Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Dünya / “Azərbaycanda müxalif liderlərin bir-birinə münasibəti düşmənçilik səviyyəsindədir”

“Azərbaycanda müxalif liderlərin bir-birinə münasibəti düşmənçilik səviyyəsindədir”

ADR sədrinin müavini Səxavət Əlisoy Moderator.az-a müsahibə verib. Azərbaycanda və regionda gedən proseslərlə bağlı maraqlı fikirlər səsləndirən S.Əlisoy, Qarabağ probleminin mümkün həlli yolları, ölkə müxalifətinin mövcud durumu və s. kimi məsələlərə də aydınlıq gətirib.
-Səxavət bəy, son günlər Polşa rəsmiləri Rusiyanın ünvanına kəskin ittihamlar səsləndirməkdə, Kremlin törətdiyi hərbi cinayətlərə görə təzminat iddiaları irəli sürməkdədir. Sizcə uzun əsrlər Rusiyanın əsarətinə məruz qalan Azərbaycan da rəsmi Moskva qarşısında belə bir iddia qaldıra bilərmi?
-Belə bir addımın atılması mümkündür. Lakin bunun üçün rəsmi Bakı siyasi iradə sərgiləməlidir. Burada bəzi prosesləri də izləmək lazımdır ki, bunlardan da biri Gürcüstanın bütün bunlara necə reaksiya verməsidir. Gürcüstan hakimiyyəti Moskvaya qarşı iradəsini ortaya qoyub.
Qərb özü də dolayısı ilə bu işdə maraqlıdır. Söhbət Rusiyanın zəiflədilməsindən gedir. Kerrinin iddia etdiyi kimi, artıq Rusiyaya qarşı müasir silahlardan istifadə etmək zamanı deyil. Rusiyanı iqtisadi mübarizə üsulları ilə bölünməyə vadar etmək lazımdır və bu, mümkündür.
Həm iqtidarda, həm də müxalifətdə çox sanballı hüquqşünaslar var. Onların kiöməyi ilə Rusiyaya qarşı əsalandırılmış ciddi təzminat iddiaları ortaya qoymaq mümkündür. Lakin bir daha qeyd edirəm ki, bunun üçün öncə siyasi iradə lazımdır.
-Bəzi siyasilər hesab edir ki, Qarabağ probleminin həlli yalnız Rusiyanın, onun regiona təsirinin zəifləməsi fonunda mümkündür. Sizcə doğrudanmı biz Qarabağ  probleminin həllinə nail olmaq üçün sadəcə səbrlə Rusiyanın zəifləyəcəyi günü gözləməliyik?
-Hər kəs bilir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan deyil, Rusiyadır. 25 ildir ki, Rusiyanın Qarabağ problemindən necə yararlandığını da hamı görür. Rusiya işğaldakı torpaqlarımızın azad edilməsində maraqlı deyil.
Rusiyanın zəifləməsi və bu fonda Qərbin Rusiyaya təzyiqinin artması Azərbaycanın marqları baxımından təbii ki, arzuedilən olar. Rusiyanın başı öz daxili problemlərinə qarışmalıdır. Lakin bunu da untumaq olmaz ki, Rusiyada dərin dövlət mövcuddur. Onlar I Pyotrun vəsiyyətlərini belə yerinə yetirməyə özlərini borclu hesab edirlər. Rusiyanın Ermənistanı əldən verməsi qeyri-mümkündür. Hətta Ermənistanda Rusiyaya qarşı açıq aksiyalar, etirazlar başlasa belə, Rusiya Ermənistandan imtina etməyəcək.
Ancaq bu da var ki, Rusiyanın zəifləməsini gözləmək sonsuzluğa qədər davam edə bilər. Kimsə Vanqalıq edib söykləyə bilməz ki, on gündən və ya bir ildən sonra Rusiya dağılacaq. Rusiya Gürcüstan, Ukrayna ərazilərini işğal edib. Faktiki olaraq Qarabağı əlində saxlayıb. Odur ki, Rusiyanın zəifləməsini gözləmək uzun sürən prosesə çevrilə bilər.
Lakin iqtidarın və xalqın birlikdə atacağı bir addım da var ki, bu da işğaldakı torpaqları hərb yolu ilə azad etməkdir. Buna nə Qərb, nə Rusiya heç nə deyə bilməz. Çünki azad edəcəyimiz torpaqlar bizimdir. Rusiya buna görə gəlib Bakını bombalamayacaq ki? Bu addımın atılması üçün də ortaya siyasi iradə qoyulmalıdır.
-Qarabağ probleminin sülh yolu ilə həlli səyləri uzun illərdir ki, bir nəticə vermir. Lakin bəzi politoloqlar hesab edir ki, konfiliktin sülh yolu ilə həlli perspektivi tükənməyib. Sizcə doğrudanmı Qarabağ probleminin sülh yolu ilə həlli perspektivi mümkün olaraq qalır?
-Mən təbii ki, torpaqlarımızın azad edilməsini hər bir azərbaycanlı kimi ürəkdən arzulayıram. Amma bu torpaqların sülh yolu ilə geri qaytarılması məsələsində optimist deyiləm. Çünki hərblə alınan torpaqların sülhlə geri qaytarılmasını birincisi, mümkün hesab etmirəm. İkincisi, məsələnin mənəvi tərəfi də var. Təsəvvür edin ki, ermənilərin işğal etdiyi torpaqları ya Qərb, ya da Rusiya hansısa formada bizə qaytarır. Bu problemi necə həll etməyimizin bir əhəmiyyəti də budur ki, bu, gələcək nəsillər üçün də bir örnək olacaq. Onlar həm də bizim bu torpaqları necə qaytardığımızı dəyərləndirəcəklər. Bu səbəbədən də mən problemin hərb yolu ilə həllini daha məqsədəuyğun hesab edirəm. Bizim bu  torpaqları hərb yolu ilə azad etməyə qadir oğullarımız var və mən əminəm ki, dövlətimiz problemin hərb yolu ilə həlli üçün gərəkli olan addımları atacaq.
-Bu gün Azərbaycandan Avropanın müxtəlif dövlətlərinə köç edən, orada mühacir həyatı yaşayan xeyli sayda soydaşımız, habelə müxalif siyasi partiya təmsilçiləri mövcuddur. Sizcə Ermənistanın işğalçılıq siyasətini, onun anti-bəşəri mahiyyətini ifşa etmək, bunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu ölkələrdəki soydaşlarımızın da imkanlarından istifadə etmək mümkündürmü?
-Təbii ki, bu kəsimin də imkanlarından istifadə etmək mümkündür. Ancaq təəssüf ki, bu, idarəolunmaz bir prosesdir. Bu proses Bakıdan idarə olunmalıdır. Bakıdakı siyasi partiyalar, hansı ki, onların üzvləri Qərbdən siyasi sığınacaq alıb, onlar bu məsələdə aktivlik sərgiləyə bilərlər.
Doğrudur, onlar bəzi hallarda aksiyalar keçirirlər. Məsələn, Xocalı ilə bağlı bu cür aksiyalar olur. Lakin onlar arasında da lazımi mütəşəkillik yoxdur. Bunun da müxtəlif səbəbləri var. Bu səbəblərdən biri odur ki, onlar kompakt halda yaşamırlar. Almaniyada yaşayan onlarla müxalifətçi var ki, onla bir-birlərindən 300-400 km məsafədə aralı yaşayırlar. Onlar işləyirlər. Hər an bir araya gələ bilmirlər.
Mən özüm də Kölndə müxalifətçilərin bir neçə tədbirində iştirak etmişəm.  Mən onlarla görüşlərdə də bildirmişəm ki, sizin dil bilmək üstünlüyünüz var, siz burdakı müxtəlif beynəlxalq təşkilatlara, səfirliklərə Qarabağ məsələsi ilə bağlı müraciət edə, erməni vəhşiliyini ifşa etmək üçün müəyyən addımlar ata bilərsiniz. Lakin təəssüf ki, oradakı soydaşlarımız arasında da birlik problemi var.
-Gələn il ölkəmizdə prezident seçkilərinin keçirilməsi gözlənilir. Sizcə bu amil pərakəndə halda olan müxalifətin birliyi üçün situmul sayıla bilərmi?
-Müxalifət seçkiyə nə bir il, nə də 6 ay qalmış birləşməyəcək. Hamı real namizədin kimliyi ilə bağlı kəşfiyyatda olacaq. Mənim belə bir həyat şüarım var: “Hər kəs ayaqqabısının ölçüsünü, cibindəki pulun miqdarını bildiyi kimi, öz ağlının səviyyəsini də bilir”.
Bizdə güzəşt etmək mədəniyyəti də yoxdur. Müxaif liderlərin bir-birinə olan münasibəti anormal münasibətdir. Bu münasibətlər hətta düşmənçilik səviyyəsinə çatıb.
Son 20 ildə müxalifətin birləşdiyi bir neçə qurum yaranıb. Yaranan bu qurumlar seçkilərdən sonra tarixin arxivinə gedib. Çünki siyasi liderlər ortaq məxrəcə gələ bilmir. Buna görə də müxalifətin hansısa şəxsin vahid namizədliyi üzərində bir neçə ay öncə dayanması baş verməyəcək.
-Deməli, müxalifətin hətta seçki ərəfəsində də birləşməsini real hesab etmirsiniz?
-Seçkilərə 1-2 ay qalmış mümkündür ki, müxalifət bir blok yaratsınlar. Lakin ona kimi alan alınacaq, satan satılacaq. Seçkiyə rəng vermək xatirinə belə bir blok yarana bilər. Və yaxud, seçkiyə rəng vermək üçün ayrı-ayrılıqda seçkiyə gedə, II tur məsələsində bir araya gəlmək kimi razılaşma əldə edə bilərlər.
-Sizcə müxalifətin bu seçkilərdə uğur qazanmaq ehtimalı varmı?
-Reallıqla danışsaq, etiraf etməliyik ki, müxalifətin hazırkı reytinqi 0-dan bir az yuxarıdır. Bəlkə də sıfıra bərabərdir. Ən çoxu 100 ballıq şkala üzrə götürsək 10%-dir.
Azərbaycan kiçik bir ölkədir və  hər şey göz qabağındadır. Hamı hər şeyi görür. Siyasətlə az-çox məşğul olah hər kəs siyasi partiyaların hansı gücə malik olduğunu bilir. Bu partiyaların paytaxt və regionlarda hansı potensiala malik olması da onlara bəllidir. Bu gün ölkədə tam, obyektiv seçki keçirilsə, əminəm ki, iqtidar bu seçkini udar. Mövcud müxalifət məğlubiyyətə məhkumdur.
Bu gün müxalif partiya sədrləri özlərini həddindən artıq ağıllı adamlar hesab edirlər. Halbuki, onların komandası yoxdur. Komanda olmadığına görə, partiya üzvləri gözlərini yalnız partiya sədrinin ağzına dikiblər və onun hər bir sözünü Quran ayəsi kimi qəbul edirlər. Yəni bu fikirlərin ziddinə getmək olmaz və s. Bütün bunların hamısı komanda prinsipindən geri çəkilmək deməkdir.
Millətçilik, vətənpərvərlik şüarları ilə hakimiyət tarixdə yalnız bir dəfə verilə bilərdi. O da 1992-ci ildə Əbülfəz Elçibəyə qismət oldu. Bu gün isə komandan, siyasi gücün olmalıdır. Müttəfiqlərin olmalıdır. Hər bir partiyanın beyin mərkəzi olmalıdır. Bu gün hansı partiyanın beyinmərkəzi mövcuddur? Beyin mərkəzi olmayan partiya məğlubiyyətdən başqa heç nə görməyəcək.

Həmçinin oxuyun

“Elə bilirdik ki, ordumuz güclüdür, amma…” – Erməni biznesmenin etirafları

Erməni cəmiyyəti ayılmağa başlayıb, xalq artıq ölkə rəhbərliyinin nağıllarına inanmır.Bunu “Əl-Cəzirə” telekanalına müsahibə verən Ermənistan …

Bir cavab yazın