Ərdoğan ABŞ-İran razılaşmasını alqışladı: “Tarixi fürsət sabotaj edilməməlidir”
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ və İran arasında əldə olunan razılaşmanı məmnunluqla qarşıladığını açıqlayıb.
Ərdoğan yaydığı bəyanatda bu xəbərin təkcə region üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyə lideri bildirib ki, dünya uzun müddətdir belə bir xəbərə ehtiyac duyurdu və əldə olunmuş razılaşmanın Yaxın Şərqdə davamlı sülh, təhlükəsizlik və sabitlik mühitinin formalaşmasına xidmət edəcəyinə ümid edir.
Ərdoğan eyni zamanda razılaşmanın rəsmi şəkildə imzalanacağı günə qədər bütün tərəfləri ehtiyatlı olmağa çağırıb. O, gərginliyi artıracaq bəyanatlardan, təxribat xarakterli addımlardan və mümkün sabotaj cəhdlərindən uzaq durmağın vacibliyini xüsusi vurğulayıb.
Türkiyə Prezidenti əldə olunan nəticədə əməyi olan tərəflərə də təşəkkür edib. O, ilk növbədə ABŞ və İran rəhbərliklərinin siyasi iradəsini qeyd edib, həmçinin vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə minnətdarlığını bildirib.
Bununla yanaşı, Ərdoğan Qatar və Səudiyyə Ərəbistanı tərəfindən diplomatik prosesə verilən dəstəyi də yüksək qiymətləndirib.
Türkiyə lideri vurğulayıb ki, Ankara bundan sonra da regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyəcək, diplomatiya və beynəlxalq hüquq əsasında davamlı həll yollarının tapılmasına töhfə verməyə çalışacaq.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında sülh sazişi ilə bağlı intensiv diplomatik təmaslar aparılır. Bir sıra beynəlxalq mənbələr tərəflərin yekun mətn üzərində razılığa gəldiyini, sənədin yaxın vaxtlarda imzalana biləcəyini bildirirlər. Ərdoğanın bu açıqlaması da Ankara tərəfindən prosesə verilən ilk yüksək səviyyəli siyasi dəstək kimi qiymətləndirilir.
Musavat.com