması, xarici valyuta çatışmazlığı, milli valyutanın sürətlə ucuzlaşması, valyutanın ucuzlaşmasının qiymətlərə artırıcı təsirinin kəskin xarakter alması, sahibkarlıq fəaliyyəti imkanlarının daralması, əhalinin yığımda olan vəsaitlərinin həcminin azalması daxildir. Həmçinin yığımda olan vəsaitlərin azalmasının bank sistemində yaradacağı likvidlik problemləri, xarici valyuta ehtiyatlarının əriməsi, xarici borc cəlb etmək imkanlarının azalması, beynəlxalq reytinqlərin daha da pisləşməsi, ölkənin maliyyə təhlükəsizliyinin təminatı imkanlarının azalması da inflyasiya və məzənnə ilə əlaqəli problemlərdəndir. Azvision.az

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …