Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Dünya / Belarusdan “Qazprom”a sərt cavab: “Heç bir borcumuz yoxdur”

Belarusdan “Qazprom”a sərt cavab: “Heç bir borcumuz yoxdur”

Belarus qaza görə Rusiyaya hər hansı borcunun olmadığını elan edib. Bu, Belarusun Energetika Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

Nazirlik bəyan edib ki, Rusiyaya qaza görə nəinki 165,57 milyon dollar, heç 1 qəpik də borcları yoxdur. Açıqlamaya görə, tərəflər arasında yalnız qazın qiyməti ilə bağlı fikir ayrılığı var.

Qeyd edək ki, bu gün Rusiyanın “Qazprom” şirkəti Belarusun aldığı qaza görə 165,57 milyon dollar borcunun olduğunu açıqlayıb. “Qazprom” rəhbəri Aleksey Miller bəyan edib ki, şirkət Belarusa satılan qazın qiyməti ilə bağlı məsələyə yalnız borc ödəndikdən sonra baxa bilər.



Millerin sözlərinə görə, bu il üçün Belarusa satılan qazın qiymətində hər hansı dəyişiklik edilməyəcək. Müzakirəyə yalnız gələn ilin yanvarından etibarən satılacaq qazın qiyməti çıxarıla bilər. “Qazprom”un bu mövqeyini ifadə edən məktub bu gün Belarusun energetika naziri Viktor Karankeviçə göndərilmişdi.



Xatırladaq ki, mart ayından başlayaraq Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə dəfə Rusiya qazının onlara Avropadan baha satıldığını deyərək, qiymətin endirilməsini təklif edib. O hətta Rusiyanı onların “dərisini soymaqda” ittiham edib. Belarusdan əlavə, Ermənistan və Qırğızıstan da Rusiyadan qazın qiymətinə yenidən baxılmasını istəyiblər. Lakin Avrasiya İqtisadi İttifaqının toplantısında Putin heç kim üçün qazın qiymətində endirim edilməyəcəyini bildirib. Onun sözlərinə görə, hər üç ölkəyə qaz iqtisadi əsaslandırmaya uyğun qiymətə satılır və onlara yenidən baxılması planlaşdırılmır.

Onu da qeyd edək ki, indiyədək iki ölkə Rusiya şirkəti barədə qazın qiymətini iqtisadi əsası olmadan yüksək təyin etdiyinə görə Stokholm Arbitraj Məhkəməsində iddia qaldırıb və prosesi udub. Bunlardan biri Ukraynadır – məhkəmə “Qazprom”u onun xeyrinə 5 milyard dollara yaxın cərimə edib ki, bunun da 3 milyardı bilavasitə pul şəklində ödənilib. İkinci ölkə Polşadır – məhkəmə Rusiya nəhənginin 1,5 milyard dollar kompensasiya ödəməsinə dair qərar çıxarıb. Hazırda tərəflər ödənişlə bağlı müzakirələr aparırlar.

Maraqlıdır ki, bu ilin əvvəlindən Belarus qiymətinin yüksək olması səbəbindən Rusiya neftindən imtina edib. Qısa müddətdə Azərbaycan, Norveç, Səudiyyə Ərəbistanı və ABŞ-dan neft almağa başlayan Minskin qətiyyəti Rusiyanı qiymətdə güzəştə getməyə məcbur edib. Hazırda da Belarus Rusiyadan əlavə, Azərbaycan, Norveç və Səudiyyədən neft alışını davam etdirir. Bu təcrübə göstərir ki, Lukaşenko istənilən məqamda Rusiya qazına alternativ də tapmaqda çətinlik çəkməyəcək. Bu sahədə əsas alternativ isə Avropada boru qazından xeyli ucuz olan maye qazdır.
Musavat.com

Həmçinin oxuyun

Putinin oteldə unutduğu köynəyi satılır – FOTO

Rusiyanın populyar elan saytlarının birində prezident Vladimir Putinin köynəyinin satışa çıxarılması ölkədə geniş rezonans doğurub, …