Ana səhifə / Dünya / Aprel döyüşləri və Sarkisyanın devrilməsi – Rusiyalı ekspertlər şərh edir

Aprel döyüşləri və Sarkisyanın devrilməsi – Rusiyalı ekspertlər şərh edir

Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) saytında yerləşdirilmiş “Ermənistanda yeni siyasi reallıqlar: 2018-ci ilin çağırışları və perspektivləri” sərlövhəli hesabatda Ermənistanda Serj Sarkisyan hakimiyyətinin iflasa uğramasının səbəbləri təhlil olunub.
Hesabat müəllifləri Ermənistanla Azərbaycan arasında dördgünlük aprel döyüşlərinin Sarkisyanın hakimiyyətdən getməsinin əsas səbəblərindən biri kimi qiymətləndirirlər.

“Sarkisyan hakimiyyətinə ən böyük zərbə 2016-cı il aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə Dağlıq Qarabağda gedən dördgünlük döyüşlərdə ağır itkilərə məruz qalması oldu. Bu məğlubiyyət Ermənistan silahlı qüvvələrində ciddi korrupsiya, xüsusən büdcə vəsaitlərinin oğurlanması faktlarını da üzə çıxardı. Həmin vaxtadək hökumət ölkədəki ağır sosial-iqtisadi vəziyyətə büdcədən orduya ayrılan böyük vəsaitlərlə bəraət qazandırırdı, lakin bu pulların böyük hissəsinin mənimsənildiyi məlum oldu”, – deyə hesabat müəllifləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, Serj Sarkisyanın hakimiyyətdən getməsinin digər əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Belə ki, 2008-ci illə müqayisədə Ermənistanda yoxsulluq səviyyəsi 27,6 faizdən 2016-cı ildə 29,4 faizə yüksəlib. Ölkədən miqrasiyanın və xarici borcun artması da ciddi problemə çevrilib: 2012-2016-cı illərdə Ermənistanı 200 min nəfər tərk edib. Sarkiysan hakimiyyətə gələrkən 1,6 milyard dollar olan xarici borc isə 2017-ci ildə 7,5 milyard dollaradək artıb.

RBMŞ-nin hesabatında Ermənistanın sabiq prezidentinin seçkiqabağı vədlərinin, o cümlədən yeni atom elektrik stansiyası tikilməsinin, Yerevan-İran dəmiryolu xətti çəkilməsinin iflasa uğraması, habelə Sarkisyanın Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti, Rusiya-Gürcüstan silahlı münaqişəsi zamanı M.Saakaşvilini Ermənistanın ali dövlət mükafatı ilə təltif etməsi və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımların Moskvada müsbət qarşılanmadığı da qeyd olunur.

Ermənistanın yeni hökumətinin qarşılaşdığı problemlərlə bağlı hesabat müəlliflərinin qənaəti heç də nikbin deyil. Onlar xatırladırlar ki, Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, ərazisində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının və sərhəd qoşunları hissələrinin yerləşdiyi Ermənistan üçün Qərblə Moskva arasında balans siyasəti aparmaq asan olmayacaq. Digər tərəfdən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində yeni baş nazir N.Paşinyanın nə Rusiyadan, nə də Qərbdən tam dəstək alması mümkün deyil. Bu məsələdə NATO-nun üzvü və Azərbaycanın strateji müttəfiqi Türkiyənin rolunu da nəzərdən qaçırmaq olmaz.

Qeyri-kommersiya təşkilatı olan Rusiya Beynəlxalq Məsələlər Şurası 2010-cu il fevralın 2-də RF Vladimir Putinin sərəncamı ilə yaradılıb. Haqqında söhbət gedən hesabat Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru İ.İvanovun rəhbərlik etdiyi ekspertlər qrupu tərəfindən hazırlanıb. (AzərTAc)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …