Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Bakıdakı turizm şirkətləri Misir terrorundan xəbərsizdi – nonses

Bakıdakı turizm şirkətləri Misir terrorundan xəbərsizdi – nonses

Turizmin əsas yerlərindən olan Sinay yarımadasına Azərbaycandan bilet alanlar varmı?

Misirin Sinay yarımadasında terror aktı nəticəsində  310 nəfər həlak oldu. Bu da bu ölkəyə üz tutacaq turistlərin seçimində artıq bir qədər tərəddüd edəcəklərini deməyə əsas verir. Qeyd edək ki, Misir turistlərin ən çox diqqətini cəlb edən ölkələrdəndir.

Şarm əl-Şeyx Misirin səhralıq mənzərələri ilə Sinay yarımadasının cənubunda yerləşən kurortdur. Misirə üz tutan turistlər də daha çox buranı görmək arzusu ilə yola çıxırlar. Bura planetin ən təmiz məkanlarından biridir və burada mərcan flora və faunasının inkişafı üçün geniş imkanlar var. Bura sualtı ekzotikanı sevənlər üçün əsl cənnətdir. Şarm əl-Şeyx şəhərinin mərkəzi sayılan Naamy Bay şəhərin mirvarisi adlandırılır.  Həmçinin Qırmızı dəniz sahillərində daha bir neçə turizm mərkəzləri var.

Hər kəsə məlumdur ki, qış aylarında insanlar daha çox isti ölkələrə üz tuturlar. Yeni ilin gəlməsinə bir ay vaxt qaldığı üçün də əksəriyyət əvvəlcədən biletini alır, yerlərini bron edirlər. Biz də Azərbaycandan Misirə getmək istəyənlərin olub-olmadığını, bu terror hadisəsini eşitdikdən sonra nələrin dəyişdiyini öyrənmək üçün bir neçə turizm şirkəti ilə əlaqə saxladıq. Danışdığımız turizm şirkətləri Bakıdan birbaşa Misirə təyyarə reysi olmadığını  dedilər. Bir sıra turizm şirkətləri isə… bu hadisədən xəbərsiz olduqlarını bildirdilər.

“FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev hadisədən xəbərsiz olduğunu dedi: “Şarm əl-Şeyxə getmək üçün gərək buradan Tiflisə uçub oradan gedəsən. Bakıdan birbaşa Misirə uçmaq olmur deyə daha çox Dubaya gedirlər. Ancaq Şarm əl-Şeyxə gedənlər də var. Bizim bu hadisədən heç xəbərimiz yoxdur. Heç kim gəlib bilet qaytarmayıb və ya bu barədə bizə heç nə deməyib. Viza ala bilənlər indi daha çox Azərbaycandan Dubaya və Avropa tərəflərə gedir. Kiyev və Moskvaya da gedənlər var, amma azdır. Yeni illə bağlı bu gün Azərbaycanda da, dünyanın hər yerində də hotellər doludur. Qiymətlər də bahadır. İndi bizim ölkəmizə Yeni ili keçirmək üçün gələnlər daha çox iran, ərəb və iraqlılardır. Gələnlər daha çox Quba, Qəbələ, Şəki, Şamaxıya üz tutur. İranlılar isə daha çox Bakıda olur. Amma onlar da bir-iki günlük də olsa, Quba və Qəbələ tərəfə gedir”.

Qeyd edək ki, Misirə üz tutan turistlər arasında üstünlük təşkil edənlərdən biri də ruslardır. Terror hadisəsindən sonra rusların bu ölkəyə üz tutmağa çəkinmələri ola bilər. Çoxları düşünür ki, bu zaman onlar qonşu ölkə olaraq Azərbaycanı seçə bilər və bu da Azərbaycan turizminə müsbət təsir edə bilər.

Maraqlıdır, Misirdə baş vermiş terror hadisəsinə görə ora üz tutmağa çəkinən ruslar Azərbaycana üz tuta bilərmi?

Image result for Çingiz İsmayılov

Turizm eksperti Çingiz İsmayılov bildirdi ki, qış mövsümündə rusların bura gəlməsi üçün hansısa amilin rol oynayacağına inanmır: “Misirlə Azərbaycanın iqlimi təbii ki, eyni deyil. Orada indiki mövsümdə iqlim daha əlverişlidir. Amma əlbəttə ki, bu, Azərbaycan üçün önəmli olardı. Ancaq mən inanmıram ki, ruslar Misirə görə üzlərini Azərbaycana tutsunlar. Çünki onlar istirahət üçün isti ölkələri axtarırlar. Yəni yaz, yay, payız mövsümündə gəlmələrinə ümidlər bəsləyə bilərik. Amma qış mövsümündə inanmıram ki, rusların bura gəlməsinə hansısa amil təsir etsin. Əgər Misirdə problem olsa axtaracaqlar ki, harada günəş, isti iqlim var ora gedib sümüklərini qızdırsınlar, vitamin D alsınlar. Rusların getməkdə məqsədi var. Onlar elə-belə gəzmək üçün yox, əsas iki amil üçün gedirlər. Birinci, günəş və dəniz olsun, ikinci isə münasib qiymətlər, servis olsun. Bu iki amil olan yerə gedirlər. Ona görə də mən düşünmürəm ki, Misirdə vəziyyət dəyişən kimi bura üz tutacaqlar. Bizdə hava əlverişli deyil, indiki vaxtda dənizdə çimmək olmaz.  Rusiyada qış turizminə uyğun şərait daha çoxdur. Ona görə də düşünmürəm ki, bu turist axınının Azərbaycana olmasına təkan verəcək bir amil olsun”.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …