Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Almaniya Ukraynaya tanklar göndərməyə niyə tərəddüd edir?

Almaniya Ukraynaya tanklar göndərməyə niyə tərəddüd edir?

Almaniya Kansleri Olaf Şolts təzyiqlərlə üz-üzədir. Ondan Ukraynaya “Leopard 2” döyüş tanklarının verilməsini və Kiyevə beynəlxalq hərbi yardımın artırılmasını dəstəkləmək tələb olunur.

“Azadlıq” radiosu xəbər verir ki, bu vaxta qədər bu addıma müqavimət göstərən Almaniya bu fikirdədir ki, Qərb tankları yalnız Kiyevin əsas müttəfiqləri, xüsusən də ABŞ-la müqavilənin imzalanacağı halda Ukraynaya verilməlidir.

Qərb rəsmiləri Ukraynanın özünümüdafiə gücünü dəstəkləməklə ona Rusiyaya hücum etmək, yaxud NATO-nu Rusiya ilə müharibəyə sürükləmək imkanı verməmək arasında tarazlığı saxlamağa çalışır.

“Leopard”ların ixracından ötrü Almaniya hökumətinin icazəsi lazımdır. Bu tanklara malik digər ölkələr Almaniyanın razılığı olmadan onları Ukraynaya göndərə bilməzlər. Bəzi alman rəsmiləri artıq Ukraynanın müttəfiqlərinin Almaniyanın Ramştayn şəhərində keçiriləcək görüşü öncəsi mövqelərinin yumşaldığı barədə siqnallar ötürüblər. Cümə günü keçiriləcək bu görüşdə hökumətlər özlərinin Kiyevə dəstəklə bağlı ən son vədlərini səsləndirəcəklər.

Vitse-Kansler Robert Habekin rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi müdafiə xərclərinin təsdiqinə cavabdehdir. Habek ötən həftə deyib ki, Berlin Ukraynaya “Leopard” tankları göndərmək istəyən ölkələrin qarşısını kəsməməlidir.

Almaniyanın razılığı Ukraynaya “Leopard” tankları vermək istəyən koalisiya üzvlərinə “yaşıl işıq” yandırmaq demək olacaq. Polşa bu cür ölkələrdən biridir. Hələlik, Şolts Habekin baxışlarını paylaşdığını, yaxud Almaniyanın öz “Leopard”larının bir hissəsini Ukraynaya göndərmək niyyətində olduğunu deməyib. Bəs görəsən, Qərb nə üçün indiyədək Ukraynaya döyüş tankları verməyib? Qərb rəsmiləri müharibəyə birbaşa sürüklənmək təhlükəsindən narahatdırlar.

Moskva Ukraynaya silah verilməsini qınasa da, bunun Qərb üçün birbaşa hərbi nəticələri olmayıb. İndi hökumətlər Ukraynaya tank göndərmək fikrinə daha açıq baxmağa başlayıblar.

Bugünədək Ukrayna əsasən sovet dövründən qalma T-72 tankının müxtəlif növlərindən asılıdır.

Bəzi Qərb rəsmiləri başqa bir təhlükəni də vurğulayırlar: Rusiya və ya hətta Çin Ukraynada işlədilən müasir Qərb silahlarını ələ keçirə və beləliklə Qərb hərbi texnologiyasını oğurlaya bilər.

“Leopard” Qərbin ən yaxşı tanklarından biri sayılır. Almaniyanın “Krauss-Maffei Wegmann” müdafiə şirkəti istehsalatın başladığı 1978-ci ildən bəri 3 min 500-dən çox “Leopard 2” tankı istehsal edib.

Çəkisi 60 tondan artıq olan bu tank 5 kilometrlik məsafədə hədəfləri vura bilir. 20-dək ölkənin arsenalında “Leopard 2” tankları var. Bu o deməkdir ki, bir neçə ölkə razılaşaraq öz tanklarının bir hissəsini Ukraynaya ötürə bilər.

Hərbi arsenalında “Leopard” tankları olan ölkələr arasında Kanada, Danimarka, Finlandiya, Niderland, Norveç, Avstriya, Polşa, İspaniya, İsveç və Türkiyənin də adları var.

“Leopard 2” ən çox istifadə olunan Qərb tanklarından biridir. Ancaq ümumən, Soyuq müharibənin bitməsindən 30 il sonra əksər Qərb ölkələrində tank və digər ağır silahların sayı məhduddur. Kommunizmin süqutundan sonra bir çox ölkələr ordularını kiçildiblər.

Hazırda Almaniyanın 350-dək “Leopard 2” tankı var. “Müqayisə üçün qeyd edək ki, Soyuq müharibənin pik vaxtında bu ölkənin 4 minədək əsas döyüş tankı var idi”, – almaniyalı hərbi ekspert Karl Şultse deyir. Eyni zamanda, tez bir zamanda çox sayda “Leopard 2” tankı almaq da mümkün deyil. Almaniyanın müdafiə sənayesinə bu tankların ehtiyatda saxlanmaq üçün istehsalı yasaqlanıb. Yeni tanklar sifariş edən ölkələr onların hazırlanıb çatdırılmasından ötrü iki-üç il gözləməlidirlər.

Ekspertlər deyirlər ki, hətta istehsalat artırılsa belə, yeni tankların zavoddan buraxılması üçün azı iki il gözləmək lazım olacaq. ABŞ-ın “Abrams” tanklarından daha qənaətli motora malik “Leopard 2” dizellə işləyir. Bu isə onun istismarını daha asan və qənaətli edir.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …