Ana səhifə / Dünya / AMAY-ın 57 milyon yox, 2 milyard dollar qiyməti var!

AMAY-ın 57 milyon yox, 2 milyard dollar qiyməti var!

Abdulla Abdullayevi monopolistlər tutdurub

Möhtərəm cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, 10 min ailənin ümid yeri olan Abdulla Abdullayevin həbsdən azad olunması üçün öz səlahiyyətlərindən istifadə etsin.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporasının liderlərindən biri Teymur Səlcuk nüfuzlu iş adamı Abdulla Abdullayevin həbsilə bağlı müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik. 

Teymur Səlçuk kimdir?

1951-ci ildə Türkiyənin İqdır – Ağrıdağı, Araz – şəhərində doğulub. Azərbaycan türküdür. Əslən İrəvanın Vedi mahalındandır. Soyu SSRİ dönəmində diktatorluğa qarşı mücadilə aparan Abbasqulu Şadlinski, Kərbəlayı İsmayıl kimi milli qəhrəmanlarımıza gedib çıxır.

1932-ci ildə atası 9 yaşında olarkən siyasi vəziyyət ermənilərin xeyrinə işlədiyindən türklərə qarşı başlanan sürgün siyasətinin nəticəsi olaraq, Arazın o tayına – Türkiyəyə keçiblər və orada həyatlarını davam etdiriblər.

İqdırın Daşburun kəndində məskunlaşıblar, hansı ki, Kərbəlayı İsmayılın da məzarı həmin kənddədir. 13-14 yaşlarından – 1963-64-cü illərdən Azərbaycanın problemləri ilə maraqlanmağa başlayıb və prosesləri izləyəməyə başlayıb. 1970-ci ildən bu günə qədər – 45 ildir ki, Azərbaycan torpaqları erməni və rus işğalından qurtarsın deyə aparılan mücadilədə iştirak edib. 1988-ci ildə Sovetlərin dağılmasından sonra Azərbaycanla bağlı ciddi işlər görüb.

1990-1993-cü illərdə Qanlı yanvar faciəsi, Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə mitinq və digər aksiyalar təşkil edib və mətbu blokadaya alınan Azərbaycanın səsini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. 1991-ci ildən bu günə qədər – 24 ildir ki, Türkiyədə yaradılan Azərbaycan Cəmiyyətinin başqanlığını həyata keçirir. İzmirdə, Ankarada, Ərzurumda, İqdırda cəmiyyətin bölmələri fəaliyyət göstərir və bunlar çoxalmaqda davam edir.

– Abdulla müəllimi nə vaxtdan tanıyırsınız?

– Haradasa 8 ilə yaxındır ki, tanıyıram. 2007-ci ildə Abdulla Abdullayevlə tanış oldum. Onu bir iş adamı olaraq tanıdım, AMAY Ticarət mərkəzində yerləşən dükanların türk firmaları ilə işbirliyini yaradaraq, Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələrinin genişləndirilməsi üçün müəyyən addımlar atdıq. Türkiyədən nüfuzlu firmaları Azərbaycana dəvət etdik. Onlar da gəldilər, danışıqlar apardıq, müqavilələr imzaladıq. Lakin AMAY-la bağlı bu hadisələr baş verdiyi üçün həmin irimiqyaslı layihələri həyata keçirə bilmədik. 8 ildir ki, Abdulla Abdullayevi tanıyıram və mənim tanıdığım bu insan çox dəyərli, çox önəmli xüsusiyyətlərə malik olan bir insandır. Bu qənaətə gəlməyimin də öz səbəbləri var.

Türkiyəli azərbaycanlılarla hər zaman maraqlanan, onların problemlərinə özününkü kimi yanaşan bir çox dövlət rəsmiləri də var və biz onlara da minnətdarıq. Amma özəl ticarətlə məşğul olan bir iş adamı olaraq, Abdulla Abdullayevin hər zaman böyük diqqət və qayğısını görmüşəm. Həm bizim cəmiyyətimizə, həm də Türkiyədə yaşayan azərbaycanlılara bacardığı köməyi əsirgəməyib. Xəstələrimiz olub, köməyə ehtiyacı olan tələbələrimiz olub.

Onun bu diqqət və qayğısını görərək, ona olan münasibətim müsbət istiqamətdə inkişaf edib. Türkiyə ilə Azərbaycan arasında işbirliyi istiqamətində danışıqlarımız olub. Abdulla Abdullayev dəfələrlə Türkiyəyə gəlib, orada gedən prosesləri liberal nöqteyi-nəzərdən analiz etməyə çalışıb. Biz orada bir neçə dövlət rəsmisi ilə görüşmüşük. Hən sabiq hökumət nümayəndələri, həm də hazırkı iqtidar nümayəndələrilə görüşlərimiz olub. Nazirlərimiz Abdulla Abdullayevi yüksək səviyyədə qəbul ediblər, danışıqlar aparıblar. Türkiyə istehsalı olan malların Azərbaycanda bazarlanmasından hər iki dövlətin qazanc əldə etməsi üçün işlər aparmışıq. İri iqtisadi projelərimiz olub. Mən də Abdulla müəllimin ən az özü qədər üzgünəm ki, bütün bu layihələri həyata keçirəcəyimiz anda Abdulla müəllim həbs olundu. Artıq 11 aydır ki, o həbsdədir və bu gün də haqqında məhkəmə istintaqı gedir.

Teymur Səlçuk: “Abdulla gülməyə həsrət bir adamdır – iş o qədər başını qatırdı ki, gülməyə də vaxtı qalmırdı. Mən ona “Milli Fəhlə” deyirdim, o, Azərbaycanın bir nömrəli “Milli Fəhləsi”dir”

Mən bütün bu məhkəmə proseslərində yaxından iştirak edirəm, baş verən hadisələri izləyirəm və ən azı Abdulla müəllim qədər analiz etməyə çalışıram. Lakin bu gün də onun hansı səbəbdən həbs olunduğunun səbəbini, inanın ki, anlaya bilmirəm. Biz iş adamlarıyıq və bir iş adamına ödədiyi kreditlərə görə cinayət işi açmaq heç cür ağıla sığan məsələ deyil. İri projelərə imza atan iş adamları təbii olaraq müəyyən vəsait üçün banklara müraciət etməli olurlar. Əgər bu iş adamının gördüyü işlər göz önündədirsə, o zaman onun əlini-qolunu bağlayaqraq, sən hansısa bankaya kredit borcunu ödəməmisən ittihamını irəli sürmək doğru olmaz. Həm Türkiyədə, həm Azərbaycanda, həm də bütün dünyada demokratiyanın özəlliklərindən biri də iqtisadi inkişafa meydan açmaqdır.

Əgər bir iş adamı böyük bir layihəni həyata keçirmək üçün bir neçə bankdan kredit götürübsə və bunun müqabilində mal və mülkünü ortaya qoyubsa, hələ sonradan bu kreditlər ödənibsə, yalnız az bir qisim faizin ödənməsi məsələsi söhbətin mövzusudursa, o zaman bu insanı ittiham etmək yox, mükafatlandırmaq, ona dəstək vermək lazımdır. Yəni bir iş adamının – özü də işləri bütün cəmiyyətin gözü qarşısında olan nüfuzlu bir iş adamının korrupsiya ilə nə kimi əlaqəsi var ki, onu Korrupsiyaya qarşı Mübarizə İdarəsi həbs edir? Ortada mülki iddia ola-ola haqqında ağır ittihamlar səsləndirilir və işə Ağır Cinayətlər Məhkəməsində baxılır? Bir neçə sanballı hüquqşünas və vəkillərlə söhbətlərimiz olub. Onlar belə bu situasiyanı hüquqi cəhətdən dəyərləndirə bilmirlər. Həm Türkiyədə, həm Azərbaycanda bu məsələyə birmənalı münasibət var.

Bu ittihamlarla bir iş adamını sıradan çıxarmaq və onu iflasa uğratmaq bu sahədə bu gün də çalışan insanlara yaxşı örnək deyil. Məhkəmələrdən də belə qənaətə gəlmək olur ki, Abdulla Abdullayevin illər əvvəl idarə etdiyi nə “Birlik Bank”ın, nə 34 şirkətin, nə də AMAY-ın bu gün heç kimsəyə bir qəpik belə borcu yoxdur. Olsaydı, dövlətin gücü var, qolu-qüvvəsi var, polisi-əsgəri var, nəhayət əlinə verilən girovu var. Gələr və tələb edər ki, borcu ödə, ya da girov mənimdir. Yolu budur. Amma mənim ağlımın almadığı əsas bir məsələ var. Abdulla Abdullayev o adamdır ki, xaricdə qazandığı sərmayəni bura gələrək, Azərbaycana qoyub. O, Azərbaycan dövlətini dünya dövlətləri, xüsusilə Türkiyə, İran, Almaniya, Çin kimi ölkələrdə təmsil edən çox dəyərli bir insandır. O, bu gün əgər Azərbaycan qanunlarına görə və adına cinayət dediyimiz bir günahı işləsəydi, mən də deyərdim ki, yaşasın Azərbaycan dövləti ki, bu cür cinayətkar bir adamı cəzalandırır. Mən axı, onun əməlində heç bir cinayət görmürəm.

– Bəlkə hansısa siyasi bir səbəb var?

– Mənim tanıdığım Abdulla Abdullayevin siyasətlə heç bir əlaqəsi yoxdur. Hər zaman Azərbaycan dövlətinə, onun prezidentinə sədaqətlə xidmət edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət müstəqilliyi yaradılması istiqamətində gördüyü əvəzsiz xidmətlərdən dönə-dönə danışıb və onunla hər zaman fəxr edib. Mən Abdulla Abdullayevi bir insan olaraq da çox yaxşı tanıyıram. Zəhmətkeş və sədaqətli insandır. Səhər tezdən – 6-7-də qalxar, qəlyanaltısını edib, fəhlə kimi işinin başına qayıdan adamdır. Mən onun dəbdəbə ilə geyindiyini görmədim, qardaşım. AMAY tikilən zaman fəhlələrin yanında çadır qurub yaşayırdı. Onların yanında, başının üstündə olurdu. AMAY-da onun haqqı əvəzsizdir. Türkiyəyə səfər edəndə belə, başqa işlərlə vaxt keçirməzdi. Gülməyə həsrət bir adamdır. İş o qədər başını qatırdı ki, gülməyə də vaxtı qalmırdı. Mən ona “milli fəhlə” deyirdim. Heç kəs onun qədər bir işə can yandıra, həyatını qoya bilməz. Bəs o zaman sual edə bilərsiniz ki, niyə onu həbs etdilər? Mənə elə gəlir ki, Azərbaycanda olan monopoliya, müəyyən dairələrin biznes maraqları Abdulla Abdullayevin sıradan çıxarılmasına fərman verdi. Ancaq belə məsələlərdə vicdanlı olmaq lazımdır.

– Belə çıxır ki, monopolislərin verdiyi qərardır ki, bu gün Abdulla Abdullayev həbsdədir?

– Abdulla müəllimin təkcə Azərbaycanda 30-a yaxın zavodu fəaliyyət göstərirdi. Bu zavodlar Azərbaycan xalqı üçün ucuz və keyfiyyətli mallar istehsal edirdi. Bu 30 zavodda neçə minlərlə fəhlə, işçi, personal çalışırdı və o insanlar ailələrinə çörək aparırdılar. Onun sement zavodu da vardı. O qədər ucuz və keyfiyyətli məhsul istehsal edirdi ki, Azərbaycan xalqının təlabatını ödəyirdi. Bu qədər evlər tikilir, yollar salınır. Tələbat böyükdür. Xaricdən bu cür malların Azərbaycana gətirilməsi baha başa gəlir və bundan istehlakçı itirir.

Abdulla Abdullayev Azərbaycan üçün, Azərbaycan xalqına işləyən iş adamıdır. İş adamlarına işləmək üçün münbit şərait yaradılmalıdır. Ölkə daxilindəki monopolist qüvvələrlə baş-başa gəlmək istəməyən adamların bir çoxunu bu gün Azərbaycanda görmürük, onlar sərmayələrini başqa ölkələrə qoymağa üstünlük verirlər. Amma Abdulla Abdullayev hər zaman meydanda oldu və xaricdə qazandığı pulları sərmayə olaraq Azərbaycana qoydu.

Bir vaxtlar Türkiyənin baş nazirinin müavini Kürşad Tüzmən Abdulla Abdullayevlə görüşəndə ona demişdi ki, əgər qazandıqlarından 1 dollar belə Türkiyəyə qoyarsa, onu baş tacı olaraq tutarlar. Dünyanın heç bir yerində 5 min adama çörək qazandıran iş adamını həbs etməzlər. Abdulla Abdullayev 11 aydır ki, həbsdədir və 10 min ailə çörəksiz qalıb. O ailələrin çoxunu yaxından tanıyıram. İşsizdirlər, gözləyirlər ki, Abdulla Abdullayev nə vaxt həbsdən azad olunacaq və yenidən iş yerlərinə qayıdacaqlar. Bu insanların yaşadıqları psixoloji durum Azərbaycana da yayılır və dövlət və hakimiyyətə narazı bir kütlə yaradır. Ən pisi də odur ki, millət öz dövlətindən küssün və ya incisin.

Bunu Azərbaycan dövlətini idarə edənlər diqqətlə nəzərə alsınlar. Bu gün təkcə Abdulla Abdullayevə qarşı deyil, 10 min ailəyə, onun üzvlərinə qarşı haqsızlıq var. Bəşər tarixində də var. Əgər bir nəfərə qarşı haqsızlıq və ədalətsizlik varsa, insanlar da bunu görüb, artıq dəyərləndirirlərsə, bu haqsızlıq bizə də edildi – deyirlər.

– Abdulla Abdullayev həbs olunanda belə bir fikir də meydana çıxdı ki, o, Türkiyədə Milliyyətçi Hərəkat Partiyasına yardım etdiyi üçün Rəcəb Tayyib Ərdoğanın qəzəbinə tuş gəlib və o azərbaycanlı həmkarından Abdulla Abdullayevin həbs olunmasını xahiş edib…

– Xeyr, belə bir şey ümumiyyətlə olmayıb. Bu bir şayiədir. Abdulla Abdullayevin nəinki Türkiyə, dünyanın heç bir dövlətinin hər hansı siyasi bir qurumu, təşkilatı ilə əlaqəsi olmayıb. Heç bir siyasi şəxsiyyətlərlə də özəl əlaqəsi və ya münasibəti olmayıb. Elə bir şey olsaydı, çox güman ki, mən bunu bilərdim. Yoxdur belə bir şey.

– Məhkəmə prosesinin nəticəsini necə görürsünüz?

– Mən ümid edirəm, möhtərəm cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, 10 min ailənin ümid yeri olan Abdulla Abdullayevin həbsdən azad olunması üçün öz səlahiyyətlərindən istifadə etsin. Dünyanın bir çox ölkələrində Abdulla Abdullayevi dəyərli və nüfuzlu bir iş adamı kimi tanıyırlar. Bu gün onun həbsdə qalması, bu gün də xaricdə fəaliyyət göstərən və xarici sərmayəni Azərbaycana gətirmək niyyətində olan başqa azərbaycanlı iş adamlarına olan etibar və güvəni azalda bilər. Bizim vasitəmizlə maraqlanırlar və bu ədalətsizliklə razılaşa bilmirlər. Mən çox inanıram ki, cənab prezident şəxsən maraqlansa və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı istintaqı bir daha təkrar araşdırmaq əmri versə, o zaman nə qədər böyük haqsızlıqlara yol verildiyinin şahidi olacaq və ədaləti bərpa edəcək. Mənim fikrimcə, bu gün də Abdulla Abdullayevlə bağlı cənab prezidentə yanlış məlumat aparan qüvvələr var və onlar öz biznes maraqları naminə prezidentin əli ilə Abdulla Abdullayevin biznesini sıradan çıxarmaq istəyirlər. Bu da bir təcrübədir ki, cənab prezident zaman-zaman haqsızlığa uğrayan insanları əfv yolu ilə də olsa, həbsdən azad edib. Mən inanmıram ki, İ.Əliyev günahı olmayan bir dövlətçi insanın həbsdə qalmasına razı olsun. Nə yazıq ki, Azərbaycan məhkəmələri bu gün qanunun aliliyini deyil, verilən sifarişləri müdafiə edir. Əgər bununla bağlı prezidentimizə düzgün məlumat çatdırılarsa, onun öz səlahiyyətlərindən istifadə edərək, ədalətli qərar çıxaracağına əminəm.

Məhkəmə proseslərində iştirak edirəm. Hakim, prokuror suallar verir, vəkillər müdafiə edir.  Hamı danışır və görürəm ki, ortada fındıq qabığını dolduracaq qədər bir məsələ yoxdur. Abdulla müəllim kimsəni döyməyib, incitməyib. O, öz işçilərinin yanlışlıqlarını belə öz üzərinə götürəcək adamdır. Böyük layihələrlə işləyən bir adam 3-5, 15 milyon pul üçün nüfuzunu gözə almaz. AMAY nə üçün fəaliyyətə başlamır? AMAY-ın tikintisinə tutalım 500 milyon vəsait xərclənib, lakin Korrupsiya İdarəsi və Məhkəmə israrla onun üzərində dayanır ki, yox 50 milyon vəsait xərclənib.

Abdulla Abdullayev də deyir ki, Beynəlxalq bankların ekspertləri gəlib və AMAY-a 2 milyard dollar qiymət qoyub. AMAY-ın 250 min kv.m. sahəsi var. Necə ola bilər ki, bunun 57 milyon qiyməti olsun? Bunu sübut etmək bir dövlət üçün problem olmamalıdır. Dövlət tərəfsiz olaraq ekspertlər təyin etdirib, qoyulan sərmayəni dəyərləndirə bilər. Bu zaman ədalətin qorunması vacib amillərdən biridir. Şərəfli iş adamlarına ləkə atılması heç bir dövlətə baş ucalığı gətirmir.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın