Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Avropa İranla nüvə anlaşmasını qoruya biləcəkmi?

Avropa İranla nüvə anlaşmasını qoruya biləcəkmi?

Tehran embarqoların yumşaldılmasını istəyir, əks təqdirdə Ərək reaktoru işə düşəcək, Avropa Trampın sanksiyaları və Tehranın inadı arasında qalıb 

İran XİN sözçüsü Abbas Musəvi bazar ertəsi günü bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlar konkret nəticələrə yol aça biləcək gündəmə söykənərsə, o zaman mümkündür. Ancaq eyni zamanda əlavə edib ki, hazırda ABŞ hökuməti dialoq istəmir.

“Röyters”in məlumatına görə, Musəvi mətbuat konfransında deyib ki, konkret mövzu olduğu halda və praktik nəticələrə çatdığı təqdirdə, dialoq və müzakirələr aparıla bilər. ancaq onun sözlərinə görə, hazırda ABŞ hökuməti bu barədə düşünmür. Eyni zamanda o, Avropa ölkələri öhdəliklərə riayət etməyəcəyi təqdirdə Tehranın nüvə anlaşmasındakı bəzi öhdəliklərdən çəkiləcəyini xatırladıb.

Qeyd edək ki, ötən həftə Avstriyanın paytaxtı Vyana şəhərində İran nümayəndə heyəti ilə nüvə anlaşmasında iştirak edən dövlətlərin təmsilçiləri arasında müzakirələr aparılıb. Toplantıda iştirak edən İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib ki, müzakirələr müsbət ab-havada keçsə də, ortadan qaldırılması lazım olan ciddi problemlərimiz var.

Xatırladaq ki, 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla “altılıq” ölkələri (BMT TŞ-nin 5 üzvü və Almaniya – K.R.) arasında imzalanmış nüvə sazişindən çıxıb. Bu ilin mayında isə İran hökuməti Avropa ölkələrinin nüvə anlaşmasındakı öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə anlaşmada qeyd olunan bəzi öhdəliklərdən çıxacağını bəyan edib. Ötən ay isə İran zənginləşdirilmiş uran faizinin 3,67 faiz normasını keçdiyini, eyni zamanda zənginləşdirilmiş uran həcmini 300 kiloqram məhdudiyyətini keçdiyini bəyan edib.

Rəsmi Tehran Rusiya və Çinlə yanaşı 3 Avropa ölkəsinin – Almaniya, Fransa və Britaniya – də sazişə sadiq olması və İrana qarşı embarqoların təsirinin azaltması üçün dəstək verməsini tələb edir. Çünki 2015-ci ildə anlaşma məhz İrana qarşı embarqoların qaldırılması şərti ilə imzalanıb. Ancaq Trampa sazişdən çıxdıqdan sonra yenidən İrana qarşı embarqolar tətbiq edib.
Bu günlərdə İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, Ərakda yerləşən yüksək təzyiqli ağır su nüvə reaktorunun yenidən işə salınacaq. 

İndi isə İranın əsas tələbi müqavilədə imzası olan ölkələrin İranın neft embarqosunun götürülməsinə yardım etməsidir. Çünki Trampın imzaladığı ardıcıl əmrlər nəticəsində hazırda faktiki olaraq İran dünyanın əksər ölkələrinə, xüsusən də əsas alıcılara neft sata bilmir. Bu səbəbdən də Tehran xüsusən də Avropa ölkələrinin Trampa müqavimət göstərib İrandan neft alışını bərpa etməsini istəyir. Çünki əks təqdirdə nüvə anlaşmasında qalmanın İran üçün hər hansı əhəmiyyəti qalmır.

İndi isə ABŞ-la yanaşı həm də Britaniya ilə İran arasında gərginlik var. Tehran Londonla münasibətləri qaydaya salacağına ümid edir. 

Ancaq nüvə anlaşmasında hər hansı müsbət irəliləyiş olmayacağı təqdirdə, Tehranın Avropa ilə münasibətləri pisləşə bilər. 

Baxmayaraq ki, Çin və Rusiya kimi Avropa ölkələri də İranla nüvə anlaşmasının qorunub saxlanmasında maraqlıdır. Bu yaxınlarda Almaniya, Fransa və Britaniya rəhbərliyi birgə bəyanatla çıxış edərək 2015-ci il sazişini qoruyub saxlamaq üçün çalışacaqlarını bildirdilər. Lakin indi işin praktiki tərəfi var. Tehrana qarşı sanksiyaları yumşaltmaq üçün Avropa Vaşinqtonla bir mənada dil tapmalıdır. Trampın sanksiyaları isə Avropa ölkələrini İranla əməkdaşlıqdan məhrum edir. Bu mənada Avropa ölkələri indi çətin seçim qarşısındadır.  Musavat.com

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …