Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Erməmistanın yeni müdafiə naziri zabiti bıçaqladığına görə həbsdə olub

Erməmistanın yeni müdafiə naziri zabiti bıçaqladığına görə həbsdə olub

Ermənistanda bu gün müdafiə naziri təyin olunan (erməni ordusunun Laçın istiqamətində məruz qaldığı növbəti rüsvayçılığın ardınca) Suren Papikyanın heç bir hərbi təhsili və rütbəsi yoxdur, mülki adamdır və “asfalt maqnatı” kimi tanınır.

Erməni mənbələrində göstərilir ki, bu ilki növbədənkənar seçkilərdən sonra baş nazirin müavini təyin edilən, daha əvvəl isə ərazi idarəetmə və infrastruktur naziri olan Papikyan hökumətin özəyini əlində cəmləşdirmişdi və müxtəlif nazirliklərə nəzarət edirdi.

Papikyan baş nazirin müavini olduqdan sonra Ermənistan hakimiyyətində sürətlə ikinci adama çevrilib, mühüm vəzifələrə kadr təyinatları ancaq onunla razılaşdırılırdı və komandada kimin qalıb-qalmayacağını da o müəyyən edirdi. Ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən getsə də Papikyan asfalt döşənməsi işlərində inhisarı əlindən saxlayıb və iri pulların qazanılması sxemlərinə nəzarət edib. O, yol tikintisi, satınalmalarla bağlı bütün proseslərə şəxsən nəzarət edir, bütün maliyyə rıçaqlarını əlində cəmləyib.

Bildirilir ki, Papikyanın yerinə ərazi idarəetmə və infrastruktur naziri təyin olunan Qnel Sanosyan onun nazirliyin səlahiyyətlərinin əksər hissəsini hələ də əlində saxladığını biləndə təəcüblənib. Məlum olub ki, Sanosyan ancaq vilayət başçıları ilə işləməlidir, yəni “geriyə qalan” rıçaqları idarə etməlidir.

Suren Papikyan 1986-cı ildə Stepanavan şəhərində anadan olub, Yerevan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Universitetdə oxuduğu müddətdə hərbi xidmətə çağırılıb. 2010-2016-cı illərdə Yerevan məktəblərindən birində tarix müəllimi işləyib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində qiyabi aspirantura oxuyub. Hakim “Vətəndaş müqaviləsi” partiyasının əsasını qoyanlardan biridir. Hazırda partiyanın sədr müavinidir.

2017-ci ildə “Yelk” blokundan deputatlığa namizəd olub, 2018-ci ilin yazında isə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” hərəkatının təşəbbüskarlarından biri idi. Paşinyan hakimiyyətə gələndən sonra heç bir idarəçilik təcrübəsi olmayan bu tarix müəllimini nazir təyin edib. Papikyan sürətlə Paşinyanın komandasının aparıcı fiquruna çevrilib, bu ilin avqustunda baş nazirin müavini təyin olunub.  O, subaydır, ailəli deyil.

Suren Papikyan eyni zamanda Paşinyanın komandasının ən qalmaqallı fiqurlarından biri hesab edilə bilər, çünki 2020-ci ilin əvvəllərində “Hraparak” qəzeti onun barəsində sensasion faktı ictimailəşdirmişdi. Qəzet öz mənbələrinə istinadən yazmışdı ki, Papikyan orduda xidmət edərkən öz komandirini bıçaqlayıb, motiv isə komandirin Papikyana qarşı “sistemli şəkildə zorakılıq etməsi” olub. Nəticədə Papikyan barəsində cinayət işi qaldırılıb və o, 2 il 6 aylığına həbs olunub. Daha sonra aministiya ilə azadlığa çıxıb.

Papikyan həmin məqalədən sonra Facebook-da canlı yayım açaraq faktı təsdiq edib. Amma deyib ki, konstitusiyaya əsasən o cəzasını çəkdiyi üçün daha məhkum edilmiş sayılmır.

Papikyan həmin insidentin Ermənistan ordusunda xidmət zamanı deyil, 2004-2006-cı illərdə “müxtəlif millətlərin nümayəndələrinin xidmət etdiyi hərbi hissədə” xidmətdə olarkən baş verdiyini deyib. Bildirib ki, onun “milli ləyaqətini alçaltdıqları üçün” bu hadisə baş verib, üstəlik kəsici-deşici alətdən istifadə olunmayıb. “Mənim bu insidentdə iştirakın nizamnamədən kənar münasibətlə bağlı olub, üstəlik mən günahımı etiraf etməmişəm. Aministiya ilə azadlığa çıxmışam və məhkumluğum ödənilib”, – o deyib.

Papikyan bildirmişdi ki, o məhkumluğu ilə bağlı əhvalatı “dostlarından gizlətməyib”, amma mahiyyətdə bu informasiya məxfi idi, şəxsi həyatla bağlı idi və müvafiq qriflə polis arxivlərində saxlanılırdı. Bu məlumata ancaq hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarının çıxışı olub. Papikyan həmin informasiyanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan tərəfindən sızdırıldığına eyham vurub.

İndiki halda Paşinyanın Papikyanı müdafiə naziri təyin etməsi ona dəlalət edir ki, Ermənistan baş nazirinin artıq ölkənin hərbi elitasında inandığı və etibar etdiyi yüksək rütbəli kadrları qalmayıb. Generalların əksəriyyəti ondan çoxdan üz döndəriblər. Nəticədə indi Paşinyan “ordu quruculuğu işini” və Azərbaycanla dövlət sərhədləri boyu hələlik ancaq iflasla, rüsvayçılıqlarla müşaiyət olunan “möhkəmlənmə” vəzifəsini 35 yaşlı tarix müəlliminə həvalə etməli olub.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …