Çərşənbə , May 22 2019
Ana səhifə / Dünya / “Azdram”ın direktoruna qarşı sok İTTİHAMLAR: “Sutkalıq”larımızı özü yeyir” – FOTOLAR

“Azdram”ın direktoruna qarşı sok İTTİHAMLAR: “Sutkalıq”larımızı özü yeyir” – FOTOLAR

Son günlər Akademik Milli Dram Teatrı ilə bağlı qalmaqallar səngimək bilmir. Aktyorlar mətbuata müsahibələrində teatr rəhbərliyindən, həmçinin bəzi rejissorlardan narazılıqlarını gizlətmirlər. Elə onlardan biri olan aktyor Elçin Əhmədov da teatrın daxilində baş verən haqsızlıqlar haqda danışmaq istədiyini bildirib.
Beləliklə, Ölkə.Az aktyor Elçin Əhmədovla müsahibəni təqdim edir:
– Elçin bəy, öncə istərdim ki, müsahibə vermək istəməyinizin səbəbini soruşum. Aktyoru olduğunuz Akademik Milli Dram Teatrında sizi qane etməyən hansı məqamlardır ki, onları mətbuata danışmaq istədiniz?
– Təşəkkür edirəm ki, teatra diqqətinizi əsirgəmirsiniz. Məni danışmağa vadar edən məqamlar çoxdur. Bir neçə müsahibəmdə də demişəm və yenə deyirəm ki, hazırda teatrda haqsızlıq baş alıb gedir.
– Söhbət birbaşa sizin işlədiyiniz teatrdan gedir?
– Bəli, “Azdrama”dan danışıram.
– Əsas haqsızlıqlar nədən ibarətdir?
– Müsahibədən öncə də bu barədə danışdıq. Rövşən Kərimduxtun, Mətləb Abdullayevin 47 yaşı var, gözəl aktyor, yaxşı da insandırlar. Bəs niyə onlara fəxri ad verilmir? Mətləb Abdullayevlə isə bir ilə yaxındır ki, rol verilmir. Otuz yaşım var, gənc aktyoram, rollar oynamaq istəyirəm.
– Rol verilməyəndə səbəb kimi nə göstərilir?
– Səbəb odur ki, teatrın direktoru İsrafil İsrafilovun çaldığı havaya oynamırıq.
– O, hansı havanı çalır ki, siz o havanı oynamaq istəmirsiniz?
– O, deyir ki, hansı haqsızlığı etsəm, siz ona göz yummalısınız. Haqsızlıqları saya bilərəm…
– Buyurun…
– Məsələn, bizi xaricə, yaxud hansısa bölgəmizə qastrola aparır. Dövlət aktyorun xərclərindən əlavə “sutoçnı” ayırır. Bu barədə Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm Nazirliyinin saytında da məlumat var.
– Ölkə daxilində hər sutkaya nə qədərdi?
– Paytaxtdan uzaqlıq dərəcəsinə görə qiymət dəyişir.
– Məsələn, Gəncəyə getmisinizsə, hər gününüzə nə qədər ödənilməlidir?
– 45 manat… Amma verilmir.
– Bəs Türkiyəyə..?
– Ora hər gün üçün 150 dollar verilməlidir, amma o da verilmir.
– Yalnız sizə..?
– Xeyr, heç kimə verilmir.
– Səbəb kimi nə göstərilir?
– Çox istərdim ki, bu suala İsrafil İsrafilov da cavab versin. Bilirəm siz soruşsanız, cavabı necə olacaq. Deyəcək ki, gənc aktyordu, mən onu ştata götürdüm. Təbii ki, məni ştata götürməlisən. Orada başqa bir İsrafil də olsa, yenə ştata götürməliydi. Çünki teatr heç kimin atasının mülkü deyil, dövlət idarəsidir.
– Neçə ildir ki, “Azdrama”da işləyirsiniz?
– Məni 2007-ci ildə rəhmətlik Telman Adıgözəlov əlimdən tutub “Azdrama”ya gətirdi. O vaxt bu teatrda ştata düşmək çətin iş idi. İndiki kimi karvansaray deyildi.
– Onda direktor kim idi?
– Maqbet Bünyadov… Kim ali məktəbi bitirirsə, gəlib girir teatra. Başa düşürəm, gəlsin. “Azdrama”da səksən nəfər ştatdankənar işçi var. Biz hər şeyi araşdırırıq. İsrafil İsrafilov bizi “çayxana cəngavəri” adlandırır.
– Ştatdankənar əməkdaşlara da qonorar ödənilir?
– Əlbəttə…
– İsrafilovun “çayxana cəngavərləri” adlandırdığı “kruq”da kimlər var?
– Sözün əsl mənasında sözü və əməli düz olanlar, İsrafilin havasına oynamayanlar.
– Məsələn..?
– Gözək sənətkarlarımız Nurəddin Mehdixanlı, Fizuli Hüseynov, İlham Əsgərov, Abbas Qəhrəmanov, Mətləb Abdullayev, Rövşən Kərimduxt, mənim sənət müəllimim Telman Əliyev, cavanlardan Elnar Qarayev, mən, Rəşad Bəxtiyarov…
– Amma Telman Əliyev teatrdan uzaqlaşdırılıb…
– Belə ad qoyublar ki, prezidentin əmri var və 66 yaşda təqaüdə çıxmalısınız. Biz prezidentin əmrinə riayət edirik. Mən İsrafil İsrafilova sual verirəm. Sizin də 66 yaşınız var, bəs niyə cənab prezidentin əmri o boyda “Azdrama”da təkcə Telman Əliyevə şamil olundu?
– Bəs səbəb nə idi?
– Səbəb odur ki, Telman Əliyev İsrafilovun çaldığı havaya oynamadı. Bufetdə söhbət düşdü. Telman müəllim dedi ki, sən aktyor olmaq istəmisən, ola bilməmisən. Ümumiyyətlə, İsrafilovun ixtisası aktyorluqdur. Amma tamaşalar qurulanda gəlib rejissorların işinə də müdaxilə edir. Buna görə də çox söz-söhbət düşür. Bilmirəm İsrafilov direktor olmaq istəyir, aktyor, yoxsa rejissor?
– Mənim bildiyimə görə “Azdrama” daxilində üç tərəf-qruplaşma var. Birinci qruplaşmada olanlar sizsiniz, ikinci qruplaşma direktorun ətrafında birləşib. Üçüncülər isə heç bir tərəfi qəbul etməyən neytrallardı…
– Sizin fikrinizlə həm razıyam, həm də yox. Adımızı “çayxana qəhrəmanları” qoyanlar unudublar ki, böyük işlərin başlanğıcı çayxanadan başlayıb. Biz qruplaşma yox, tərəfik. Çayxanada oturanlar “Azdrama”nın sözün əsl mənasında dağılmasına razı olmayan insanlardı.
– Bəs digərləri..?
– Onların adını çəkməyəcəyəm.
– Onda belə çıxır ki, yerdə qalanlar direktoru dəstəkləyənlərdi…
– Bəli…
– Heç istisnalar yoxdur?
– Arasında elələri var ki. narazıdır, amma büruzə verə bilmir. Çünki İsrafilov onları çox qorxudub. Gəlib yaşlı aktyora deyir ki, nazirlik sizi işdən çıxarırdı, mən qoymadım.
– Kimi..?
– …
– Bir müddət öncə əməkdar artistlər Əli Nur və Elxan Quliyev də mətbuatda kəskin çıxışlar edirdilər. Amma nə baş verdi ki, onlar qəfil hər şeydən razı olmağa başladılar?
– Əgər bizimlə eyni əhatədə olan insanlar ələnib ələkdən düşdülərsə və sonra yanımıza buraxmadıqsa, sizcə o adamları nə dəyiş bilər?
– Düşünürsünüz ki, onların tələbləri yerinə yetirilib?
– Qismən hə…
– Söhbət hansı tələblərdən gedir?
– Eşitdim ki, həmin adamlardan birinə xalq artisti adı vəd olundu və verilmədi.
– Söhbət Əli Nurdan gedir?
– Bəli, eşitmişdim ki, Əli Nura vəd verilib.
– Vəd yerinə yetirilməyəndən sonra Əli Nur sizin “cəbhə”yə dönmək istədi?
– Dönmək istədi, amma yaxına buraxmadıq.
– Bu hərəkəti satqınlıq kimi dəyərləndirdiniz?
– Şəxsən mənim aləmimdə satqınlıqdır.
– Bəs Elxan Quliyev..?
– O, hələ ki qalıb.
– Yenidən “sutoçnı” məsələsinə qayıdaq. Bu barədə direktora yazılı, yaxud şifahi müraciətiniz olub?
– Siz nəyi qoyub, nəyi axtarırsız? Biz bilmirik direktorla dava aparaq, bilmirik onu iclasa dəvət edək. Bu adam dörd ilə yaxındır direktordur, amma kollektivin qarşısına çıxıb iclas aparmır.
– Niyə..?
– Çünki qorxur.
– Kimdən..?
– Aktyorlardan. Haqsızdır axı.
– Amma bildiyimə görə ötən ilin sonunda onun apardığı iclasda mübahisə düşmüşdü…
– Həmin iclas teatrın daxilində “Cümə inqilabi”adlandırılır. Orada Nurəddin Mehdixanlı, İlham Əsgərov, Abbas Qəhrəmanov, Fizuli Hüseynov kəskin şəkildə fikirlərini bildirdilər. Həmin iclasda aydın oldu ki, İsrafilovun tərəfini heç kim saxlamaq fikrində deyil. Əgər onu belə sevirdilərsə, niyə müdafiə etmədilər? Çünki düz sözün qarşısında aciz idilər.
– İsrafil İsrafilov direktor təyin olunandan sonra teatrdan təxminən neçə nəfər fəxri ad alıb?
– Hardasa 15 nəfər. Beşinci ildir direktordu. Amma bu il heç kim almadı.
– Siz də fəxri ada iddialısınız?
– Xeyr, ümumiyyətlə, fəxri ad istəmirəm.
– Sizcə fəxri ad alanlar arasında bu ada layiq olanları heçmi yoxdur? Yoxsa sizin təbirinizcə desək, direktorun “qaydalarına” tabe olduqlarına görə fəxri ad alırlar?
– Məsələn, Şəlalə Şahvələdqızı fəxri adı haqq edir. Çünki çalışqandır, layiqdir, öz üzərində işləyən xanımdır. Digərlərinin adı yadımdan çıxıb.
– Teatrın daxilində başqa hansı problemlər var?
– Biz soruşanda bizim sutkalığımız niyə verilmir? Cavab verildi ki, məzuniyyətə çıxanda veriləcək. Amma verilmədi. Artıq teatr bağlıdır və heç kimdən də soruşa bilmədik. Belə çıxır ki, pulu özü yeyir. Buna görə İsrafil İsrafilov cavab verəcək. Bir rəhbər işçinin pulunu yesə, haramdı. Özü də hacıdı. Əgər dinə, imana inanırsa, axirətini fikirləşsin. Necə yeyirsən bu haqqı sən? Aparırsan bizi Oğuza. İstidə tərin içində tamaşa oynayırıq, tamaşa bitən kimi qayıdırıq Bakıya. Halbuki qalmalıyıq. Biz yolun yorğunluğunu çıxardaq, tamaşa oynayaq, yoxsa gələn tamaşaçıya zövq verək?
– Bir müddət öncə Məleykə Əsədova da narazı idi. Onda nə baş vermişdi?
– İlyas Əfəndiyevin “Mənim günahım” əsərinə xalq artisti Mərahim Fərzəlibəyov quruluş verirdi. Məşqlərə İsrafilov müdaxilə etdiyinə görə Məleykə xanım haqlı olaraq narazılıq etmişdi ki, siz direktorsuz, yoxsa rejissor? İnanın ki, teatrın daxilində çox adam narazıdır.
– Aktrisalardan da sizi dəstəkləyənlər var?
– Bəli…
– Məleykə Əsədova..?
– Məleykə xanımla iş yoldaşıyıq, sənətinə və özünə böyük hörmətim var. Amma onunla elə bir əlaqəm yoxdur. Mən də olsam deyərdim ki, get, işinlə məşğul ol, baxışda sözünü deyərsən. Direktor tamaşa quracaqsa, rejissoru neyniyirəm burda?
– Aktrisalardan kimlər narazıdır?
– Adlarını çəkib, pis duruma salmaq istəmirəm.
– Danışdıqlarınızdan belə qənaətə gəlmək olur ki, rəhbərlik də daxil olmaqla ordakı hər kəsin işi-peşəsi intriqa aparmqdır. Ümumiyyətlə, orada sənət barəsində düşünən kimsə var?
– Sənət barəsində düşünmək istəyirik, imkan verirlər ki… Bu, Azərbaycanın ana teatrıdır. Gəncəm və oxuduğumdan belə başa düşürəm ki, “Azdrama” səhnəsinə çıxan adam əvvəlcə kütləvi səhnələrdə oynamalıdır. Mən dəfələrlə kütləvi səhnələrə çıxmışam, səhnədə stol da daşımışam. Aktyoram və bu olmalıdır. “Don Juan” tamaşasında xalq artisti Rafael Dadaşovun altına stol qoyurduq. Mizan belə verilmişdi və həmin tamaşada mənim heç bir sözüm yoxdur. “Mesenat” tamaşasında Nurəddin Mehdixanlı oynayır. Bəhram Osmanov qurmuşdu. Ofisiant idim. Guya Tağıyevin evində saqilik edirəm. Orada da heç bir sözüm yoxdur.
– Aktyorlardan biri mənə bildirdi ki, atanız dünyasını dəyişəndə İsrafilov sizə maddi yardım göstərib?
– Bəli, bunu dana bilmərəm. İsrafilov bilir ki, mən onun insanlığından danışmıram, xeyirə-şərə yarıyandı. Gəldi, məni çağırdı. Çox xahiş edirəm dediyim kimi də qeyd edin. Məni çağırdı, “Azərbaycan” qəzetində nekroloq göstərdi və bir zərf uzatdı. Zərfin içində 300 manat var idi. Sonra teatrın bufetində atama cümə axşamı verdim. Gəldi, yanımda oturdu. Amma rəhbər kimi, o, rəhbər deyil və getməlidir. Teatra ilk növbədə baş rejissor lazımdır.
– Baş rejissor olan dövrdə də əksəriyyət deyirdi ki, bu sistem ləğv olunmalıdır.
– Baş rejissor aktyorla ünsiyyət qurmağı bacarmalıdır.
– İndi baş rejissor kim ola bilər?
– Kiminsə inciməsini istəmirəm. Amma Bəhram Osmanov, Əsgər Əsgərov, Namiq Ağayev, Rövşən Almuradlı baş rejissorluğa layiqdir.
– Bəs direktorluğa narazı aktyorlardan kim layiqdir?
– Həsənağa Turabov kimi biri lazımdır. İndi özünüz düşünün də. Direktorluğa layiq aktyorlarımız var. Amma kimlərinsə gözü götürmür və ona qara yaxmağa başlayırlar.
– Eyni məntiqlə yanaşsaq, sizin dediklərinizi də İsrafilova qarşı qarayaxma kimi qəbul etmək olarmı? Bəlkə gözünüz götürmür?
– O, nə işləyir ki, gözümüz də götürməsin?
– Başqa bir aktyor isə mənə demişdi ki, teatrın mətbəxində dinləmə qurğusu var. Siz bu haqda eşitmisiniz?
– Kameralar var, amma dinləmə qurğusu barədə də eşitmişik. Adicə biz 3-4 aktyor oturub söhbətləşəndə görürük ki, hansısa texniki işçi gəlib yanımızda oturdu. Artıq biz teatrın bufetində də oturmuruq. Oranın indiki çirkli havasında uzaqlaşıb, yaxınlıqdakı çayxanada otururuq.
– “Azdrama”nın Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov dövrü olub. Yəni aktyorların bunu belə xarakterizə edirlər. Bəs indiki dövrü necə adlandırmaq olar?
– İndiki dövr Azdrama”nın başsız dövrüdür. Teatrın baş rejissoru yoxdursa, o teatr heç nəyə yaramır. Baş rejissor olsa, heç kim direktorla konflikt aparmaz.
– Deyəsən əlbəyaxa davalar da olub…
– Orada çox şey baş verir.
– Mədəniyyət ocağında necə olur ki, belə şeylər baş verir?
– Yəqin İsrafilov oranı mədəniyyətsizlik ocağı edib.
– Ondan əvvəl yox idi?
– Olubsa da nadir hallarda və bu, normaldır. Amma indi adət halını alıb. Əməkdar artist Firuz Xudaverdiyevin oğlu şəhid olub. Bu yaxınlarda eşitdiyim söhbətdir. Xudaverdiyev direktora deyib ki, çatdın arzuna, məni saldın “otuz manatlığa”. Yəni ştatdan çıxandan sonra oynadığı hər tamaşaya 30 manat qonorar alır. Söhbət böyüyüb. Axırda Firuz müəllim deyib ki, mən şəhid atasıyam. İsrafilov da deyib ki, şəhid atası ol da, nə olsun, get sən də mətbuata yaz, müsahibə ver. İsrafil o pulu bizim hesabımıza qazanır. Bir məsələyə də münasibət bildirim.
– Buyurun…
– Bu yaxınlarda jurnalist Ənvər Börüsoyu məhkəməyə vermək istəyir. Qətiyyən belə bir fikrə düşməsin. Onun yazdıqları faktlardı. Aktyorlar da Ənvər müəllimi dəstəkləyəcək. O adam Çeçenistanın keçmiş preidenti Dudayevin baş məsləhətçisi olub, çox savadlı adamdır. Heç vaxt fakta əsaslanmadan yazmaz. İsrafilova deyirəm ki, onu məhkəməyə vermək sənə baha başa gələr. Ən azından məhkəmədən özünüz içəri gedərsiniz. Əgər məhkəmə olsa, hamımız ordayıq. Məndən də çox şey bilənlər var və bildiklərimi danışmıram. Məhkəmə olmasa da, yaxın vaxtlarda İsrafilovu böyük bir sürpriz gözləyir…
– Bilirəm ki, rejissor Gümrah Ömərin bu yaxınlarda verdiyi müsahibə teatr daxilində narazılığa səbəb olub. Səbəb?
– Bizi təhqir edib. Deyir ki, Ramiz Novruzu sevmək xəbislikdi bəyəm? O bu sözün mənasını bilsə, belə danışmaz. Bu, təhqirdi. Deyir ki, “Azdrama”nın yaşlı aktyorları sözləri unudurlar. O, aktyordu, Rövşən Kərimduxtun qrup yoldaşı olub və rejissor deyil. Sən YUĞ-un adından danış. Qurduğun tamaşanı gördük də. “Qadın məhəbbəti”ni quranda səni o qədər ələ saldılar ki, bilmirdin nə mizan verirdin. Telman Əliyev soruşur ki, niyə bu mizanı etməliyəm? Rejissor deyir ki, mənim xətrimə çıxıyız. Gürcüstan ləhcəsiylə danışır da. Ə mənim xətrimə nədir? Bura səninçün kənd klubudur? “Maria Tüdor”un məşqində aktyorla buna güldülər deyə məşqə gəlmədi, tamaşanı İsrafilov özü hazırladı. Premyerada Gümrah qırmızı qalstuk, qara pencəkdə çıxıb tamaşaçıya baş əydi. Sən busan da. Sən “Azdrama”dan danışırsan? Müsahibəni oxuyub səni tanımayan beş-on nəfər elə bilir ki, sən Mel Gibson zadsan. Son olaraq bir söz də deyim. Bu yaxınlarda İsrafilova qızıl suyuna çəkilmiş 47 manatlıq medal təqdim olunub.
– Kim təqdim edib?
– Hansısa təşkilat mükafatlandırıb… Yumru medaldı. Araşdırdıq ki, qiyməti 47 manatdır. 47 manatlıq qızıl medalın sahibi Azdramanı 1001 tilsimə salıb. Bu yerdə “Axırıncı Aşırım”da Məlik Dadaşov Adil İsgəndərova dediklərini xatırlayıram: deyəsən bunların nazı ilə çox oynayırıq ha, Kərbəlayi…

 

Həmçinin oxuyun

Tacikistan həbsxanasındakı qiyamda 3 din xadiminin boynu vurulub

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus …

Bir cavab yazın