Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Alimdən şok iddia – Dünyada ilk məktəb Azərbaycanda yaradılıb

Alimdən şok iddia – Dünyada ilk məktəb Azərbaycanda yaradılıb

Qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk- islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun sakinləri hələ qədim zaman­lar­dan yazı və oxu mədəniyyətinə sahib olub, dövrün, ictimai hə­yatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaradıb, insanları in­kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söylə­yiblər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babaları­mızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilib, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılıb, başqa ölkələrə aparılıb
Qobustan, Gəmiqaya, Oğ­lanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib ol­ma­sından xəbər verir. Bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mə­dəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə sahib ol­duğunu təsdiq edir.
Naxçıvan dünyanın ən qədim şəhərlərindən və ən qədim insan məskənlərindən biridir. Naxçıvanın dünyanın ən qədim yaşayış məskəni olduğunu Dünya tufanı və Nuh peyğəmbərlə bağlı konkret faktlar və arxeoloji tapıntılar, habelə xalq yaddaşında qorunub saxlanılmış mifoloji materiallar da sübuta yetirir.
Naxçıvanda Tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir.  Tədqiqatlardan məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun­ub.
Tədqiqatçı alim Əjdər Fərzəli yazır ki, “Gəmiqayalıların 32 hərfdən ibarət əlifbaları olmuşdur. Onların 9-u sait, 23 -ü isə samit olmuşdur. Hərflər həm də  müstəqil şəkildə  müəyyən bir sözü də ifadə edir. Bu əlaməti Orxon Yenisey əlifbasında da görmək olur”.
Gəmiqayadakı təsvirlər sübut edir ki, burada yüksək inkişaf etmiş mədəniyyət olub. Buradakı yazılar, işarələr, rəsmlər istedadlı rəssamlar və bilicilər tərəfindən çəkilmiş nadir sənət inciləridir. Onların hamısı sözlü işarələrdir və Tanrıçılıq – yaradılış inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir… Gəmiqaya yüksək inkişaf mədəniyyətinin bir göstəricisidir.
Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək­miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada Günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da Günəşi, işığı, tərəqqini ifadə edir.
Ümumiyyətlə Günəş, işıq, ziya insanların cahillikdən uzaqlaşıb tərəqqiyə, inkişafa yönəlməsini göstərən bir simvoldur.
Qeyd  edək ki, Naxçıvan şəhəri haqqında ilk məlumat yunan filosofu  İosif Flaviyə (e.ə.I əsr) məxsusdur.  Sonra yunan coğrafiyaşünası Klavdi Ptolomeyin (b.e. II əsr) “Coğrafiya”  əsərində Naxçıvan şəhərinin adı “Naksuana” şəklində qeyd  edilib.
Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “Dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə “Naxçıvan” toponimi “törəyiş yeri” anlamını verməkdədir. Hübşmanın istinad etdiyi Nuh tufanı hadisəsinə görə “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh) və  türk dillərində isim düzəldən şəkilçi olan “-çı” şəkilçisi, sonra  da türk dilində yer, məkan bildirən “van” toponimindən  meydana gələrək “Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, “Nuhun diyarı” deməkdir. Naxçıvanda tədqiqatlar aparmış böyük rus alimi Nikitin yazır ki, Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoyub.
Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.
Yerli sakinlər arasında dolaşan əfsanəyə görə, Nuh peyğəmbər daşqın çəkildikdən sonra burada ailəsi ilə – Ham, Sam, Yafəs adlı oğlanları ilə ömrünün sonuna qədər yaşayıb və bu torpaqda da vəfat edib.
Naxçıvanda yaşamış uzunömürlü ağsaqqallar, o cümlədən 106 il ömür sürmüş “İstiqlal” ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə Nuh peyğəmbərin dəfn edildiyi yeri bilirmiş və o yerin müəyyənləşdirilməsi beynəlxalq komissiyasında iştirak edərək o qəbrin yerini dəqiq göstərmişdi. Qəbir yerin üstündə 1.5 metr hündürlükdə qırımızı daşlardan hörülmüş dairəvi şəkillidir.
Bəhruz Kəngərli “Nuhun qəbri” ni 1919-1921-ci illərdə 3 dəfə çəkib. Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri Vasif Talıbovun “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa olunması haqqında”kı 28 iyun 2006- cı il tarixli sərəncamı ilə Nuhdaban deyilən yerdə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilib.
Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb-gətirən, onların təlim tərbiyəsi ilə məşğul olan adamlara “Peydaqoqos” deyilirdi. Qədim yunan dilində “Paydas” – “uşaq” , “gogos” – “yola salan” deməkdir ki, “pedaqogika”, “pedaqoq” sözləri də buradan meydana gəlib. Oradakı xüsusi təlim tərbiyə müəssisəsinin adına “Şkola” deyilirdi ki, bunun da mənası kitablarda yazıldığı kimi qədim yunan dilində “Asudə vaxt keçirilən yer” deməkdir.
Pedaqogika elminin banisi, XVII əsrin görkəmli pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü – yəni “Şkola” sözünü Şumerlərdən götürüblər. O,“Böyük didaktika” əsərində qeyd edir ki, tarixdə ilk məktəbi Nuhun oğlu yaradaraq adını Skala qoyub. Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə yaşamış yunan filosofu İosif Flavidən götürüb və ona əsaslanaraq belə yazıb.
 İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq “Apobaterion”(yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim “İlk  dayanacaq yeri” mənasını verir. Adı çəkilən toponim müasir Naxçıvan şəhərinə aid edilir.
“Skala” ilkin mənasında “pillə”, “mərhələ” mənasını verib. Rus dilində “Şkala”- “dərəcə”, “mərhələ” deməkdir. Nuhun dövründə də pilləli, mərhələli məktəb yaradılıb. İngilis dilində məktəb mənasını verən “Skul”, fransız dilində “Lekol”, alman dilində “Şule”, türk dilində “Okul”, rus və belarus dillərində “Şkola” kəlmələri “Skala” sözündən əmələ gəlib.
Həmçinin başqa dildən götürülmüş rus dilində işlənən “Skala” sözü də qaya mənasında işlənməkdədir. Nuhun Gəmisi dağa deyil, məhz qayaya – Gəmiqayaya yön alıb, orada dayanıb. Bəs bu ad – “Skala”, Şkola” Şumerlərə necə gedib çıxıb ki, yunanlar da bunu oradan götürüblər?
Tarix kitablarında göstərilir ki, Naxçıvan duzu at arabaları ilə Şumerlərə daşınıb və oradan əvəzində lacivərd (Ləl-cəvahirat) alıb gətiriblər. Şumerlər duza yüksək dəyər veriblər və duza səcdə ediblər. O zaman məşhur “Duz yolu” ilə Naxçıvan duzu nəinki Şumerlərə, bütün Şərqə, Osmanlı dövlətinə daşınıb aparılıb. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir edib.
Bütün bunlar onları deməyə əsas verir ki, Naxçıvan qədim insan məskəni, zəngin mədəniyyət mərkəzi, böyük elm, təhsil beşiyi olub, buradan təlim, yazı və oxu mədəniyyəti bütün dünyaya yayılıb.
Rüfət  Hüseynzadə,
pedaqogika  üzrə elmlər  doktoru, professor

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …