Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Azərbaycanın paytaxtı İrəvan şəhəri…” – İsveçrəli fermerlə müsahibə

“Azərbaycanın paytaxtı İrəvan şəhəri…” – İsveçrəli fermerlə müsahibə

Herr Bruno Maurer : “Fermerlərin həftəlik iki qəzeti var ”; “Öküzlərimi icarəyə verirəm”
Herr Bruno Maurerdən bu müsahibəni götürmək üçün ona bir ayda 6 dəfə e-mail yazmalı oldum. Burada yazışmalar qəbul olunmuş standartlar çərçivəsində həyata keçirilir. Rəsmi və qısa. Qarşı tərəfin də cavabını səbirlə gözləməlisən. Əlbəttə, mən bir amerikalı və ya ingilis jurnalisti olsaydım, Herr Maurer daha böyük maraqla bu işə həvəs göstərərdi. Amma haqqında elə bir məlumatı olmayan ölkənin jurnalistinə vaxt ayırmağa sanki ərinirdi, bəlkə də vaxtına qiymırdı desək daha doğru olardı. Amma sonda görüş vaxtını və yerini özü təyin etdi.
Bizim bələdiyyənin ərazisində cəmi 3 fermer təsərrüfatı var.  Dəfələrlə həmin ərazilərdən keçsəm də hansı fermanın Herr Maurerə məxsus olduğunu bilmirdim. Əslində heç onun sifətini də görməmişdim. Sadəcə, İnternetdən şəklini çıxarmışdım. Elə o səbəbdən də hardasa yarım saat tez görüşə yollanmalı oldum. Amma axtardığım ünvanı tapmaq çətin olmadı. Tərslikdən yağış getdikcə sürətlənirdi. Maşını bir kənarda saxlayıb qarşıma çıxan ilk fermerin həyətinə boylandım. Kifayət qədər gənc bir adam iribuynuzlu heyvanların altını təmizləyirdi. Qabağında qalaqlanmış təzəkləri tövlənin qarşısındakı peyinliyə kürüyürdü. Yağışın əlindən təntimiş halda özümü ona yetirdim. Hansı ünvanı və kimi axtardığımı deyən kimi gülümsədi. Sualima da sualla cavab verdi: “Siz jurnalistsiz?”  Həmən bəlli oldu ki, birbaşa axtardığım ünvana gəlib çıxmışam. Amma görüş vaxtına hələ yarım saat vardı. Buralarda belədir. Görüş əvvəlcədən nəzərdə tutulmuş  vaxtda başlayır. Amma bu dəfə istisna oldu. Herr Maurer dedi ki, yağışa görə nəzərdə tutduğu işi görə bilmir. Ona görə də müsahibəyə tez başlamaqda problem yoxdur…
Fermer evinin qabağında satdığa çıxardığı meyvələrin hərəsindən iki- iki götürüb balaca bir qutuya doldurdu. Geniş həyətin bir ucundan o biri ucuna gedərkən yaşı səksənin üzərində olan bir qoca göründü. Sonra bəlli olacaq ki, bu fermer təsərrüfatının sahibi bir vaxtlar o, olub. Həyat yorub əldən saldıqdan sonra işi oğluna buraxıb. Amma gücü çatan işi indi də başqasına etibar etmir. Hər halda oğlunun təqdimatında qoca  xeyli zabitəli görünürdü…
Həyətlərindəki çardağın altında mənə yer göstərdi. Əlindəki meyvələri də stolun üstünə qoydu. Kompüteri  çıxarıb əvvəlcədən hazırladığım suallara keçməmişdən Herr Maurerə müsahibəyə vaxt ayırdığına görə təşəkkür etdim. Burada belə nəzakətli  davranışlara xüsusi önəm verərlər…
-Atanız da fermer olub, siz də fermersiz. Yəqin siz də estafeti ötürməli olacaqsız…
 
– 2009-cu ildə atam mənə dedi ki, artıq bu işlə sən məşğul olmalısan. Əlbəttə, əvvəl də mən atamla bir yerdə çalışırdım. Amma həmin vaxtdan atam hər şeyi rəsmən mənə buraxdı. Düzdür, o, indi də mənim necə işləməyimə nəzarət edir. Əvvəllər yanlışlarım çox olardı. İllər keçdikcə təcrübəm daha da artdı. Amma indi də onun qınaqları ilə rastlaşdığım vaxtlar olur. Deyim ki, mənim atam da bu fermer təsərrüfatın öz atasından miras olaraq almışdı. Babamdan 5-6 nəsil də əvvəl bizim ailə bu işlə məşğul olub. Estafeti ötürmək haqqında hələ düşünməmişəm. Çox tezdir. Hazırda 8 və 10 yaşında iki qızım var. Gələcəkdə onların bu işə maraq göstərib göstərməyəcəyini proqnozlaşdırmaq çətindir. Amma istərdim ki, bu ənənə davam etsin…
-Nə qədər mal-heyvanınız, toyuq-cücəniz var? 
 
-Toyuq saxlamıram. Hazırda tövlədə 15 öküzüm var. Süd sağmağa imkanım yoxdur. Ona görə də inək saxlamıram. Öküzlərim də işə yarayır, kim inəklərindən bala almaq istəyirsə mənə müraciət edir. Mən də öküzlərimi onlara kirayə verirəm. Təbii ki, bunun əvəzində qarşı tərəf də mənə lazım olan şeyləri edir, tutaq ki, əkin üçün mənə maşın lazımdır… Yəni, bir-birimizə qarşılıqlı yardım etməklə problemlərimizi həll edirik. Bilirsiz, mən artıq siyasi proseslərin içindəyəm. Demək olar ki, hər gün nəsə bir tədbir olur, iclas, toplantı, hesabat. Ona görə də fermaya o qədər də çox vaxt ayıra bilmirəm. İşimi elə planlaşdırmışam ki, nə qədər çətin də olsa fermer təsərrüfatı ilə siyasi fəaliyyəti uzlaşdırım. Bu çox da asan iş deyil. Üstəlik, həftədə bir dəfə dərsə getməliyəm.  3 il davam edəcək kursda fermer təsərrüfatının elmi əsaslarla idarə olunması tədris olunur. Fermer ona gərəkən biliklərə sahib olmalıdır. Yoxsa problemlərin həllində ciddi səhvlərə yol verə bilər ki, bu da maddi baxımdan ciddi itkilər deməkdir. Amma hələ ki, alınır.
-İsveçrəlilər ev heyvanların çox sevirlər. Siz hansı ev heyvanlarına üstünlük verirsiz? 
 
-Qızlarımın hər birinin bir dovşanı var. Bir də atam it saxlayır.
-Torpaq sahəsi fermer üçün önəmlidir. Malik olduğunuz torpaq sahəsi sizə yetirmi?
 
-30 hektar torpağım var. Məndən başqa da bu ərazidə 2 fermer də çalışır. Onlar da elə bu qədər torpağa sahibdir. Ancaq həmin 30 hektardan yalnız 10 hektarı mənim şəxsi torpağımdır. 20 hektarı isə kirayəyə götürmüşəm. Bundan başqa, hərəsi 1 hektar olmaqla alma, armud və gilas bağım var.  1 hektar da çiyələk əkirəm.  Əlbəttə, tərəvəz də önəmlidir. Tərəvəzdən də yaxşı qazanmaq olar.
-Fermer təsərrüfatınızın ümumi dəyəri nə qədər olar? 
 
-3 milyon frank olar. İsveçrədə hər şey bahadır. Ona görə də ciddi problemlər var. Tutaq ki, bizim süd Amerika, Kanada və ya Yeni Zellandiyadan gələn südlə qiymətdə və keyfiyyətdə rəqabətə girməlidir.
-Yeri gəlmişkən, İsveçrə öz fermerlərinin bazara çıxardığı məhsulların idxaldan qoruyurmu?
 
-Son 15 ildə bu istiqamətdə xeyli irəliləyiş var. Yerli fermerlər məhsulu bazara çıxaranda xaricdən gələn analoji məhsulların idxalı dayandırılır. Amma dövlətin tələbləri də var. Əkin elə həyata keçməlidir ki, yerli quşların və böcəklərin yaşam arealı daralmasın. Biz ətraf mühitə dost münasibət bəsləməliyik. Amma dövlət elə şərait yaradır ki, fermerlər üçün təbiətin mühafizəsi önəmli faktora çevrilir. Fermer bilir ki, əgər təbiətlə dost olmasa dövlətin yardımından kənarda qala bilər. Bu isə əhəmiyyətli maliyyə vəsaitinin əldən çıxması deməkdir…
-Əkinçilikdə bitkilərin təbii səbəblərdən sıradan çıxması ehtimalı böyükdür…
 
-Aramsız yağışlar, xüsusən dolu əkini məhv edə bilər. Belə hallardan kimsə sığortalanmayıb. Amma əkini dövlətin nəzərdə tutduğu şəkildə həyata keçirdikdə müəyyən kompensasiyalar nəzərdə tutulub. İsveçrədə ekologiya son dərəcə ciddi məsələdir. Fermerlər də ekologiyanı nəzərə almaqla öz işlərini görməyə məcburdurlar. Əks təqdirdə ciddi problemlərlə üzləşə bilərlər. Onu da deyim ki, biz gördüyümüz işlər barədə müəyyən orqanlara mütəmadi yazılı məlumat veririk. Hər vaxt həmin məlumatlar əsasında yoxlamalar keçirilə bilər. Amma belə yoxlamalar az-az olur. Çünki fermerlər qanun çərçivəsində işləməyə öyrəşiblər.
-Fermerlər çox işləyir. Bəs istirahətiniz neçə keçir? Ailənizlə bir yerdəmi tətilə gedirsiz?
 
-Ailəsiz olmaz ki. Biz hər il İsveçrə dağlarına 1 həftəlik  xizək sürməyə gedirik. Qışda vaxtımız daha çox olur. Yayda da vaxt tapmağa çalışırıq. 3-4 gün vaxt eləsək yenə dağlara gedəcəyik. Bu dəfə isə yürüşə çıxacağıq. Dağlar çox gözəldir. Ötən il isə yayda 10 gün ərzində Xorvatiyada olduq. Oraların da öz gözəlliyi var.
-Fermerlər bir-birinə necə kömək edirlər?
 
-İri kombaynlar, torpağı şumlayan iri traktorlara hər birimizin ehtiyacı olur. Əvvəlcədən işimizi planlaşdırırıq. Tutaq ki, mənim kombaynım var, mən gəlib sənin taxılını biçə bilərəm. Traktorumla sənin ərazini şumlaya bilərəm və ya xüsusi traktorla sahənə peyin səpə bilərəm…Amma elə də olur ki, kimsə gəlib mənim taxılımı biçir. Bunun müqabilində mən də onun pulunu verirəm. Və ya kiməsə mənim görə biləcəyim iş lazımdır. Mən də gedib onun işini görürəm və pulumu alıram. Bizim İnternetdə saytımız var. Hansi fermer nə edə bilər və nəyə ehtiyacı var? Bu barədə orada elanlar verilir. Bizə lazım olan şeyləri orada asanlıqla tapa bilərik.
-Texnika baxımından nəyiniz var?
 
-Traktorlarım, yükdaşıma və  otbiçən maşınım var. Çünki bu maşın hamıya eyni vaxtda lazım olur. Ona görə də gərək özününkü olsun…
-Dövlətdən dotasiya alırsızmı? 
-Əkin zamanı ekologiyaya dost münasibətdə olduğuma görə dövlətdən maddi yardım alıram. Saxladığım hər heyvana görə ildə mənə 300 frank (avro ilə eynidir)ödəyirlər. Ancaq bunun üçün də müəyyən şərtlər var. Gərək mən heyvanları tövlədən daha çox otlaqda saxlayım. Heyvanlar təmiz havada və otlaqda qalırlarsa, deməli, mən bu pulu alacam. Şəxsən bizim ailə 10 ildir ki, bu yardımı hər il alır.
-Məhsulları necə satırsız?
 
-Məhsulun bir hissəsini öz həyətimdə satıram. Gündə 20-30 kilo müxtəlif meyvəm alınır. Gilas da yaxşı satılır. Çiyələyə maraq çoxdur. Göy-göyərti də yaxşıdır. Fermerlərə məxsus mağazalar var. Məhsulun bir hissəsini də  ora verirəm. Mağaza, restoran və kafelərlə özüm danışıram. Daimi müştərilərim var. Bar hələ ağacda olanda təxmini bilirəm ki, nə qədər məhsulum olacaq və həmin məhsulu kimlərə, neçəyə satmaq olar…
-Banklara borcunuz varmı? 
-O qədər də varlı fermer deyiləm. Ancaq banklara da heç bir borcum yoxdur. Əlbəttə, mənə bir şey almaq lazım gəlsə banklardan aşağı faizlə pul götürə bilərəm. Amma bu imkandan istifadə üçün elə də maraq göstərmirəm. Çünki bu problemi öz imkanlarım hesabına həll edə bilirəm.
-Təhsilinizlə bağlı danışdınız. Mən burada əkinçiliklə bağlı onlarla kitab görmüşəm. Siz ehtiyac duyduğunuz bilgiləri əldə etmək üçün nə edirsiz? 
 
-Fermer kimi, hər həftə iki qəzet alıram. Birinci qəzet bütün İsveçrəni, ikinci qəzet isə Sürix kantonunu əhatə edir. Hər iki qəzet fermerlər üçün nəzərdə tutulub. O qəzetlərdə fermerə gərəkə bilən şeylər haqqında ətraflı məlumat əldə etmək olar. Nəyi nə vaxt, necə etməklə bağlı məsləhətlər verilir. Bundan başqa fermerlərə məsləhət vermək üçün qaynar xətt  var. Nəyisə həmən bilmək istəyirəmsə, həmin nömrəni yığıram. Vəziyyəti izah edirəm. Oradakı mütəxəssislər dəyərli məsləhətlərin bizdən əsirgəmirlər…
-Bəs, heyvanların xəstəlikdən qorunması ilə bağlı fermer olaraq nə edirsiz?
 
-Elə vaksinlər var ki, İsveçrədə olan bütün heyvanlara  məcburi qaydada vurulmalıdr. Vaksinləri özüm vururam. Bir də görürsən ki, mal-qaranın hansı isə gözünə sağlam görünmür. Dərhal hərəkətə keçməlisən. Baytar çağırmalısan. Onlar gəlib problemi yerindəcə həll edirlər. Gedəndə də gördükləri işə görə nə qədər pul alacaqlarını ödəniş çekinə yazıb bizə təqdim edirlər. Biz də 1 ay müddətində həmin pulu ödəyirik. Əks təqdirdə həmin pulun üzərinə cərimə də əlavə olunur. Bu isə əlavə pul itkisi deməkdir…
-Aylıq gəliriniz barədə nə deyə bilərsiz? Sizi qane edirmi?
 
-Hər hansı rəqəm demək istəməzdim. Amma gəlirimiz stabildir və kifayət qədərdir. Düzdür, bu gəlirlə biz çox bahalı gəzintilərə çıxa bilmərik, çox bahalı tətil yerlərinə gedə bilmərik. Amma yüksək həyat standartları daxilində rahat yaşaya bilərik. Bizə heç artığı lazım da deyil.
– Düşünək ki, mövsümlə bağlı fermer təsərrüfatında iş axtarıram. Və sizə deyirəm ki, mənə iş verin. Siz mənə nə iş təklif edərsiz və hər saatıma neçə frank ödəyərsiz?
 
– İsveçrədə “Aqroimpuls” deyilən bir mərkəz var. Mövsümlə bağlı iş axtaranlar ora müraciət edib qeydiyyatdan keçirlər. Fermerlərə elə işçilər lazım olanda həmin təşkilatla əlaqə saxlayırlar. Həmin təşkilatda fermerə gərəkən şəxsi sənədlərə əsasən seçib bizim yanımıza göndərir. Tutaq ki, mənə çiyələk yığımında kömək lazımdır. Deməli, göndərilən adam bu sahədə artıq təcrübəyə malik olmalıdır. Belə işçilər aya hardasa 2 min frank alırlar. Bu o qədər də çox deyil. Amma adətən belələri şərqi Avropa ölkələrindən gəlirlər və bu məbləğ onları artıqlaması ilə qane edir…
-Gübrə ilə  bağlı nə edirsiz? Əkin üçün önəmli olan məsələlərdən biri də budur.
 
-Mal-qaranın altını təmizləyib müəyyən bir yerə toplayırıq. Sonra onu gübrə istehsalı üçün fabrikə göndəririk. Bilirsiz ki, İsveçrədə orqanik tullantılar xüsusi olaraq toplanır. Fabrikdə həmin peyinə belə orqanik tullantılar qatılır. Digər gərəkli komponentlərdən də istifadə olunur. Sonda əldə oluna gübrə əkində istifadə olunur. Bizdə əkinə su verilmir. Çünki tez-tez yaxış yağır. Əkirik, müəyyən vaxt keçir, gəlib biçirik…
-Qonşuluqda nəhəng dairəvi formada qalın sellofana bükülmüş  şarlar bir-birinin üzərinə qalaqlanıb. O şarların içində nə var? 
 
-Mal-qaranı yemləmək üçün müxtəlif bitkilər əkirik. Qarğıdalı daha yaxşıdır. Həmin bitki müəyyən bir zamanda tərkibinin zənginliyinə görə  optimal mərhələyə çatır. Məhz o vaxt əkin biçilməlidir ki, heyvanlar həmin qidalı yemdən xüsusən qışda istifadə etsinlər. Ona görə əkini biçən kimi həmin otu qurumağa qoymuruq. Və iri maşınların köməyi ilə otu qalın sellofan torbaların içinə qoyub maşınlarla sarıyırıq. Konservləşmiş qida tərkibinə görə yeni biçilmiş otlardan o qədər də fərqlənmir. Qidalı yem yaxşı süd deməkdir. Həm də yaxşı qidalanan heyvanlar sağlam olur…
– İsveçrədə insanlar ehtiyacı olanlara yardım etməyi xoşlayırlar…
 
– Əlbəttə, mən uşaqlara yardım edən təşkilatlara həmişə pul keçirirəm. Onlar isə peşəkar şəkildə öz işlərini görürlər.
Sürixdəki Opfikon bələdiyyəsinin rəsmisi Herr Ueli Boetchidən götürdüyüm müsahibəni oxuyanların yadında olar. O, mənimlə söhbəti zamanı Azərbaycanla bağlı hərtərəfli bilgilərə sahib olduğunu nümayiş etdirmişdi. Bu müsahibim isə…
– Azərbaycan haqqında nə bilirsiz?
– SSRİ-nin bir parçası olub, paytaxtı da İrəvan şəhəridir…
Amma siz onu qınamayın. Azərbaycanda da Livanla Liviyanın, Avstraliya ilə Avstriyanin fərqini bilməyənlə də az deyil…
-Siyasətçi kimi necə düşünürsüz, İsveçrənin hansı siyasi problemləri var?
 
-İsveçrə sosial ölkədir. Vergiləri toplamaq o qədər də asan deyil. Ancaq toplananı bölüşdürmək çox asandır. Çünki ehtiyacı olanlar həmişə başının üstündə olurlar. Vergilər məsələsi son dərəcə önəmlidir. Bizdə belədir ki, hər kantonun öz vergi qanunu var. Şirkətlər bilirlər ki, hansı kantonda fəaliyyət göstərsələr daha az vergi ödəyə bilərlər. Ona görə də kantonlar arasında bu məsələdə ciddi rəqabət var. Hər kanton çalışır ki, daha az vergi  alsın, əvəzində isə daha çox şirkət onun ərazisində mərkəzləşsin. Bu məsələylə bağlı problemimiz var. Bir də tutaq ki, bizim bələdiyyə də Sürix Hava limanının tikintisinə pul ayırır. Amma qonşuluqdakı bələdiyyə yox. Ancaq onlar da bizim kimi Hava limanının imkanlarından istifadə edirlər. Yəni, belə məqamlar var. Və belə məqamlara da dəqiq həll variantı tapmaq lazımdır..
-Nə vaxt İsveçrə Avropa Birliyinin üzvü ola bilər? 
-Avropa Birliyi çox nəhəngdir. Ancaq mən İsveçrəni bu birliyin daxilində görmək istəməzdim. Bizim bu birliyə elə bir ehtiyacımız yoxdur. Bəli, biz Avropa Birliyi ilə ən yüksək səviyyədə əməkdaşlıq edirik.  Amma ora bizim yerimiz deyil. Avropa Birliyinə ən çox Almaniya can yandırır, daha çox pul verir. İngiltərə Avropa Birliyinə pul verməkdən yayınmaq üçün o qədər bəhanələr uydurur ki. O biri dövlətlər də eləcə. Hər biri Avropa Birliyindən daha çox pul almağa çalışırlar. Bir az öncə dediyim kimi, vergini o qədər də həvəslə ödəmirlər. Amma həmin vergi əsasında yaranmış büdcədən hər kəs daha çox pay almağa çalışır. Bilmirəm ki, Almaniya nə vaxta qədər Avropa Birliyini öz çiynində daşıyacaq…
-Bir çoxları deyirlər ki, Avropanın ortasında olan və təhlükəsizlik baxımından hər hansı narahatlıq keçirməyən İsveçrənin bu qədər güclü hərbi qüvvəyə sahib olunması doğru deyil. Siz necə düşünürsüz?
 
– Bu mövzu tez-tez gündəmə gəlir. Amma balaca İsveçrə tarixən davakar qonşularından qorunmaq üçün hərbi baxımdan güclü olmağa can atıb. İndi elə bir təhlükə mövcud olmasa da tarixi ənənə bizləri bu sahəyə önəm verməyə səsləyir. Bilirsiz ki, İsveçrədə bir çox qərarları xalq verir. Referendumda ümummilli xarakterli bu kimi məsələlərə münasibət də öyrənilir. İndi İsveçrə bahalı hərbi təyyarələr almaq istəyir. Görək xalq nə qərar verəcək. Məncə, bizim daha çox anti-terror əməliyyatların yüksək səviyyədə həyata keçirə biləcək hərbi hissələrə ehtiyacımız var. Bir də təbii fəlakətlər zamanı insanları xilas edə biləcək hərbi birləşmələrimiz güclü olmalıdır.
– Xalq xüsusən iri məbləğdə vəsait tələb edən işlərlə bağlı səsvermədə öz qərarını verir. Amma bu qərar həmişə doğru olurmu?
– Bu çətin məsələdir. Amma əksər hallarda bu qərar özünü doğruldur. Bəzənsə ölkə üçün son dərəcə gərəkli bir məsələyə xalq “yox” deyir. Ola bilər ki, səsverməyə qatılanların məsələ ilə bağlı kifayət qədər informasiyası olmur və ya təbliğat zəif aparılır, qarşı tərəf daha tutarlı arqumentlərdən istifadə edir və.s.
-İsveçrə Türkiyə ilə Ermənistan arasında vasitəçi dövlətdir. Bu ölkələr arasında sərhədlərin açılması üçün aparılmış danışıqlarda xüsusi fəallıq göstərib. Bu məsələ barədə nə deyə bilərsiz?
 
-Bu barədə ara-sıra mətbuatda xəbərlər gedir. Ancaq mən bu işdən elə də məlumatlı deyiləm.
-Azərbaycan İsveçrəyə neft və qaz satır. Bu barədə necə, məlumatınız varmı?
 
-Yox, elə bir məlumatım yoxdur. Amma ticarət həmişə yaxşıdır. Yəqin biz də Azərbaycana nəsə satırıq…
-Sizin bələdiyyədə 9 partiya fəaliyyət göstərir. Onlardan yalnız biri yerli parlamentdə yer ala bilməyib…
 
-Elədir. Həmin partiya təzə yaranıb. Yəqin tezliklə fəaliyyətini genişləndirəcək. Bunun üçün hər cür imkanlar var.
– Üzvü olduğunuz Xalq Partiyası  İsveçrənin nüfuzlu siyasi qurumlarındandır. Partiyanızın lideri Kristofer Bloxerin təşkilata öz cibindən 150 milyon frank xərclədiyi söylənilir…
 
-Mən dediyiniz məbləğlə bağlı konkret bir söz deyə bilmərəm. Amma cənab Bloxer çox varlı adamdır. Və o, həvəslə bizim partiyaya maddi yardım edir. Bu yardımlar da şəffaf şəkildə həyata keçirilir. Əlbəttə, partiyalara anonim də yardım etmək olar. İsveçrədə biznesdən siyasətə gələnlər az deyil. Onlar siyasətə kifayət qədər pul xərcləyirlər. Təəssüf ki, mən o qədər də varlı deyiləm, yoxsa mən də elə edərdim. Hər kəs İsveçrə üçün bir işlər görməlidir…
-Suriyada, İraqda vətəndaş müharibəsi gedir. Milyonlarla insan didərgün düşüb. Siz oralarda nə baş verdiyinə və nədən baş verdiyinə maraq göstərirsizmi?
-İnsanların bir-birinə qənim kəsilməsi, bir-birini amansızlıqla öldürməsi  əvvəllər də az olmayıb. Əminəm ki, fərqli dinlərdən və mədəniyyətdən olan insanlar rahatlıqla bir yerdə yaşaya bilərlər. İnsanların öz dini baxışlarını başqalarına qəbul etdirmək üçün qırğınlar törətməsini təəssüflə və qorxu ilə izləyirik.
– Bax elə bu qorxu barədə soruşmaq istəyirdim…
 
– Əlbəttə, terrordan çəkinmək lazımdır. Terrorçular Avropada da, elə İsveçrədə də belə terror hadisələri törədə bilərlər. Bundan sığortalanmaq çox çətindir.
-Sizin partiyanın təkidi ilə İsveçrədə minarə tikintisinə qadağa qoyuldu…
 
-İsveçrədə kifayət qədər məscid var. Sadəcə minarə məsələsi bir az həssaslıq tələb edir. Minarə nə üçündür? Azan vermək üçün. Azan müsəlman ölkələrində təbii qarşılanır. Bizdə isə insanlar belə şeyləri həzm etmək istəmirlər. Məncə, Avropada məscidlərə elə bir qadağa olmamalıdır. Amma azan insanları narahat edə bilər…
-İsveçrədə ateistlər çoxdur. Siz necə, dindarsınızmı?
 
-Mən protestantam və bütün xristianlar kimi Allaha inanıram…
Söhbətimiz başa çatır. Bu vaxt müsahibimin işdən gələn xanımı bizə yaxınlaşır. Durub yerli etiket qaydalarına uyğun şəkildə onunla görüşürəm. Nəzakətli ifadələrdən bol olan xanım eynəyini çıxardaraq müsahibənin gedişi ilə maraqlanır…
Getməyə hazırlaşıram. Fermer həyətindən dərərək balaca qutuya yığdığı meyvələri mənə təqdim edir: “Kiçik sovqat kimi qəbul edin. Ümid edirəm ki, siz də mənim daimi müştərilərimdən olacaqsız. Axı siz də yaxınlıqda yaşayırsız…”




Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …

Bir cavab yazın