Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Dünya / Ermənistanda seçki qütbləşməsi – Qərbin Bakı və Ankara ilə barışıq projesi, yoxsa…

Ermənistanda seçki qütbləşməsi – Qərbin Bakı və Ankara ilə barışıq projesi, yoxsa…

Ermənistanda iyunun 20-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində böyük ehtimalla, əsasən iki qarşı duran tərəf olacaq: ölkənin Türkiyə və Azərbaycanla barışıq yolu və qurucu inkişafın tərəfdarları olanlar və bir də Böyük Sülhün qatı əleyhdarları – məğlub ölkəyə yalnız yeni müharibə vəd edən faşist təmayüllü revanşist cəbhə və onun arxasındakı Türkə aşırı nifrətini saxlayan erməni diasporu.

Artıq sərt qarşıdurmanın təzahürləri özünü yavaş-yavaş göstərməkdədir. Bunu tərəflərin ictimai rəy uğrunda həlledici savaşa başlamasından görmək olar. Bölgədə böyük sülhün əleyhdarları olan radikal-şovinist qüvvələr erməni cəmiyyətini bu sülhün guya Bakı və Ankaraya, hətta “Sem dayı”ya daha çox gərək olduğunu israrla təlqin eləməyə çalışırlar…


****

“Ermənistan rəhbərliyini Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa məhz Qərb itələyir, Qərb vadar edir”.

Musavat.com-un məlumatına görə, bu sözləri “Vətən” partiyası idarə heyətinin üzvü Ara Saakyan NovostiNK-ə söyləyib.

“Əlbəttə ki, belə bir yaxınlaşmanın hansı səbəblərdən ABŞ və Avropa Birliyinə faydalı ola biləcəyini ehtimal eləmək olar. Ancaq bu gün əminliklə demək olar ki, Türkiyə ilə münasibətlərin normallaşması, yumşaq desək, Ermənistana yaxşı bir şey vəd etmir”, – deyə o qeyd edib.

Ermənistan hakimiyyəti günahkardır” Ara Saakyan

Ara Saakyan

Saakyanın iddiasına görə, elə təkcə zəngin türk iş adamlarının yoxsul Ermənistanda görünməsi artıq ölkənin suverenliyinə yaxşı heç nə verməyəcək: “Üstəlik, türk iş adamları təşkilatlanma baxımından ermənilərdən “bir baş” yuxarıdır”.

Bu mənada Saakyanın fikrincə, digər vacib məqam – Türkiyədə başqa ölkələrdə daşınmaz əmlak əldə eləmək üçün müvafiq maliyyə ayıran dövlət fondlarının mövcud olmasıdır. “Bu isə digər ölkələrdə nüfuz, dayaq və güc qazanmaq niyyəti güdən miqyaslı bir hədəfdir”, – deyə xoflu erməni siyasətçi vurğulayıb.

****



Yada salaq ki, az öncə Ermənistanın baş naziri Nikol Paşinyan Araqatsot bölgəsində yerli əhali ilə görüşü zamanı demişdi ki, Ermənistan öz ətrafında bölgədə əlverişli atmosferin yaradılması üçün regiona baxışını dəyişməlidir. Ondan bir neçə gün sonra isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibədə aparıcının “Türkiyənin Ermənistan üçün düşmən dövlət olub-olmadığı” barədə sualını cavablandırarkən “yanaşmalarımıza bəzi düzəlişlər etməliyik” söyləmişdi, sula faktiki inkari cavab vermişdi. Ardınca oxşar fikir xarici işlər naziri Ara Ayvazyanın dilindən səslənmişdi. Bütün bu gəlişmələr isə ölkədəki radikal çevrələri, ələlxüsus da daşnakları hiddətləndirmiş, İrəvanda onlar hətta Türkiyə bayrağını yandırmışdılar.

Nikol-1617177061.jpg (38 KB)

Məsələ də ondadır ki, sərhədlərin açılması və barışığın əldə olunması yalnızca Qərbin, ABŞ-ın və ya AB-nin hədəfi, yaxud projesi deyil, ola bilməz. Bu, ən əvvəl böhran içində çabalayan, xüsusən də 44 günlük savaşdan sonra iqtisadi iflas həddinə gəlmiş Ermənistana, onun yoxsul əhalisinə lazımdı. Özü də hava-su kimi. Ermənistanın xaricdən gələn ianələr, dilənçi payları və minnətli dotasiyalardan qurtulmasının tək yolu isə əsas qonşularla – Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaqdır.

Əfsus ki, bu gerçəyi məğlub ölkədə anlayıb publik şəkildə dilə gətirən siyasilər və rəsmilər hələlik çoxluqda deyil. Daha doğrusu, erməni xalqına yalnız bəlalar bəxş eləmiş radikal-revanşist qüvvələrdən, özəlliklə zəngin erməni lobbisindən ehtiyat edərək, bir çoxu bunu açıq bəyan edə bilmir. Amma dərk etmə prosesi ağır da olsa gedir…

“Bəlkə də Türkiyə ilə düşmənçilikdən xilas olmaq üçün şansımız yaranıb. Bu, məsələn, praqmatik ortaq maraqlar ətrafında minimal söhbətdən ibarət ola bilər”.

MP Lena Nazaryan to remain in Parliament | ARMENPRESS Armenian News Agency

Lena Nazaryan

Bunu Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan bildirib.

Onun sözlərinə görə, parlamentə düşmək istəyən bütün siyasi qüvvələr seçkiqabağı Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri məsələlərini qaldırmalı, bununla bağlı nə düşündüklərini bəyan etməlidir. “Əslində bu, konstruktivliyin təzahürü olacaq. Konstruktiv olmağımıza nə mane olur ki?”, – vitse-spiker vurğulayıb və əlavə edib ki, Ermənistanın Türkiyə ilə münasibətlərdə praqmatik və çevik bir yanaşma formalaşdırılmalı olduğuna dair xarici işlər nazirinin fikirlərini bölüşür.

*

Bunu da xatırladaq ki, hakim partiyanın üzvü olan Lena Nazaryan bir neçə ay öncə radikal kəsimə etiraz edərək bildirmişdi ki, “Ermənistan hərbi revanş haqda fikirlərdən vaz keçməlidir”. Nazaryan “ərazilərin güc yolu ilə geri qaytarılması” üçün revanşa çağıranları “ziyanlı və geridə qalmış” adlandıraraq demişdi: “Bu gün bir çoxları deyir ki, bir neçə illik dinc həyatdan sonra güclənərik, silahlanarıq və sonra öz qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər ki, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər?”

Vitse-spiker onu da qeyd eləmişdi ki, Ermənistan bütün qonşularla “uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə” çalışmalıdır. “Rregion sonunda nəhayət ki, insani sima əldə eləməlidir” söyləmişdi.

ARMENPRESS Armenian News Agency

Janna Andreasyan

Nazaryanın digər partiyadaşı – mədəniyyət nazirinin müavini Janna Andreasyan isə bu yaxınlarda yerli İctimai TV-nin efirində çıxışı zamanı erməni xalqının Njdenin faşist təlimi və ultra-millətçi ideologiyasından imtina eləməli olduğunu cəsarətlə bəyan eləmişdi. Sitat: “Njde ideologiyası əslində faşist ideologiyasıdır. Özü-özlüyündə, o, XXI əsrin toplumu olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya qarşı aqressiya əsasında, özünü bütün dünyadan ayırmaq və digər bütün cəmiyyətlərdən özünün üstünlüyünü nümayiş etdirmək üzərində qurulub. Əgər onun təlimindən gəlişigözəl sözləri kənar eləsək, yerdə yalnız dediyim bu çox təhlükəli nüvə qalacaq”.

Nazir müavini erməni cəmiyyətinin daha bu cür yaşamalı olmadığını düşündüyünü bildirmişdi: “Yəni hər kəsə yuxarıdan aşağı baxmaq və bu zaman hamının sənə yaxşı yanaşacağını gözləmək – belə şey olmur. Biz ətrafımızdakı hər kəsin sadəcə, küt olduğunu düşünüb hamını nəzarətimizdə saxlamağa çalışa bilmərik. Belə yaşamaq mümkün deyil. Erməni xalqının başqa konsepsiyalara ehtiyacı var”.


***


Onu da qeyd edək ki, 20 iyun erkən seçkilərində hər iki qadın erməni fəal hakim partiyanın seçki blokunun siyahısında ön sıralarda olacaq. Qarşıdakı seçki-təbliğat kampaniyası isə sübhisiz ki, əsasən Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarları ilə sülh əleyhdarları arasında gedəcək.
Bəlkə də bu, erməni xalqının sonuncu şansıdır. Odur ki, bu dəfə gizli barışıq tərəfdarları olanlar da əllərini inamla qaldırmalıdır ki, Ermənistanı uçuruma aparan revanşist qüvvələr, o sırada erməni lobbisinin dəstəklədiyi namizədlər üstünlük əldə eləməsin. Necə deyərlər, erməni xalqının taleyi nə “Sem dayı”nın əlindədir, nə də AB-nin, sırf öz əlindədir…
Musavat.com

Həmçinin oxuyun

Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu

Ermənistanın “Razm.info” saytı ikinci Qarabağ müharibəsində öldürülmüş, lakin ölümləri qeydiyyata alınmamış hərbçilərin siyahısını açıqlayıb. “Report” …