Ana səhifə / Dünya / “Elçibəylə bir hərfin üstündə bir-birimizi qırdıq, küsülü qaldıq” – Firudin Cəlilov

“Elçibəylə bir hərfin üstündə bir-birimizi qırdıq, küsülü qaldıq” – Firudin Cəlilov

“İndi türkçü kimi tanınan dostlarım sovet dövründə məni pantürkist kimi qələmə veriblər”

Müsahibimiz məktəb illəri 90-cı illərə təsadüf edən gənclərin sevə-sevə oxuduqları  kitabların müəllifi, sabiq təhsil naziri Firudin Cəlilovdur. 

Bizi öz evində qonaq edən Firudin müəllimlə söhbətimizə öncə onun sağlıq durumunun necə olması ilə başlayırıq. 

– Siz gəlməmişdən bir az qabaq 3-4 dənə dərman içdim. Dərmanla özümü saxlayıram. Allaha şükür ki,  əməliyyatlardan sonra yaxşıyam. Özümü babat hiss edirəm.

– 70 illik yubileyinizə az qalıb. Qayıdıb arxaya baxanda nə hiss edirsiniz? Necə bir ömür keçirmisiniz? 

– Mənim həyatım da Azərbaycan ziyalılarının həyatı kimi keçib. İrəvanda dünyaya gəlmişəm. Bakıda  məktəbi bitirmişəm, daha sonra ali məktəbi bitirmişəm. Çoxlu sahələrdə işləmişəm. Başqalarının ömrü boyu bir əmək kitabçası dolmadığı halda mənim iki əmək kitabçamın ikisi də dolub. Yol idarəsində, arıçılıqda, dənizçilikdə, «kommunxoz» idarəsində və yüksək vəzifələrdə işləmişəm. Çox yerlərdə çalışmışam. Son 20 ilimi isə universitetdə keçirmişəm.

Universiteti bitirəndən sonra məni orada saxladılar. Laborantlıqdan professorluğa qədər oxudum, işlədim. Sonra təhsil nazirinin müavini vəzifəsinə təyin olundum. Onda Ayaz Mütəllibov iqtidar idi. Sonradan baş nazirin müavini oldum. Rəhim Hüseynov baş nazir olanda, dəvət elədilər, baş nazirin müavini təyin elədilər. Dostum Elçibəy hakimiyyətə gələndən sonra isə məni təhsil naziri təyin elədi. Heydər Əliyev gələndən sonra da bir müddət işlədim. Sonra isə işdən çıxartdılar. O gün-bu gündür işsizəm, evdə oturmuşam.

– Sizə iş təklifi gəlmir, yoxsa özünüz imtina edirsiniz?

– Özüm əlbəttə ki, işləmək istəyirəm. Ömrümün ən məhsuldar dövrünün 20 ilini evdə oturası oldum. Hətta universitetlərdə müəllim işləməyə də qoymurlar.

– Səbəb nədir? 

“Düşünürlər ki, mən müxalifətçiyəm, hansı auditoriyada olsam, o auditoriyada milli ruhlu gənclər yetişir, mitinqlərə həvəsli olurlar”

– Konkret bir səbəbi yoxdur. Onu heç kim bilmir. Ancaq dolayı səbəb odur ki, guya mən müxalifətçiyəm, hansı auditoriyada olsam, o auditoriyada milli ruhlu gənclər yetişir, mitinqlərə həvəsli olurlar. Yəqin ki, öz aralarında bu cür diaqnoz qoyub işləməyimə imkan vermədilər.

– Bəs gəncliyinizdə hədəf götürdüyünüz nöqtəyə çata bildinizmi? Öz istədiyiniz Firudin Cəlilov ola bildinizmi?

– Yox, təbii ki, yox. Mən uşaqlıqda rəssam olmaq istəyirdim. Ancaq həyat elə gətirdi ki, universitetdə oxuyası oldum. Elm dalınca getdim, namizədlik, doktorluq müdafiə elədim, elmdə müəyyən uğurlarım oldu. Ancaq həyat da öz redaktəsini etdi. Zaman elə gətirdi ki, Azərbaycanda Qarabağ məsələsi ortaya çıxdı. Bütün vicdanlı adamlar kimi mən də hərəkatdan geri qala bilməzdim. Hərəkatı başladanlardan biri də mən oldum. Həyat bizi öz istədiyi istiqamətə yönəltdi və son 30 ili həmin istiqamətdə gedirik. Buna alın yazısı deyirlər. Təbii ki, alın yazısı alındakı bu qırışlar deyil. Alın irəli deməkdir, yəni insan həyatının irəlidəki yazısı. Mən  irəlidəki o yazıya inanıram. Hamımız o yazıya doğru gedirik.

– Həyatınızın ən uğurlu dövrü hansıdır?

– Kitablarımın çapdan çıxdığı dövrlər mənim üçün ən uğurlu dövr olub. Minlərlə məqalələrim var. Kitablarım mənə övladlarım qədər əzizdir. O kitablara canımı, ömrümü qoymuşam. Bu səbəbdən kitablarımın çap olunduğu dövrü ən uğurlu illər hesab etmişəm.

– Elmlə məşğul olmaq, kitab çap etdirmək hansı dövrdə daha asan idi?

– Azərbaycanda həmişə çətin olub. Sovet dövründə kitab çap etdirmək üçün gərək bir-iki il əvvəldən plana düşəydin, senzuradan keçəydin. O dövrdə də başıma çox oyunlar açıblar, pantürkist kimi qələmə veriblər. Özü də bunu indi türkçü kimi tanınan dostlarım edib. Kitablarımı plandan çıxarıblar. O dövrün belə çətinlikləri var idi. İndiki müstəqillik dövrünün də öz çətinlikləri var. İndi sponsorsuz kitab çap eləmək mümkün deyil, sponsor tapmaq da çox çətindir.

“Biz gələcəyə sağlam gənclər yetişdirmək əvəzinə, sıxıb onların suyunu çıxardırıq, əzilmiş gənclik yetişdiririk”

– Firudin müəllim, milli azadlıq hərəkatını başladan fəalların içində siz də var idiniz. Üzərindən 28 il keçib. İndiki dövrdən həmin illərə baxanda, təəssüratlarınız necə olur?

– O dövrdə biz hərəkata kənardan baxa bilmirdik. Heç buna vaxtımız da yox idi. İnsanları meydana aparmaq lazım idi, hökumətə qarşı ultimatum vermək lazım idi. İmperiyaya qarşı şüarlar hazırlamaq lazım idi. Fikirləşməyə vaxtımız olmurdu ki, özümüz özümüzə qiymət verək. İndi üzərindən 25 ildən çox vaxt keçib. Qayıdıb geriyə baxanda çox şərəfli günlər yaşadığımızı görürəm. Səhvlərimiz olubmu? Təbii ki, olub, bu gün də var. O hərəkatın yükünü çiyinlərində daşıyanlardan biri də Məhəmməd Hatəmi Tantəkin olub. O, çox ağır vəziyyətdə xəstə yatırdı və ötən gün dünyasını dəyişdi.

Allah rəhmət eləsin. Ona heç olmasa normal pensiya vermirdilər ki, dolanışığını təmin eləsin. 80 yaşı var idi və bu günə qədər ona müxalifət kimi baxıb kənarda saxladılar. Ancaq bu ayıbdır. Yaxud son günlər Elçibəyi çox qamçılayırlar. Düzdür, onun səhvləri də olub, günahları da olub. Mən hər zaman səhvlərini onun üzünə demişəm. Bizim komandada olanlar bilir ki, biz onunla yaxın dost olmuşuq. Buna baxmayaraq, mübahisələrimiz düşüb, aylarla küsülü qalmışıq. O, prezident olub, mən isə baş nazirin müavini, bütün səhvlərini üzünə demişəm. Ancaq indi üstündən 20 ildən artıq vaxt keçib, onun dalınca danışmaq, çamura batırmaq ən azı tərbiyəsizlikdir.

– Həmin dövrdə hansı uğurlarınız olub? 

– Çox uğurlarımız olub. Düzdür, indi bizi bəyənmirlər. Ancaq mən bu əllərimlə yeni qurulan müstəqil Azərbaycanın bütün dövlət atributlarını hazırlamışam. Bayrağın rənglərini, o rənglərin mənalarını, himnimizi, əlifbamızı hazırlayıb keçirtmişəm. O  dövrdə həmin komissiyanın sədri mən idim, bu, mənim vəzifəm idi. O günləri xatırlayanda fəxr edirəm.

– Təhsil naziri olarkən Azərbaycan təhsil sisteminə hansı yenilikləri gətirdiniz? 

– Bəli, ilk dəfə test imtahanlarını Azərbaycan təhsilinə mən gətirdim. Nazirlər Kabinetində işləyəndə Ali Attestasiya Komissiyasını mən yaratdım. O günə qədər Azərbaycanda belə bir qurum yox idi. Tələbə Qəbulu Komissiyasını yaratdım. Maraqlısı odur ki, həmin dövr üçün bu qurumlar yaxşı işləsə də, get-gedə zayı çıxdı. Ona baxanda adam peşman olur. Ali Attestasiya Komissiyasını da, TQDK-nı da mən yaratmışam, ikisinə də baxanda peşman oluram  ki, mənim yaratdığım qurumlar gənclərin qarşısında maneə olub.

Ali Attestasiya Komissiyası imkan vermir ki, gənclər elmə gəlsin, rüşvət baş alıb gedir. Mənim qurduğum TQDK indikindən tamam fərqli bir struktur idi. İndiki test sistemi gəncləri get-gedə manqurtlaşdırır, biz belə fikirləşməmişdik. Bu mənada gördüyümüz bəzi işlərin də fəsadları oldu ki,  artıq bizdən asılı deyil, indiki iqtidardan asılıdır. İndiki iqtidarın intellektual səviyyəsindən, iştahından, gödənindən asılıdır.

– Firudin müəllim, o dövrdə siz də hakim komandanın tərkibində olmusunuz. Lakin heç vaxt 4 iyun məsələsinə münasibət bildirməmisiniz. Bunun səbəbi nədir?

– Bu 20 ildə mənə bu sualı verən olmamışdı, ilk dəfə siz verirsiniz. Yəqin baxmış olarsınız, 4 iyundan sonra parlamentdə bu məsələ müzakirə olunanda mən orada yoxam. Heç kim də soruşmur ki, axı sən millət vəkili və nazir idin, o Məclisdə niyə yoxsan. Həmin ərəfədə məni respublikadan çıxardıb, iki həftəlik Misirə göndərdilər. 4 iyundan 2 gün öncə məni xaricə göndərdilər. Mən isə nə baş verəcəyindən xəbərsiz idim və sevindim ki, nəhayət, məni də istirahətə yolladılar. Bir də qayıdanda hava limanında  eşitdim ki, Elçibəy Bakıdan gedib. Sonradan fikirləşdim ki, bu planı kim qurubsa, çox ağıllı şəkildə fikirləşib ki, həmin günlərdə mən və mənim kimi adamlar burada olmayıb.

– Yəni “4 iyun”un mətbəxində siz yox idiniz?

Ali Attestasiya Komissiyasını da, TQDK-nı da mən yaratmışam, ikisinə də baxanda peşman oluram ki, mənim yaratdığım qurumlar gənclərin qarşısında maneə olub”

– Bəli, mən iştirak etməmişəm. Ancaq orada çox məqamlar var ki, nə vaxtsa bu məsələni detalları ilə danışacam.

– Siz olsaydınız nə dəyişərdi?

– Yəqin ki, mən Elçibəylə görüşərdim və sözümü deyərdim. O vaxt Elçibəyin ərtrafındakılar hamısı kənardan gəlmiş adamlar idi. Yeganə dostu mən idim ki, 70-ci illərdən bir yerdə idik. Başqa cür də ola bilərdi…

– Elçibəyin getməsini istəyən qüvvələr var idimi?

– Xarici faktorlar var idi. Türkiyə prezidenti Süleyman Dəmirəl birmənalı şəkildə Elçibəyin getməsini istəyirdi. Bundan əlavə, Elçibəyin getməsində İranın, Rusiyanın da marağı var idi.  Onlar yüz faiz istəyirdi ki, hakimiyyət dəyişsin.

– Bayaq dediniz ki, Əbülfəz Elçibəylə mübahisələriniz olub? Məsələn, nə üstündə olurdu mübahisə?

– Böyük məsələlər üzərində də mübahisəmiz olurdu, kiçik şeylər üstündə də. Məsələn, mən Əlifba Komissiyasının sədri idim. Əlifbanı qəbul etdirəndə böyük etirazlarla qarşılaşdım ki, onların da başında rəhmətlik Elçibəy dururdu. O təkid edirdi ki, Türkiyə əlifbasını olduğu kimi qəbul edək, yəni X, K, Ə hərfləri olmasın. “X” üstündə qırdıq bir-birimizi . İsa bəy gəlib bizi sakitləşdirdi ki, etməyin, ayıbdır. Bir hərfin üstündə küsülü qaldıq. Dedim ki, illərdir bu xalqın dilində “X” səsi var, mən kiminsə xətrinə ondan imtina edə bilmərəm. Və əlifbanı keçirdim. Məndən küsdülər, cəbhənin yarısı mənim əleyhimə çevrildi. Bu günə qədər də onlar AXCP-nin loqosunda “X” yazmırlar, AHC yazırlar.

– Keçək təhsilimizə. Bugünkü təhsilimizi necə dəyərləndirirsiniz? Sizdən sonrakı nazirlər, Misir Mərdanov, Mikayıl Cabbarov təhsili siz istəyən pilləyə qaldıra bildimi? 

– Misir Mərdanov təhsili bilən adam idi, mənim müavinim olmuşdu. Ancaq onda bildiklərini gerçəkləşdirmək, yeniliklər etmək üçün iradə, təşəbbüskarlıq yox idi. Onun gətirdiyi kurrikulum da çox mənasız bir şeydir, təhsilimizə ziyandan başqa heç nə vermədi. İndiki nazir də təhsil adamı deyil. Düzdür, savadlıdır, ancaq təhsildə reforma edəcək insan deyil. Təhsilimiz son 25 ildə bataqlığa gedir. Çünki bu sahədəki məmurların yenilik etməyə marağı yoxdur. İkincisi, dərsliklər biabırçı vəziyyətdədir. Üçüncüsü, tədris proqramı ilə bağlı hərc-mərclikdir. Xüsusilə orta məktəb təhsili dəhşətdir. Uşağı o qədər yükləmək cinayətdir, uşaq uşaqlığını yaşaya bilmir. Dərs ilinin iki həftə uzadılması isə lap biabırçılıqdır. Biz gələcəyə sağlam gənclər yetişdirmək əvəzinə, sıxıb onların suyunu çıxardırıq, əzilmiş gənclik yetişdiririk.

“Yeni qurulan müstəqil Azərbaycanın bütün dövlət atributlarını – əlifbamızı, himnimizi, bayrağımızı bu əllərimlə hazırlamışam”

– Firudin müəllim, bizdə elmin yox səviyyəsində olduğunu iddia edənlər var. Bu iddia ilə razılaşırsızmı? 

– O ölkə inkişaf edir ki, elmə sərmayə qoyur. Bu ən qiymətli sərmayədir. Bizim təhsil sistemi nə gündədirsə, elm də o gündədir. Elmdə geriləmənin ilk səbəbi təhsildən gələn zəiflikdir. İkinci, akademiya sistemində olan rəhbərlikdir. Onlar yerində olmayan adamlardır. Nə vaxt ki, akademiyanın başında yaxşı rəhbər olub, elm inkişaf edib. Məsələn, Yusif  Məmmədəliyevin vaxtında… Digər səbəb odur ki, büdcədə elmə az vəsait ayrılır. Bir də gənclərdən tələb edilən sənədlər, prosedurlar onları bezdirir. Bu maneələr də vaxtilə mənim yaratdığım Ali Attestasiya Komissiyası tərəfindən edilir. Təsəvvür edin ki, mən nə hisslər keçirirəm.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın