Cümə , Oktyabr 22 2021
Ana səhifə / Dünya / Dünənki çöküşdən çıxarılan dərs: – “Azərbaycanın öz milli sosial şəbəkəsi olmalıdır”

Dünənki çöküşdən çıxarılan dərs: – “Azərbaycanın öz milli sosial şəbəkəsi olmalıdır”

Dünən axşam saatlarında bütün dünyada sosial şəbəkələrin fəaliyyətində problem yarandı.

Təxminən 7 saat ərzində “WhatsApp”, “Facebook”, “Instagram” kimi nəhəng sosial şəbəkə proqramları çökdü. Hətta bu, “Facebook” tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşdı, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirdi.

Qeyd edək ki, “Facebook”a bağlı proqramlarda yaranan bu nasazlıq daha sonra bütün sosial platformalara təsir edərək “domino effekti” yaradıb. Belə ki, “Twitter”, “Telegram”, “Amazon”, “YouTube”, “Netflix”, “Tinder”, “Viber”, “Snapchat”, “Zoom”, “Gmail”, “VKontakte”, “TikTok” və “Google” kimi şəbəkələrdə də müxtəlif vaxtlarda problemlərin yarandığı müşahidə olunub.

Sosial şəbəkələrdə yaranmış problem qlobal iqtisadiyya 500 milyon dollar ziyan dəyib. Həmçinin, “Facebook”un 1 oktyabr 967 milyard dollar olan bazar dəyəri, yaşanan qlobal çöküş səbəbiylə bir neçə saat ərzində 56 milyard dollar azalıb.

Dünənki qlobal problemlər internet təhlükəsizliyi məsələsini gündəmə gətirib. Bu kimi qəfil hadisələrdən təsirlənməmək üçün Azərbaycan öz sosial şəbəkəsini yarada bilərmi?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, sosial şəbəkələrdə yaşanan problemin Azərbaycana təsiri çox cüzi oldu:



“Bu problemin yaranmasının əsas səbəbi “Facebook” sosial şəbəkəsində baş verən nasazlıq olub. Ümumiyyətlə, iqtisadiyyatın müxtəlif formaları var və onlardan biri də internet bazarıdır. Müxtəlif sosial şəbəkələrdə, saytlarda və onlayn platformalarda insanlar satış edirlər. Bəzi insanlar “Facebook”-un daxilində olan onlayn satış platformasında ticarətlə məşğul olurlar. Müəyyən brend markalar isə öz reklamlarını “Facebook” üzərindən aparırlar. Dünənki proseslər iqtisadi cəhətdən birjalarda böyük şirkətlərin səhmləri aşağı düşməsinə səbəb oldu. Lakin yerli bazara demək olar ki, təsiri olmadı. Sadəcə olaraq, “Facebook”da aparılan bizneslərdə bir neçə saatlıq dayanma oldu.

Hazırda ortaya çıxan iqtisadi zərər sırf onunla bağlıdır. Yəni burada “Facebook” qrupunda gedən biznes məsələlərindən söhbət gedir. Buradakı alqoritma belə çalışır- normal şəraitdə edilən satış rəqəmləri günə bölünür, gün isə saata bölünür. Bunun nəticəsində hansı saatlarda nə qədər satış olduğunu görmək mümkün olur. Eyni zamanda, avtomatik olaraq müvafiq saatlardakı saatın ziyanının statistikası çıxarılır. Mahiyyət etibarilə, sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranması bank sektoruna və digər yerlərlə heç bir ziyan vurmur. Çünki problem internetdə deyil, sosial şəbəkələrdə idi. Bank sekoru isə “Facebook” üzərindən heç bir əməliyyat aparmır”.

Ekspert hesab edir ki, Azərbaycanın öz milli sosial şəbəkəsini yaratmasına ehtiyac var:

“Azərbaycanda 2015-ci ildə “MyDay.az” adlanan milli sosial şəbəkə yaradıldı və ona hər cür dəstək verildi. Hətta Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu şəbəkəyə sertifikat verdi. Həmçinin, çox sayda böyük biznes şirkətləri də o şəbəkədə öz kampaniyalarının reklamını apararaq hədiyyələr verirdi. Lakin təxminə 2 ilə yaxın fəaliyyət göstərə bildi. Çünki Azərbaycan kimi kiçik ölkələrdə sosial şəbəkənin dayanıqlı olması bir az aktual deyil. Azərbaycanda dəfələrlə cəhd olunmasına baxmayaraq, bu sahədə heç bir nəticə əldə olunmadı.

Ümumiyyətlə, qlobal olmayan, az nüfuza malik yerli sosial şəbəkənin ayaqda qala bilməsi çox çətindir. Lakin hər bir halda ölkəmizdə milli sosial şəbəkənin olmasına ehtiyac var. Düşünürəm ki, bu, milli internet resursları baxımından çox əhəmiyyətlidir. Alternativ milli şəbəkə mütləq yaradılmalıdır. Hazırda Rusiya, Almaniya və Çin kimi ölkələr öz sosial şəbəkələrini yarada biliblər və hər birinin özünəməxsus xüsusiyyətləri var. Qlobal sosial şəbəkələr dayandığı zaman yerli bazarın ayaqda qala bilməsi üçün milli sosial şəbəkə olmalıdır”.

Həmçinin oxuyun

Türkiyə ilə İran arasında mühüm razılaşma imzalandı

İran İslam respublikasında səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu həmkarı Əhməd Vahidi ilə …