Ana səhifə / Dünya / Azərbaycanlı diş həkimi Moldovada necə nüfuzlu iş adamı oldu…

Azərbaycanlı diş həkimi Moldovada necə nüfuzlu iş adamı oldu…

Kişinyovda diaspor fəallarından olan Müqabil Hümbətov: “O aksiyada Azərbaycanın adı xeyriyyə törəninin ən yüksək dəstəkçisi kimi tarixə yazıldı”

“Aqrar sahənin inkişafı üçün dövlət sahibkara münbit şərait yaratmalıdır, dotasiya verməlidir, ƏDV-dən azad etməlidir”

“6 ildir yeni işə başlamışıq, quşçuluqla məşğuluq, hələ vergi müfəttişinin üzünü görməmişik”

 

Bir müddət öncə Moldovada səfərdə olarkən orada soydaşımız, uğurlu bir iş adamı Müqabil Hümbətovun da qonağı olduq. Müqabil Hümbətov həm də Moldova Azərbaycanlıları Konqresinin rəhbər şəxslərindəndir. 80-ci illərin əvvəlində təhsil almaq üçün Sankt Peterburqa yollanan kasıb azərbaycanlı balası bu gün Moldovanın toyuq əti bazarında liderlik edən şirkətin sahibidir. Onun həyat hekayəsini təqdim edirik:

IMG_20170712_140151.jpg (1.60 MB)
– Müqabil bəy, nə vaxtdan Moldovadasınız?

– 20 ildir ki, Moldovada yaşayıram. Doğulduğum Qərbi Azərbaycanda 80-ci ildə orta məktəbi qurtarıb, oxumaq üçün Leninqrada – indiki Sankt Peterburqa gəldim. Həmin illərdə öndərimiz Heydər Əliyev Azərbaycandan Rusiyanın şəhərlərində oxumaq üçün azərbaycanlıları göndərtdirirdi. Sankt Peterburqda tibb institutuna qəbul olundum, bitirəndən sonra 12 il orada diş həkimi işlədim. Sonra bizneslə əlaqədar Moldovaya gəlmək təklif olundu, elə o zamandan – 1997-ci ildən də buradayam. Mən bura gələndə subay idim, Moldovada ailə qurdum, övladlarım burada dünyaya gəldi, beləcə qaldıq burada və bura bizim ikinci vətənimizə çevrildi. Moldovanın təbiəti mənə daha doğma gəldi, çünki bizim dədə-baba yurdumuzun təbiətinə oxşarlığı var, insanların xarakteri, davranışları bizə yaxındır. Osmanlı imperiyası 350 ildən artıq bu torpaqlarda öz silinməz izlərini qoyub. Moldova dilində yüzlərlə türk sözləri var. Bura mənə daha çox xoş gəldi və burada daimi yaşamağa qərar verdik.

– Hansı sahədə çalışırsınız?

– Biznesə qoşulanda əvvəllər şəkər istehsalı ilə məşğul olmuşuq, son 6 ildə quşçuluq sahəsinə keçmişik. Bu işə tam sıfırdan başladıq və bu gün ölkənin əsas toyuq əti istehsalçılarından biriyik. Bütün mağazalarda bizim markamız satılır. Özümüzün firma mağazalarımız var. Dağıtım şirkətimiz də var, malları bazalara da özümüz daşıyırıq.
Toyuq işinə balaca bir sexlə başladıq. Böyümək üçün dostlarla birlikdə kredit aldıq, iranlılarla birgə işləmək planımız vardı. Amma onlar qeyri-ciddilik etdilər, iş birliyimiz alınmadı. Burada yaxşı işlər görən azərbaycanlımız var, Əşrəf müəllim. Ziyalı, sanballı kişidir. Gəldi dedi ki, haqqında eşitmişəm, səninlə şərikli toyuq işinə girməyə hazıram. Razılaşdıq, onun təklifi ilə ikinci bir fabrik də yaratdıq. Birində yumurtalıq toyuqlar bəsləyirik, cücə çıxarmaq üçün yumurtanı özümüz istehsal edirik. Digəri ətlik quşlar yetişdiririk. Daha bir fabrik də inşa etmişik, son tamamlama işləri gedir. İnşallah, noyabrın 11-də açılışımız olacaq. 300 min toyuq da orada yetişdirmək mümkündür. Ticarət nişanı olaraq “LİAX” adlanırıq, şirkətin adı isə “Şərur-Kon” şirkətidir. Biz burada indiyədək ildə 1 milyon cücə çıxarırdıq. 1 milyon cücə 2 milyon kiloqram ət deməkdir. Bu da böyük bir rəqəm deyil. Bazarda rəqabət aparmaq üçün daha da böyümək lazımdır. Məsələn, bu gün Azərbaycandan bura dostlarımız gəlir, onlar da sifariş vermək istəyirlər, bildirirlər ki, Azərbaycanda toyuq ətinə tələbat var. Hazırda xeyli iş adamı Ukraynadan toyuq əti alıb aparır Azərbaycana. Bir müddət əvvələ qədər Ukraynada toyuq əti Moldovadan ucuz idi. Ona görə daha iş adamları toyuq ətini gəlib oradan alıb aparırdılar. Qiymətdə rəqabət aparmaq üçün işimizi böyütməyə qərar verdik. Bütün fabriklərimiz tam gücü ilə çalışmağa başlayanda bir burada 8 milyon cücə çıxarmağı planlaşdırmışıq, bunun da 6 milyon cücəsini özüm istifadə edəcəm, ətlik üçün. Qalan 2 milyon cücəni də satmağı nəzərdə tutmuşuq.
Bizim işlərimiz böyüməyə başladıqdan sonra Ukraynadakı səfirimiz, daha əvvəllər Azərbaycanın Moldovadakı elçisi olmuş Azər Xudiyev məni Ukraynaya dəvət etdi, bir sıra ərəb ölkələrinin səfirləri ilə görüşdürdü və biz artıq bir neçə ölkənin bazarlarına toyuq göndərəcəyik.

22007546_1267018296777952_5733469756948329326_n.jpg (111 KB)

– Azərbaycan bazarına gəlməyi düşünürsünüzmü?

– Bəli, dostlarımız artıq bu təklifi ediblər, bizdən daha çox halal brendi olan məhsul istəyirlər. Bizim bu imkanımız var. Belə ki, Moldovada türk camisı var. Oradan gəlib bizim fabrikimizlə tanış olublar, bəlli qaydalar üzrə kəsim sexlərimiz var ki, orada sırf müsəlmanlar üçün halal kəsim qaydaları ilə məhsullar hazırlayırıq. Azərbaycana və digər müsəlman ölkələrinə bu sexlərdə halal şəkildə istehsal olunmuş malları göndərməyi planlaşdırırıq. İnşallah, bu ilin sonuna qədər biz Azərbaycana da quş əti göndərməyi nəzərdə tutmuşuq.

IMG_20170712_131847.jpg (1.49 MB)

– Moldovada daxili bazarda sizin mallara tələbat hansı səviyyədədir?

– Çox yüksək şəkildə tələbat var. Hazırda bütün dünyada toyuq əti bahalaşması tendensiyası müşahidə olunur. Moldova kasıb ölkədir, kasıb təbəqə də daha çox toyuq əti alır. Ona görə də bizim mallara tələbat böyükdür.

– Dövlət qurumları sahibkarlarla necə davranır Moldovada?

– Moldovada biznes mühiti çox yaxşıdır. Ümumiyyətlə, aqrar sahənin inkişafı üçün dövlət sahibkara münbit şərait yaratmalıdır, dotasiya verməlidir, ƏDV-dən azad etməlidir və s. Burada həmin qaydalardır. Heç bir maneə yoxdur. Bir inşaat sektorundan başqa bütün sahələrdə çalışanlara dövlət xərclərin 30-40 faizi civarında dotasiya, dəstək verir. Məsələn, mən fabrikim üçün bir avadanlıq alıram, 10 min dollara. Bunu quraşdırıram, çalışmağa başlayanda sənədlərini müvafiq dövlət orqanına, yoxlanılır və həmin 10 min dolların 30 və ya 40 faizini (quraşdırdığın avadanlığın növündən asılı olaraq) mənə dövlət təmənnasız ödəyir. Bu, aqrar sahənin inkişafına yönəlik bir prosesdir. Məsələn, biz sonuncu quşçuluq fabrikini qurduğumuz zaman 1 il ərzində avadanlıqlara 1 milyon avro civarında pul ödəmişik. Həmin 1 milyonun 20 faizi əlavə dəyər vergisidir. Dövlət isə həmin pulu hesaba yönəldir, qalır hesabımda. Yalnız gələcəkdə istehsal prosesində satışdan əldə etdiyimiz gəlirlərdən həmin 20 faizi az-az dövlət götürəcək, amma yenə də əvvəlki əlavə dəyər vergisi üçün nəzərdə tutulan 20 faiz hesabımda ehtiyat olaraq qalacaq, onu heç kim silə bilməz. Bu, bir qaydadır. İkincisi, belə bir qayda da var ki, mən aqrar sahədə çalışmaq üçün bir avadanlıq alıram, bu zaman dövlətə məktub yazıram, onlar məni 20 faizlik əlavə dəyər vergisindən ümumiyyətlə azad edirlər. Yəni həmin pul nağd olaraq sənin əlində qalır. Tutaq ki, 1 milyonluq avadanlıq alıram, bəri başdan 20 faiz ƏDV-dən məni azad edirlər və mən aldığım avadanlıq üçün 1 milyon əvəzinə 800 min ödəyirəm. Həmçinin, aqrar sahədə çalışan adam işlərə 100 min manat vəsait xərcləyəndə, dövlət də ona hətta 50 faizədək dotasiya ayırır, dəstək verir. Bu gün ölkədə baş verən krizisə görə həmin faizlər 50 faizdən 30-35 faizə enib, amma bu müvəqqətidir, yenə yüksələcək. Şəxsən mən özüm 5 il öncə işə başlayanda dövlətdən 50 faiz dotasiya almışam və bunlar hesabına belə bir uğurlu iş qura bilmişəm. Hazırda mənim müəssisəmdə 120 insan çalışır. Bir maraqlı məqam deyim: 6 ildir biz quşçuluqla məşğuluq. Bu müddətdə hansısa bir qurumdan, vergidən gəlib bizə heç bir sorğu sual belə etməyiblər. Hər ayın axırı çatanda vergi idarəsindən sadəcə zəng edirlər, xatırlatma verirlər ki, filan tarixə filan qədər vergi ödəməniz var, vəssalam. Burada artıq Avropa standartları, qayda-qanunları formalaşıb. İnsanın işə qəbulu, orta əmək haqqı da bu standartlara uyğunlaşdırılır. Burada fəhlənin maaşı ortalama 300 dollardır. Moldova kimi ölkədə 300 dollar maaş yüksək rəqəm hesab olunur. Mühəndislər, mühasiblər 600-1000 dollar civarında əməkhaqqı alırlar.

– Azərbaycan şirkətləri burada sosial layihələrə dəstək verirmi?

– Əlbəttə, burada biz xeyli sayda sosial layihələrdə iştirak etmişik, xeyriyyə aksiyaları keçirmişik. Burada kilsə nəzdində kimsəsiz uşaqlar üçün məktəb yaradılıb. Həmin kimsəsizlər məktəbinin qida təminatına yaxından dəstək oluruq, onları toyuq məhsulları ilə təmin edirik, bayramlarda baş çəkirik. Bir neçə ay öncə bizim hörmətli dostumuz, Azərbaycanı sevən sabiq ombudsman Aureli Qriqoriya Azərbaycan adına multikulturalizmə aid törən təşkil etmişdi. Bu, xeyriyyə aksiyası idi, orada yığılan vəsait xəstə bir uşağın müalicəsinə xərcələnəcəkdi. Mənə bunu tədbirdən cəmi 6-7 saat qabaq, gecə vaxt dedilər, ciddi bir dəstəklə, ailə-uşağımızla qatıldıq. Diaspor liderimiz, “AZMOL” şirkətlər qrupunun rəhbəri Vüqar Novruzovun, mənim, digər dostlarımızın sayəsində orada əsas vəsaiti məhz biz, Azərbaycan diasporu topladı. Həmin aksiyada Azərbaycanın adı xeyriyyə törəninin ən böyük dəstəkçisi kimi tarixə yazıldı.

18836869_1418490031522940_7588116952282396065_o.jpg (274 KB)

– Bir iş adamı kimi Moldovanın gələcəyini necə görürsünüz?

– Ölkənin çox parlaq gələcəyi var. Son 1 ildə çox ciddi islahatlar getdi, vergi sistemi daha da sadələşdirildi, sahibkarlara daha böyük nəfəsliklər açıldı. Bu gün korrupsiya hətta günbəgün azalır, bu gün bir adam gəlib sahibkarı incitmir. Yetər ki, vaxtı-vaxtında vergini ödə və işini gör. Olur ki, hansısa bir zaman vergini texniki səbəbdən vaxtında ödəməmisən, yaxud satıcı çek vurmağı unudub və cərimə tətbiq olunub. Sən həmin cəriməni 72 saat ərzində ödəsən, 50 faiz endirim edilir.

– Fabriklərinizdə azərbaycanlı çalışırmı?

– Bəli, var. Amma əksər işçilərimiz yerli adamlardır.

– Diaspor işində də iştirak edirsiniz, diasporun tanınan simalarından birisiniz. Konqresdə hansı vəzifəni tutursunuz? Bir iş adamına çətin deyil ki, diaspor rəhbərliyində olmaq?

– Moldova Azərbaycanlıları Konqresinin Şura üzvüyəm. Əlbəttə ki, bizlər – bir az imkanı, ziyalılığı olan insanlar diaspor işində öndə olmalıyıq. 13 ildir diaspor təşkilatımızda rəhbərlikdə təmsil olunuram, aktivlik göstərirəm. Bizim burada güclü diaspor təşkilatımız var. Sonuncu qurultayda cənab prezidentimiz İlham Əliyev nümunəvi, örnək diasporlar sırasında əbəs yerə Moldovadanın adını çəkmədi. Dövlətimiz də burada gördüyümüz işlərdən xəbərdardır. Moldovada hər il sentyabrda ən mərkəzi meydanda – Ştefan meydanında etnik festival, burada yaşayan azsaylı xalqların kültür bayramı keçirilir. Biz o bayramlarda xüsusi aktiv iştirak edirik. Şəxsən özüm həmin bayramda Azərbaycan mətbəxinin simalarından biri olan kababı ocaq başında bişirib təqdim edirəm. Əksər ölkələrin diasporları həmin festivala bir biznes marağı ilə yanaşır. Biz isə orada yalnız dövlətimizin, millətimizin, mədəniyyətimizin, mətbəximizin təbliği ilə məşğul oluruq. Moldovanın dövlət rəhbərləri sözügedən törənlərdə bizim guşəyə xüsusi önəm verir.

– Yerli ictimaiyyət, sadə insanlar, rəsmi şəxslər arasında Qarabağla bağlı təbliğat aparırsınız?

– Biz Qarabağ məsələsi ilə hər gün, hər addımda təbliğat aparırıq, haqq səsimizi çatdırmağa çalışırıq. Təbii ki, bu bizim ilk görəvimizdir. 20 yanvar, Xocalı faciəsi, rayonlarımızın işğal günlərində Ştefan meydanında yığışıb nümayişlər edirik. Bizim tədbirlərimiz təbii ki, Azərbaycan səfirliyi ilə birlikdə, koordinasiyalı şəkildə həyata keçiririk. Bir faktı qeyd edim, bu ilin aprelində ermənilər burada uydurma soyqırım iddiaları ilə bağlı böyük bir konfrans keçirməyi planlaşdırmışdılar. Dövlət onlara yer də ayırmışdı. Biz bundan xəbər tutan kimi, Konqres rəhbərliyi müvafiq dövlət orqanlarına müraciətlər yolladı, görüşlər keçirdi və onları əmin etdik ki, bu saxta bir iddiadır. Bundan sonra ermənilərin tədbiri ləğv olundu və onu keçirməyə hökumət icazə vermədi. Burada diasporumuzun belə gücü var. Burada ermənilər sayca azərbaycanlılardan qat-qat çox olsalar da, biz onları hər addımda yenirik. Mütəmadi olaraq dövlət rəhbərləri ilə görüşürük. Həm bir iş adamı, həm də diaspor təmsilçisi kimi rəsmi şəxslərlə təmaslarımızda millətimizin, dövlətimizin maraqlarını önə çəkirik. Xüsusi olaraq bir məqamı qeyd edim, cənab Qüdsi Osmanov Moldovaya səfir təyin olunandan sonra bizim işlərimiz daha da güclənib. O, çox təcrübəli, enerjili, bütün MDB məkanı ilə çox yaxşı əlaqələri olan bir səfirdir. Bura gəldiyi qısa müddət ərzində elə bir işlər gördü ki, sanki 10 ildir burada çalışır. Onun gəldiyi müddətdən sonra burada Azərbaycan adına çox böyük işlər görüb, xeyli tədbirlər keçirib. Mən 20 ildir burada yaşayıram, hər il Azərbaycan adı ilə bağlı müxtəlif tədbirlər keçiririk. 12 ildir də burada səfirlik fəaliyyət göstərir. Amma məhz bu ilki cümhuriyyət günümüzlə bağlı burada keçirilən tədbirdə ilk dəfə idi ki, Qüdsi Osmanovun sayəsində bu qədər diplomatlar, rəsmi şəxslər gəlmişdi. Biz indiyədək belə bir şey görməmişdik. Moldova hökumətinin əksər üzvləri, buradakı bütün diplomatik korpusların rəhbərləri həmin törənə qatılmışdılar. Səfirliklə diaspor komitəsi arasında çox sıx münasibətlər var. Konqresin sədri Vüqar Novruzovun də gördüyü işlər göz qabağındadır. Biz elə bir işlər görməliyik ki, övladlarımız bizdən sonra diaspor işinə daha ciddi, ürəklə yanaşsınlar, bir ənənə formalaşsın…
Biz Vətən həsrəti – Qərbi Azərbaycan, Qarabağ həsrəti ilə yaşayan insanlarıq. Azərbaycan adına əlimizdən nə gəlirsə edirik və edəcəyik. İnanıram ki, biz çıx qısa müddətdə işğaldakı torpaqlarımızı azad edə biləcəyik. Əminəm ki, prezidentimiz İlham Əliyev bu işlərin öhdəsindən gələcək.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …