Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Dünya / “Barış pınarı” atəşkəsi: Kim nə qazandı? – TƏHLİL

“Barış pınarı” atəşkəsi: Kim nə qazandı? – TƏHLİL

Türkiyənin “Barış pınarı” əməliyyatı səkkizinci günündə atəşkəslə nəticələndi. Amma təbii ki, müvəqqəti olaraq. Bununla da Türkiyənin Suriyada həyata keçirdiyi üçüncü hərbi əməliyyat faktiki olaraq dayandırılıb. 

Bu anlaşma nələri əhatə edir? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında Ankarada əldə olunmuş anlaşmada atəşkəs müddəti 120 saatdır. Bu müddət ərzində kürd silahlıları (YPG və digər qruplar) Türkiyənin tələb etdiyi qədər, yəni Suriya-Türkiyə sərhədindən 32 kilometr dərinliyə çəkilməlidir.

120 saat ərzində bu çəkilmə başa çatarsa, Türkiyə əməliyyatı dayandıracaq, ABŞ hökuməti isə Prezident Trampın imzaladığı sanksiya qərarlarını ləğv edəcək. 

Mayk Pens və dövlət katibi Mayk Pompeonun rəhbərlik etdiyi ABŞ heyəti ilə Ərdoğanın rəhbərlik etdiyi Türkiyə heyəti arasında dörd saatlıq gərgin danışıqlardan sonra əldə olunan Suriya razılaşması 13 maddədən ibarətdir. Bu anlaşmanın əsas detalı iki NATO ölkəsi arasında olması və əsas vurğunun NATO nizamnaməsinin 5-ci maddəsinə, yəni “kollektiv müdafiə” anlayışına istinad etməsidir.

Ankara bəyan edir ki, Suriyanın şimal-şərqində yerləşən YPG silahlıları Türkiyə üçün terror təhlükəsi yaradır və Ankara “Barış pınarı” əməliyyatını məhz buna görə başladıb. 

Müqavilənin 10-cu maddəsinə əsasən, Suriyanın şimalındakı “təhlükəsiz zona” Türkiyə ordusunun nəzarətinə veriləcək, bu proses Türkiyə və ABŞ qüvvələrinin birgə nəzarəti altında həyata keçiriləcək. “Təhlükəsiz zona” 20 mil, yəni 32 kilometr olacaq. 

“Barış pınarı” “qara qutusu” 

Ancaq bu anlaşmanın ən “qapalı nöqtəsi”, yəni Suriya ordusunun nəzarətinə keçən regionların taleyi məlum deyil. Söhbət ondan gedir ki, “Barış pınarı” əməliyyatının gedişində Rusiyanın vasitəçiliyi ilə Suriya hökuməti və kürdlər arasında əldə olunmuş razılaşmaya əsasən, kürdlərin nəzarətində olan ərazidə yerləşən bir sıra məntəqələr Suriya ordusu tərəfindən nəzarətə götürülüb.

Bunlar Fərat çayının qərb sahilində yerləşən Menbic rayonu, yenə də Fəratın aşağısında Tabqa qəsəbəsi və eyniadlı hərbi aerodrom, Raqqa şəhəri, o cümlədən, Raqqadan şimala doğru ərazilər, M-4 magistralı və onun üzərində yerləşən Ayn-İsa qəsəbəsi, o cümlədən, Şərqə – İraq sərhədinə doğru yenə M-4 magistralı üzərində yerləşən Tel-Tamer qəsəbəsi, eyni yolun üzərində Qamışlı, bir qədər mərkəzə doğru Hasake şəhərləri, əl-Kəhtaniyə, Tel Hamis və nəhayət, İraq-Suriya sərhədi üzərində yerləşən Yaurubiyə qəsəbələri və bu məntəqələri birləşdirən yollar Suriya ordusunun nəzarətindədir. 

Məsələnin, necə deyərlər, qəliz tərəfi ondadır ki, Qamışlı, əl-Kəhtaniyə, həmçinin, qərb tərəfdə Kobani və oradan qərbə doğru, Cerablusa qədər sərhəd bölgəsi də Suriya ordusunun nəzarətindədir. Halbuki anlaşmada, əslində, bu şəhərlər və sərhəd ərazisi Türkiyəyə verilməli olan 32 kilometrə daxildir. 

Yəni kürdlər atəşkəs razılaşmasına əməl edib 32 kilometr geri çəkilsələr belə, Suriya ordusunun bu əraziləri boşaltması mümkün deyil. ABŞ tərəfi də anlaşmada bu məntəqələrin taleyinin Rusiya və Türkiyə arasında razılaşdırılmalı olduğunu bildirib.

Türkiyə prezidenti isə Suriya ordusunun girdiyi ərazilərə görə narahat olmadıqlarını, əsas hədəfin YPG silahlılarının bölgədən təmizlənməsi olduğunu bildirib. Yeri gəlmişkən, kürdlərə verilmiş beş günlük müddətin başa çatdığı gün, yəni oktyabrın 22-də Türkiyə Prezidenti Ərdoğan Putinin dəvəti ilə Moskvada olacaq. Geri qalan məsələlər də bu görüşdə danışılacaq.

Bu prosesdə kim nə qazandı? 

İndi ən çox müzakirə olunan bu prosesdə hansı ölkənin daha çox qazandığı, kimin daha qazanclı çıxmasıdır. Qərb mediasında bu əməliyyata razılıq verən və daha sonra atəşkəs üçün Ankara ilə anlaşan Tramp administrasiyası tənqid olunur.

Eyni zamanda, Türkiyədə Ərdoğanın müxalifləri “Barış pınarı”nın nəzərdə tutulan hədəfə tam olaraq nail olmadığı, rusların və Suriyanın daha qazanclı çıxması ilə bağlı iddialar ortaya atır. 

Əlbəttə, bütün bu iddiaların hamısına müəyyən həqiqət payı olsa da, əslində, bu prosesdə bütün tərəflərin müəyyən mənada qazancları oldu. Beləliklə, bu prosesdə kim nə qazandı?

İlk növbədə Türkiyə nə qazandı? Ankara “Barış pınarı” əməliyyatında əsas hədəfi 2016-cı ildə azad edilmiş Cerablusdan İraq sərhədinə qədər olan 444 kilometr ərazidə 32 kilometr dərinliyə qədər sərhəd zolağını YPG terror təşkilatından təmizləmək, bu zolağı müttəfiqləri ilə nəzarətə götürmək, bununla da sərhəddəki riskləri aradan qaldırmaq idi.

Eyni zamanda, daha geniş mənada Türkiyə öz sərhədlərində İraqdan sonra ikinci bir kürd muxtariyyətinin yaradılması riskini ortadan qaldırmaq, bununla da Türkiyə ərazisindəki PKK ilə onun Suriya müttəfiqi PYD/YPG arasında əlaqəni qırmaq idi.

Nəzərə almaq lazımdır ki, Türkiyə ordusu səkkiz günlük əməliyyat nəticəsində Suriyanın şimalında 120 kilometrdən bir qədər çox ərazini nəzarətə götürüb. Yerdə qalan 300 kilometrlik ərazini isə qarşıdakı 120 saat ərzində kürdlər ABŞ-ın diktəsi ilə təhvil verəcək. Özü də döyüş olmadan. Bu, Türkiyə adına uğurdur. Üstəlik, Ankara bu razılaşma ilə ABŞ-ın sanksiyalarının ləğvinə və yeni sanksiyaların qarşısını almağa nail olur. 

444 kilometrlik sərhədin bir qisminin Suriya ordusunun nəzarətinə keçməsi Türkiyənin əməliyyat öncəsi planlarına zidd olsa da, nəticə etibarilə YPG-nin sərhəddən uzaqlaşdırılması və geri qalan ərazilərdə Suriya ordusunun nəzarətində olması Ankaranın maraqlarına cavab verir.  

ABŞ hökuməti NATO müttəfiqi olan Türkiyənin israrları ilə əməliyyata razılıq versə də, Vaşinqtondakı siyasilər Trampın hərəkətinə qarşı çıxdı və başlayan sərt etirazların fonunda Tramp geri addım ataraq kürdləri qoruyan atəşkəsə imza atdı. Bununla da Tramp həm də Vaşinqtondakı tənqidçilərini sakitləşdirmiş olur və eyni zamanda. kürdləri Türkiyədən qoruyur. 

Bu prosesdə ən asan “qazancı” Suriya və Rusiya əldə etdi. Suriya ordusu beş ildən sonra bir güllə belə atmadan Menbic, Raqqa, Qamışlı və digər şəhərləri götürdü. Eyni zamanda, rusların vasitəçiliyi ilə kürdlər Suriya hökuməti ilə danışıqlar masasına oturdular. İndi artıq “Barış pınarı”ndan sonra kürd bölgələrində ABŞ, Rusiya, Suriya orduları tez-tez qarşılaşır. 

Kürdlər isə sərhəd əraziləri itirsələr də, bu dəfə ABŞ-dan daha ciddi bir təhlükəsizlik təminatı almış oldular. Ancaq eyni zamanda, böyük şəhərləri əldən verən kürdlərin indi gələcəkdə ABŞ və güman ki, Rusiya vasitəsilə qalan bölgələrdə muxtariyyət tələb edəcəklər.

Lakin görünən odur ki, Dəməşq kürdlərə muxtariyyət verməyə o qədər də həvəsli deyil. Ancaq bir sıra şəhərləri və sərhəd əraziləri itirsələr də, kürdlər hazırda hələ də Suriya ərazisinin mühüm bir hissəsini, o cümlədən, neft və qazla zəngin olan Deyr əz-Zor vilayətini əllərində saxlayır.  

Nəticə etibarilə “Barış pınarı” və əldə olunan anlaşma Türkiyənin, eləcə də, onun sahə müttəfiqi Rusiyanın və nəhayət, Suriyanın maraqlarına cavab verəcək şəkildə başa çatdı.

Kürdlərin 120 saat ərzində anlaşmaya əməl etməməsi onların yenidən hücuma məruz qalması və Trampın dəstəyindən məhrum olması deməkdir. Bu səbəbdən də indi kürdlərin razılaşmaya əməl etməsi qaçılmazdır. Bu əməliyyat Suriyada siyasi keçid prosesini daha da sürətləndirə, maraq tərəflərinin yekun qərara gəlməsini asanlaşdıra bilər. 

Kənan Rövşənoğlu

Həmçinin oxuyun

Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib – FOTO/VİDEO

Bir neçə gün öncə Almaniyada keçirilən bələdiyyə seçkilərində bir ilk yaşanıb. Almaniyada türk mənşəli siyasətçi Belit …