Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Disapor rəhbəri: “100 min dollara tədbir keçirirlər, 60 mininə salyut alıb havaya buraxırlar”

Disapor rəhbəri: “100 min dollara tədbir keçirirlər, 60 mininə salyut alıb havaya buraxırlar”

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Modern.az saytına müsahibə verib.
Musavat.com həmin müsahibəni təqdim edir:
-Hikmət bəy, necəsiniz, Ukraynadakı diaspor fəaliyyətiniz, işləriniz necə gedir?
-Yaxşıyıq. Ümumiyyətlə, işlərimiz də yaxşı gedir. Ona görə ki, bu gün Ukraynadakı mühit diaspor təşkilatlarının fəaliyyəti üçün çox münbit şərait yaradır.
Bizim fəallığımızın əsas göstəricilərindən biri də odur ki, təşkilatımızın bir çox məhsulları var və bunları da Ukrayna ictimaiyyətinə çatdırırıq.
Son dönəmlərdə Ukraynada siyasi, ictimai və qeyri-hökumət təşkilatlarının fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Bir daha qeyd edirəm ki, bunun da əsəas səbəbi odur ki, Ukraynada buna çox gözəl şərait var.
Deyək ki, dünyanın bir çox ölkələrində Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərir, Ukraynada isə əsas fərqa ondadır ki, burada bizim çoxsaylı diasporumuz var.
– Bu günə qədər sizin təşkilatın ətrafında nə qədər azərbaycanlı birləşə bilib?
– Mətbuatda, eləcə də fəalların, siyasətçilərin çıxışlarında əfsuslar olsun ki, bəzi rəqəmlərdə şişirtmələr olur. Rəqəmlər, tədbirlərin sayı, təşkilatın üzvləri şişirdilir. Biz artıq o dönəmi keçmişik. Bu gün deyə bilərəm ki, təşkilatımızda 10 minlərlə, 100 minlərlə azərbaycanlı var, bu, belə deyil axı. Təşkilatımızın əsas işlərini görən onlarla azərbaycanlı bəs edir ki, ictimai prosesə və siyasi həyata təsir edə bilək.
Ukraynaya yeni gəlmiş azərbaycanlı belə bizim təşkilatımıza müraciət edə bilir. Amma biz onlara sual vermirik  ki, siz  nə zamandan Ukraynadasınız, başqa diaspor təşkilatının üzvüsünüzmü, bizim tədbirlərdə iştirak edirsiniz ya yox?
Yəni biz soydaşlarımıza  bu cür suallar  verərək  təşkilata üzv etmirik. Hər bir halda çalışırıq ki, azərbaycanlıları qəbul edib onların diaspor işimizdə fəaliyyətini təmin edək.
– Açıqlama vermişdiniz ki, Ukraynadakı azərbaycanlı oliqarxlar, iş adamları Azərbaycan diasporunun fəaliyyətində maraqlı deyillər. Sizcə niyə belədir və bu münasibət hələ də qalırmı?
– Xaricdə  yaşayan imkanlı iş adamları  adlandırılan  azərbaycanlılar çoxdur. Ancaq söhbət əsl biznesmenlərdən gedir. Bu biznesmenlərin də diaspor işinə maraqları yoxdur. Təəssüf ki, bu faktdır.
Lokal olaraq Azərbaycan sərhədləri içərisində yaşayan azərbaycanlılar deyə bilər ki, Azərbaycan diasporu  birdir,  hər şey çox gözəldir. Amma əslində bu belə deyil. Ona görə ki, xaricdə yaşayan azərbaycanlılar, iş adamları hər hansı təşkilata  maraq göstərməmişdən öncə beynində düşünür ki, “bu təşkilat mənim istədiyim hansı işləri görür, mənim üçün nə edir?”, “bu təşkilat mənim istədiyim hansı layihələri həyata keçirə bilər?”
Söhbət burada şəxsi yox, milli maraqlardan gedir. Ona görə də azərbaycanlı iş adamlarının çoxu bir müddət var idi ki, ümumiyyətlə gözə girmək istəmirdilər. Yəni iş adamlarımız  maraqlı deyildilər ki, onların biznesi haqqında, xaricdəki işləri haqqında Azərbaycanda xəbərdar olsunlar. O mənada nəinki diaspora yaxınlaşmırdılar, deyərdim ki uzaq gəzirdilər. Təbii ki, bu gün də belə bir tendensiya var.
Bunun qarşısını almaq yox, həmin azərbaycanlı biznesmenləri əməkdaşlığa cəlb etmək üçün işlər görmək lazımdır. İlk növbədə xaricdə onların hüquqları qorunmalıdır. Təşkilat olaraq Ukrayna ictimai-siyasi həyatında hansısa rola və ciddi nüfuza malik olmalıyıq. Yoxsa ki, diaspor təşkilatı adını yalnız vizit karta yazıb paylamaq xatirinə, 2-3 nəfərin yaratdığı və olduğu təşkilata hansısa biznesmenlərin  maraq  göstərməsi  mümkün  deyil.
Biz o cür təşkilatlara veto qoya bilmərik. Hər halda bu ümumi prosesə mənfi təsir göstərir. O qədər cılız hadisələr baş verir ki, bu da insanlarda qıcıq yaradır.
Məsələnin ikinci tərəfi də var. İş adamlarının ayırdıqları maliyyədən əlavə gərək beyninin də məhsulu olsun. Adam var ki, tədbir keçirtmək üçün 100 min dollar xərcləyir. Bu pulun 60 min dollarına salyut alıb havaya buraxır, 20 min dollarına Azərbaycandan  xanəndə gətirir, qalan 20 min dollarına isə qonaqlıq verir.
Adam da var ki, 100 min dollara Azərbaycan gerçəkliklərini Ukrayna ictimaiyyətinə çatdırmaq üçün efir vaxtı alır. Əgər 4 Ukrayna televiziyasında Azərbaycan  haqqında  materiallar, verilişlər gedirsə  bu daha effektlidir, nəinki 60 min dollara havaya salyutlar buraxmaq.
Elə də olub ki, Ukraynada bir azərbaycanlı biznesmen problemi ilə bağlı UABD-nin mərkəzi qərarqahına ilk dəfə gələndə deyib ki, Kiyevdə Azərbaycanlıların bu cür diaspor mərkəzinin mövcudluğundan, bu qədər işlər görülməsindən illərdir xəbərsiz olduğundan utanc hissi keçirir.
 – Bildiyimizə görə, sizin də Ukraynada diaspor işindən əlavə biznesiniz var. Özünüzü iş adamı, biznesmen hesad edirsinizmi?
– Mən orta səviyyəli bizneslə məşğulam.
– Müstəqilliyimizin bərpasının 25 ili tamam oldu. Sizdən başqa Ukraynada bir çox diaspor təşkilatları, rəhbərləri də var. Bu illər ərzində nəyə görə Ukraynadakı diaspor təşkilatları bir ad altında, bir yerdə birləşmir?
– Ötən əsrin 90-cı illərinin əvvəllərində Ukraynada yaranan  diaspor  təşkilatının adını  Konqres  qoydular. Təşkilatın adının əslində o qədər də mahiyyəti yoxdur. Çünki ad Dünya Azərbaycanlılarının Konqresi, Parlamenti, Assambleyası, Birliyi və digər formalarda ola bilər.
Həmin dövrdə  yeni  müstəqillik qazanmış dövlətin xaricdə yaşayan nümayəndələri  birlik  nümayiş etdirmək istədilər. Əslində üzdə  bir olsaq da həmin dövrdə bütün konfranslarda bölünmə var idi.
Amma bizim dövrümüzdə bölünmə olmayıb. Daha doğrusu biz nəyisə bölməmişik. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Ukraynada bütün vilayətlərdə bölmələrini açdıqdan və müstəqil təşkilatları birləşdirdikdən sonra Ədliyyə Nazirliyindən Ümum Ukrayna İctimai Təşkilatı statusunu alıb.
Biz hansısa təşkilatı bölüb başqa bir təşkilat yaratmamışıq. Kağız üzərində olan və hətta sədri belə olmayan, Məclisi belə toplanmayan təşkilatın aktiv üzvlərini toplayıb təşkilat yaratmışıq.
Vaxtı ilə Ukraynada diaspor  sahəsində  monopoliya yaradılmışdı. Deməli, Ukraynanın  hansısa  vilayətində faktiki fəaliyyət göstərən təşkilat kənarda qalmışdı, Konqresin hansısa nümayəndəsi deyirdi ki, “burda mənəm, Bağdadda kor xəlifə”.
Deyirdilər ki, Bakıdakı tədbirə mütləq mən getməliyəm. O dövrdə guya bu onlar üçün  qlobal bir  dövlət siyasəti idi.  Bu məsələyə beynəlxalq hüquq normalarından  baxsaq biz Azərbaycanda deyil, Ukraynada qeydiyyatdan keçmiş təşkilatıq. Xaricdəki dövlətdə qeydiyyatdan keçmiş təşkilatın daxili işlərinə qarışmaq elə həmin dövlətin daxili işlərinə qarışmaq deməkdir.
Dövlətimizin və Prezidentimizin digər ölkələrlə qurduğu xalq diplomatiyasına hamı normal baxır. Yəni Ukrayna demir ki, nəyə görə sizin Diasporla İş Üzrə Dövlət Komitəsi bizim təşkilata qarışır. Siz təsəvvür edin ki, xaricdə gedən proseslər, Azərbaycana qarşı basqılarla bağlı jurnalistlərdən ibarət təşkilat yaradılır. Tələb qoyulur ki, 10 media orqanı ayrı-ayrılıqda yox, birlikdə eyni iş görsün. Siz Azərbaycandakı  saytların  birlikdə bir yerdə, bir ofisdə toplanaraq bu işləri aparmasını necə düşünürsünüz?
– Axı media, saytlar bazar iqtisadiyyatının tərkib hissəsidir. Diaspor isə biznesin bir qolu deyil. Saytlar hansı istiqamətlərdə, kimlərinsə təsirləri altında mübarizə aparsa da öz maliyyə, reklam maraqları olur. Bəs, diasporun hansı maraqları ola bilər?
–  Sizinlə razıyam. Diasporun  maliyyə maraqları olmasa da mənəvi ehtiyacları var. Tutaq ki, Ukraynada parlament seçkiləridir. Bu seçkilərdə bizim diaspor təşkilatı  hansısa namizədin, partiyanın yanındadır. Belə olan halda həmin şəxs və ya partiya qələbə çalandan sonra mütləq onu dəstəkləyən diaspor qurumunun yanında olacaq.
Hansısa partiyanın, namizədin gələcəkdə bizə dəstəyi üçün bu şərtdir. Hansısa millət vəkilləri Radaya üzv seçilirsə, seçki zamanı göstərilən dəstəyə görə fəaliyyəti dövründə mütləq qarşılıq verir. Yaxud da gələcəkdə bizim təşkilatdan kimlərinsə deputatlığa namizədliyinin irəli sürülməsi təmin olunur.
Biz Ukraynadakı hər hansı siyasi partiyanın apardığı işi və Azərbaycana qarşı münasibətini dəyərləndirib ona dəstək veririk.
– Belə hallarda – yəni “diaspor təşkilatının hansı partiyanı dəstəkləyəcəyi ilə bağlı qərarı” kim verir? 
–  Əvvəla onu xüsusi vurğulayım ki, belə bir qərarı diaspor rəhbəri olaraq Hikmət Cavadov verə  bilməz. Bu qərarı təşkilatın  İdarə Heyəti verir,  biz bütün məsələləri birlikdə müzakirə edirik. Bir məsələni xatırladım: Mən Maydan Hərəkatında çıxış edən zaman da öz adımdan bəyanat vermədim, təşkilatın bütün üzvləri, İdarə Heyəti, vilayət rəhbərləri adından danışdım.
Bir sözlə, çalışırıq ki, hər şey nizamla olsun. Elə bir sistem qurmağa çalışırıq ki, təşkilat və diaspor fəaliyyəti, fərdlərdən, şəxslərdən asılı olmasın. Biz sabah diaspor fəaliyyətindən geri çəkildikdən sonra bu sistem yenə də çalışsın.
– Müsahibələrinizin birində qeyd etmişdiniz ki, Ukrayna Azərbaycanlıları Konqresinin Nizamnaməsində 7 il Ukraynada yaşayan bir azərbaycanlının Azərbaycan adında diaspor təşkilatı qura bilməsi göstərilib. Belə yanaşmalar, tendensiyalar, təşəbbüslər Ukraynadakı Azərbaycan diaspor təşkilatları, azərbaycanlılar arasında bu gün də qalıbmı?
– Təəssüflər olsun ki, bu gün Ukraynada hələ də kağız üzərində qalan və özünü “Azərbaycanın diaspor təşkilatı” adlandıran təşkilat var. Bu Ukrayna Azərbaycanlıları  Konqresidir  (UAK). Təşkilatın sədri də yoxdur. Konqres Ədliyyə Nazirliyindən də qeydiyyatdan keçib. Deməli, Məclis üzvlərinin və İdarə Heyətinin qərarı olmadan keçirilməsi mümkün olmayan ali orqanı – konfransı keçirmədən və ya məhkəmə qərarı olmadan ictimai təşkilatı ləğv etmək də olmaz.
Bir neçə il əvvəl inhisarçılıq yaratmaq üçün Ukrayna qanunvericiliyinə zidd olaraq UAK-ın Nizamnaməsinə belə bir maddə əlavə etmişdilər: “Ukrayna Azərbaycanlıları Konqresinin sədri ən azı 7 il Ukrayna vətəndaşlığı olan şəxs olmalıdır”.
Bu o deməkdir ki, sabah siz Ukraynaya köçmüsünüz və hər kəslə konstitusion hüquqlarınız eynidir, amma 7 il vətəndaş deyilsinizsə  sədr ola bilməzsiniz.  Amma Ukraynada  bütün  təşkilatların Nizamnamələrinin birinci maddəsində belə yazılır: “Bu sahədə fəaliyyət Ukraynanın qanunlarına, Konstitusiyasına və vətəndaşların birliyi haqqında qanununa zidd olmamalıdır”.
Həmçinin, Ukrayna vətəndaşlarının birliyi haqqında qanunda da göstərilib ki, Ukraynada ictimai təşkilatın sədri bu ölkənin vətəndaşı olmayan şəxs də ola bilər.
– Bəs, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) öz Nizamnaməsinə bu formada qeyri-qanuni bənd əlavə edərək Ədliyyə Nazirliyindən necə qeydiyyatdan keçə bilib?
– Belə formada qeydiyyatdan keçirilmiş təşkilatlar çoxdur. Bu təkcə bizimlə bağlı deyil. O zaman Konqresə seçkilər olanda mənə dedilər ki, seçkiyə qədər mütləq Ukrayna vətəndaşlığı  almalıyam. Amma mən imtina etdim, bildirdim ki, Ukrayna qanunları indiki halda da seçkilərdə iştirakıma imkan verir, ikinci bir tərəfdən hər hansı bir vəzifəyə görə öz vətəndaşlığımdan imtina etmək istəmirəm.
Bu həm hüquqi, həm də ideoloji baxımdan düzgün deyil. 2013-cü ilin yanvar ayının 1-dən qüvvədə olan yeni qanuna əsaslanan Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun nizamnaməsində bu cür məntiqə sığmayan maddələr yoxdur.
– Son zamanlar Ukraynada azərbaycanlıların öldürülməsi, qarət olunması ilə bağlı mediada tez-tez xəbərlər yayılır. Bu günlərdə Baş prokuror Zakir Qaralov da Ukraynanın Azərbaycandakı səfiri ilə görüşərək bu məsələləri müzakirə etdi. Siz bu barədə nə düşünürsünüz, Ukraynada, xüsusən də separatçıların daha çox olduğu Donetsk və Luqansk kimi vilayətlərdə azərbaycanlılarla bağlı nə baş verir?
– Bu yaxınlarda Kiyevdə, UABD-nin ofisində Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun rəhbəri, millət vəkili Rüfət Quliyevlə görüş keçirtdik. Bu görüşdə Azərbaycan Daxili İşlər Nazirliyinin Ukrayna səfirliyindəki nümayəndəsi Şahin Qocayev, Səfirin 1-ci katibi, diasporun  aktiv üzvləri də iştirak etdilər. Orada da deyildi ki, Ukraynada sona zamanlar oğurlananların sayı 25 nəfər səsləndirilir. Onların da 18 nəfəri Donetsk və Luqanskda müharibə gedən zaman separatçıların həyata keçirdiyi terror aktları zamanı dünyasını dəyişənlər və itkin düşənlərdir. Qalan 7 nəfər isə Kiyev və ətraf ərazilərdə, Xarkovda pul ödənilməsi qarşılığında, sifarişlərlə oğurlanan azərbaycanlılardır.
Daha çox bu tipli xəbərləri Azərbaycan mətbuatında oxuyuram: “Donetskdə azərbaycanlı iş adamını asıblar”. Düzdür, Ukraynada yaşayan hər bir soydaşımız bizim üçün əzizdir. Ancaq biz sonradan öyrənirik ki, bu adam heç iş adamı da deyilmiş. Kimlərsə sensasiya xətrinə bu məsələni şişirdir.
Artıq Ukrayna hüquq-mühafizə və prokurorluq orqanları da bu kimi faktlarla bağlı cinayət işlər açıb. Bu iş hazırda başda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev olmaqla, DİN-in nümayəndəsi Şahin Qocayevin nəzarətindədir. Şəxsən mən özüm də diaspor rəhbəri olaraq Ukrayna Daxil İşlər Nazirliyinə, Baş prokurora, milli təhlükəsizlik nazirinə müraciət etmişəm.
– Törədilən bu qətllər, talanlar təsadüfdür, yoxsa hazırlanmış kampaniya?
– Bu hadisələrin  birbaşa  azərbaycanlılara qarşı kampaniya olduğunu düşünmürəm. Çünki bu ölkənin Daxili İşlər Nazirliyində və Baş Prokurorluqda Ukrayna vətəndaşları  ilə yanaşı, digər ölkələrin də diaspor nümayəndələrinin öldürülməsi, oğurlanması ilə bağlı yüzlərlə fakt var.
Bildiyiniz  kimi, Ukrayna  Krım, Donetsk  və  Luqansk da daxil olmaqla 46 milyon əhalisi olan bir ölkədir. Son hadisələrdən dolayı 6 milyonu çıxsaq 40 milyon civarında əhalisi olan dövlətdir. Burada bu tipli cinayət hadisələri çox olur.
Müşahidələrimizə görə, adam oğurluğu Ukraynada Maydan hərəkatından sonra, yəni siyasi sistemin dəyişməsi ilə yaranmış  boşluqdan  çoxalan  prosesdir. Ölkənin bir tərəfində separatizm baş qaldırıb, mərkəzi hakimiyyət daha çox sabitliyin bərpasına çalışır.
Bütün hallarda biz də baş verənlərdən çox narahatıq və əlimizdən gəldiyi qədər belə hadisələrin təkrarlanmaması üçün həyəcan təbili çalır, soydaşlarımızı diqqətli olmağa çağırırıq.
– Hikmət bəy, açıqlama vermişdiniz ki, Ukraynada azərbaycanlılar özləri-özlərini oğurlayırlar. Həmyerlilərimiz niyə biri-birini oğurlasın ki?
– Əslində mən belə bir açıqlama verməmişdim, sadəcə olaraq suala cavab vermişdim. Mənim şəxsən tanıdığım adamlar var ki, onları azərbaycanlılar gəliblər oğurlamağa, amma hansısa səbəbdən bu, baş tutmayıb. Hətta bir yerdə elə olub ki, azərbaycanlı azərbaycanlını oğurlamaq istəyəndə mühafizəçisi onu tutub. Belə faktlar çoxdur.
Bilirsiniz, artıq bıçaq sümüyə dirənib. Hər gün şəxsən mənə adam oğurluğu ilə bağlı onlarla zənglər gəlirdi.
Biri deyir ki, özümə 3 mühafizəçi tutmuşam. Başqa birisi deyir ki, vəziyyətim pisdir, evdən çıxmağa qorxuram. Digəri söyləyir ki, mənə mühafizəçi tutmaqda kömək edin. Təsəvvür edirsiniz…
Tutaq ki, mənə və diplomatlarımıza qarşı oğurlanmaq təhlükəsi yoxdur, amma biznesmenlərə qarşı ciddi təhlükələr var.
Məsələnin digər tərəfi isə bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizələrinin  – müraciətlərin olmamasıdır. Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndələri  də  yerli mətbuata deyir ki, əgər oğurluq varsa, bəs, şikayət ərizələri hanı? Cinayət faktı varsa, ortada şikayət ərizəsi olmalıdır.
– Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıyır, separatçıları pisləyir və onların Ukraynaya qarşı olan ərazi iddialarını qəbul etmir. Azərbaycanın bu mövqeyinə görə Rusiyanın Ukraynadakı azərbaycanlıların qəsdən oğurlanmasında, öldürülməsində barmağı ola bilərmi?
– Bu gün təkcə Ukrayna-Azərbaycan münasibətləri yox, Ukraynanın digər dövlətlərlə də münasibətlərinin korlanmasında marağı olan ölkələr var. Qeyd etdiyiniz kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ukrayna  da  həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.  Bir sözlə, Ukrayna-Azərbaycan münasibətləri hər zaman isti olub.
Bu gün Rusiyanın baş verən bu proseslərdə rolu və təsiri nə qədərdir, onu konkret deyə bilmərəm, nədən ki, əlimdə fakt yoxdur. Düşünmürəm ki, Ukrayna-Azərbaycan münasibətləri soyusun deyə, Rusiya Ukraynada azərbaycanlıları oğurlatdırır və ya öldürtdürür. Belə düşünsək bu çox primitiv yanaşma olar.
– Bu günə qədər Ali Radaya, deputatlığa namizədliyinizi irəli sürmüsünüzmü, yaxud yaxın gələcəkdə bu ola bilərmi?
– Maydan hadisələrindən sonra mənə Ali Radaya üzv –  deputat seçilməklə bağlı “Udar” Partiyasından təklif gəldi. Bu partiya sonrada Pyotr  Poroşenkonun blokuna daxil oldu.
Ali Radada millətin səsi ilə seçilən istənilən deputata böyük hörmətimiz var.
Lakin mən bu təklifdən imtina etdim. Hazırda gördüyüm işlə özümü xalqıma, dövlətimə daha faydalı hesab edirəm.
Biz bu məsələni başqa cür görürük. Düşünürük ki, 450 deputatın içində 2-3 azərbaycanlı deputatın nə isə deməsindənsə 50 ukraynalı deputatın nə isə deməsi daha faydalıdır. Parlamentlərarası İşçi Qrupunun Ukrayna tərəfindən rəhbəri soydaşımız Roman Nəsirov idi. O, sonradan Ukraynada Dövlət Fiskal xidmətinin rəhbəri təyin olundu. İndi isə İşçi Qrupunun  rəhbəri Maksim Kuryaçiydir. Onun  rəhbərliyi ilə Ali Radanın nümayəndə heyəti ilə biz Azərbaycan Milli Məclisində olmuşuq. Eyni zamanda Azərbaycan tərəfdən də İşçi Qrupun rəhbəri Rüfət Quliyevin başçılığı ilə Ali Radada mühüm görüşlər keçiririk, münasibətlərimiz çox yaxşıdır.
–  Maydan hərəkatını dəstəkləyənlərdən olmusunuz. Maraqlıdır, o zaman sizə deputatlığa namizədliklə bağlı təklif gələndə qəbul etsəydiniz seçilə bilərdinizmi?
– Mən Ukrayna vətəndaşı deyiləm, amma daimi yaşayış iznim var. Ukrayna Ali Radasında 50 faiz majoritar, 50 faiz isə proporsional qaydada seçilir. Majoritar qaydada yerli seçici ukraynalını qoyub, hər hansı bir azərbaycanlıya səs verən deyil. İctimai-siyasi vəziyyətin indiki mürəkkəb halında bu heç mümkün də deyil.
Majoritar qaydada seçkilərdə biz bilirik ki, şansımız sıfır-bir arasındadır. Proporsional, yəni siyasi partiya və bloklarla seçkidə iştirak edən zaman isə konkret kriteriyalara cavab verməlisən. Birincisi, həddən artıq ictimai-siyasi fəaliyyətin, ikincisi isə maliyyə dayaqların möhkəm olmalıdır.
İndi biz deyirik ki, diaspor olaraq toplanaq və bir nəfərin namizədliyini irəli sürək, hamı da ona səs versin. Bu absurddur axı…
– Bəs Ukrayna hökuməti deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına pul ayırmır?
– Ukrayna hökumətinin ayırdığı pul namizədlərin özlərinin xərclədiyi puldan dəfələrlə azdır. Yəni qəpik-quruşdur…
 
– Qeyd etdiniz ki, təşkilatınızı yaratdığınız gündən maliyyə məsələlərini özünüz həll edirsiniz. Hətta diaspor təşkilatının ştat vahidində olan işçiləri, əməkdaşları da var. Yəqin ki, onlara da aylıq maaş verirsiniz. Bəs, bu maliyyə məsələlərini necə həll edirsiniz?
– Təşkilatın ayaq üstə qala bilməsi üçün mən və bizim təşkilatın ideyasına inanan soydaşlarımız kömək edirlər. Amma böyük hissəsini şəxsən özüm edirəm.
– Diasporla İş Üzrə Dövlət Komitəsi indiyə kimi sizə heç bir maliyyə ayırmayıbmı?
– Xeyr, ayırmayıb.
– Sizcə, niyə?
– Bu sualı Komitəyə versəniz daha yaxşı olar…
– Bu tipli sualları Diasporla İş Üzrə Dövlət Komitəsinə çox veririk. Amma Komitə dolayı yolla özlərinin kifayət qədər maliyyələrinin olmadıqlarını açıqlayırlar. Ancaq bir məsələdə var. Axı Diasporla İş Üzrə Dövlət Komitəsinin müəyyən ölkələrdə maliyyə ayırdığı diaspor təşkilatlarının olduğu da gizli deyil. Yəni niyə görə onlara pul ayrılır, amma sizə yox?
– Yenə təkrar edirəm, bunun səbəbini mən bilmirəm. Amma düşünürəm ki, Diasporla İş Üzrə Dövlət Komitəsi xaricdəki Azərbaycan diaspor təşkilatlarına fərqli yanaşaraq dəstək verməlidir. Yəni təşkilatların Azərbaycan dövləti, soydaşlarımız  üçün  nə qədər çalışdığını nəzərə alıb kömək etməlidir. Böyük vəsait tələb edən layihələr dəyərləndirilməli, aktuallığı nəzərə alınmalı, davamlılığı yoxlanılmalı və nəhayət şəffaf ekspertizadan keçməlidir.
Digər tərəfdən isə hesab edirəm ki, diaspor təşkilatları tam müstəqil olmalıdırlar. Müstəqil olmaqdan ötrü isə ilk növbədə maddi – maliyyə baxımdan heç kimdən asılı olmamalısan.
Sadəcə olaraq diaspor təşkilatları işlərini düzgün qurmalıdırlar. Hədəflərinə çatdıqdan sonra isə Diasporla İş Üzrə Dövlət Komitəsinin maddi dəstəyinə ehtiyacları olmamalıdır. Yəni təmənnasız, müstəqil fəaliyyət göstərərək Dövlətə, Millətə fayda verməli və fəaliyyət göstərdikləri ölkələrdə baş verən ictimai-siyasi proseslərə  müstəqil fikir bildirməlidir. Məsələn, biz Ukraynada baş verən hər hansı bir hadisəyə müstəqil münasibət bildiririk.
 
– Mərkəzi, Şərqi Avropa ölkələrində, Polşada, Macarıstanda və İtaliyada yeni yaranmış gənc diaspor təşkilatlarına hələ də maddi dəstək verilmir. Yəni bu ölkələrdə 1-2 ildir yaranan və  müəyyən işlər görən gənc diaspor təşkilatlarına bu günə  qədər  ümumiyyətlə maliyyə ayrılmır. Ancaq illərdir eyni qaydada pul ayrılan təşkilatlara yenə də hər il maliyyə ayrılır. Sizcə, bu nə dərəcədə ədalətlidir?
– Əlbəttə, biz də istəyərik ki, Diasporla İş Üzrə Dövlət Komitəsi yeni yaranan xaricdəki Azərbaycan diaspor təşkilatlarına maddi kömək etsin. Amma şəxsən bizim bu dəstəyə ehtiyacımız yoxdur. Ehtiyacımız yoxdursa, bu o demək deyil ki, görmək istədiyimiz işləri effektli şəkildə görə bilirik. Təbii ki, maddi dəstək olsa daha yaxşı olar.  Biri var 10 nəfər, bir də var 30 nəfərlik komanda ilə işləyəsən. Amma biz  heç  kimdən tələb etmirik ki, bizə maddi kömək etsinlər. Onsuz da hər şey  göz  qabağındadır.  Media – siz prosesləri bizdən də yaxşı görür və bilirsiniz. Bizim imkanımız olduğu qədər iş görürük.
Daha yaxşı olar ki, Dövlət Komitəsi heç bir təşkilata ya pul ayırmasın və ya tam əksinə, bütün təşkilatlara  gördüyü  işə  görə  pul  ayırsın. Hətta pulu olan təşkilatlar da maliyyə alsın və daha geniş miqyaslı işlər görsünlər. Onda da deyəcəklər ki, Hikmət Cavadov pul istəyir, pul davası edir. Hər bir halda biz işimizi görürük, müstəqil təşkilatıq, öz fikrimiz və seçimimiz var, bunun əsasında çalışırıq.
Diasporla İş Üzrə Dövlət Komitəsi ilə  biz yalnız  peşəkar səviyyədə münasibət qurmuşuq, ümummilli məsələlərdə biri-birimizi anlamağa çalışırıq. Dövlət  Komitəsi  ilə bizim münasibətlərimiz bura qədərdir, burdan o tərəfi yoxdur. Biz kiminsə diktəsi ilə oturub durmuruq.
Amma bu  o demək  deyil ki, dövlətimiz  bizdən  kənar dursun. Xeyr, əlbəttə, müəyyən məsələlərdə dövlətin məsləhətlərinə, tövsiyyələrinə  ehtiyacımız  olur.  Bu tövsiyələr  və  məsləhətlər fərdlərin korparativ maraqlarına xidmət edəndə isə biz də “sözə baxmayan” təşkilata çevrilirik. Başımız Ukrayna və Azərbaycan dövləti qarşısında ucadır. Biz bu işləri fərdlərə görə deyil, dövlətimiz, millətimiz üçün edirik. Dövlət də öz növbəsində işimizi hər zaman yüksək qiymətləndir.
– Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla münasibətləriniz necədir?
– Nazim İbrahimovu Azərbaycanın Ukraynadakı səfiri olanda tanımamışam. Cənab İbrahimovla Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri kimi münasibətlərimiz var.
– Sizcə, münasibətləriniz normaldır?
– Əlbəttə ki, münasibətlər normaldır. Bilirisiniz ki, Nazim İbrahimov diasporla işdən sorumludur, zəruri hallarda görüşür, məsləhətləşmələr aparırıq.
– Hikmət bəy, Ukraynada bir diaspor rəhbəri və orada yaşayan azərbaycanlı kimi ermənilərlə münasibətlər necədir?
– Ümumilikdə götürəndə Ukraynada ermənilərə münasibətlər çox pisdir. Biz isə onlarla hər zaman mübarizə şəraitində yaşayırıq. Həmişə üz-üzə gələndə mübahisələrimiz olur.
Yanukoviç prezident olan dövrdə ukraynalı millət vəkillərindən yaxın olduğum, dostluq etdiyim şəxslər təklif etdilər ki, ermənilərlə görüş keçirək. Mən də buna lüzum görmədim. Ukrayna deputatları mənə dedilər ki, necə ola bilər axı siz Ukraynadasınız, burada Dağlıq Qarabağ söhbəti ola bilməz. Mən də dedim ki, Vilen Şaftayanla (Ukrayna Erməniləri Birliyinin sədri) o zaman görüşərəm ki, Vilen tarixi ədalətdən danışsın və bəyan etsin ki, Qarabağ tarixi Azəbaycan torpağıdır.
Biz millətçi olmasaq da ermənilər bizim torpaqlarımızı işğal etdiyinə görə onları özümüzə düşmən bilirik. Şəxsən mənim atamın, babalarımın yurdu olan Zəngilan bu gün işğal altındadır. Babamın qəbri Zəngilandadır. Mən 1993-cü ildən babamın qəbrinin üstünə gedə bilmirəm. Mən necə ermənilərlə münasibət qurum?
Diaspor rəhbəri kimi ermənilərə münasibətim ancaq pis ola bilər. Ukraynada ermənilər bizə qarşı, biz də onlara qarşı mübarizə aparırıq. Bizim tədbirlərə onlar mane olur, ermənilər də tədbir keçirəndə biz mane olmağa çalışırıq. Çünki bu tədbirlərin əsas mahiyyəti biri-birimizə qarşı olur.
– İndiyə qədər sizin diaspor təşkilatının hər hansı bir üzvü olubmu ki, ermənilərlə dost və yaxud da hər hansı yaxın münasibətdə olsun?
– Bizim təşkilatın ideoloji xətti o qədər dəqiq və kəskindir ki, belə bir addım atan adam gərək özü  bizdən  uzaqlaşsın.  Deyək ki, hansısa bir Məmməd Aşotla filan yerdədir.  Biz Məmmədi düz yola çəkib, Aşotdan ayıra bilirik.
Adicə bir fakt deyim. Bir Azərbaycan restoranının administratoru erməni idi. Mən də bunu sonradan bildim. Restoranın azərbaycanlı sahibinə dedim ki, bizim yaxınlarımız, ailəmiz, sizin dostlarınız burada hər gün çörək yeyir, bu ermənini necə gətirib administrator qoymusan? O, məni anladı və sonradan həmin ermənini oradan uzaqlaşdırdı.
– Hazırda hüquq sahəsində elmi fəaliyyətiniz hansı istiqamətdə gedir?
– 2008-ci ildə hüquq sahəsində “Torpaq qanunvericiliyinin pozulmasına görə mülki məsuliyyət” mövzusunda elmi iş müdafiə etmişəm. 2009-cu ildə Kiyevdə elmi monoqrafiyam çap olunub.
2010-cu ildən Ukrayna  Elmlər Akademiyasının  Dövlət və Hüquq İnstitunun elmi içisi və doktorantıyam. Qismət olsa yaxın illərdə üzərində çalışdığım doktorluq dissertasiyasını müdafiə edəcəm.
– Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında sizcə sağlam rəqabət varmı?
– Mən bu məsələlərə bir az qlobal yanaşıram, kiçik intriqalardan qaçırıq. İstənilən halda diaspor özü bir ordudur. Əgər diaspor ordusu içərisində də bir çaxnaşma varsa, bu artıq düşmənin dəyirmanına su tökmək deməkdir. Ancaq hərdən də olur ki, diasporda da sanitar, təmizləmə işləri aparırıq.
Əlbəttə, hamı bir ola bilməz. Çünki orduda tabeçilik olsa da bizdə hər hansı bir formada tabeçilik yoxdur. Diaspora tabeçilik olmayan bir ordudur.
Ukraynadakı hansı dövlət və xalqların diasporları ilə əməkdaşlıq edirsiniz, bizə kimlərdən dəstək gəlir?
– İlk nöbvədə Ukraynada Azərbaycan diasporuna dəstək türklərdən gəlir. Polşa diasporunun da Azərbaycanla əlaqələri yaxşıdır. İsrail diasporunun da tədbirlərinə qatılırıq. Amma bizim öz milli maraqlarımız var. Öz maraqlarımız başqalarının maraqlı ilə üst-üstə düşməsə belə, elə edirik ki, gələcəkdə problem yaranmasın və neytrallığımızı qoruyuruq.
– Yanukoviçdən sonra Pyotr Poreşenkonun hakimiyyətə gəlməsi ilə Ukraynada yaşayan xalqların, xüsusilə də azərbaycanlıların həyatında, diaspor işində hansı müsbət irəliləyişlər oldu?
– Mən bu prosesləri Poreşenko ilə bağlamaq istəməzdim. Çünki Poreşenko olmasa idi, başqası olacaqdı. Azərbaycanlılar Ukraynada  öz vəziyyətlərini yaxşılaşdırmaq üçün özləri çalışmalıdırlar. Bu məsələdə prezidentdən aslı heç nə yoxdur, quruluşdan, siyasi idarəetmədən çox şey asılıdır. Ukraynadakı bu günkü idarəetməni Poroşenko özü yaratmayıb.
Poreşenko Maydan hərəkatından sonra gəlib. Ukraynada ümumi vəziyyət yaxşıdır. Ora beynəlmiləl ölkədir. Ukraynada heç bir millətə fərq qoyulmur.
– Dünya Azərbaycanlılarının sonuncu Qurultayından sonra Ukraynada Dünya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin yaradılmasında sizinmi təşəbbüsünüz oldu?
– Xeyr, bu yalnız mənim təşəbbüsüm olmadı. Mərkəz Ukraynadakı diaspor fəallarının  təşəbbüsü  və  qərarı ilə yaradıldı. Dünya Azərbaycanlılarının sonuncu Qurultayında cənab Prezidentin verdiyi tapşırıqlardan sonra gördük ki, həqiqətən də bu gün  Dünya Azərbaycanlılarını əlaqələndirən, koordinasiya edən bir mərkəzə ehtiyac var. Söhbət şəxslərin koordinasiyasından getmir. Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının mən də üzvüyəm. Koordasiya  Mərkəzi sırf diaspor təşkilatları arasında əlaqələdirmə işini yerinə yetirəcək.
– Yaxın zamanlarda Dünya Azərbaycanlılarının Koordinasiya Mərkəzi ilə bağlı hansı yeniliklər olacaq?
– Yaxın günlərdə Avropada Azərbaycan diaspor təşkilatları ilə görüşlərimiz başlayacaq. Belə bir qərar qəbul etdik ki, Kiyevdə oturub hansısa təşkilatları koordinasiya  edə  bilmərik. Biz konkret iş görmək üçün bu təşkilatı yaratmışıq. Qərara  gəldik ki,  hər  bir təşkilatla yerində  görüşlər keçirək. Məsələn, Avropada olan Azərbaycan təşkilatları ilə birlikdə mövcud problemləri ortaya çıxaraq, onların düşüncələrini öyrənək və həllində addımlar ataq. Koordinasiya Mərkəzinin əsas məqsədi Ukraynadan kənara çıxmaqla diaspor təşkilarları ilə yaxından  işləməkdir.  Gələcəkdə təklif  olsa  biz təşkilatın ofisini Ukraynadan kənar yerə də dəyişə bilərik.
Hansısa ölkədəki diasporumuzla telefonla, sosial şəbəkələrlə danışmaqdansa gedib oradakı Azərbaycan  təşkilatları  ilə  yaxından görüşüb işləyək, onları dinləyək və bərabər hüquqlu münasibət quraq. Yəni, təşkilatların daxili işlərinə qarışmamaq və müstəqilliklərini qorumaq şərti ilə dünyadakı Azərbaycan diasporu ilə işləyək. Koordinasiya Mərkəzi ilə bağlı hələ açıqlamalar vermirik. İlk dəfə sizə bunları danışdım. Çünki biz əvvəlcədən danışmağı sevmirik, iş görüb sonra danışırıq. Sizi inandırıram ki, bu  görüşlər  qaçaraq, ayaqüstü toplantılar olmayacaq. Görüşlərdə təkliflər, qarşı tərəflərin istəkləri mütləq nəzərə alınacaq.
2014-cü ildə Bakıda Türk Şurasının toplantısında Nazim İbrahimov jurnalistlərə açıqlamasında söylədi ki, Azərbaycanın Rusiya və Ukraynadakı diaspor təşkilatları və bu ölkələrdəki azərbaycanlılar arasında fikir ayrılıqlarının olması labüddür. Komitə sədrinin bu açıqlamasından sonra mediada xəbərlər, yazılar getməyə başladı ki, Nazim İbrahimov Dövlət Komitəsinin sədri olandan dünyadakı Azərbaycan diaspor təşkilarları, azərbaycanlılar birləşmək, həmrəy olmaq əvəzinə daha da parçalanırlar. Sizcə, həqiqətənmi bu belədir?
– Əlbəttə ki, süni yaradılmış diaspor təşkilatları var. Ancaq etiraf edək ki, fikir ayrılığı  dünyanın  hər yerində, bütün sahələrdə  olur.  Bəzən insanlar düşünürlər ki, Nazim İbhrahimov və  Diasprola İş Üzrə Dövlət Komitəsinin Ukraynadakı Azərbaycan  diasporuna  böyük təsiri var. Xeyr, bu əsla belə deyil.
 28 oktaybrda Bakıda Dünya Azərbaycanlıları İş Adamlarının Forumu baş tutmalı idi. Hətta Komitə bu foruma hazırlıqlar aparırdı, Bakıya 30-dan çox dünya ölkəsindən 300-dən çox azərbaycanlı iş adamı qatılmalı idi. Amma nədənsə Forum başlamasına bir neçə gün qalmış təxirə salındı. Təbii ki, bu fakt mediada da birmənalı qarşılanmadı. Sizcə, Dövlət Komitəsinin canfəşanlıqla hazırlaşdığı forum niyə baş tutmadı?
– Düzü desəm Formun təxirə salınmasının səbəbləri barədə hər hansı məlumata malik deyiləm. Amma Formun təşkili ilə bağlı mənim öz subyektiv fikirlərim var. Düşünürəm ki, belə bir Formu təşkil etmək üçün ilk növbədə ciddi iş aparmaq lazımdır. Bilirsiniz ki, iş adamlarının hər bir saatı çox qiymətli və dəyərlidir. Onlar işlərini, görüşlərini, səfərlərini 3-4 ay əvvəl planlaşdırırlar.
Hesab edirəm ki,  keçirilməsi nəzərdə tutulan Foruma  daha diqqətlə yanaşılmalıdır. İş adamlarına  demək ki, toplaşın gəlin Bakıya, 3 gün sizə qonaqlıq, konsert verək,  sonra  çıxın gedin, bu mənasızdır. Azərbaycan naminə hansısa iş adamları Bakıya  gələ bilər. Amma bunları öncədən normal şəkildə planlaşdırmaq lazımdır. Yəqin elə bu və ya digər səbəblərə görə də Komitə Forumu təxirə saldı.
 
– Deyəsən, siz də Foruma qatılmaq məqsədi ilə Bakıya gəlmişdiniz…
– Xeyr, mən bir az əvvəldən Bakıdaydım. Daha  doğrusu, Türk Şurasının İstanbulda keçirilən tədbirində iştirak etmək üçün Ukraynadan çıxmış, oradan isə yenidən vətənə dönmüşəm.
– Ukraynadan Foruma dəvət olunan azərbaycanlı iş adamlarını tanıyırdınızmı?
– Bəli, Ukraynadan kimlərin dəvət olunduğunu bilirdim. Amma biz təşkilatımızdan heç kimin adını Dövlət Komitəsinə vermədik. İstəyənlər olsa da vermədik.
– Niyə təşkilatınızdakı iş adamlarının siyahısını Foruma təqdim etmədiniz?
– Ona görə vermədik ki, sabah siz jurnalist  kimi mənə  belə  bir sual ünvanlayardız: “Foruma qatılan sizin iş adamları nə işlə məşğuldurlar? Hansı sahələrdə biznesləri var?”
Mən axı sizin gözünüzün içinə dik baxıb bu suallara cavab verməliyəm. Mən nə deyim? Deyim ki, bazarda 3 köşkü var? Siz də sual verəcəksiniz  ki, 3 köşkü olan iş adamı sayılır?
Ayıb olmasın, axı söhbət  iş adamlarından gedir. Hansı ki, onlar ölkəmizə investisiya qoymaq, iş yerləri açmaq gücünə sahib olsunlar. Ona gərə də biz “olsun, elədik” xatirinə iş görmürük.
– Krımda, Luqansda, Donetskdəki separatçılara qarşı hərbi əməliyyatlarda azərbaycanlılar da iştirak edirlərmi?
– Əlbəttə ki, var. “Balu” ləqəbli İlqar Bağırov, Yolçu adlı azərbayucanlı ilk dəfə separatçılara qarşı döyüşlərdə şəhid olmuş soydaşlarımızdır.
“Baqira” ləqəbli döyüşçümüz, Vidadi adlı azərbaycanlı komandirimiz də var. Onlar bizim ofisimizə tez-tez gəlir. Hətta Vidadinin vasitəsilə əməliyyat zonasında Ukrayna ordusuna kömək də edirik.
Onlarla münasibətlərimiz normaldır. Ukrayna Milli Qvardiyasından bizə təşəkkür məktubları da gəlib. Biz bunu reklam üçün demirik. Orada vuruşan əsgərlər də görür ki, onlara bu dəstəyi Azərbaycan diasporu edir.
– Bəs qarşı tərəfdən, Rusiya cəbhəsindən Ukraynaya qarşı vuruşan azərbaycanlılar varmı?
– Bu istisna deyil, ola bilər.
– Azərbaycandan siyasi motivlərə görə Ukraynaya mühacirət etmiş azərbaycanlılar sizin diaspor işinizə töhfə vermək üçün müraciət ediblərmi? Yəni Ukraynadakı azərbaycanlı siyasi mühacirlərə sizin diasporun qapıları açıqdırmı?
– Bizim Ukraynadakı diaspor təşkilatının qapıları hər bir azərbaycanlının üzünə açıqdır. Çünki, UABD Ukraynada yaşayan, çalışan hər bir azərbaycanlının təşkilatıdır. Dəfələrlə olub ki, siyasi baxışları şəxsən mənimlə üst-üstə düşməyən azərbaycanlılar bizim tədbirlərə qatılıb. Biz bunu normal qarşılayrıq, çünki hərənin öz həqiqəti var.
 
– Təşkilatınıza üzv olanlar arasında Azərbaycandan gələn siyasi mühacirlər varmı?
– Bu günədək “mən siyasi mühacirəm” deyib UABD üzvü olmaq istəyən azərbaycanlı  görməmişəm.  Digər tərəfdən, biz hər yoldan keçən azərbaycanlını da təşkilata üzv qəbul etmirik, üzvlük məsələsi çox ciddi araşdırılır. Bəlkə elə müraciət edən azərbaycanlı axtarışda olan cinayətkardır. Axı biz təşkilata üzv olan şəxslərə həm də vəsiqə veririk.
Maraqlanırıq, öyrənirik. Amma əsas məqsədimiz odur ki, bütün hallarda xaricdə yaşayan azərbaycanlıların işinə töfhə verək.
 
– Ukraynaya oxumağa gələn azərbaycanlı tələbələrə kömək edə bilisinizmi?
– Əlbəttə, çalışırıq hüquqi yardım göstərək, qarşılaşdıqları pöroblemləri həll edək. Yəni müraciətləri heç vaxt geri çevirmirik. Amma bəzi məsələlər də var ki, bizdən asılı deyil.
Məsələn, bu yaxınlarda Bakıdan ofisimizə bir qadın gəldi ki, bəs, oğlumun Kiyevdə universitetə qəbul olunması üçün Bakıda filan şirkətə bu qədər pul ödəmişəm, amma 1-ci kursdan övladımı universitetdən qovublar.
Deyir ki, getmişəm dekanın yanına, bəlli olub ki, Bakıda pul verdiyim şirkət universitetə pul ödəməyib. Baxın, belə vəziyyətlərdə biz Ukraynada heç nə edə bilmirik.
Maddi yardımlarla bağlı təşkilata müraciət edən azərbaycanlılar olurmu?
– Bəli, olur. Elə soydaşlarımız var ki, qalmağa, getməyə, yaşamağa pulu, yeri yoxdur. Biz onlara kömək edirik. UABD-nin İdarə Heyətinə  üzv olan tanınmış insanları işə cəlb edirik, problemi aradan qaldırırıq. İş adamlarına da zəng edəndə fərdi formada kömək edənlər olur. Yəni onlar heç bir halda diqqətdən kənarda qalmırlar.
Bu yaxınlarda Ukraynada  bir azərbaycanlı gəlib bizə dedi ki, onu ermənilər sıxışdırır. Təbii ki, bizdə də bu məsələlərlə məşğul olan adamları, bacarıqlı  üzvlərimizi və  hüquqşünasımızı  göndərdik. Araşdırmadan sonra məlum oldu ki, bu azərbaycanlı erməninin əli və köməyi ilə digər azərbaycanlını Ukraynada qeydiyyata salmaq istəyirmiş. Erməni də bunun pulunu alıb və geri verməyib. O biri azərbaycanlı da düşüb bu azərbaycanlının üstünə ki, pulumu almısan işimi gör. Bu da gedib erməninin üstünə, erməni də bunu döyüb.
Mən də ona deyirəm ki, ay həmyerli, bizim ofisdə pulsuz xidmət göstərən hüquqşünas var, axı siz niyə gedib erməniylə işi pulla gördürürsüz? Mənə deyir ki, o erməni bir neçə adama sənəd düzəltmişdi. İndi biz nə edək? Deyək ki, siz də gedin ermənini döyün? Sonra da ermənilər bağırsınlar ki, Azərbaycan diasporu bizə hücuma keçdi. Belə hallar da olanda yoluna qoyuruq.
Bəzən də elə soydaşımız olur ki, dünyasını dəyişir, axtarıb görürsən ki, heç kimi yoxdur, belə olan halda cənazəsini Azərbaycana göndərilməsinə kömək edirik.
– Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyi ilə münasibətləriniz  necədir? Ümumiyyətlə, bu gün onlar Ukraynada hansı işlər görürlər?
– Bizim onlarla münasibətlərimiz yalnız şəxsi səviyyədədir. Təşkilatlararası münasibətlər yoxdur. Bu da ondan irəli gəlir ki, hələ hər hansı bir layihədə onlarla qaşılaşmamışıq. Bizim bir devizimiz var: “İş görək!”
Bəzən səhv edib kimləsə tanış olursan, sonradan qısqanclıqla, plagiatla qarşılaşırsan. Bunların hamısı iş görəndə olur. Elə təşkilatlar var ki, heç bir iş görmürlər, nümayəndələri, rəhbəri ancaq vizit kart paylamaqla məşğul olurlar.
– Ukraynanın keçmiş səfiri Eynulla Mədətli ilə bağlı Sizə qarşı da müəyyən ittihamlar səsləndirilirdi…
– Eynulla Mədətli Azərbaycanın Ukraynadakı səfiri idi, mənə ona görə dəstək verirdi ki, biz iş görürdük. Səfirliyin işlərinə dəstək verirdik.  Kimlərinsə məni o zaman səfirlə bir yerdə daha çox görüb müəyyən söhbətlər çıxarmalarına isə normal baxıram.
Bəs Azərbaycanın Ukraynaya təyin olunmuş yeni səfiri ilə münasibətləriniz necədir?
– Yeni səfirimiz Azər Xudiyevlə Ukraynaya gələndən sonra tanış olmuşuq, təəsüratım çox əladır. Mən eyni zamanda Türk Şurasının Kiyev nümayəndəliyinin rəhbəriyəm. Səfir Azər Xudiyev də bu yaxınlarda Türk Şurasının bizim ofisimizdə təşkil olunan tədbirinə qatılmışdı. Yüksək səviyyədə münasibətlər qurmuşuq.
Biz səfirliyimizə dəstək oluruq, səfirliyimiz də yəqin ki, bizə dəstək olacaq. Yeni səfirlə də Azərbaycan naminə işlər görməyə hazırıq.
– Hikmət bəy, sonda oxucularımıza nə demək istəyirsiniz?
– Sizin timsalınızda bütün Azərbaycan mediasına təşəkkür edirəm. Azərbaycan mətbuatında  peşəkar  jurnalistlər  ordusu  formalaşıb. Sözün  əsl mənasında biz hər zaman diqqət mərkəzində  saxlayırsınız. Çünki, diqqət olanda çox məsuliyyətli oluruq.
Xahişim isə odur ki, Ukrayna ilə bağlı hər hansı məlumatı səfirliklə, diasporla əlaqə saxlayıb dəqiqləşdirəndən sonra yaysınlar. Əks təqdirdə yayılan dezinformasiyadan biz çox narahat oluruq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın