Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Çernobıl qəzaından 34 il ötür

Çernobıl qəzaından 34 il ötür

Əslində ötən il bu günlərdə – mayın 6-da – ekranlara çıxan “Çernobıl” miniserialı olmasaydı, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda bu faciə yenidən bu qədər yada düşməyəcəkdi. Çünki dünya artıq çox dəhşətli qəzalar yaşayıb və yaşamaqda davam etdiyi üçün indi Çernobılı xatırlayan azdır.

Lakin ABŞ və Böyük Britaniya (HBO televiziyası) istehsalı olan miniserial 34 il (serialın efirə çıxdığı 2019-cu ildə 33 il) əvvəl baş vermiş dəhşətli qəzanı bir daha, özü də çılpaqlığı, dəhşətlərini vizual olaraq göstərməklə təqdim etdi. Əslində, bu film insanlarda 1986-cı ildə Pripyat şəhərində və Çernobıl AES-də baş verənlərlə bağlı gerçək təsəvvür oyatmaq üçün idi. Əlbəttə ki, həm də onu çəkənlərin baxış bucağından. Buna görə də serial Rusiya və post-sovet respublikalarında kiçik də olsa, etiraz dalğası yaratdı. Hətta Rusiyada ALTERNATİV “Çernobıl” serialının çəkilişləri başladı. Amma bunun HBO-nun filmi ilə müqayisədə təsirli olacağını demək çətindir.

Məlum serial olmasaydı, artıq çoxları bu amansız fəlakəti unudacaqdı. SSRİ-nin 600 min insanı cəlb etdiyi, rəsmi rəqəmlərə görə hadisə zamanı 4-7 min, sonrakı dövrdə minlərlə insanın öldüyü, on minlərlə insanın radiasiyaya məruz qalıb əlil olduğu bu dəhşətli faciənin miqyası barədə bu qədər təsəvvür olmayacaqdı. Halbuki bu hadisə bir zamanlar planetin varlığını təhdid edən dünyanın ən ağır nüvə faciəsi hesab olunurdu.

Çernobıl qəzası adı verilən hadisə 1986-cı il aprelin 26-da gecə yarısı Ukraynanın şimalında, Belarus sərhədi yaxınlığında Pripyat şəhəri ətrafında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verib. AES-in 4 saylı nüvə reaktorunda qəza baş verib.

Sonradan məlum olduğuna görə, qəza, sınaq zamanı baş verib. Daha əvvəl AES-də üç oxşar sınaq keçirilib, dördüncü sınaq isə partlayışa səbəb olub. Müstəqil mütəxəssis rəylərinə görə, qəza mühəndis səhvi və texniki sistemdəki əksikliklər səbəbindən baş vermişdi. Dəhşətli partlayış və ardınca başlayan yanğın doqquz gün davam edib. Bu dövrdə kəskin radioaktiv şüalanma baş verib və bu, Qərbi Avropanın bəzi ölkələrində, həmçinin Türkiyədə hiss olunub. Çernobıl AES partlayışı o günə qədər nüvə sahəsində ən dəhşətli partlayış hesab olunur və təsirinə görə Xerosima və Naqasakiyə atılan nüvə bombalarından daha dəhşətli idi. Bu səbəbdən də Çernobıl qəzası “7-ci səviyyə qəza” elan olunub. Buna bənzər yeganə qəza 2011-ci ildə Yaponiyanın Fukuşima AES-də sunami nəticəsində qeydə alınıb.

Ancaq bu məlumatlar çox sonralar üzə çıxıb. SSRİ rəhbərliyi ilk günlərdə hadisəni gizlədib. Hətta Çernobılda partlayış deyil, “nüvə sızıntısı” baş verdiyi elan olunub.

Qəzanın nəticələrini aradan qaldırmaq, yanğını söndürmək, əhalini evakuasiya etmək üçün SSRİ rəhbərliyi 600 mindən çox insanı cəlb edib. Qəza 18 milyard rubla başa gəldi. Və təbii ki, nəticəsi hesablanmayacaq ağır fəsadlara, radiasiya, xəstəliklər, şikəst doğumlar və sairi də özü ilə gətirdi. Partlayış bölgəsindən 30 kilometr radiusda ərazi kəskin radioaktiv zəhərlənməyə məruz qalıb. Bölgədə yaşayan 115 min insan evakuasiya olunub. Ümumilikdə isə Ukrayna, Belarus ərazilərində radiasiya təhlükəsi ilə əlaqədar olaraq 300 min insan köçürülüb.

Ümumiyyətlə, Çernobılla bağlı rəqəmlər çox fərqlidir. Məsələn, ilkin dövrün rəqəmləri ilə sonradan açıqlanan və ya “Greenpeace” təşkilatının rəqəmləri bir-birindən kəskin şəkildə fərqlənir. Bu səbəbdən də dəqiq rəqəm demək xeyli çətindir.

2017-ci ildə 4 nömrəli reaktor beynəlxalq bir komanda tərəfindən bağlanıb. Bu şüalanmanın qarşısını daha çox alır. Lakin buna baxmayaraq Çernobıl ərazisində hələ də yüksək dərəcədə şüalanma var. Bu bölgəyə səfər edən turistlər partlayış ocağına yaxın buraxılmasa da, Pripyat şəhərinin xarabalıqlarında belə şüalanma riski ilə üzləşir. Yeri gəlmişkən, bu yaxınlarda Ukraynanın şimal hissəsində Pripyat rayonunda baş verən yanğınlar ərazidə radiasiya miqdarının daha da yüksəlməsinə səbəb olmuşdu. Yanğının AES xarabalıqlarına yaxınlaşması daha böyük faciəyə səbəb ola bilərdi. Lakin xoşbəxtlikdən yağan güclü yağışlar yanğınsöndürmə işini sürətləndirdi və nəticədə təhlükə sovuşdu.

1986-cı il Çernobıl AES qəzası SSRİ-nin nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olma iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerji sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Eyni zamanda, dünya ictimaiyyəti SSRİ-nin bu cür vəziyyətlərdə daha şəffaf olmağı və nüvə sahəsindəki fəaliyyətlərdə aşkarlıq tələb etməyə başladı.

Bütün bunlarla yanaşı, qəzanın səbəb olduğu maddi zərər, dağıntı, psixoloji sarsıntı SSRİ-yə olan inamı zədələdi və bir sıra mütəxəssislərə görə Çernobıl AES qəzası Əfqanıstan müdaxiləsi kimi SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri idi.

Azərbaycandan da səkkiz minə yaxın insan Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması prosesində iştirak edib və burada zərər çəkib. 1993-cü ildə Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul olunub. Bu qanun Çernobıl hadisələrində iştriak etmiş vətəndaşların sosial müdafiəsini, müalicəsini və digər hüquqları tanıyır. Hazırda ölkəmizdə beş min nəfərdən bir qədər çox Çernobıl əlili var.

Çernobıl hadisəsi barədə sovet vətəndaşları məhdud məlumat aldığı, qəza barədə informasiya blokadası olması səbəbindən həm o zaman, həm də sonrakı illərdə çoxlu sayda miflər ortaya çıxıb.

Bunlardan ən məşhuru qəza zonasında radiasiya nəticəsində heyvanlarda mutasiya baş verməsi və nəticədə güclü və öldürücü qüdrətə malik heyvanların yaranması barədədir. Hətta Hollivud filmlərində Çernobıl ərazisində heyvanların daha da böyüdüyünü göstərən kadrlar verilib. Ancaq bu iddiaları təsdiq edən mənbə olmayıb.

Daha bir şayiə isə radiasiyanın təhlükəsiz olması və buna sübut olaraq Çernobıl ərazisində vəhşi heyvanların sayının artması barədədir. Çünki bu ərazidə çox sayda canavar, ceyran, porsuq, qaban və sair heyvanlar yaşayır. Lakin elm sübut edib ki, bu çoxalma ərazinin mühafizə olunması, insan ayağının dəyməməsi ilə bağlıdır.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …