Ana səhifə / Dünya / “Anam 20 yaşında 40 yaşlı kişinin toruna düşdü” -Fatma Mehrəliyevanın atılmış oğlu SİRLƏRİ AÇDI

“Anam 20 yaşında 40 yaşlı kişinin toruna düşdü” -Fatma Mehrəliyevanın atılmış oğlu SİRLƏRİ AÇDI

Özünü təqdim edir:
– Qalib Mehrəliyev.
– Mehrəliyev?.. – təəccüblənirəm.
– Anamın familiyasıdı.
Təkrar təəccüblənirəm:
– Niyə ananızın familiyasını daşıyırsınız?
– Atama nifrət edirəm.
Bu dəfəki təəccübümə böyük bir heyrət qarışır. Dalbadal suallar verirəm:
– Niyə ki? Ataniz kimdi? Ataya da nifrət etmək olar?
– Teyyub Dəmirov – məşhur qarmonçalan. – Bir az duruxub kədərli təbəssümlə əlavə edir: – Teyyubbalanın atası…
Səsindəki nifrət aydın hiss olunur, üz cizgiləri rişxənd ifadə edən hala düşür. İllərin faciəsi bu cizgilərin arasından boylanaraq özünü çılpaqlığı ilə göstərir. Anasının kədərli həyat  hekayəsini danışdıqca  gözlərimin önünə “Arşın mal alan”ın Tellisi gəlir, qulaqlarımda isə “Kəsmə şikəstə”nin zənguləsi  səslənirdi…
                                                                 x.x.x.
Yəqin başa düşdünüz həmsöhbətim kimdi. Unudulmaz müğənni Fatma Mehrəliyevanın  çoxları tərəfindən, ən pisi və faciəlisi isə dörd övladı tərəfindən atılmış, unudulmuş oğlu. 71 yaşı var. Sağlamdı, möhkəmdi, cəlddi, çox qıvraqdı.  Deyir ki, zahiri sağlamlığının səbəbi idmandı.  40 il mini-futbol oynayıb, 20 il boksla məşğul olub.  Dəfələrlə birinci yerləri əldə edib, çoxlu sayda mükafatların sahibidir.
Amma bütün bunlar onun  faciəli həyatının qaranlığında itib – batan məqamlardı. Bu arıq canında iki insanın kədərindən yüklənmiş, iki talenin qəmindən parça-parça olmuş iki faciəni daşıyır. Birinci faciənin sahibi haqqında danışdıqları olduqca ağrılıdı. 1941-1945-ci illərdə uzaq cəbhələrdə “Şəfqət bacısı” ilə  sovet əsgərlərinə şəfqət paylayan  gözəl müğənni Fatma xanım özü 39 il şəfqətdən, sevgidən məhrum olub. Oğul bunun səbəbini həm özü ağrıyaraq, həm də məni ağrıdaraq belə danışır:
– Anamı Qubadan Bülbül gətirib Bakıya. Düzdü deyirlər ki, guya onu Üzeyir Hacıbəyov  gətirib, amma yox, o kişi anamı burda tanıyıb.  Bülbül Qubada  qastrolda olanda 13 yaşlı qızın səsinə qulaq asıb, çox bəyənib, nənəmə deyib ki, mən bu qızı Bakıya aparacam. Kimsənin sözünə qulaq asmayan, yalnız öz prinsipləri olan nənəm Bülbülün sözünü geri çevirmir. O, ləzgi qızı idi. Fatmanın  Bakıya getməsinə icazə verdiyini eşidən  ləzgi qohumları təəccüb ediblər. Amma nənəm qızının gələcəyi üçün bu addımı atıb. Bakıya gələndən sonra Üzeyir bəy anamı qızlığa götürür, özünün mənəvi övladı hesab edir. Filarmoniyaya işə qəbul edir, İçərişəhərdən ev alıb ona bağışlayır. Anam son nəfəsinə kimi həmin evdə yaşadı. O vaxtlar anamım işləri çox yaxşı gedirdi, xoşbəxt idi. Arxasında Üzeyir Hacıbəyov kimi dahi dayanmışdı, onu hər bəladan qoruyurdu. Amma görünür ömrünün son illərində anamı diqqətdən kənarda saxlayıbmış. Əks halda 20 yaşlı gözəl-göyçək, su sonası kimi bir qız  40 yaşlı Teyyub Dəmirovun toruna düşməzdi. Qarmonu sinəsinə basıb ifası ilə camaata xoş əhval bağışlayan Teyyub aldatdığı gənc qızı nəinki sinəsinə basıb, əksinə onu özündən kənarlaşdırıb. Mənə bir gün olsun  belə atalıq etməyib, övlad olaraq bir dəfə də bağrına basmayıb. Belə adam mənim nəyimə lazımdı, onun familiyasını niyə daşımalıyam?
– Fatma xanım bu səbəbdənmi ruhdan düşüb, xəstələnib?
-Yox. Mənim beş yaşım olanda onu Ələddin adlı bir oğlan  sevib, anama dəlicəsinə aşiq olub. Ələddin hüquq fakültəsində  dördüncü kursda oxuyurdu. Anamı sevdiyindən Səlyanda yaşayan valideynləri də xəbər tutmuşdular. Razı deyildilər, atası deyib ki, yanında uşaq olan qadınla evlənməsin. O vaxtlar mən Qubada idim, nənəm saxlayırdı, anam təkbaşına  idi. Həm  filarmoniyada işləmək və qastrollara getmək, həm də mənim tərbiyəmlə məşğul olmağa imkanı yox idi. Ona görə də nənəmin yanında qalırdım. Bu yandan da Ələddin əl çəkmirdi. Anam isə razı olmurdu. Gənc oğlan idi, gələcəyin hüquqşünası olacaqdı. Ona görə də anam Ələddinin musiqiçilərin dünyasına daxil olmasına razı olmurdu. Amma Ələddin də Ələddin idi, bir addım da geri çəkilmirdi, sevgisinə sahib çıxmaq istəyirdi. Ona görə də valideynlərinin etirazina rəğmən  universitetdən çıxır, hüquq fakültəsini tərk edərək Filarmoniyada administrasiyada işə düzəlir. 1956-ci ildə Moskvada Azərbaycan incəsənəti on günlüyü keçiriləndə o da müğənnilərlə birlikdə Rusiyaya yollanıb. Bilirsinizmi necə? “Görüş” filminin qəhrəmanı qatarın üstündə getdiyi kimi, Ələddin də anamdan  xəbərsiz  başqa bir ümumi vaqonda Moskvaya gedib, kölgə kimi yanından çəkilməyib. Moskvadan qayıdandan sonra evləniblər. Çox xoşbəxt idilər, bir-birlərini hədsiz sevirdilər. Anam Teyyub Dəmirovdan gördüyü pislikləri Ələddinin sevgisi ilə “yuyurdu”. Bir ildən sonra qardaşım doğuldu, adını Zəqrəmşah qoydular. Mən də Qubadan gəldim. Anam iki oğul övladına özü baxırdı, hər ikimizi bağrına basırdı, analıq şəfqətini bərabər paylayırdı. Amma onun bu xoşbəxtliyi uzun çəkmədi. Filarmoniya evimizə yaxın olduğu üçün demək olar ki, xanəndələr, musiqiçilər tez-tez bizim evdə olurdular. Süfrə açılırdı, yemək-içmək ətrafında çoxlu söhbətlər, zarafatlar edirdilər. Bir  sözlə, çox  gözəl günlər  olurdu. Amma bir gün bu gözəllik pozuldu, darmadağın oldu. Qonaqlar  gedəndən sonra Ələddinin halı pisləşdi. Təcili yardım gəlib xəstəxanaya apardı. Analizlərdən  sonra məlum oldu ki, 33 yaşlı Ələddin zəhərlənib.
– Nədən zəhərlənmişdi?
– Yeməkdən.
– Kim zəhərləmişdi?
– Paxıllar… indi ad çəkmək istəmirəm, rəhmətə gedəni də var, yaşayanı da. Amma  yaşlı musiqiçilər bilirlər ki, o vaxt bunu kimlər  etmişdi. Anamı gözü götürməyənlər var idi. Onun xoşbəxtliyi o birilərin gözünü çıxarırıdı. Ələddin yaraşıqlı oğlan idi. Qabardin palto geyinirdi, “Zimbala” maşını var idi.
– Sonra nə oldu?
– Ələddini sağalda bilmədilər, zəhər  qanına işləmişdi. Cəmi beş illik ailə həyatı oldu anamın. Xoşbəxtliyini əlindən aldılar, gözəlliyini burnundan gətirdilər…
Həmsöhbətim qara rəngli günəş eynəyini gözündən götürür, əlləri ilə gözlərini ovxalayır. Bəlkə də gözündən axan yaşı görməyim deyə belə kobudcasına “gözünü çıxarır”. Amma gec idi, görmüşdüm, eynəyin altından süzülən damcıların ağrısını səsindən hiss etmişdim.
– Çayınızı için,  sonra danışın, – soyuduğuna görə iki dəfə dəyişdirilən armudu stəkana işarə edirəm. Bir qurtum içib davam edir:
– Onda mənim 15 yaşım var idi. Anamın necə çığırdığını, saçlarını yolduğunu, üz-gözünü cırıq-cırıq etdiyini o dünyada da unutmayacam. 60 ildi anamın faciəsini özümlə belədən-belə, elədən-elə daşıyıram. Onun sızıltılı və ağrılı günlərində yanında olsam da əlimdən heç nə gəlmədi, sağalda bilmədim. Həyata qaytarmaqda aciz qaldım. Ələddinin ölümü gözəl-göyçək anamın gözəlliyini əlindən aldı, həyatını alt-üst etdi. Anam gecələr yata bilmirdi. Gündüzlər pəncərənin qabağında dayanıb yol gözləyirdi, Ələddini çağırırdı. Ağlını itirmişdi. Elə bilirdi ki, Ələddin  işdədi, bir azdan gələcək. Çox vaxt özünə qapanırdı, bəzən  yaxınlarını da tanımırdı. Əhvalı nisbətən yaxşı olanda da kimsəni qəbul etmirdi.  Bəzən də görürdük ki, üzündə təbəssüm var, gözləri gülümsəyir. Belə anlarda bir söz  demək istəyirdik, “əl çəkin məndən” deyirdi, Ələddin gəlib, indi çıxıb gedəcək, imkan verin bir az söhbət edim. Arada anamı keçmiş Suren Osipyan küçəsindəki ruhi dispanserə aparırdıq, qısa müddət orda qalırdı. Elə orda da siqaret çəkməyə alışdı. “Astra” çəkirdi…
-Bəs, Fatma xanıma kim baxdı?
-Oğlunun ölümündən sonra Ələddinin atası Səlyandan gəlib  Zəqrəmşahı – mənim qardaşımı apardı. Anamla mən qaldım. Bir müddət sonra Zəqrəmşah da qayıtdı evimizə. İki qardaş əl-ələ verib 35 yaşından dul qalan anama baxırdıq. O, çoxlu dərman qəbul edirdi. Taksidə işləyirdim, pis qazanmırdım,  dərmanlarını almağa problem olmurdu. Sonra mən evləndim. Ev darısqal olduğu üçün ailəmlə birlikdə  İşərişəhərdən mikrorayona köçməli olduq. Anamla  Zəqrəmşah qaldı.
– Zəqrəmşah təkbaşına ona  baxa bilirdimi?
-Ayrı evdə yaşasam da ayağımın biri anamın yanında olurdu. Dərmanlarını alırdım, həkimə aparıb-gətiridim. Qardaşım da pis baxmırdı. 40 yaşında evləndi, anamın yanına gəlin gətirmək olmazdı. Ruhi xəstə ilə bir damın altında yaşamağın çətinliyini təsəvvür edirsinizmi? Zəqrəmşahın üç oğlu var idi, bir il əvvəl dünyasını dəyişdi. Ələddindən sonra anam 39 il özünə qapandı, ruhi xəstə oldu. Amma onun yaşadığı son 32 ili  əzablarla dolu bir ömür oldu. Ölümündən əvvəlki iki ili isə Allah düşmənimə də nəsib etməsin. Günlərlə ac-susuz qalırdı, soyuq havada balkonda oturub gözlərini bir nöqtəyə zilləyirdi. 2000-ci ilin soyuq yanvar ayında əzablarına son qoyuldu, əbədi olaraq gözlərini yumdu. İsti iyun ayında doğulan anam 73 il ömür sürdü. Buna ömür demək olardısa…
Sonuncu cümləni həmsöhbətim pıçıltı ilə dedi, amma mən eşitdim, həm də çox aydın eşitdim. Buza dönmüş  çayı götürüb birnəfəsə başına şəkdi – su içirmiş kimi…
 
                                                     x.x.x.
Əvvəldə demişdim, axı, Qalib kişinin hər çiynində bir faciə oturub. İkinci faciə özünün şəxsi həyatı ilə bağlıdı. Amma mən onun  incəliklərinə varmaq istəmirəm. Sadəcə görünən tərəflərindən söz açaraq demək istəyirəm ki, üç oğul, bir qız atası olan bu kişi küçələrdədi, başqalarına möhtacdı. Kimsəsiz qalmış, evsizlik ucbatından bir market sahibinin ona verdiyi budkada müvəqqəti gecələyən, gündüzlər isə həyətində oturub söhbət etdiyimiz çayxananı süpürüb, zir-zibilini ataraq 3-5 manat qazanan Qalib kişinin taleyi çox ağrılıdı. İllər öncə həyat yoldaşı yaşadıqları evi sataraq onu tərk edib. O həyat yoldaşı ki, Qalib 18 yaşından onu sevib, eşqi yolunda Bakı-Buzavna istiqamətini  su yoluna döndərib. Bəlkə də hansısa nöqtədə dörd övlad anasının başqası ilə əlbir olub ərindən üz döndərməsinin üstündən keçmək olar. Amma  üç oğul, bir qızın atadan üz döndərməsinin adını nə qoymaq olar? Bu sualın doğru cavabını Qalib kişidən ala bilmədim.  Söhbəti hansı tərəfə çevirdimsə, bir ata olaraq övladlarının müdafiəsində durdu.
Düşünürəm, bəlkə övladlar  Qalib kişinin vaxtilə öz atasına etdiyi nifrətin şaxələrindən yapışıblar. Amma yox, doğulandan ata sevgisi görməyən, ata  nəvazişindən məhrum olan  Qalib Mehrəliyev ondan  fərqli olaraq öz övladlarına hər şey verib. Həm ata sevgisini əsirgəməyib,  həm də maddi olaraq onlara arxa durmaq borcunu heç vaxt unutmayıb. Böyük oğluna ən bahalı sintizator alıb, indi məşhur restoranların birində musiqiçi işləyir, digəri sənət seçimində atasının yardımına  güvənərək dənizçilik sahəsində işləməyə üstünlük verib.  Qızını universitetin hüquq fakültəsində oxudub. Təkcə bir oğlunun taleyindən narazı qalan ata ona da belə haqq qazandırdi ki, həyatın astar üzü onu əyri yola  vadar edib. Vaxt gələcək ki, o da özünə doğru yol  seçəcək.
Elçin, Elşən, Rövşən, Gülşən adlı  övladların “daş ürəklərinə” heyrət etsəm də, bir gün bu övladların qəlblərinin yumşalacağı ümidi ilə yazıya burdaca nöqtə qoyuram. (moderator.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın