Ana səhifə / Dünya / Deputat Alyona Arşinova: “Mən neft pullarını başqa cür xərcləyərdim”

Deputat Alyona Arşinova: “Mən neft pullarını başqa cür xərcləyərdim”

Nəhayət, bu da Moskvaya ezamiyyətimiz çərçivəsində aldığımız müsahibələrin sonuncusu…

Həmin müsahibə fəal deputatlardan biri, gözəl siyasətçi, gənclərin xarizmatik lideri və əlbəttə ki, təkcə Dövlət Dumasının dəhlizlərində yox, ümumən bütün Moskva küçələrində rast gəldiyimiz ən cazibədar xanımların birindən götürülüb. O, şübhəsiz ki, özündə rus xanımlarının zahiri gözəlliyi ilə zəngin daxili aləminin vəhdətini təcəssüm etdirir.

Dövlət Duması Təhsil Komitəsinin sədr müavininin kabinetində bizi Alyona Arşinovanın özü qarşılayır. Vahid Rusiya Partiyasının funksionerlərindən və “Gənc qvardiya”nın lideri olan bu xanımın adı Rusiya siyasətinə bələd olanlara tanışdır.

A.Arşinova ilə söhbət bizdə böyük təəssürat oyatdı. Ona görə ki, bu gənc siyasətçi öz səmimiyyəti, açıq danışması və Rusiyanın bir çox problemlərinə tənqidi yanaşması ilə seçilir. Azərbaycandakı hakim partiyanın yeni funksionerini də belə görmək istərdik. Lakin təəssüf ki, bizim ölkəmizdə onun kimilər demək olar yoxdur.

Qeyd edək ki, A.Arşinova moskvalı deyil. Drezdendə (Almaniya) doğulub, Dnestryanı bölgədə böyüyüb. Elə orada da təhsil alıb. Sonra isə ictimai-siyasi fəaliyyəti onu Rusiyanın ali hakimiyyət dəhlizlərinə gətirib çıxarıb.

Beləliklə, virtualaz.org saytı sabahkı Rusiyanı idarə edəcək nəslin nümayəndəsi Alyona Arşinova ilə eksklüziv müsahibəni təqdim edir:

-Siz rusiyalı siyasətçilərin yeni nəslini təmsil edirsiniz. Rusiyanın gələcəyi sizin kimi adamların əlində olacaq. Ona görə də söhbətə əksər Rusiya deputatları, siyasətçiləri ilə müzakirə etdiyimiz məsələdən başlamaq istəyirəm: Rusiya Ukrayna böhranından sonra üzləşdiyi ağır vəziyyətdən necə çıxmağa hazırlaşır?

-Şübhəsiz ki, bu, ən aktual sualdır. Mən hakim “Vahid Rusiya” fraksiyasını təmsil edirəm. Ona görə də bu haqda danışmaq mənə digərlərinə nisbətən daha asandır. Doğrudur, biz beynəlxalq siyasət məsələlərinə dair danışanda bunu digər müxalif fraksiyalarla uzlaşdırır və ümumi mövqedən çıxış edirik.

Hökumət antiböhran proqramını inamla həyata keçirir. Duma komitələrinin sədrləri xüsusi hökumət komissiyalarının tərkibinə daxil edilib. Onlar böhrandan çıxış yolları aramaqla məşğuldur. Məsələn, təhsil naziri bilir ki, onun heç bir qərarı mənim diqqətimdən kənarda qalmayacaq, heç nə nəzərimizdən yayınmayacaq.

Sizin sualınıza siyasi və iqtisadi vəziyyəti təhlil etməklə cavab vermək olar. Qısaca belə deyim ki, bizim siyasi ambisiyalarımızla iqtisadi imkanlarımız arasındakı fərqə və ya uçuruma baxmayaraq Rusiya öz iqtisadiyyatına bel bağlamağa qərar verib. Məncə, biz siyasi ambisiyalarımzdan geri çəkilməməliyik, iqtisadi imkanlarımızı genişləndirməliyik.

-Amma razılaşın ki, iqtisadi imkanları yalnız texnologiyaları inkişaf etdirməklə genişləndirmək mümkündür. Qərblə yeni qlobal qarşıdurma şəraitində öz iqtisadiyyatını Qərb texnologiyaları olmadan inkişaf etdirmək Rusiyadan ötrü çox çətin olacaq, elə deyilmi?

-Şübhəsiz ki, bu, böyük problemdir. Axı biz əsasən Qərbdən avadanlıqlar alır və Qərb texnologiyasından yararlanırıq. SSRİ dağılandan sonra texnoloji baxımdan Qərbdən daha çox geridə qalırıq. Elmi-tədqiqatlara gəlincə isə Rusiyanın dünya elmindəki payı cəmi 0,3 faiz təşkil edir.

Təhsilə gəlincə isə mən hazırda təhsil sahəsinin maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitinin həcminin azaldılmasına yol vermək istəmirəm. Biz iqtisadi biliklər əsrində yaşayırıq. Ona görə də təhsilin inkişafına daha çox pul qoymaq lazımdır. Bizim hökumətlə və Təhsil Nazirliyi ilə müntəzəm münaqişələrimiz yaranır. Çünki biz əksini istəyirik, təhsilə ayrılan xərclərin artırılmasını tələb edirik.

Təhsil sahəsində islahat aparmaq üçün Çin təcrübəsindən fəal istifadə edə bilərik. Qarışıq təhsil sistemi yaradan Çin ən qabaqcıl texnologiya və metodologiyaları tətbiq edir. Təəssüf ki, bizdə hələ Çindəki inkişaf templəri yoxdur.

Hamı yaxşı başa düşür ki, inkişafa nail olmaq üçün sahibkarlara daha çox azadlıq verilməlidir. Onların vergi yükü azaldılmalı, azad rəqabətə şərait yaradılmalıdır. Kənd təsərrüfatı, yüngül sənaye sahələri dirçəldilməlidir. Bir sözlə, görüləsi iş çoxdur.

Deputatlarla hökumət arasında bilirsinizmi niyə tez-tez anlaşılmazlıqlar yaranır?! Çünki bizim gördüklərimizi onlar axıra qədər başa düşə bilmirlər. Bizdə bir partiyanın hökuməti yoxdur. Yalnız hökumətin başçısı partiya üzvüdür. Vahid Rusiya Partiyası ən zəruri islahatların həyata keçirilməsinin məsuliyyətini öz üzərinə götürməlidir.

-Siz təhsilə ayrılan büdcə vəsaitinin azaldılmasına qarşı çıxırsınız, amma əksi olub. Bu vəsait hər halda azaldılıb…

-Bəli, təxminən 10 faiz azaldılıb. Hələlik müəllimlərin maaşını kəsməyiblər. Ümid edirəm ki, bu, baş verməyəcək. Amma buna federal hökumət yox, federasiyanın subyektləri məsuldur. Bu günlərdə Voronej şəhərində idim. Orada müəllimlərin maaşının azaldılmasından söhbət gedə bilməz. Hətta əksinə, yerli hakimiyyət bunun qarşısını almaq üçün yeni imkanlar axtarışındadır.

Yeri gəlmişkən, bizim Təhsil Komitəsində mən məktəbəqədər təhsil və uşaq bağçaları məsələsi ilə məşğulam. Bu problemlə partiyamızda da məşğulam. Partiyamızda uşaq bağçaları ilə bağlı xüsusi proqram hazırlanıb. Əvvəllər bizim məktəbəqədər təlim-tərbiyə və təhsil sahəsində ciddi problemlərimiz var idi. Əvvəllər bu sahənin heç özü də yox idi. İndi isə bu sahəni təhsilin ayrıca pilləsi səviyyəsinə qaldırmışıq. Bizdə uşaq bağçalarının maliyyələşdirilməsində heç bir kəsim, azalma, ixtisar yoxdur. Hər halda mən buna imkan vermirəm. Təəssüf ki, bizim ölkəmizdə hələlik siyasət hakim mövqedədir, şərtləri siyasət diktə edir, iqtisadiyyat yox. Beynəlxalq siyasi böhran Rusiyanı sanksiyalarla üz-üzə qoydu. Neftin qiyməti düşdü. Bu isə təkcə Rusiyadan yox, elə Azərbaycandan da ötrü çox həssas məsələdir.

-Məncə, daha neftə tam bel bağlamağa dəyməz…

-Əlbəttə ki, yox. Heç bir halda! Təəssüf ki, iqtisadiyyatın şaxələndirilməsindən çox danışılır, amma ölkənin xammaldan asılılığını hələ də etiraf etmək lazım gəlir.

-Son 10 ildə ekspertlər yaxınlaşmaqda olan böhranı görüb Rusiyanı iqtisadiyyatı şaxələndirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə çağırırdı. Lakin hökumət bu çağırışlara məhəl qoymadı. Nəhayət ki, həyat özü məcbur etdi…

-Hə, məcbur edir. Bu proses davam edir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafından danışmaq hələ tezdir.

Neft pulları erası arxada qaldı. Ölkələrimiz üçün çətin dövrlər başlayır…

-Bu pullar bəyəm asan qazanılırdı? İndi adamın ağlına gəlir ki, bu pullara sənaye sahələri qurmaq, fabrik-zavodlar açmaq, infrastruktur layihələrini həyata keçirmək olardı. Lakin neft dollarları Ehtiyat Fonduna toplandı, sonra da rublun kursunun sabit saxlanmasına xərcləndi. Mən başqa cür edərdim. Əgər başqa sahələrə görə məsuliyyət daşısaydım, başqa cür edərdim.

-Bəs sizin partiyada çoxları belə düşünürmü ki, nələrisə başqa cür etmək olardı? Onlar da sizin kimi düşünürmü? Son on ilin itirilmiş ümid və imkanlar onilliyi olduğunu qəbul edirlərmi?

-Mənim kimi düşünən həmkarlarım da var. Onlar da belə hesab edirlər ki, nəyisə haradasa başqa cür etmək olardı.

-Siz Vahid Rusiya Partiyası İdarə Heyəti yanındakı “Gənclər klubu”nun koordinatorusunuz. Uzun illər gənclər hərəkatına başçılıq etmişiniz. Rusiyalı gənclərin Rusiya-Qərb qarşıdurmasına münasibəti necədir? Onlar narahatdırmı?

-Gənclər narahatdır. Bununla belə Rusiya gəncləri prezidentin Krım məsələsindəki siyasi xəttini hərtərəfli şəkildə dəstəkləyir. Digər tərəfdən, Rusiyaya beynəlxalq təzyiqlərlə bağlı narahatlıq var. Rusiyanın Ukrayna siyasətini dəstəkləməyə heç də bütün dostlarımız hazır deyil. Əlbəttə, yaranmış vəziyyət hər bir gənc rusiyalını düşündürür. Onlar gələcəkdə necə yaşayacaqları barədə fikirləşirlər. Axı qiymətlər qalxır, maaşlar isə qalxmır, həyat səviyyəsi aşağı düşür. Bu da gəncliyi təbii ki, narahat edir. Baxmayaraq ki, gənclər belə şeylərə əhalinin digər təbəqələrindən fərqli olaraq daha nikbinliklə baxırlar. Axı onların həyatı hələ qabaqdadır.

-Bəs gənclər arasında narazılıq və etirazların baş qaldıracağını gözləmək olarmı? Axı gənclik istənilən cəmiyyətdə avanqard qüvvədir…

-Böyük ehtimalla gözləmək olar.

-Deməli, Vahid Rusiya Partiyası hadisələrin bu cür inkişafına da hazırdır…

-Vahid Rusiya Partiyası buna niyə hazır olmalıdır ki?! Məsələyə seçkiqabağı vəziyyət nöqteyi-nəzərindən baxsaq,- parlament seçkiləri isə 2016-cı ilin sonunda olacaq,- o zaman bizim partiya buna hazırdır və hazır da olacaq. Çünki müxalif qüvvələr də gənclərdən öz maraqları üçün istifadə etməyə çalışır. Müxalifət gənclər arasında etiraz ovqatını süni şəkildə qızışdırır, onları hakimiyyətə qarşı qoymağa çalışır. Gənclik protest elektoratının hazırlanması üçün ən münbit zəmindir. Müxalifətçilər belə hesab edir ki, gəncliyin itirəcəyi heç nəyi yoxdur, buna görə də o, ən müxtəlif siyasi avantüralara məruz qoyulub. 2011-ci ildə Bolotnaya meydanında baş verənləri yada salaq. Halbuki bu meydanda ən müxtəlif adamlar vardı. Burada yalnız radikal kütlənin cəmləşməsindən danışmaq düzgün olmaz.

-İtirilmiş imkanlar məsələsinə qayıdaraq diqqətinizi Rusiyanın təhsil sisteminin deqradasiyaya məruz qalması və “beyin axını” probleminə yönəltmək istəyirəm. Tənqidçilər bu haqda çox yazır. Uğur qazanan gənc insanlar Qərbə getməyə can atır. Rusiya hakimiyyəti bu prosesi necə, hansı yolla dayandırmaq barədə düşünür?

-Bu gün dünyada ən yaxşı ağıl sahibləri uğrunda mübarizə gedir. Ən yaxşı beyinlərin ABŞ-dan Avropaya, Avropadan Cənub-Şərqi Asiyaya və s. axını prosesi gedir. Bu, labüd prosesdir. Məsələn, son vaxtlar Hindistandan həddən artıq çox alim ABŞ-a gedir.

-Və onlar geri qayıtmırlar…

-Yox, yəqin haçansa qayıdırlar. Belə presedentlər də var. Rusiyaya gəlincə isə kimlərsə bizim ölkəni seçir, kimlərsə çıxıb gedir. Lakin dövlətin vəzifəsi odur ki, kadrların xaricə axışmasının qarşısını alsın. Çoxları belə hesab edir ki, onlar burada, Rusiyada öz bacarıq və istedadlarını açıb ortaya qoya bilmirlər. Ona görə də gedirlər. Məsələn, bu yaxınlarda mənim də bir dostum çıxıb getdi. O da belə düşünürdü. Hərçənd ki, mən onunla razı deyildim. Rusiyada yaxşı təhsil almaq üçün bütün imkanlar var. Sözsüz ki, SSRİ-dəki təhsilin səviyyəsini indiki Rusiyanın təhsili ilə müqayisə etmək çətindir. Burada Bolonya prosesinin də mənfi təsirini qeyd etməliyik. Pedaqoqların hazırlanması və onların səviyyəsinin yüksəldilməsi sahəsində də hələ çox iş görmək lazımdır. Axı Rusiya özünə məxsus olan çox şeyləri itirib. Biz qabaqcıl beynəlxalq praktikanın yaxşı elementlərini götürməklə öz məktəb təcrübəmizi saxlamalı idik.

İndi uşaqlar da, valideynlər də ağlaşır, inildəyir. Tənbəllər! Baxın, Rusiyada vahid dövlət imtahanı sistemi tətbiq olunub. Bundan da sadə və asan daha nə olmalıdır?! 2014-cü ildə 680 min məzun, universitetlərdə isə 600 min yer vardı. Demək olar ki, hamı ali məktəbə daxil olur, yəni dövlət təhsil almağa imkan yaradır, amma heç də hamı yaxşı oxumur.

-Təhsil ekspertləri isə vahid dövlət imtahanı sistemini bir ağızdan tənqid edib deyirlər ki, bu sistem istedadlı abituriyentlərin üzə çıxmasına imkan vermir…

-Razı deyiləm. Bu sistemi heç də hamı tənqid etmir. Məncə, sovet təhsil sistemini, o məktəbləri qaytarmaq lazımdır. Mən özüm SSRİ-də oxumamışam (A.Arşinova keçmiş sosialist Almaniyasında, Drezdendə anadan olub-red.), Dnestryanı bölgədə böyümüşəm. Mən klassik məktəbdə oxumuşam, lakin vahid dövlət imtahanını uğurla vermişəm. Üzümüzü vahid dövlət imtahanı sisteminə tərəf çevirməməliyik, köhnə sovet məktəblərinin bərpası barədə düşünməliyik.

Vahid dövlət imtahanı sistemi hər şeyi sadələşdirdi və Saratovdan, Vladivostokdan olan uşaqların da Moskva Dövlət Universitetinə daxil olmasına imkan yaratdı. Keçən ilədək dövlət imtahanları verilərkən xeyli pozuntu halı olurdu. Söhbət ondan gedir ki, tələbələr sualların fotosunu çəkib şəbəkə ilə bir-birinə ötürürdü, müəllimlərlə dil tapıb qiymət yazdırırdı. Sərt tədbirlər görüləndən (metalaxtaranlar, auditoriyalarda videomüşahidə sistemləri, ictimai müşahidəçilərin cəlbi və s.) sonra vəziyyət kökündən dəyişdi.

Bizdə cəmiyyətdə hələ də problemlər var. Valideynlər indi tapşırıqların ağır olmasından gileylənir. Amma onlar öz uşaqlarına yaxşı oxumağın lazım olduğunu izah etməyi unudurlar.

-Rusiyada dərsliklərlə bağlı vəziyyət necədir? Son vaxtlar dərsliklərin keyfiyyətindən çoxlu şikayətlər var…

-Bizdə dərsliklər pulsuzdur. Amma deməliyəm ki, sinifdənkənar oxu üçün tövsiyə olunan ədəbiyyatın siyahısı o qədər şəffaf şəkildə tərtib olunmur. Bu məsələni Təhsil Nazirliyi ilə müzakirə etmişəm. Bundan əlavə, mən elektron dərsliklərin tətbiqini təklif edirəm. Bu, regionların dərsliklərlə təmin olunmasına çəkilən xərcləri azaldardı. Sadəcə olaraq hər şeyə ağılla yanaşmaq və fırıldaqçılığa qarşı mübarizə aparmaq lazımdır. Təhsilin effektivlik səviyyəsi o zaman qalxar.

-Bəs sizdə uşaq bağçaları ilə bağlı vəziyyət nə yerdədir? Məsələn, bizim Təhsil Nazirliyi Bakıdakı bütün uşaq bağçalarının ərazisini çoxmərtəbəli binalar tikmək üçün tikinti şirkətlərinə satdı. İndi Bakıda pulsuz uşaq bağçası tapmaq çətindir…

-Bizdə də belə problem var idi. Lakin sizdəki kimi ciddi şəkil almamışdı. Bizdə uşaq bağçalarının binalarını satdılar. Biznes qurumları, firmalar, şirkətlər, hətta dövlət idarələri də o binalara yerləşdi. Lakin bu, onunla bağlı idi ki, bir vaxtlar uşaq bağçalarına gedənlərin sayı azalmışdı, bu binalar demək olar boş idi. Bu da öz növbəsində doğum səviyyəsinin aşağı düşməsi, demoqrafiya və miqrasiya problemləri ilə bağlı idi.

Vladimir Putin hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. O, milli layihələri həyata keçirməyə başladı. “Ana kapitalı” proqramı həyata keçirildi. Bum başladı. Uşaq bağçaları bir-birinin ardınca bərpa olundu. İnsanlar Putinə inandılar. Rusiyada sabitlik başlayan kimi doğum faizi də yüksəldi. Qadınlar 3-4 uşaq doğmağa başladı. Nəticədə uşaq bağçaları problemi yenidən gündəmə gəldi.

Biz indi yeni uşaq bağçaları tikirik. Məktəbəqədər təhsilin inkişafına 110 milyard rubl ayrılıb. Son iki il yarım ərzində uşaq bağçalarında 800 min yeni iş yeri açılıb. Dünya standartlarına cavab verən mükəmməl infrastruktur yaradılıb. Qanunlara edilən dəyişikliklərə görə, bizdə indi hətta iki aylıq körpələri də körpələr evinə vermək olar.

Biz “Uşaq bağçaları – uşaqlara!” proqramını çox yüksək səviyyədə icra etmişik. Məndən hərdən soruşurlar ki, bunları uşaqlara da etməyib kimə edəcəyik. Lakin bizim nəsil yaxşı bilir ki, uşaq bağçalarının kimlərsə üçün nəzərdə tutulduğu vaxtlar da olub. Rusiyalılar bizim bu qədər böyük problemləri çox qısa müddət ərzində həll edə bilməyimizdən məmnundur.

Virtualaz.org

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın